Məhkəmə qərarları › İş №1(1-8)-123/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-123/2026

24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-123/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, ##.##.1974-cü il tarixdə Tərtər rayonu Cəmilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Tərtər rayonu N saylı Hərbi Hissədə qeydiyyatda olmaqla, Tərtər rayonu, Cəmilli kəndində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Hacıqabul Rayon Məhkəməsinin 2025-ci il ## ######## tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim G.Əkbərli) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər P.Hacıyev (sədrlik edən), E.Xasməmmədov və C.Sultanov) apellyasiya şikayətləri təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 2025-ci il ## ######## tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ## ###### 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrində idarə etdiyi “DAF FT XF 105.460” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə yolun sağdan birinci hərəkət zolağı ilə Qazax rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısında yolun sağ hissəsində “Hyundai Elantra” markalı avtomobil və həmin avtomobilin sol hissəsində piyadanın dayanmasını nəzərə almalı, vaxtında tədbir görməklə onlardan təhlükəsiz yan məsafə seçərək keçib getməli və ya bu mümkün olmadıqda onlara çatmadan idarə etdiyi avtomobili dayandırmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib qarşıda yolun sağ hissəsində sürücü şahid1 tərəfindən dayandırılmış “Hyundai Elantra” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilin sol hissəsində dayanmış piyada X1 avtomobillə vurmuş, nəticədə ehtiyatsızlıqdan Nahid Səfərova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin əzilməsi, baş beyinin nüfuz travması, alın, beyinəsası və üz skeleti sümüklərinin sınıqları, alının mərkəzi hissəsində əzilmiş-cırılmış yara, burunda, sağ bazu qurşağında, sağ bazunun aşağı 1/3-dən sağ saidin orta 1/3-dək davam olunan, belin sol tış hissəsində, hər iki dizdə və sol topuqda sıyrılmış yaralar xəsarətlərini yetirməklə həmin gün Şirvan şəhər xəstəxanasında ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsinin əsas səbəbi minik avtomobilinin sürücüsünun və piyadanın avtomogistralda yük avtomobilinin yolunda “Yol hərəkəti haqqında Qanun”un 1-ci maddəsinin tələblərini pozaraq qanunsuz dayanmaları olmuşdur. Minik avtomobilinin sürücüsü qanunun imperativ tələbi olan göstərilən normasını pozmuş, onun əməli müstəntiq tərəfindən IXM-in 346-cı və "Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə düzgün tövsif edilməmişdir. Minik avtomobilinin sürücüsü barəsində IXM-in 346-cı maddəsi ilə material ayrılması da onu göstərir ki, hadisənin baş verməsinə minik avtomobilinin sürücüsünün hərəkəti səbəb olmuşdur. Bundan başqa, müstəntiq tərəfindən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının növləri iş üzrə düzgün aparılmamış, yol-nəqliyyat hadisəsi yerinə baxışın keçirilməsi protokolu düzgün doldurulmamış, protokolda yol-nəqliyyat hadisəsi mexanizmi öz əksini tam tapmamışdır. Belə ki, protokalda hadisənin gecə vaxtı, işiqlanmayan yerdə olması, yol nişanında sürət 110 km/s və sair göstərilsə də uzaq-yaxın işıqda sürücünün yerindən faraların işığında görünüş məsafəsi boş saxlanılmışdır. Bundan başqa protokolda tormozların izlərinin və digər izlərin olmadığı, eləcə də nəqliyyat nəqliyyat vasitələrinin detallarının hadisə yerində olmadığı göstərilmişdir. Həmçinin toqquşma yerindən sonra 22 metr şin izlərinin olduğu göstərilmişdir. Halbuki Məhkum bunun əksini bildirərək hadisədən öncə əyləcdən istifadə etdiyini, tormoz izlərinin 27 metr olduğunu, həmin vaxtı avtomobili 85-90 km/metr saatda sürətlə idarə etdiyini, hadisə baş verən yerlə onun arasında 60-70 metr məsafənin olduğunu, qarşıda dayanmış maşının heç bir xəbərdarlıq işığının yanmadığını, hadisənin qarşısının almağın mümkün olmadığını bildirmişdir. Bundan başqa, minik avtomobilinin rənginin asfalt rəngdə olması, zərərçəkmiş şəxsin əynində qara rəngli geyim olması görmə məhdudiyyətinin daha da azalmasına gətirib çıxarmışdır. Bundan başqa, istintaq zamanı təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizası barədə qərarın təsviri hissəsində göstərilmişdir ki, hadisə yolun sağdan birinci hərəkət zolağının sağ kənarındakı sarı düz xəttdən mərkəzə doğru 1,5 metr məsafədə baş vermişdir. Avtotexniki ekspertizanın təyin edilməsi barədə qərarda ancaq yük və minik avtomobilləri sürücülərinin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununa əsasən hansı pozuntuların olması barədə suallar qoyulmuşdur, digər hərəkət iştirakçısı Nihad Səfərovun hərəkətlərində sərnişin və piyada kimi hansı pozuntuların olması sualı qoyulmamışdır. Eyni zamanda məhkəmə tərəfindən ekspertiza təyin olunduqdan və ekspert rəyi müzakirə edilərkən ekspert ona verilən suallara ümumi cavab verərək qeyd etmişdir ki, təqsirləndirlən şəxs avtomobili saxlaya bilərdi. O, buna heç bir hesablama aparmadan cavab vermiş və göstərmişdir ki, 100 metr məsafədə 3.5-4.0 saniyədə buna nail olmaq mümkündür. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini və ya cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi və ya işin yeni apelyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin məhkum Məhkum avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması haqqında ittihamın mübahisələndirilməsi üzrə kassasiya şikayəti ilə eyni məzmunlu dəlilləri – müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən şahid qismində dindirilmiş şahid1, şahid3 və digərlərinin, ekspertlər Ekspert və T.C.Bağırovun ifadələri, meyitin məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli ** nömrəli rəyi, “hadisə yerinə baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokol və ona əlavə edilmiş sxem (hadisə yerinə baxış zamanı toqquşma yerinə kimi şin izləri aşkar edilməmiş, toqquşma yerindən sonra sola doğru istiqamətlənən 22 metr şin izləri aşkar edilmişdir), məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2024-cü il tarixli, */**** nömrəli rəyi, birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə təyin edilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyi (əlavə ekspertiza tədqiqatı zamanı da sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən edilmişdir), maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Bundan başqa qeyd edilməlidir ki, Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və hökm çıxarılarkən həmin məsələ üzrə də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Qarabağ müharibəsi iştirakçısı olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, bununla belə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, barışıq üçün cəhd göstərməməsini, hadisədən peşmançılıq çəkməməsini, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 41.2, 58, 59, 60, 61-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Kassasiya baxışında məhkumun cəzasının yüngülləşdirilməsi üçün hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar