Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-116/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və məhkum Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim A.H.Əliyeva, hakimlər E.İ.Rüstəmov və V.E.Quliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (## ######## 1982-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan3də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Məhkumin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Z.V.Əhmədov, hakimlər E.Ə.Mehdiyev və M.C.Qarayevadan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv edilmiş və yeni hökm qəbul edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, ## ###### 2023cü il tarixdən # #### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 6 ay 15 gün müddət hazırki hökmlə təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 3 il 5 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum məhkəmə iclas zalında həbs edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin ## ####### 2025-ci il tarixdən hesablanması və onun ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum Məhkum kassasiya şikayəti vermişdir. Işin halları: Irəli sürülmüş ittihama və apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin dekabr ayında Bakı şəhərində internet sosial şəbəkələrində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən (mənbədən) qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr əldə etmə, saxlama, daşıma haqqında qabaqcadan əlbir olub bir qrup şəklində hərəkət edərək, ## ###### 2023-cü il tarixdə saat 12 radələrində ünvan5 deyilən ərazidə, onunla eyni niyyətlə hərəkət edən şəxsiyyəti məlum olmayan şəxsin verdiyi məlumatlardan istifadə etməklə, sonuncunun istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətdiyi yerdən bir bükümdə təmiz çəkisi 19,216 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir bükümdə təmiz çəkisi 10,186 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürməklə əldə edib üstündə saxlayaraq daşıdığı zaman, onun cinayət törətməsi barədə aldıqları məlumata əsasən əməliyyat-axtarış tədbirləri keçirən XXX12 nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriləndən sonra üstündə şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən bir bükümdə təmiz çəkisi 19,216 qram olan külli miqdarda narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 10,186 qram olan külli miqdarda psixotrop maddə metamfetamin götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyədək icraatda sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri, onun prosessual hüquqları pozulmuş, bunlara, habelə ittihamda göstərilən narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin törədilməsində onun təqsirliliyi müəyyən olunmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq onun barəsində bəraət hökmü çıxarmış lakin apellyasiya instansiyası məhkəməsi ibtidai istintaqda yol verilmiş pozuntulara, sübutların olmamasına və ağır xəstəlik üzündən əlil olmasına əhəmiyyət verməyib onun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair hökm çıxarıb onu azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkum Məhkum yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmünün qüvvədə saxlanılmasını, yəni bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətində narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan ittiham aktında təsvir edilmiş cinayət əməllərini törətmədiyini lakin apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edib əsassız olaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxardığını və birinci qrup əlil olmasını da nəzərə almadan onu azadlıqdan məhrum etmə cəzasına məhkum etdiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünü yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın sübuta yetirilmiş sayılması üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamla razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş başa çatmış ağır cinayətləri törətməkdə təqsirli bilmişdir o, əsasla ki, onun işin faktiki halları barədə qənaətinə görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 19,216 qram narkotik vasitə heroini və külli miqdarda - 10,186 qram psixotrop maddə metamfetamini ## ###### 2023-cü il tarixdə saat 12.00-da ünvan8 deyilən ərazidə qrupun şəxsiyyəti məlum olmayan üzvünün gizlətdiyi yerdən götürüb əldə etmiş, üstündə saxlayaraq daşımış və bu zaman onun cinayət törətməsi barədə aldıqları məlumata əsasən ünvan9ndə əməliyyat-axtarış tədbirləri keçirən XXX15nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində aparılan şəxsi axtarışın gedişində həmin narkotik vasitə və psixotrop maddə əynindəki şalvarın sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkum birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya instansiyası məhkəməsində də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətməsini, o cümlədən ünvan14nə narkotik vasitəni və psixotrop maddəni gizlədilmiş yerdən götürmək məqsədi ilə gəlməsini inkar etdiyi üçün apellyasiya instansiyası məhkəməsi faktiki halların məhz qeyd edilən məzmunda olmasını əsaslandırarkən xüsusilə Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadələrinə istinad etmişdir. Halbuki, həmin etirafedici ifadələrində Məhkum məlumat vermişdir ki, o, narkotik vasitə və psixotrop maddə istehlakçısıdır və bu məqsədlə tanımadığı Iran Islam Respublikasının vətəndaşına əvvəlcədən pulunu ödəməklə narkotik vasitə və psixotrop maddə sifariş vermiş və Iranlının onun mobil telefonuna göndərdiyi narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin “konumu”na əsasən onları götürmək üçün 2023-cü ilin dekabr ayının 21-dən 22-ə keçən gecə ünvan14nə gəlmiş, ancaq nə qədər axtarsa da (yəni, iradəsindən asılı olmayan səbəbdən), narkotik vasitəni və psixotrop maddəni tapa bilməyib geri dönmək istəmiş və bu zaman ünvan14nin sakınləri onu saxlamış və narkotik dalınca gəlməsindən şübhələndikləri üçün onlar (sakinlər) narkotik vasitəni və psixotrop maddəni axtarıb tapmış və bundan sonra polis əməkdaşlarını ora çağıraraq onun özünü, habelə onun əldə etmək istədiyi narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşlarına təhvil vermişlər. Şübhəli şəxs qismində - ## ###### 2023-cü ildə və təqsirləndirilən şəxs qismində - ## ###### 2023-cü ildə verdiyi həmin etirafedici ifadələrinə görə, XXX15ndə keçirilən şəxsi axtarış istintaq hərəkətinin gedişində onun üzərindən (şalvarının sağ cibindən) aşkar edilib götürülmüş kimi rəsmiləşdirilən narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin əslində onun axtarıb tapa bilmədiyi, ünvan14nin sakinlərinin tapıb onunla birlikdə polis əməkdaşlarına təhvil verdikləri predmetlərdir. Məhkum ## ###### 2023-cü il tarixli protokolla rəsmiləşdirilmiş həmin istintaq hərəkətinin (şəxsi axtarışın) real vəziyyəti əks etdirmədiyini birinci və apellyasiya instansiyası məhkəmələrində dindirilərkən də təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş XXX15ndə sahə müvəkkili işləyən şahid3 birinci instansiya məhkəməsində dindirilərkən Məhkum məhz ünvan14nin sakinləri tərəfindən saxlanıldığını, onlar tərəfindən bu barədə polis əməkdaşlarına məlumat verildikdən sonra ünvan X nə gedib sakinlərdən Məhkum təhvil aldqlarını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş XXX15ndə Məhkum üzərində şəxsi axtarış istintaq hərəkətini həyata keçirmiş baş təhqiqatçı X1 birinci instansiya məhkəməsində dindirilərkən onu təsdiq etmişdir ki, Məhkum əməliyyat məlumatı əsasında deyil, post patrul xidmətinin əməkdaşları tərəfindən XXX15nə gətirilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində əlavə şahid qsimində dindirilmiş şahid1 da ifadəsində göstərmişdir ki, gecə vaxtı ünvan14ndə yaşayan dayısıgilə gələrkən hazırda Məhkum kimi tanıdığı şəxsi ünvan25 qəsəbəsində görmüş, qəsəbə sakinləri yad adam görüdükdə onun kim olması ilə maraqlandıqları üçün Məhkum nə üçün burada olması ilə maraqlanmış lakin o, “sənə nə var ki, kimi gözləyirəm” şəklində cavab vermişdir. Həmçinin, şahid şahid1 çox vaxt keçidyi üçün hadisəni detalları ilə təsvir edə bilmədiyini lakin daha sonra Məhkum iki nəfər polis əməkdaşı tərəfindən avtomaşına mindirilib aparıldığını xatırladığını göstərmişdir. Baş təhqiqatçı X1 tərəfindən tərtib olunmuş ## ###### 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilənlərə əsasən Məhkum ## ###### 2023cü ildə saat 12.00-da “keçirilmiş əməliyyat tədbiri zamanı” ünvan x adlanan ərazidə saxlanılmış və ## ###### 2023-cü ildə XXX15nin XXX15ndə saat 14.05-dən saat 14.17dək keçirilən şəxsin axtarışın gedişində yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddə Məhkum şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Protokola əsasən şəxsi axtarış istintaq hərəkətində müdafiəçi iştirak etməmişdir. Şəxsi axtarış isə Məhkum cinayət törətməkdə şübhəli şəxs qismində tutulmasından (şübhəli şəxsin CPM-in 90.11.2-ci maddəsində təsbit edilmiş “tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq” vəzifəsindən) irəli gələrək aparılmış və şübhəli şəxsin tutulması haqqında ## ###### 2023-cü il tarixdə saat 13.55-də tərtib edilməsi tamamlanan protokola əsasən bu prosessual hərəkətin yerinə yetirilməsində müdafiəçi qismində dəvət olunmuş Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X4 iştirak etmişdir. Buna baxmayaraq, Məhkum adından kömpüterdə “Yazıb Sizə bidirirəm ki, üzərimdə aşkar edilmiş narkotik vasitə ilə bağlı keçiriləcək videoçəkiliş zamanı vəkilin iştirakından imtina edirəm” məzmununda ərizə tərtib edilməklə onun əsasında şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakı təmin edilməmişdir. Halbuki, əvvəla elə şəxsi axtarış keçirilən gün – ## ###### 2023-cü ildə Məhkum XXX15nin rəisinə ərizə ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət etməyi xahiş etmiş, * saylı Vəkil bürosunun vəkili Müdafiəçi5 ona təqdim olunduqda da onun tərəfindən “cinayət prosesində hüquqlarının müdafiə olunmasını istədiyini” bir daha bəyan etmiş və şəxsi axtarış istisna olmaqla barəsində keçirilən başqa istintaq və prosessual hərəkətlərinin heç birində, o cümlədən həmin gün şəxsi axtarışdan bilavasitə sonra izahatı və ertəsi gün şübhəli şəxs qismində ifadəsi alınarkən oxşar məzmunda ərizə ilə müraciət etməmişdir. Ikincisi də, artıq “aşkar edilmiş narkotik vasitə”dən və “videoçəkiliş”dən bəhs etməklə bu cür qeyri-müəyyən məzmunlu, cinayət prosesinə buraxılmış müdafiəçinin bilavasitə iştirakı olmadan kömpüterdə hazırlanan ərizə müdafiəçinin “şəxsi axtarış” adlanan istintaq hərəkətində iştirak edib-etməməsi ilə bağlı şübhəli şəxsin iradəsini heç bir şəkildə ifadə etməmişdir. Bundan başqa, şəxsi axtarış protokolunda qeyd olunan Məhkum daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb XXX15nə gətirilməsinə dair məlumatla protokolu tərtib etmiş təhqiqatçının özünün, Məhkum, şahidlər şahid3 və şahid1 məhkəmədə verdikləri məlumatların, habelə əməliyyat-axtarış tədbirinin təşkilinə dair cinayət işində olan sənədlərin məzmunlarının uzlaşmaması səbəbindən də həmin protokolun qanunauyğunluğu şübhə doğurur. Belə ki, nə XXX15nin rəisi vəzifəsini icra edən XXX12 tərəfindən təsdiq olunmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında ## ###### 2023-cü il tarixli Qərardan, nə onun əməliyyat qrupunun yaradılması barədə ## ###### 2023-cü il tarixli əmrindən, nə də ki, həmin əmrlə əməliyyat qrupunun rəhbəri təyin olunmuş XXX15nin əməkdaşı şahid2 tədbirin nəticələrinə görə tərtib etdiyi ## ###### 2023-cü il tarixli raportdan Əməliyyat-axtarış fəaliyyəti haqqında ***-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən əməliyyat-axtarış tədbirlərindən konkret olaraq hansı birinin keçirildiyi görünmür (raporta görə əməliyyat qrupunun fəaliyyəti ondan ibarət olmuşdur ki, Məhkum Bakı şəhərinin ərazisində olduğu yer müəyyən edilərək o, ## ###### 2023-cü ildə saat 12.00-da ünvan19 ərazisində saxlanılmış və XXX15nə gətirilmişdir). Suraxanı Rayon Məhkəməsinin təxirəsalınmaz qaydada keçirilmiş əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarında da qanuniliyi yoxlanılan əməliyyat-axtarış tədbirin hansı tədbir olduğu göstərilməmiş, bununla belə “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” ## ###### 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CPM-in və ***-IQ nömrəli Qanunun normaları “əməliyyat-axtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyataxtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda ***-IQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir.” (Qərarın 32-ci bəndi). Sözügedən Plenum qərarının 31-ci bəndində izah olunmuşdur ki, “məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və ***-IQ nömrəli Qanunun 10-cu maddəsinin III hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq - müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. ***-IQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilən digər əməliyyat-axtarış tədbirlərinə münasibətdə CPM-in LII fəslində nəzərdə tutulmuş prosedurda məhkəmə nəzarəti həyata keçirilməməli, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektləri və prokurorlar tərəfindən belə tədbirlərlə əlaqədar vəsatət və təqdimatlar verilməməli və yaxud bu cür tədbirlərin keçirilməsindən sonra onların keçirilməsinə dair qərar və əlaqəli materiallar məhkəməyə göndərilməməli, məhkəmələr isə daxil olmuş belə materiallar üzrə məhkəmələrin səlahiyyətləri daxilində işlərə, digər materiallara baxmalı olduqlarını müəyyən edən cinayət mühakimə icraatının ümumi prinsiplərinə, o cümlədən CPM-in 23.1-ci maddəsinə və digər əlaqəli normalarına əsaslanmaqla onların baxılmadan geri qaytarılması haqqında qərar qəbul etməlidirlər. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyataxtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.” Apellyasiya instansiyası məhkəməsi hökmdə bəlli olmayan və bəlli olmamaqla yanaşı şəxsi axtarış protokolunda əslində şəxsin saxlanılıb polis orqanına gətirilməsinin və daha sonra tutulmasının əsası kimi təsvir edilən “əməliyyat-axtarış tədbirlərinin” qanuni hesab edilməsi haqqında Suraxanı Rayon Məhkəməsi tərəfindən ## ###### 2023-cü il tarixdə məhkəmə nəzarəti qaydasında çıxarılmış qərarın olmasına özü-özlüyündə əməliyyat-axtarış tədbirinin nəinki keçirildiyini, həm də onun qanuni olduğunu göstərən əsas kimi istinad etmişdir. Plenum qərarında həmçinin, şübhəli şəxsin tutulmasının müvafiq protokolla rəsmiləşdirilməsi zamanı müdafiəçi qismində dəvət olunaraq iştirak etmiş vəkilin şübhəlinin üzərində aparılan şəxsi axtarışın gedişində iştirak etməməsindən irəli gələn problemlə əlaqədar aşağıdakı məzmunda izah verilmişdir: “Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər. Faktiki tutulub saxlanılmış şübhəli şəxsin müdafiəçisi olduqda və yaxud CPM-in 92.3-cü maddəsində göstərilən əsasların olmasına görə ona təqdim edilmək üçün vəkil dəvət olunduqda, yalnız CPM-in 92.12-ci maddəsində nəzərdə tutulmuş qaydada şübhəli şəxsin müdafiəçidən və yaxud müdafiəçi qismində təqdim olunması üçün dəvət olunmuş vəkildən imtina etməsi və bu imtinanın qəbul edilməsi halında şübhəli şəxsin tutulmasının tutulma protokolu ilə rəsmiləşdirilməsində, müvafiq olaraq da şübhəli şəxsin barəsində keçirilən şəxsi axtarışda və şübhəli şəxs qismində ilk dindirmədə müdafiəçinin iştirak etməməsinə yol verilir.” (Qərarın 37-ci bəndi). Lakin Ali Məhkəmənin Plenum qərarında əksini tapmış hüquqi mövqelərdən çıxış etməklə apellyasiya instansiyası məhkəməsinin sübutların təhlilinə və qiymətləndirilməsinə həsr olunmuş mülahizələrini, habelə sübut olunmuş saydığı faktiki halları və çıxardığı maddi-hüquqi nəticələri, onun hökmdə istinad etdiyi sübutlarla müqayisə etdikdə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi: _ şəxsi axtarış protokolunun məzmununu və onun sübut kimi mümkünlüyünü qiymətləndirərkən həmin istintaq hərəkətində müdafiəçinin iştirak etməməsini və prtokolun məzmununda “əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə” istinad olunmasını Ali Məhkəmənin Plenumunun hüquqi mövqelərinin ziddinə olaraq şərh etmiş, yəni faktiki olaraq tutulmuş şübhəli şəxs cinayət prosesinə onun müdafiəçisi qismində buraxılmış vəkildən imtina etmədiyi vəziyyətdə icraatı aparan orqanın şübhəlinin üzərində şəxsi axtarışın aparılmasında müdafiəçinin iştirakını təmin etməməsini qanunauyğun, müvafiq olaraq bu cür şəxsi axtarışı rəsmiləşdirən protokolu sübut kimi yolverilən hesab etmiş, habelə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasına dair məhkəmə qərarının çıxarılması faktını özü-özlüyündə əməliyyat-axtarış tədbirinin qanuni olaraq keçirildiyini, dolayısı ilə şəxsi axtarış protokolunda belə hala (bəlli olmayan əməliyyat-axtarış tədbirlərinə) istinad olunmasının düzgün olduğunu göstərən əsas kimi qiymətləndirmişdir; _ işin faktiki halları barədə (narkotik vasitənin və psixotrop maddənin bilavasitə Məhkum üzərində aşkarlanmasına dair) qənaətini və onların üzərində qurduğu Məhkum məhz CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş başa çatmış cinayətləri (satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsi və XXX15ndə şəxsi axtarışının gedişində ondan götürülənədək onları üzərində saxlaması və daşıması əməllərini) törətməkdə təqsirli olması barədə hüquqi nəticələri yuxarıda qeyd edilən materialların, o cümlədən özünün ittiham hökmünün əsasına qoyduğu Məhkum ibtidai istintaqda verdiyi (əvvəlcədən pul verib özü üçün narkotik vasitəni və psixotrop maddəni əldə etmək məqsədi ilə ünvan14nə gəlib telefonuna göndərilmiş məlumat əsasında onları axtarması lakin tapa bilmədiyinə görə - iradəsindən asılı olmayan səbəbdən əldə edə bilməməsi, ünvan18 sakinləri tərəfindən saxlanılıb axtardığı narkotik vasitə və psixotrop maddə tapıldıqdan sonra həmin predmetlərlə birlikdə polis əməkdaşlarına təhvil verilməsi, şəxsi axtarış protokolu ilə guya onun üzərindən götürülən predmetlər kimi rəsmiləşdirilmiş bir bükümdə narkotik vasitənin və bir bükümdə psixotrop maddənin onun axtardığı lakin ünvan25 sakinlərinin tapıb polis əməkdaşlarına təhvil verdikləri predmetlər olması barədə) etirafedici ifadələrinin məzmunundan deyil, şərh edilən (CPM-in tələblərinə cavab verməyən) şəxsi axtarış protokolunun məzmunundan hasil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədində olması və cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində törətməsi barədə qənaətinin də CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmiş sübutlara əsaslandığını və bu məsələlər üzrə ittiham hökmünün müddəalarının CPM-in 353.2.2-ci maddəsinin tələbinə cavab verdiyini demək mümkün deyil (bu norma məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və digər sübutların rədd edilməsi motivlərinin ittiham hökmündə göstərilməsini tələb edir). Belə ki, bu məsələlər üzrə də gəldiyi nəticələri apellyasiya instansiyası məhkəməsi həlledici şəkildə Məhkum məhkəməyədək icraatda şəxsi axtarış zamanı və ayrıca olaraq ## ###### 2023-cü ildə verdiyi ilkin izahatları, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müvafiq olaraq 23 dekabr və ## ###### 2023-cü il tarixlərində verdiyi ifadələri ilə (onlara ümumi şəkildə - eyni bir nəticələri, yəni satış məqsədini və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törətilməsini təsdiq edən mənbələr kimi istinad etməklə) əsaslandırmışdır. Lakin Məhkum həmin prosessual və istintaq hərəkətlərinin gedişində verdiyi qabaqcadan əlbir olan bir qrup şəxs və satış məqsədi kimi məsələlərə aid edilə biləcək məlumatlar nəinki ayrı-ayrı sənədlərdə, hətta eyni bir sənəd daxilində bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir və bu bu vəziyyət apellyasiya instansiyası məhkəməsindən tələb edirdi ki, həmin fərqli məzmunda (sözügedən əlamətlərin lehinə və əleyhinə) olan məlumatları müqayisə etsin, nə üçün onlardan birini qəbul edib digərini rədd etməsinin motivlərini yekun məhkəmə aktında inandırıcı şəkildə izah etsin. Belə ki, Məhkum şəxsi axtarış zamanı verdiyi məlumatların məzmununa görə o, bir bükümdə narkotik vasitəni və bir bükümdə psixotrop maddəni internet vasitəsi ilə Iranlı olduğunu güman etdiyi şəxsdən əvvəlcədən 20 manat ödəyib şəxsi istifadəsi üçün almışdır, yəni o, və Iranlı birgə hərəkət etməmişlər və hər ikisi üçün vahid olan cinayəti törətməmişlər - Iranlı narkotik vasitəni və psixotrop maddəni satan, o, özü isə narkotik vasitəni və psixotrop maddəni alan şəxs olmuşdur. Şübhəli şəxs və təqsirləndirilən şəxs qismində 23 dekabr və ## ###### 2023-cü il tarixli dindirmə protokollarına, habelə ilkin izahatına görə eyni (yəni, şəxsi istehlakı üçün narkotik vasitəni və psixotrop maddəni əldə etməsinə və əvvəlcədən Iranlıdan almaq istədiyi narkotik vasitənin və psixotrop maddənin pulunu ona ödəməsinə dair) məlumatları Məhkum həmin dindirmələrin gedişində də təkrarlamış lakin bununla yanaşı bu məlumatların məzmunu ilə ziddiyyət yaradan məlumat verməklə göstərmişdir ki, o, Iranlının tapşırığına əsasən narkotik vasitəni və psixotrop maddəni götürdükdən sonra onlardan bir bükümünü başqa yerə daşıyıb qoymalı idi. Apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətləri nəzərindən qaçırmaqla yanaşı, Məhkum narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədində olması barədə qənaətini hətta ibtidai istintaq orqanının özünün belə cinayətə aidiyyəti olan məlumat kimi qiymətləndirmədiyi və ittihamın əsaslandırılması üçün istifadə etmədiyi məlumata istinad etməklə əsaslandırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticələrin düzgün olmadığını əsaslandırarkən Məhkum mobil telefonunda aşkar edilmiş, məzmunu aşağıdakı kimi olan ## ###### 2023-cü il tarixli səsli “SMS”-ə istinad etmişdir: “Qaqa neynirsən, alyo. Beş dənə pavlin var, beş dənə, təmiz pavlin də, bir ay, quruqları gəlib bax belə, tovuz quşu kimi. Birin 7 manatdan deyir. Bx burda “XX55” restoranı yoxdur? Onun yanındadır, deyəsən o oğlan qaçqındır, səhv eləmirəmsə, bilmirəm mənim nömrəmi hardan götürüb, dedim hardandır, dedi tik-tokdandı nə bilim hardandı, dedim aya mənim nömrəm tik-tokda neyniyir. Əə hər nə isə, hardan, mənə nə var hardan qardaaş. Deyir videosun atım baax. Gör indi, yoox pavlindir deyirəm, birin on manata verəni də var. Ya pavlinin qiyməti neçəyədir bazarda, heç baxa bilmirəm, qoy bir dənə baxım görüm”. Təqsirləndirilən şəxsin mobil telefonunun yaddaşında bu cür “ifşaedici” “SMS” olduğu halda birinci instansiya məhkəməsinin bəraət hökmü çıxarmasının əsassız olması barədə qənaətini isə apellyasiya instansiyası məhkəməsi həmin “SMS” mətninə aşağıdakı kimi qiymət verməklə (“SMS”-in əslində narkotik vasitələrin satışı ilə bağlı qanunsuz əməllərə həsr olunduğuna işarə edərək) ifadə etmişdir: “Məhkəmə kollegiyası hesab edir ki, əgər qeyd edilən səsli sms-də söhbət həqiqətən pavlinin (tovuz quşunun) qiymətindən gedirsə, həmin quşun qiyməti adi toyuğun qiymətindən də aşağı olması ən azı birinci instansiya məhkəməsində əsaslı şübhə yaratmalı idi”. Halbuki, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxs # ##### 2024-cü ildə həmin səsli “SMS”-lə əlaqədar dindirilərkən mətnin göyərçin alqı-satqısına həsr olunduğunu, “pavlin” sözünün göyərçin növünü ifadə etdiyini, onun imkan olduqda belə göyərçini 7 manata alıb 10 manata satdığını göstərmişdir. Müstəntiq tərəfindən həmin səsli “SMS”-lə əlaqədar # ##### 2024-cü ildə XXX15nin rəisi vəzifəsini müvəqqəti icra edən XXX12a əməliyyat tapşırığı verilmiş və XXX12un # ##### 2024-cü il tarixli ********* nömrəli məktubunda da müstəntiqə cavab verilmişdir ki, sözügedən səsli “SMS”-dəki “pavlin” sözü həvəskarlar tərəfindən saxlanılan göyərçin quşu növünü ifadə edir. Yuxarıda gətirilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qəbul etməyən apellyasiya instansiyası məhkəməsindən ibtidai istintaq zamanı toplanmış sübutları CPM-in 144-cü maddəsində nəzərdə tutulmuş qaydada tam, hərtərfli və obyektiv yoxlamağı tələb etsə də, o, bu vəzifəni lazımınca yerinə yetirməyərək keçirdiyi qismən məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxsin ifadəsini dinləməklə və şəxsi axtarışın videoyazısına baxmaqla kifayətlənib, digər (birinci instansiya məhkəməsində bilavasitə tədqiq olunmuş) sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi, ümumiyyətlə sübutların məcmusunun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın həlli üçün kifayətedənliyi üzrə məsələləri cinayət-prosessual qanunun 28, 32-ci maddələrinin və digər normalarının nəzərdə tutduqları cinayət mühakimə icrasatının əsas prinsipləri (müasir cinayət prosesində məhkəmənin rolu) ilə uzlaşmayan mülahizələrdən çıxış etməklə həll etmiş, beləliklə də cinayət-prosessual qanunun 144-cü maddəsi ilə yanaşı, 145, 146, 349.5-ci maddələrinin ziddinə olaraq, sübutların Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi və onun həmin maddələr üzrə təqsirli bilinməsi üçün əsas verməsi haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən onun çıxardığı hökmün kassasiya qaydasında ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının yenidən keçirilməsini tələb edən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Yeni məhkəmə baxışı işin həqiqi hallarının müəyyən edilməsini və həqiqi hallara söykənən məhkəmənin həm ittihama, həm də bəraət hökmündən verilmiş apellyasiya protestinə münasibətinin formalaşdırılmasını təmin etməli, bunun üçün isə keyfiyyətli məhkəmə istintaqının gedişində sübutlar CPM-in 33, 125, 143-146-cı maddələrinin və digər aidyyəti olan normalarının tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv tədqiq edilib-qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli, itiham hökmü ləğv edildikdən sonra Məhkum həbsinin davam etməsini əsaslandıran başqa məhkəmə aktı olmadığından, o, həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Məhkum dərhal həbsdən azad edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-116/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-116/2026
24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver