Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-120/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri dövlət ittihamçısı1 və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə depozitə qoyulmuş vəsaitin ödənilməsi məsələsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-35/2025 nömrəli 17 dekabr 2025-ci il tarixli qərarından zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-154/2024 nömrəli 17 iyul 2024-cü il tarixli hökmü (hakim V.İ.Əhmədovun sədrliyi ilə, N.N.Hüseynov və N.H.Məmmədovdan ibarət tərkibdə) ilə, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınaraq ona izah edilməsi, iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və həmin hesabda saxlanılan 4.000 (dörd min) manat pulun hökm qanuni qüvvəyə mindikdən sonra Məhkum qaytarılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-35/2025 nömrəli 8 aprel 2025-ci il tarixli hökmü (hakimlər Y.X.Həşimovun sədrliyi, E.İ.Əliyev və H.X.Bəhmənovdan ibarət tərkibdə) ilə dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş hüquqi şəxs “xxxx” ASC-nin direktor müavini nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-154/2024 nömrəli 17 iyul 2024-cü il tarixli bəraət hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınması, cəza çəkmə müddətinin əvvəlinin həbsə alındığı 8 aprel 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, eləcə də iş üzrə mülki iddianın təmin edilməsi, cavabdeh (təqsirləndirilən şəxs) Məhkum cəmi 55.111,23 manat məbləğində vəsaitin alınaraq iddiaçı (zərərçəkmiş hüquqi şəxs)“xxxx” ASC-yə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1785/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qərarı (hakimlər Ə.İ.Novruzovun sədrliyi ilə, Ş.Y.Yusifov və R.M.Abdulovdan ibarət tərkibdə) ilə, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, Məhkum dərhal həbsdən azad olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində məhkum Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyularaq qərarın icrasının yaşayış yeri üzrə Icra və probasiya şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. Qeyd olunan cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi nümayəndə2 tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə apellyasiya məhkəməsinə ərizə daxil olmuş və ərizəsini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq dövründə prokurorluğun hesabına ödənilmiş 4.000 (dörd min) manat vəsaitin şirkətin hesabına köçürülməsi ilə bağlı Baş Prokurorluğa rəsmi məktub ünvanlamış, lakin bu günədək həmin vəsait prokurorluğun hesabından çıxarılaraq “xxxx” ASC-nin hesabına mədaxil olunmamışdır. Baş Prokurorluqdan şifahi olaraq onlara bildirilib ki, qeyd olunan məbləğin şirkətin hesabına köçürülməsi üçün məhkəmənin müvafiq qərarı və icra vərəqəsinin təqdim edilməsi tələb olunur. Göstərilənləri nəzərə alaraq 4.000 manat məbləğində pulun Baş Prokurorluğun hesabından çıxarılaraq “xxxx” ASC-nin hesabına köçürülməsi üçün müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-35/2025 nömrəli 17 dekabr 2025-ci il tarixli qərarı ilə (hakim Y.X.Həşimovun sədrliyi, E.İ.Əliyev və H.X.Bəhmənovdan ibarət tərkibdə) zərər çəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş depozitə qoyulmuş vəsaitin ödənilməsinə dair ərizəsi geri qaytarılmışdır. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-35/2025 nömrəli 17 dekabr 2025-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi nümayəndə2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışlarıını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi zərər çəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş depozitə qoyulmuş vəsaitin ödənilməsinə dair ərizəsinin geri qaytarılması barədə qərarını belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri yalnız birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin, əsaslığının və ədalətliyinin yoxlanılması ilə məhdudlaşır. Bu baxımından depozitin qaytarılması ilə bağlı ərizənin işə apellyasiya qaydasında baxılıb yekunlaşdıqdan sonra yenidən apellyasiya instansiya məhkəməsinə təqdim edilməsi hüquqi baxımdan düzgün prosedur hesab edilə bilməz. Həmçinin apellyasiya məhkəməsi öz qərarında onu da qeyd etmişdir ki, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən, təqsirləndirilən şəxs tərəfindən depozitə qoyulmuş vəsaitin taleyi barədə hökmün nəticə hissəsində açıq və birmənalı göstəriş verməli idi. Çünki həmin vəsaitin saxlanılması və geri qaytarılması birbaşa həmin işin hüquqi nəticələri ilə bağlıdır və işin yekun həllində bu məsələ də öz hüquqi qiymətini tapmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsinin hökmündə depozit hesabına ödənilmiş vəsaitlə bağlı hər hansı qeyd verilməmiş, yalnız mülki iddianın ödənilməsi ilə kifayətlənilmişdir. Sonradan iş müdafiə tərəfinin kassasiya şikayəti əsasında kassasiya qaydasında Ali Məhkəməyə göndərilmiş və Ali Məhkəmənin qərarı ilə iş yekunlaşdırılmışdır. Bununla da, cinayət işi üzrə məhkəmə icraatı tam başa çatmış və məhkəmələrin həmin iş üzrə əlavə və ya tamamlayıcı qərar qəbul etmək səlahiyyəti aradan qalxmışdır. Məhz bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi iş qanuni qüvvə aldıqdan sonra depozit hesabına ödənilmiş vəsaitlə bağlı ayrıca göstəriş vermək imkanından məhrum olmuşdur. Qanunvericiliyə görə, məhkəmə öz hökmünü qanuni qüvvəyə mindikdən sonra yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda izah edə və ya texniki xarakterli səhvləri aradan qaldıra bilər, lakin hökmün məzmununu dəyişən və ya onu yeni hüquqi nəticələrlə tamamlayan qərar qəbul edə bilməz. Depozitə qoyulmuş vəsaitin qaytarılması isə hökmün məzmununa aid məsələ olduğundan, sonradan ayrıca məhkəmə aktı ilə həll edilə bilməz. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş ərizə apellyasiya məhkəməsi tərəfindən həll edilməlidir. Iş materiallarından görünür ki, 10 avqust 2023-cü il tarixdə Məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına maddi ziyanla bağlı 4.000 manat pul ödənilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-154/2024 nömrəli 17 iyul 2024-cü il tarixli bəraət hökmü ilə iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və həmin hesabda saxlanılan 4.000 (dörd min) manat pulun hökm qanuni qüvvəyə mindikdən sonra bəraət almış şəxs Məhkum qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-35/2025 nömrəli 8 aprel 2025-ci il tarixli ittiham hökmü ilə bəraət hökmü ləğv edilmiş, 55.111,23 manat məbləğində mülki iddia təmin edilmiş, lakin ziyanın ödənilməsi məqsədilə depozitə qoyulmuş 4.000 manat məbləğində vəsaitin zərər çəkmiş hüquqi şəxsə (mülki iddiaçıya) ödənilməsi səhvən göstərilməmişdir (bu səhvi Şirvan Apellyasiya Məhkəməsi özü 17 dekabr 2025-ci il tarixli qərarında etiraf etmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1785/2025 nömrəli 30 sentyabr 2025ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində ziyanın ödənilməsi məsələləri təhlil edilərkən Məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına maddi ziyanla bağlı 4.000 manat pulun ödənilməsi təsbit olunmuş, lakin qərarın nəticə hissəsində bununla bağlı hər hansı müddəa yenə də öz əksini tapmamışdır. Göründüyü kimi, məhkum Məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına maddi ziyanla bağlı keçirilmiş 4.000 manat pulun zərər çəkmiş hüquqi şəxs “xxxx” ASC-yə ödənilməli olması işin danılmaz halıdır. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin 13 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, bunu prokurorluq da etiraf etmiş, lakin məsələnin həlli üçün məhkəmə hökmünün və ya yekun qərarının icra edilməsi haqqında hakimin göstərişinin daxil olmasının zəruri olduğu bildirilmişdir. Azərbaycan Respublikası CPM-in 518-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi qaydasında aşağıdakı məsələlər öz həllini tapır: 518.0. Hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; 518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. Apellyasiya instansiyası məhkəməsi hazırki məsələni məhkəmə hökmündə yol verilmiş anlaşılmazlığın aradan qaldırılması qaydasında həll etməkdən imtina edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Cinayət kollegiyası tərəfindən işə baxıldığından və bununla bağlı Ali Məhkəmənin qərarı olduğundan qeyd edilən məsələyə baxıla bilməz. Kassasiya kollegiyası qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2025-ci il qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il tarixli hökmü yalnız məhkuma təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Burada nəzərə almaq lazımdır ki, CPM-in 518-ci maddəsi hökmün və ya digər yekun qərarın icrası zamanı yaranan şübhə və anlaşılmazlığın həll edilməsi məsələlərini tənzimləyir. Yəni yol verilmiş bu hal hökmün icrasına maneə yaradırsa, bu maneə aradan qaldırılmalıdır. Hazırki iş üzrə hökm Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən çıxarıldığından, bu maneə də həmin məhkəmə tərəfindən aradan qaldırılmalıdır. Ali Məhkəmənin Cinayət kollegiyasının hazırki iş üzrə qərarında bu anlaşılmazlığa heç bir münasibət bildirilməmiş, qeyd olunan məsələ Ali Məhkəmədə araşdırma predmeti olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin 17 dekabr 2025-ci il tarixli qərarı səhv olmaqla, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Bu səbəbdən kassasiya şikayəti əsaslı hesab edilməli, apellyasiya məhkəməsinin qərarı kassasiya şikayətinə əsasən ləğv edilməli, ərizə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Zərər çəkmiş şəxsin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin. Zərər çəkmiş şəxsin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş 21 noyabr 2025ci il tarixli ərizə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-120/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-120/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver