Məhkəmə qərarları › İş №1(1-8)-11/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-11/2026

10.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-11/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum – Məhkum İltifat oğlunun, Müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun müdafiəçi2 iştirakları ilə, ##.##.1973-cü il tarixdə Lənkəran rayonunun Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, Məhkum İltifat oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi, CM-in 127.1-ci maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2023-cü il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakim R.A.Məmmədov) Məhkum İltifat oğlunun Azərbaycan Respublikası CM-in 127.1 və 188.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 127.1-ci maddəsi ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, CM-in 188.3-cü maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli nömrəli hökmü ilə (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2023-cü il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü Məhkum İltifat oğlunun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 127.1-ci maddəsi ilə bəraət verilmiş, hökm Məhkum İltifat oğlunun Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində dəyişdirilməmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum İltifat oğlunun ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökmdən Məhkum İltifat oğluna CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2023-cü il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü CM-in 188.3-cü maddəsi ilə bağlı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmurunun “Amnistiya aktının tətbiq edilməsi barədə” 2026-cı il ## ###### tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Məhkum İltifat oğlu azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum İltifat oğlu, 2015-ci il tarixdən etibarən Lənkəran rayonunun Boladi kənd ərazisində yerləşən özünün xüsusi mülkiyyətində olan 2,0 hektar torpaq sahəsinə bitişik Lənkəran rayonunun Boladi bələdiyyəsinin istifadəsində olmaqla 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına dəmirdən olan tikanlı məftillə su kanalı boyunca hasarlayıb tutaraq, həmin torpaq sahəsində özbaşına kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərmişdir. Bundan başqa, o, ## ######## 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə torpaq sahəsi və torpaq sahəsinin kənarında yerləşən su kanalının içərisinə çəkilmiş dəmir setka çəpərə görə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşmış və əli ilə qəsdən Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq sonuncuya sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı xəsarətini yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmişdir. Apellyasiya instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə təqsirləndirilən şəxs Məhkum İltifat oğlunun CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gələrək, ona həmin maddə ilə bəraət vermiş, təqsirləndirilən şəxsin CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin edilməsi hissəsində isə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə A.İ.Məhərrəmov əsassız olaraq CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, A.İ.Məhərrəmov babası və dayısı X3 tərəfindən özəlləşdirilmiş toyuq fermasını (istifadəsində olan həmin fermanın 1,5 ha torpaq sahəsi (ərazisi) də nəzərə alınmaqla), həmçinin digər dayısı X1 Lənkəran rayonu Boladi Bələdiyyəsindən aldığı 2 ha. torpaq sahəsini notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında ona 2015-ci ildə bağışlamışlar. Nəticə etibarı ilə hüquq varisliyi əsasında qanuni mülkiyyət hüquqi əsasında 2 ha və istifadə hüququ əsasında 1,5 ha olmaqla ümumilikdə 3,5 ha torpaq sahəsi olmuşdur. Həmin sahələrə bitişik olan 2.98 ha torpaq sahəsi də hələ 1992-ci ildən etibarən, yəni bələdiyyələr yaradılmazdan həmçinin bələdiyyələrin mülkiyyətinə torpaq sahələri verilməzdən əvvəl babası Musaxan Ağayevin, sonra dayılarının və daha sonra hüquq varisliyi əsasında onun özünün istifadəsinə keçmişdir. 2015-ci ildən etibarən həmin 2.98 ha (əgər zəruri olarsa 4,48 ha) torpaq sahəsinin ona icarəyə verilməsi barədə Lənkəran rayonu Boladi bələdiyyəsinə çoxsaylı müraciətlər etmişdir. Boladi bələdiyyəsinin rəhbərliyi də onunla icarə müqaviləsi bağlamaq istəmədiyinə baxmayaraq həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər Bələdiyyənin adına hələki işlənib hazırlanmaması səbəbini göstərərək Boladi bələdiyyəsinin rəhbərliyi onunla icarə müqaviləsi bağlaya bilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən həmin torpaq sahəsinin ondan Boladi bələdiyyəsi tərəfindən geri tələb edilməsi qadağan olunduğundan həmin bələdiyyənin vəzifəsi idi ki, onunla həmin icarə müqaviləsinin bağlanılması yolu ilə həmin torpaq sahəsinin onun faktiki istifadəsində olmasının rəsmiləşdirməsini təmin etsin. İşdə olan Lənkəran rayon Boladi bələdiyyəsinin sədri Nümayəndə ##.##.2023-cü il tarixli ** nömrəli məktubunda göstərilmişdir: “Verilir Lənkəran rayon Məhkəməsinə ondan ötrü ki. 2016cı ildən başlayaraq Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən və Boladi bələdiyyəsinin ümumi istifadədə olan 4,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin və tikilialtı) Məhkum İltifat oğlu tərəfindən faktki istifadə olunur. Onun torpaq sahəsini icarəyə götürmək istəməsi ilə əlaqədar müraciəti bələdiyyə iclasında müzakirə olunmuş və ## #### 2023-cü il tarixli ** saylı qərar əsasında sənədləşdirmə işlərinin həyata keçirilməsinə başlanılmışdır. Sənədləşdirmə işləri hələlik başa çatmadığından Məhkumla icarə müqaviləsinin bağlanılması hələlik mümükün deyildir. Bundan başqa, hazırki işin materialından görünür ki, A.İ.Məhərrəmovun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.4-cü maddəsində təsbit edilmiş hüquqlarının Boladi kənd Bələdiyyəsi tərəfindən təmin edilməsi əvəzinə, istintaq orqanı tərəfindən, daha sonra isə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən tamamilə qanunsuz və əsassız olaraq A.İ.Məhərrəmov CM-in 188.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli şəxs kimi təqdim edilmişdir. Odur ki, müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmünün Məhkum İltifat oğlunun CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissəsinin ləğv edilməsini və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, nəticədə əsassız olaraq A.İ.Məhərrəmovun CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İş materiallarından görünür ki, A.İ.Məhərrəmova CM-in 127.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə apellyasiya instansiya məhkəməsinin qərarı dövlət ittihamçısı və zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində isə yalnız A.İ.Məhərrəmovun CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə apellyasiya instansiya məhkəməsinin qərarı mübahisələndirilmişdir. A.İ.Məhərrəmovun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsinin dispozisiyasına görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini becərmə və ya dəyişdirmə, yaxud torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hasarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtotexnika və digər texniki vasitələrin yerləşdirilməsi və s.) tutulması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il ## #### tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum İltifat oğlunun 2015-ci il tarixdən etibarən Lənkəran rayonunun Boladi kənd ərazisində yerləşən özünün xüsusi mülkiyyətində olan 2,0 hektar torpaq sahəsinə bitişik Lənkəran rayonunun Boladi bələdiyyəsinin istifadəsində olmaqla 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlamaqla becərməsindən ibarət hərəkətlərini yuxarıda qeyd olunan maddi hüquq normaları ilə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, müdafiəçinin A.İ.Məhərrəmovun əməlində Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, A.İ.Məhərrəmovun CM-in 188.3-cü maddəsi ilə təqsirliliyinin işin həqiqi hallarını təşkil etməsinə dair məhkəmələrin qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs Lənkəran rayon Boladi bələdiyyəsinin nümayəndəsi Nümayəndə, şahidlər şahid1, şahid3, şahid2 ifadələrinə (həmin ifadələrdə A.İ.Məhərrəmovun 4,48 ha torpaq sahəsini hər hansı hüququ olmadan hasarlayıb əkib becərdiyi qeyd edilmişdir), Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran ərazi idarəsinin ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubuna (həmin məktubda A.İ.Məhərrəmovun xüsusi mülkiyyətində olan və özbaşına hasarlayıb tutaraq, əkib-becərmə işləri apardığı torpaq sahəsinin ümumi ölçüsünün 6,48 hektar olması, mövcud baza məlumatlarına əsasən 6,48 ha torpaq sahəsinin 2,0 hektarının xüsusi mülkiyyət, 4,48 hektarının isə kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması qeyd edilmişdir), təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadələrinə (ifadələrində ittihamda göstərilən ərazini heç bir sənəd olmadan, heç kimlə müqavilə bağlamadan əkib becərdiyini, həmin ərazini icarəyə götürmək istədiyini, lakin bələdiyyə və ya dövlət mülkiyyətində olmasını müəyyən edə bilmədiyini bildirmişdir) və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Həmçinin baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmələr tərəfindən ittihamın bu hissəsində sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPMin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və A.İ.Məhərrəmovun 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Yuxarıda qeyd edilən sübutlar əsasında məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, A.İ.Məhərrəmovun mülkiyyətində və istifadəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsi sovetlər dövründə həmin ərazidə yerləşən quşçuluq fabrikinin ərazisi olmuşdur. Fabrikin tikilisi və ərazisi uzun müddət mərhum Musaxan Ağayevin, daha sonra isə onun övladları Cavid və Ağalibəy Ağayevlərin istifadəsində olmuş, sonuncular quşçuluq fabrikinin tikilisini və altındakı 2 ha torpaq sahəsini Əmlak Məsələləri Komitəsindən alqı-satqı yolu ilə əldə etdikdən sonra # ###### 2015-ci il tarixdə qohumları Məhkum bağışlamışlar. Öz növbəsində Məhkum ona bağışlanmış 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, A.İ.Məhərrəmovun mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə bitişik olan 4,48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi də hüquqi əsas olmadan onun tərəfindən 2015-ci ildən etibarən istifadə edilməyə başlanılmışdır. Müdafiə tərəfi Məhkum 4,48 ha torpaq sahəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı sübut təqdim edə bilməmişlər. Bundan əlavə, müdafiəçinin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-in 188-ci maddəsində nəzərdə tutulan cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir mövcud deyilsə, cinayətin subyektiv cəhəti olmamaqla cinayət tərkibi də yaranmamış olur. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Yəni əməldə cinayət tərkibinin olması üçün təqsirkar özbaşına hasarlanan və üzərində əkin işləri apardığı torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını dərk etməli, bu əməli törətməyi arzu etməlidir. İş materiallarından görünür ki, A.İ.Məhərrəmovun hüquqi əsas olmadan istifadə etdiyi 4,48 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması mübahisə doğurmur və A.İ.Məhərrəmov həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 2023-cü ildə bələdiyyəyə müraciət etsə də, sənədləşmə işləri başa çatmadığından onunla icarə müqaviləsinin bağlanması mümkün olmamışdır. İşin bu halı da (A.İ.Məhərrəmovun sonradan torpaq sahəsindən istifadəsini qanuniləşdirmək məqsədi ilə addım atması), onun 4,48 ha torpaq sahəsini hər hansı hüququ olmadan istifadə etdiyini (hasarlayıb əkib becərdiyini) dərk etməklə bu əməli törətməyi arzu etməsinə dəlalət edən hallardandır. Kassasiya şikayətində isnad edilən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinə gəldikdə isə qeyd edilməlidir ki, həmin Qanunun 16.3cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Qanunun 16.4-cü maddəsində isə qeyd edilir ki, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericilikdə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin onları istifadə edən vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyətinə verilməsi torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması ilə şərtləndirilmişdir. Torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar isə texniki və ya hüquqi səbəblərdən (məs, artıq sahə üzərində tikili inşa olunmuş və qanuniləşdirilmişsə) ola bilər. Hazırki iş üzrə isə A.İ.Məhərrəmov tərəfindən hasarlanmaqla əkib becərilən artıq torpaq sahəsinin (4,48 ha) geri qaytarılmasının mümkünlüyünə mane olan hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin A.İ.Məhərrəmovun Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən A.İ.Məhərrəmov CM-in 188.3-cü maddə ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edildiyindən, məhkəmə kollegiyası A.İ.Məhərrəmova təyin edilmiş cəza məsələsinə münasibət bildirməyə lüzum görmür. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli *(***)- ***/**** nömrəli hökmü verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum İltifat oğlu barəsində olan 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar