Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-115/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 1(003)-22/2025 nömrəli (hakim: Xəzri Ramilə Həşim qızının sədrliyi) hökmü ilə ##.##.1992-ci ildə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.02.2025-ci il tarixli hökmü ilə 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xxxdə qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra, “CM-in”) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 1(101)-263/2025 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırkı cinayət işi üzrə 03.08.2023cü il tarixdən 05.08.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanması və üzərində 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun digər cinayət işi üzrə həbsdə saxlanılmasının nəzərə alınması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 01.01.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Murad Akif oğlu (sədrliyi və məruzəsi ilə), Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) 4 sentyabr 2025-ci il tarixli 1(103)-1698/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 03.07.2023-cü il tarixdə saat təxminən 03 radələrində müştəri qismində Bakı şəhəri, Xəzər rayonu, x qəsəbəsi ərazisində yerləşən x” adlı kafeyə getmiş, orada xidmətçi kimi işləyən şahid1 ilə aralarında sözlə mübahisə yaranmış, bundan sonra orada administrator kimi işləyən Zərərçəkmiş şəxs səs küyə gələrək nə baş verdiyini soruşub iradını bildirdikdə Məhkum nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərilə Zərərçəkmiş şəxs təhqir edərək yumruqla qəsdən sifət nahiyəsinə vurmuş, orada olan şəxslərin köməyi ilə Məhkum kafenin həyətinə çıxarılmış və həyətdə Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətlərini davam etdirərək təpiklə onun qarın nahiyəsinə vurmuş, yumruqla boyun, döş qəfəs və sağ bazu nahiyəsinə yumruqla vuraraq, daha sonra isə əynindəki şalvarın sağ arxa cibindən avtomobil açarını çıxardıb silah qismində istifadə edərək bir dəfə sol süd vəzisinə, bir dəfə də sağ çiyin nahiyəsinə vuraraq ümumilikdə sonuncunun ağzın selikli qişasının qansızması, boynun, döş qəfəsinin, sol süd vəzisinin, sağ çiyinin, qarnın qançırları, sağ bazunun sıyrığı, ağrı sindromu ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisənin zərərçəkmiş şəxsin nalayiq ifadələri səbəbindən baş verməsini nəzərə almadan, məhkəmələrin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan barəsində cəza ağır cəza təyin edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 4 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, barəsində təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, peşmanlıq hissi keçirdiyini, 2 azyaşlı övladı olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (zərərçəkmiş şəxslə barışıq əldə etməsi) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı da Məhkum cəzasını yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-115/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-115/2026
21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver