Məhkəmə qərarları › İş №1(1-8)-119/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-119/2026

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-119/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-451/2024 nömrəli, 30 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## #### 1995-ci il tarixdə Yardımlı rayonunun Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, x daimi qeydiyyatda olmaqla yaşamışdır.

2. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-50/2024 nömrəli, 08 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-451/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-50/2024 nömrəli, 08 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya məhkəməsinin sözügedən qərarından məhkum Məhkum kassasiya şikayəti verib qeyd etmişdir ki, üzrlü səbəblərdən, o cümlədən hüquqi savadsızlığı ilə bağlı kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Buna görə buraxılmış prosessual müddətin bərpa edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünü qüvvədə saxlamış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi qərarın ləğv edilməsi və barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-451/2024 nömrəli, 30 dekabr 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

7. Kassasiya şikayətində və buraxılmış prosessual müddətin bərpası haqqında ərizədə məhkum göstərmişdir ki, onun atası insult (beyin qan dövranının kəskin pozulması) keçirərək uzun müddət stasionar müalicədə olmuş, hazırda isə səhhətinə görə əmək qabiliyyətini itirmişdir ki, bu da ailənin sosial və maddi vəziyyətinin kəskin ağırlaşmasına səbəb olmuşdur. Eyni zamanda məhkumun özünün üçüncü qrup əlil olduğu, “isterik nevroz, tez-tez baş verən isterik qıcolma tutmaları və davranış pozuntuları” diaqnozu ilə ruhi-əsəb xəstəsi kimi Yardımlı Rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olması onun hüquqlarını vaxtında və lazımi qaydada müdafiə etmək imkanlarını obyektiv şəkildə məhdudlaşdırmışdır. Bundan əlavə, ailədə azyaşlı uşaqların olması və onlara baxacaq sağlam şəxsin mövcud olmaması vəziyyəti daha da ağırlaşdırmış, maddi imkansızlıq səbəbindən kassasiya mərhələsində vaxtında vəkil tutulmasını mümkünsüz etmişdir. Bu səbəblərdən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-451/2024 nömrəli, 30 dekabr 2025-ci il tarixli qərarının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını və şikayətin icraata qəbul olunmasını xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

10. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir. 11.Cinayət işinin materiallarından müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-451/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı proses iştirakçılarının, o cümlədən məhkum Məhkum və onun müdafiəçisinin iştirakı ilə kassasiya şikayəti vermək hüququ və qaydası izah edilməklə 23 iyul 2024-cü ildə elan edilmişdir. Qeyd edilən qərar 31 iyul 2024-cü il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinə göndərilmiş və 03 sentyabr 2024-cü il tarixdə qəbzə imza edilməklə məhkuma çatdırılmışdır.

12. Məhkum Məhkum 07 noyabr 2025-ci il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsilə apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti 17 noyabr 2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına daxil olmuşdur.

13. Göründüyü kimi, məhkum Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-451/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarından kassasiya şikayətini mübahisəsini etdiyi qərarın qəbul edildiyi vaxtdan 1 il 2 aydan çox müddət keçdikdən sonra vermişdir. Qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması məhkumun özünün və atasının səhhətində olan problemlərlə izah edilsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir.

14. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkum Məhkum müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyini, mübahisəli qərarın surəti məhkuma təqdim edildiyi vaxtdan 1 il 2 aydan çox müddət keçdiyini əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir. 15.Məhkəmə kollegiyası həmçinin Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. 16.Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il). 17.Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, məhkum Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir. 18.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum müdafiəçisi müdafiəçi1, həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-451/2024 nömrəli, 30 dekabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar