Məhkəmə qərarları › İş №1(1-8)-1107/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-1107/2026

11.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-1107/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Rəcəbov Ilkin Əblüfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Əbilov Hüseyn Natiq oğlu dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun iştirakı ilə, # ######## 1976-cı ildə Ermənistan SSR-nin Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində olan apellyasiya şikayətinə baxılmasına xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ### 2026-cı il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmünə əsasən (sədrlik edən hakim: Xəzri Ramilə Həşim qızı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2025-ci ildən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmündən # ##### 2026-cı ildə apellyasiya şikayəti versə də, ## ##### 2026-cı ildə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinə baxılmadan xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ### 2026-cı il tarixli qərarı ilə (hakimlər: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Təqsirləndirilən şəxs # #### 2026-cı il tarixdə yenidən barəsində olan hökmdən apellyasiya şikayəti vermiş və müraciətə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət əlavə etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vəsatəti təmin olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddəti ona münasibətdə bərpa olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli ilkin baxış iclasının qərarı ilə (hakimlər: Hüseynov Elməddin Mirpaşa oğlu (sədrlik edən), Qarayeva Mehriban Cəfər qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət məhkəmə tərkibində) Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayəti üzrə üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs apellyasiya şikayətinə baxılmasına xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ### 2026-cı il tarixli qərarından kassasiya şikayəti vermişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətindən imtina etməsinə dair ## ##### 2026-cı il tarixli ərizə onun tərəfindən tərtib edilməmiş, saxlanıldığı təcridxananın əməkdaşı tərəfindən əlyazma ilə yazılmış və o, həmin ərizənin məzmunu ilə tanış olmadan onu imzalamışdır. Ərizədə göstərilənlər onun həqiqi iradə ifadəsini əks etdirmir. Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Təqsirləndirilən şəxs kassasiya şikayətində apellyasiya şikayətindən imtina edilməsinə dair ərizədə əks olunan məzmunun onun həqiqi iradə ifadəsini əks etdirmədiyini iddia etməklə, həmin ərizəyə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunması barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində nəzərdə tutulmuş kassasiya əsasına istinad etməklə əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edilməsinə dair ərizənin onun həqiqi iradə ifadəsini əks etdirməməsi barədə kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya tələbindən imtina şəxsin qanunla verilmiş prosessual hüququndan öz iradəsi əsasında istifadə etməsi ilə bağlı prosessual hərəkətdir. Belə bir imtinanın hüquqi nəticə doğurması üçün onun formal olaraq ərizədə ifadə edilməsi ilə yanaşı, həmin ərizənin şəxsin həqiqi iradəsini əks etdirməsi, yəni iradənin sərbəst, şüurlu, aydın və birmənalı şəkildə ifadə olunması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2022-ci il tarixli qərarında da şəxsin hüquqi əhəmiyyət kəsb edən iradəsinin sərbəst və şüurlu ifadə edilməsinin zəruriliyi vurğulanmış, tərəflərin bəyanlarının razılaşdırılmış, aydın, sərbəst və birmənalı olması tələb edilmişdir. Həmin qərarda, həmçinin müvafiq iradənin təzyiq və ya hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyinin nəzərə alınmalı olduğu göstərilmişdir. Bununla belə, qeyd olunan hüquqi yanaşmanın mövcudluğu hər bir halda şəxsin sonradan verdiyi izahat əsasında əvvəllər imzaladığı prosessual ərizənin onun iradəsini əks etdirmədiyi qənaətinə gəlmək üçün kifayət etmir. Belə nəticənin əldə edilməsi üçün ərizənin verilməsi və imzalanması zamanı şəxsin iradəsinin sərbəst formalaşmadığını və ya ərizədə əks olunan məzmunu dərk etmədiyini təsdiq edən obyektiv və mötəbər halların mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina barədə ərizəsinin onun tərəfindən imzalandığı mübahisələndirilmir. Kassasiya şikayətində ərizənin təcridxana əməkdaşı tərəfindən yazıldığı və təqsirləndirilən şəxsin həmin ərizəni məzmunu ilə tanış olmadan imzaladığı iddia edilsə də, bu halın özlüyündə onun iradəsinin sərbəst və şüurlu şəkildə formalaşmadığını təsdiq edən kifayət qədər obyektiv əsas kimi qəbul edilməsi mümkün deyildir. Ərizənin başqa şəxs tərəfindən yazılması da, öz-özlüyündə, onun məzmununun ərizəni imzalayan şəxsin iradəsinə uyğun olmadığını göstərmir. Əsas əhəmiyyət kəsb edən məsələ ərizədə ifadə olunan iradənin məhz onu imzalayan şəxsə aid olub-olmaması və həmin şəxsin ərizəni imzalamaqla onun məzmununu qəbul edib-etməməsidir. Əks yanaşma prosessual sənədlərin hüquqi əhəmiyyətini yalnız onların texniki olaraq kim tərəfindən yazılması ilə şərtləndirməyə və imzanın hüquqi nəticəsini əsassız olaraq aradan qaldırmağa gətirib çıxara bilər. Digər tərəfdən, şəxsin ərizəni imzalaması ilə bağlı iradəsinin etibarlılığını şübhə altına alan hallar konkret və əsaslandırılmış şəkildə müəyyən edilmədiyi halda, sonradan həmin ərizənin məzmunu ilə razılaşmadığını bildirməsi əvvəlki prosessual hərəkətin hüquqi nəticələrini özüözülüyündə aradan qaldırmır. Prosessual hüquqdan imtinanın həqiqi iradəni əks etdirmədiyi barədə nəticəyə gəlmək üçün yalnız subyektiv iddianın deyil, bu iddianı təsdiq edən mötəbər məlumatların da mövcudluğu zəruridir. Hazırkı işin materiallarından isə Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina barədə ərizəni təzyiq, hədə-qorxu, aldatma və ya digər məcburetmə təsiri altında imzalamasını, yaxud ərizənin məzmununu dərk etmək imkanından məhrum olmasını təsdiq edən obyektiv hallar müəyyən edilmir. Bu səbəbdən həmin ərizənin təqsirləndirilən şəxsin həqiqi iradəsini ifadə etmədiyi barədə kassasiya şikayətində irəli sürülmüş iddia əsaslı hesab edilə bilməz. Beləliklə, təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina barədə ərizənin onun həqiqi iradəsini əks etdirmədiyi barədə kassasiya şikayətinin dəlili həm faktiki, həm də hüquqi baxımdan öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsinin həmin ərizəyə hüquqi qiymət verməsi və apellyasiya şikayətindən imtinanı nəzərə alması zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmədiyindən, məhkəmə aktının həmin Məcəllənin 416.1.20-ci maddəsinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsas mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışını dinləyərək, şərh olunan əsaslara görə təqsirləndirilən şəxsin kassasiya şikayətinin təmin edilməməsi, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ### 2026-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan # ### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar