Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-121/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Nümayəndə – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(099)-26/2024 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə ## ####### 1963-cü ildə x rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, “xxxx” QSC-nin Cəlilabad rayonu x kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləmiş, hazırda fərdi təsərrüfatla məşğul olan, x rayonu x kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin dəyişdirilməməsi, təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, onun cəzaçəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrası Cəlilabad Rayon Icra və Probasiya Şöbəsinə həvalə olunması, mülki iddianın qismən təmin olunaraq zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan 47566,05 (qırx yeddi min, beş yüz altmış altı manat 5 qəpik) manat maddi ziyan, audit yoxlamasının keçirilməsi üzrə 500 (beş yüz) manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 48301,05 (qırx səkkiz min, üç yüz bir manat 5 qəpik) pul vəsaitin X-dan tutularaq zərərçəkmiş hüquqi şəxs «xxxx» Şirkəti QSC-nin hesabına ödənilməsi, Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə təqsirəndirilən şəxs Məhkum 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-**** saylı dövlət aktına əsasən məxsus olan x rayonu, x kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müsadirə edilməməsi, həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, CM-in 99-1.1.2-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı həbs qoyulmuş Məhkum məxsus «Ford yük» markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət nəfinə xüsusi müsadirə olunması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 və zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Emin Musayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) 26 dekabr 2025-ci il tarixli 1(106)-27/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü cəza təyini ilə bağlı hissədə, əmlakın müsadirəsi və mülki iddianın həcminin müəyyən olunması hissəsində dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmündən Məhkum CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı, «Ford yük» markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət nəfinə xüsusi müsadirə olunmasına dair müddəalar hökmdən xaric olunmuş, təqsirləndirilən şəxs Məhkum CM-in 179.3.2-ci maddəsinin sanksiyası daxilində, həmçinin həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən Məhkum CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə cəzanın icrasına nəzarət edən orqana iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, maddi ziyan və məhkəmə məsrəflərinə görə 35.301,05 manat məbləği ödəmək vəzifəsi qoyulmuş, təmin edilmiş mülki iddianın maddi ziyanla bağlı hissədə həcmi 34.566,05 manat müəyyən olunmuş, audit yoxlamasının keçirilməsi üzrə 500 (beş yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 235 (iki yüz otuz beş) manat nəzərə alınmaqla ümumilikdə 35.301,05 manat pul vəsaitin Məhkum tutularaq zərərçəkmiş hüquqi şəxs «xxxx» Şirkəti QSC-nin hesabına ödənilməsi müəyyən edilmiş, «Ford yük» markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət nəfinə xüsusi müsadirə olunmasına dair müddəaların hökmdən xaric olunması, Cəlilabad rayonu x kəndində yerləşən 1,35 ha (JN-1279.Kod-80600018) kənd təsərrüfatlı əkin torpaq sahəsinə həbs qoyulmuş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmuş, cəzanın icrası Cəlilabad Rayon Icra və Probasiya Şöbəsinə həvalə olunmuş, hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarından zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Məhkum CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin direktoru X8 ilə 12.08.2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin x rayonu x kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs kimi 03.09.2020-ci il tarixli, AT**-****** nömrəli, 05.09.2020-ci il tarixli, AT**- ****** nömrəli, 15.09.2020-ci il tarixli, AT**-****** nömrəli, 22.10.2020-ci il tarixli, AT**-****** nömrəli, 11.11.2020-ci il tarixli, AT**-****** nömrəli, 11.01.2021-ci il tarixli, AT**-****** nömrəli, 18.03.2021-ci il tarixli, AT**-****** nömrəli, 18.03.2021-ci il tarixli, AT**-****** nömrəli, 25.03.2021-ci il tarixli, AT**-****** nömrəli, 27.03.2021-ci il tarixli, AT**-******* nömrəli, 05.04.2021-ci il tarixli, AT**-****** nömrəli, 10.04.2021-ci il tarixli, AT**-****** nömrəli, 10.04.2021-ci il tarixli, AT**-****** nömrəli, 31.05.2021-ci il tarixli, AT**-****** nömrəli, 30.08.2021-ci il tarixli, AT**-****** nömrəli, 02.09.2021-ci il tarixli, AT**-****** nömrəli, 05.10.2021-ci il tarixli, AT**-****** nömrəli, 01.12.2021-ci il tarixli, AT**-****** nömrəli təhviltəslim aktları ilə ilə ona etibar edilmiş 42500 kq “Ammofos/Apatit/Phosagro”, 123000 kq “Ammonium Nitrat/Evroxim”, 5000 kq “Ammonium Nitrat/Minudobreniya”, 22000 kq “Karbamid Marka B/Socar”, 55000 kq “Nitroammofos/Minudobreniya” gübrəsi və 4725 kq “Qarabağ22/Region Agro(R1)” arpa toxumu, 3000 kq “Alekseiç R1/Semena Stavropolya” buğda toxumu, 10000 kq “Qırmızı gül R1/Agro Dairy” buğda toxumunun ümumilikdə, 265225 kq məhsulun satışından əldə etdiyi 180613,61 manat pul vəsaitini bütövlükdə “xxxx” QSC-nin bank hesabına köçürməli olduğu halda, həmin məhsulun satışından əldə olunan məbləğin 82296,96 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus, ona etibar edilmiş 98317,05 manat dəyərində məhsulu− özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirib zərərçəkmişə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayətin ağırlığı, vurulmuş ziyanın miqyası və təqsirləndirilən şəxsin davranışı fonunda şərti cəza tətbiqi yolverilməzdir, həmçinin məhkuma məxsus “Ford yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, məhkuma məxsus torpağa həbs qoyulsa da, nəqliyyat vasitəsinə aid hissədə maşına həbs qoyulmamışdır, bu hökm cəzanın şərti verilməsi hissəsində və məhkuma məxsus maşının üzərinə həbs qoyulmaması hissəsində ədalət prinsiplərini kobud şəkildə pozur. CM-in 179.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid edilməklə, yüksək ictimai təhlükəlilik dərəcəsinə malik əməlləri ehtiva edir. Bu maddə ilə nəzərdə tutulmuş əməllərin törədilməsi sahibkarlıq mühitində hüquqi sabitliyi pozur, kommersiya dövriyyəsində riskləri artırır və nəticə etibarilə iqtisadi münasibətlərin davamlı inkişafına maneə yaradır. Xüsusilə nəzərə alınmalıdır ki, CM-in 179.3.2-ci maddəsi üzrə cinayətlərin törədilməsi əksər hallarda planlı, məqsədli və davamlı xarakter daşıyır, bu isə təqsirkar şəxsin əməlinin təsadüfi deyil, şüurlu və yönümlü olduğunu göstərir. Belə hallar cinayətin ictimai təhlükəlilik dərəcəsini daha da artırmaqla yanaşı, cəzanın fərdiləşdirilməsi zamanı daha ciddi hüquqi yanaşmanı zəruri edir. Bu baxımdan, məhkumun əməlini yalnız zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan prizmasından qiymətləndirmək qanunun məqsəd və ruhuna uyğun deyildir. Sözügedən cinayət əməlinin bütövlükdə iqtisadi münasibətlərə və dövlətin iqtisadi təhlükəsizliyinə real təhdid yaratdığı nəzərə alınaraq, təqsirkar şəxs barəsində şərti cəzanın tətbiqi və ya cəzanın yüngülləşdirilməsi cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə uzlaşmır və ədalət prinsipinə ziddir. Beləliklə, CM-in 179.3.2-ci maddəsinin dispozisiyası və onunla qorunan hüquqi obyektin mahiyyəti nəzərə alınmaqla, məhkəmə tərəfindən məhkum barəsində qanunda nəzərdə tutulmuş həddə adekvat, ədalətli və preventiv məqsədlərə xidmət edən ciddi cəzanın təyin edilməsi zəruri hesab olunmalıdır. Iş materialları ilə sübut olunur ki, Məhkum ona etibar edilmiş əmlakı mənimsəmiş, 98.317,05 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Bu hallar fonunda şərti cəza cinayətin ictimai təhlükəlilik dərəcəsini formal səviyyəyə endirir, ağır iqtisadi cinayətlərə qarşı cəzasızlıq presedenti yaradır. CM-in 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islahı, yeni cinayətlərin qarşısının alınmasıdır. Lakin real azadlıqdan məhrumetmə tətbiq edilmədiyi halda nə sosial ədalət bərpa olunur, nə zərərçəkmişin hüquqları real şəkildə qorunur. Belə yanaşma ağır iqtisadi cinayət törətmiş şəxslər üçün faktiki olaraq məsuliyyətsizlik mühiti yaradır və cəmiyyətdə "külli miqdarda mənimsəmə törədildiyi halda belə real cəza tətbiq olunmur" təsəvvürü formalaşdırır. Məhkum ziyanın yalnız cüzi bir hissəsini ödəmişdir. Bu ödəniş könüllü peşmançılıqdan deyil, real azadlıqdan məhrum etmədən yayınmaq məqsədindən irəli gəlmişdir. Külli miqdarda ziyan vurulmuş ağır cinayətlər üzrə ziyanın qismən ödənilməsi şərti cəzanın tətbiqi üçün yetərli əsas hesab edilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarının cəzanın şərti tətbiq edilməsi hissəsində dəyişdirilməsi, Məhkum CM-in 179.3.2-ci maddəsinin sanksiyası həddində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilərək onun məhkəmə iclas zalından dərhal həbsə alınması, bununla yanaşı, hökmün icrasının təmin edilməsi məqsədilə Məhkum məxsus “Ford yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində nümayəndə müdafiəçi1 Müstəqim oğlu çıxış edərək, məhkumun dəymiş zərəri tam ödəmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, dəymiş zərərlə bağlı xeyli ödəniş etdiyini, geri qalan ödənişi də tez bir zamanda ödəyəcəyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş hüquqi şəxs tərəfdən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən iş üzrə mülki iddiaya aid hissədə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu, o cümlədən məhkum barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun kassasiya şikayətinin təmin edilməməsi, nümayəndənin isə təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş hüquqi şəxs tərəfdən verilmiş kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş hüquqi şəxsin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Işdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Məlumatları Idarəsindən alınmış tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Cəlilabad rayonu, Alar inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məhkum Cəlilabad rayonu, x kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ilk növbədə qeyd olunmalıdır ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən yalnız törədilmiş cinayətin ağırlığını deyil, həm də onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanın məqsədlərini kompleks şəkildə qiymətləndirmişdir. Qərardan göründüyü kimi, məhkum tərəfindən dəymiş ziyanın böyük hissəsinin – 63.751 manatının ödənilməsi, qalan ziyanın ödənilməsi üçün real təminatların (əmlak üzərinə həbs qoyulması) mövcudluğu, əvvəllər məhkum olunmaması, yaşı və sosial vəziyyəti kimi hallar məhkəmə tərəfindən nəzərə alınmışdır. Bu hallar birlikdə onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü barədə əsaslı nəticəyə gəlməyə imkan vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, cəzanın məqsədləri yalnız cəzalandırma ilə məhdudlaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəzanın məqsədi həm də məhkumun islah olunması və yeni cinayətlərin qarşısının alınmasıdır. Bu baxımdan, şərti məhkum etmə institutunun tətbiqi yalnız o halda yolverilməz sayıla bilər ki, şəxsin cəza çəkmədən islah olunması mümkünsüz olsun. Halbuki iş materialları belə bir qənaətə gəlməyə əsas vermir. Zərərçəkmiş tərəfin cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksək olması ilə bağlı arqumentlərinə gəldikdə isə, məhkəmə kollegiyası həmin halı nəzərə almış, lakin onu digər mühüm hallarla – xüsusilə ziyanın böyük hissəsinin ödənilməsi və təqsirləndirilən şəxsin şəxsiyyəti ilə birlikdə qiymətləndirmişdir. Qanunvericiliyin tələblərinə görə, cəza fərdiləşdirilməli və bütün hallar məcmu halda nəzərə alınmalıdır. Yalnız cinayətin ağırlığına istinad etməklə daha sərt cəza təyin edilməsi ədalət prinsipinin tələblərinə uyğun olmazdı. Kassasiya şikayətində göstərilən “cəzasızlıq presedenti” ilə bağlı iddia da əsassızdır. Belə ki, məhkuma azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin həmin cəzanın icrası müəyyən sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bu isə onun hüquqi məsuliyyətdən azad edilməsi deyil, əksinə, davranışına nəzarət altında olmaqla islah olunmasına şans verilməsi deməkdir. Sınaq müddəti ərzində onun üzərinə konkret öhdəliklər qoyulmuş və bu öhdəliklərin icra olunmaması halında cəzanın real icrası mümkündür. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkum tərəfindən apellyasiya baxışında əlavə olaraq 13.000 manat ödənilmiş, ümumilikdə isə ziyanın əhəmiyyətli hissəsi kompensasiya olunmuşdur. Bu hal onun davranışının tamamilə mənfi qiymətləndirilməsinə əsas vermir və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı mühüm amillərdən biridir. Beləliklə, apellyasiya məhkəməsi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə təqsirləndirilən şəxsin şəxsiyyəti, ziyanın ödənilməsi və digər yüngülləşdirici halları düzgün balanslaşdıraraq nəticəyə gəlmişdir ki, cəzanın şərti tətbiqi həm ədalət prinsipinə, həm də cəzanın məqsədlərinə uyğundur. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Yuxarıda qeyd olunmuş Plenum qərarında həmçinin göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunvericilik, həm də Plenum qərarları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Apellyasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxsə CM-in 70-ci maddəsinin tətbiqi barədə nəticəyə gələrkən şərti məhkum etmənin yuxarıda göstərilən kriteriyalarına istinad etmiş, əsaslı mülahizələrlə məhkumun barəsində şərti məhkum etmənin tətbiqini əsaslı saymış, məhkumun hansı səbəbdən cəza çəkmədən islah olunmasının mümkünlüyünü öz qərarında göstərmiş və bunu kifayət qədər əsaslandırmışdır. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, nümayəndənin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması, cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamasına, məhkum edilmiş şəxs barəsində CM-in 70-ci maddənin tətbiqinin qeyri-qanuni olmasına dair iddiasının əsassız olduğu müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi və azadlıqdan məhrum etmə cəzasının faktiki olaraq çəkilməsi nəticəsində nail olunacağını zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətində əsaslandıra bilməmişdir. Bundan əlavə nümayəndə nəzərdən qaçırmışdır ki, şərti məhkum etmə institutu eyni zamanda şəxsin sınaq müddəti ərzində öz davranışı ilə islah olunmadığı təqdirdə şərti məhkum edilmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah olunması üçün vaxt verilməlidir və sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut edə bilmədiyi təqdirdə ona təyin olunmuş cəzanın real icrasından danışmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, nümayəndə kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdiyi təqdirdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Iş materiallarından görünür ki, məhkəmə tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CMin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətinin hökmün icrasının təmin edilməsi məqsədilə Məhkum məxsus “Ford yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə dəlilləri də əsaslı hesab edilə bilməz və aşağıdakı hüquqi arqumentlərlə rədd olunmalıdır: CM-in 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Yəni, bu maddəyə əsasən xüsusi müsadirə yalnız cinayət törədilərkən istifadə edilmiş alət və vasitələrə və ya cinayət yolu ilə əldə edilmiş əmlaka tətbiq edilir. Iş materiallarından və apellyasiya instansiyasının gəldiyi nəticədən aydın olur ki, “Ford yük” markalı avtomobilin nə cinayətin törədilməsində istifadə edilməsi, nə də cinayət yolu ilə əldə olunması sübuta yetirilməmişdir. Bu halda həmin nəqliyyat vasitəsinə münasibətdə xüsusi müsadirə və ya ona yönəlmiş məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Yəni, bu maddə yalnız müsadirə olunmalı əmlakın faktiki olaraq mövcud olduğu, lakin obyektiv səbəblərdən müsadirəsinin mümkün olmadığı hallarda tətbiq edilir. Hazırkı iş üzrə isə ümumiyyətlə müsadirə predmeti müəyyən edilməmişdir. Bu səbəbdən də həmin normaya istinad edilərək avtomobilin üzərinə həbs qoyulması tələbi qanunun məntiqinə uyğun deyil. Bundan əlavə CPM-in 249-cu maddəsinin tələblərinə uyğun olaraq əmlak üzərinə həbs yalnız mülki iddianın təmin edilməsi məqsədilə və zərurət olduqda tətbiq edilir. Apellyasiya instansiyası tərəfindən müəyyən olunmuşdur ki, mülki iddianın təmin edilməsi üçün məhkuma məxsus 1,35 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. CM-in 99-3-cü maddəsinə əsasən müsadirə və təminat tədbirləri tətbiq edilərkən ilk növbədə zərərin ödənilməsi imkanları nəzərə alınmalıdır. Mövcud vəziyyətdə torpaq sahəsinin üzərinə qoyulmuş həbs zərərin ödənilməsi üçün real təminat vasitəsi kimi çıxış edir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-121/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-121/2026
21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver