Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-125/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), X4 və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli 1(106)- 138/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Əli Əliyev) 18 oktyabr 2024-cü il tarixli, 1(099) 237/2024 nömrəli hökmü ilə 08 may 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 49 A-da qeydiyyatda olmaqla Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/10, mənzil 18-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, şəxsiyyətləri məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə iki ədəd torbalarda qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla külli miqdarda-9106,7 qram narkotik vasitə olan qurudulmuş marixuananın, külli miqdarda-5066,4 qram narkotik vasitə olan tiryəkin və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd narkotik vasitə olan metadon həblərin Astara rayonunun Şahağacı kəndinin ərazisində (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində) olan yarımtikilidə gizlədilməsi barədə 28 aprel 2023-cü il tarixdə məlumat verilməsindən sonra o, 29 aprel 2023-cü il tarixdə, saat 01 radələrində cinayət barədə xəbərsiz olan atası, X1 idarə etdiyi “Mercedes” markalı, 99 GE-242 dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib qeyd olunan yerdə, yarımtikilidə gizlədilmiş iki ədəd torbalarda qablaşdırılmış, ayrı ayrılıqda bağlamalarda olmaqla külli miqdarda-9106,7 qram qurudulmuş marixuananı, külli miqdarda-5066,4 qram tiryəki və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd metadon həbləri axtarıb tapıb götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayıb daşımağa cəhd edərkən, daxil olmuş əməliyyat məlumatına əsasən 29 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum göstərilən ərazidə saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək iki ədəd torbada qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla 9 ədəd bağlamada külli miqdarda 9106,7 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 5 ədəd bağlamada külli miqdarda-5066,4 qram narkotik vasitə olan tiryəki və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd narkotik vasitə olan metadon həbləri satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayıb daşımağa cəhd etmiş, daha sonra təhqiqat orqanı tərəfindən həmin ərazidən (Astara rayonunun Şahağacı kəndinin ərazisində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində) olan yarımtikilidən iki ədəd bağlamada qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla külli miqdarda-9106,7 qram (9 kq 106,7 qram) narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda 5066,4 qram (5 kq 66,4 qram) narkotik vasitə olan tiryəki və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Qasım Əliyev və Cavid Sultanov) 3 iyul 2025-ci il tarixli 1(106)- 138/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 1(099)-237/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli 1(106)-138/2025 nömrəli qərarının ləğv edilərək ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı tamamilə ədalətsiz və qanunsuzdur. Məhkum həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittihamla razılaşmayaraq ifadələrində bildirmişdir ki, sözügedən narkotik vasitələrin qoyulduğu yerlə bağlı onunla əlaqə saxlayan və ona “konum” atan şəxs İran İslam Respublikasından deyil, əməliyyatçılar tərəfindən təlimatlandırılmış şəxs olmuşdur. Həmin şəxs əməliyyatçıların göstərişi və tapşırığı ilə İİR vətəndaşı adından danışaraq onu belə bir cinayət əməlinə təhrik etmişlər. Məhkum qeyd etmişdir ki, sözügedən ünvana getdikdən sonra əraziyə yaxınlaşmadan əməlinin nəticəsi barədə düşünərək, səmimi şəkildə cinayət törətməkdən öz iradəsi ilə könüllü şəkildə imtina etmişdir. Bu zaman geri qayıdarkən pusqu quraraq gözləyən əməliyyatçılar onu saxlamış və qanunsuz məsuliyyətə cəlb etmişlər. Bu hal məhkəmə istintaqı zamanı ifadə vermiş əməliyyat müvəkkili şahid3 ifadəsində də öz təsdiqini tapır. Bununla yanaşı, şahid3 ifadəsindən görünür ki, məhkum saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış və məhz qeyd olunan narkotik vasitələri əməliyyatçılar özləri ilə gətirmiş və özləri gizlətmişdirlər. Bundan sonra da onu saxlayıb həmin narkotik vasitənin ona aid olduğunu iddia etmişlər. Qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı vəsatət əsasında verilmiş sorğuya cavab olaraq +98911-637-12-69 saylı mobil nömrənin istifadəçisinin İİR-dən deyil, Azərbaycan Respublikası ərazisindən əlaqə saxladığı məlum olmuşdur. Belə ki, hadisənin baş verdiyi zamanlarda və hətta həmin zamandan da əvvəl qeyd olunan nömrə Astara rayonu Ərçivan qəsəbəsi sakinləri şahid1 və Mehtiyev İqrar Orucəli oğlu adında şəxslərin istifadəsində olmuşdur. Göründüyü kimi, əməliyyatçılar onun avtomobildən düşdükdən sonra geri qayıtdığını görüb qarşısını kəsərək, onu getməyə qoymayıblar. Eləcə də onun cinayətdən könüllü olaraq imtina etməyinə maneçilik törədərək, öz məqsədlərinə nail olublar. Beləliklə, o etmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilmişdir. Yuxarıda göstərilən hallarla bağlı məhkəmələr tərəfindən obyektiv araşdırma aparılmamış, zəruri sübutların toplanılması həyata keçirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyi halda barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər şahid3, şahid6, şahid4 İnati oğlu və Həsənov İslam Sadıq oğlunun ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını məhkəmə iclasında tədqiq edərək onlara hüquqi qiymət vermiş və həmin sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum iki torbada qablaşdırılmış, ayrı-ayrı bağlamalarda olan külli miqdarda – 9106,7 qram qurudulmuş marixuananı, külli miqdarda – 5066,4 qram tiryəki və təsiredici maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda – 7000 ədəd metadon həblərini götürmək məqsədilə həmin yerə gəlməsi, lakin sonradan cinayət əməlini törətməkdən könüllü imtina etdiyi üçün həmin narkotik vasitələri götürmədən hadisə yerini tərk etməsi və bundan sonra sərhədçilər tərəfindən saxlanılması barədə məhkəmə iclasında verdiyi ifadə həm onun ibtidai istintaq zamanı verdiyi ifadələri, həm də onu saxlamış Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının şahid ifadələri ilə təkzib olunur. Şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirini tam təsdiq edir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə digər sübutlarla təsdiq olunduğundan aşağı instansiya məhkəmələri tərəfindən əsaslı olaraq həmin ifadə mötəbər sübut kimi qəbul edilmişdir. Onun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun olmayan və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verildiyi kimi düzgün qiymətləndirilmişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin analoji dəlillərlə bağlı gəldiyi nəticəni təkzib edən hər hansı yeni hal və ya arqument göstərilmədiyindən, həmin nəticə ilə razılaşan məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə ayrıca münasibət bildirməyi zəruri hesab etmir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə sübutlar əldə edilərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, iş üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, məhkum Məhkum əməllərinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 29, 234.4.1 və 29,234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli 1(106)-138/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli 1(106)-138/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-125/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-125/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver