Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-109/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmanovun, məhkum İlqar Cümşüd oğlu Verdiyevin və müdafiəçi X6 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmündən məhkum Verdiyev İlqar Cümşüd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Mahmudov (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Nural Əliyev) ## ####### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ## ##### 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyata olan və həmin ünvanda yaşayan Verdiyev İlqar Cümşüd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Verdiyev İlqar Cümşüd oğlu istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edib, idarə etdiyi “BMW” markalı EF 001 ON Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin 10,252 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## ###### 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı İlqar Verdiyev həmin tarixdə saat 01:00 da Bakı-Qazax magistral avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində idarə etdiyi avtomobilin yanında saxlanılmaqla BNMİ-nin X1 Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 02:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,252 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eyni zamanda həmin tarixdə saat 02:45-dən etibarən İlqar Verdiyevin idarə etdiyi “BMW” markalı EF-001-ON Gürcüstan dövlət nömrə nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd göy rəngli polietilen paketin içərisindən səkkiz ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1600 qram, 1450 qram, 1180 qram, 950 qram, 1015 qram, 1480 qram, 1010 qram və 1390 qram olmaqla ümumi təmiz çəkisi 10075 qram, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Salman Hüseynovdan ibarət tərkibdə) ## ####### 2023-cü il tarixli *(***)-**/**** nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulovdan ibarət tərkibdə) ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-**/**** nömrəli qərarından müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və həmin şikayət üzrə icraata xitam verilmiş, kassasiya protesti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-**/**** nömrəli qərarı İ.C.Verdiyevin külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin hüquqi tövsifi hissəsində ləğv edilmiş və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və Sevindik Əzizov) ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilmiş, yeni ittiham hökmü ilə Verdiyev İlqar Cümşüd oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2021-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum İ.C.Verdiyev kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Verdiyev İlqar Cümşüd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hökmü çıxararkən işi hərtərəfli araşdırmamış və barəsində olan yüngülləşdirici hallara məhəl qoymadan ona ağır cəza təyin etmişdir. Belə ki, onun ilk məhkumluğu, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsi, ailəli olması, himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi işi araşdırmadan sadəcə dövlət ittihamçısının vəsatətini təmin etməklə, işin faktiki hallarına varmadan əsassız hökm qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkumun və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmlərdə göstərmişlər. Məhkəmə kollegiyası məhkum Verdiyev İlqar Cümşüd oğlu əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Verdiyev İlqar Cümşüd oğlunun əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələri ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Verdiyev İlqar Cümşüd oğlunun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli ** saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi Verdiyev İlqar Cümşüd oğluna cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və barəsində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla da, Verdiyev İlqar Cümşüd oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda 10085,252 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edilmiş və saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Verdiyev İlqar Cümşüd oğluna təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Verdiyev İlqar Cümşüd oğlu barəsində hökmün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Verdiyev İlqar Cümşüd oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Verdiyev İlqar Cümşüd oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-109/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-109/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver