Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-126/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2026-cı il tarixli 1(106)-389/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) 6 fevral 2025-ci il tarixli, 1(049)- 14/2025 nömrəli hökmü ilə 19 aprel 1994-cü ildə Lənkəran şəhərində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Ş.Məmmədov küçəsi ev 32-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının hesab edilməsi, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları tam toplamaq, əlavə cəzaları qismən toplamaqla əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 06 iyun 2023 cü il tarixdə, saat 22:10 radələrində “ВC” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi istifadəsində olmuş “Khazar SD minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu, Vilvan kəndinin ərazisindən keçən hissəsi ilə üzü Lənkəran şəhəri istiqamətində 60 km/saat sürətlə idarə edərkən, sürücü olaraq qarşısında yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs görüb, hərəkət üçün təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla avtomobili piyadaya çatmadan dayandırmağa, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin 2-ci cümləsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, piyada Zərərçəkmiş şəxs yolu keçməyəcəyini güman edib, texniki cəhətdən saz vəziyyətdə olan “Khazar SD minik” markalı avtomobilin hərəkətini qeyd olunan yol şəraitində 60 km/saat sürətlə davəm etdirərkən, hərəkətin təhlükəsizliyini təmin edə bilməyərək, piyada- Lənkəran rayonu, Vilvan kənd sakini 12 yanvar 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi (buferi) ilə ehtiyatsızlıqdan vurub, ona həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik- baş, döş qəfəsi, qarın, bel və sağ aşağı ətrafın küt travması; ənsə sümüyünün sınığı, baş beyinin ağır dərəcəli əziyi, dalaq, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğuna 1,0 litr qan yığılması, peritonarxası hematoma, sağ bud-diz qapağı və baldır sümüklərinin açıq sınıqları, döş qəfəsi yumşaq toxumasına yayılmış qansızmalar, alın, ənsə, sağ said, döş qəfəsi, sağ diz oynağında əzilmiş-cırılmış yaralar, hər iki bazuda qançırlar və sağ bazuda yumşaq toxumaya qansızına, sol said, hər iki əl pəncəsi, sağ kürək, döş qəfəsi, hər iki sağrıda sıyrıqlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bədənin küt travması nəticəsində kəllə sümüklərinin qəlpəli sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi, dalaq və sol böyrəyin zədələnməsindən yaranmış hemorragik və travmatik şok nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin IV hissəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü olaraq üzərinə həmin yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir”, “Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır”, “Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir”, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir.” vəzifələri qoyulsa da, bunları etməyərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış Zərərçəkmiş şəxs yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Pərviz Hacıyev, hakimlər Elçin Xasməmmədov və Cavid Sultanovdan ibarət tərkibdə) 15 yanvar 2026-cı il tarixli 1(106)-389/2025 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli, 1(049)-14/2025 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və CM-in 264-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar CM-in 66.4-cü maddəsinə əsasən qismən toplanılaraq, ona 2 (iki) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5, 5.2.3 və 3.1-ci bəndlərinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq, onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2026-cı il tarixli 1(106)-389/2025 nömrəli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkum X1 "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən onu cəzadan azad etməli olduğu halda, bu barədə qərar qəbul etməmiş, əsassız olaraq həmin Qərarın 3.1-ci bəndini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 6 ay azaltmışdır. Bundan başqa, kassasiya şikayətində qeyd olunmuşdur ki, müstəntiq işin hallarını tam və obyektiv araşdırmamış, zərərçəkmiş şəxsə ölümlə nəticələnən xəsarətlərin məhz məhkumun idarə etdiyi avtomobil tərəfindən vurulması nəticəsində yetirilməsinə dair cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri kifayət qədər əsaslandırılmamış və şübhə doğurur. Buna baxmayaraq, məhkəmələr həmin ekspertiza rəylərinə lazımi hüquqi qiymət verməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi müdafiəçi1 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin məhkəmələr qeyri-mötəbər, mümkün olmayan və ziddiyyətli sübutlara əsaslanaraq qanunsuz olaraq məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə ittiham hökmü çıxarmışlar, apellyasiya instansiya məhkəməsi isə məhkum barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, eyni məzmunlu dəlillər müdafiəçi tərəfindən apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətində göstərilən bütün dəlilləri ayrı-ayrılıqda araşdırmış, onlara hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə qanunvericiliyin tələblərinə tam riayət etməklə baxmış, irəli sürülmüş dəlilləri hərtərəfli yoxlamış və gəldiyi nəticələr cinayət işi üzrə toplanmış sübutlara, iş materiallarına və əlavə araşdırma zamanı əldə edilmiş məlumatlara tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən 31 may 2023-cü il tarixli protokol, ekspertin rəyi tədqiq edilərək CPM-in 139,144 və 145-ci maddələrinin tələblərinin icra edilməsini yoxlayarkən aşağıdakıları qeyd edir. Hazırkı cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutlara qiymət verərək onların mötəbər və mümkün olması barədə nəticəyə gəlinmişdir. İş materiallarından görünür ki, məhkum Məhkum məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilsə də, onun Azərbaycan Respublikası CM-in 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Müdafiəçinin kassasiya şikayətində istinad etdiyi, məhkumun təqsirini şübhə altına alan hallar, yəni zərərçəkmiş şəxsə ölümlə nəticələnən xəsarətlərin digər sürücü E.İsmayılzadənin idarə etdiyi avtomobilin zərərçəkmiş şəxsin üzərindən keçməsi nəticəsində yetirilməsi barədə iddialar cinayət işi üzrə toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusu ilə təkzib olunur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin yuxarıda göstərilən tələblərinə uyğun olaraq birinci və apellyasiya məhkəmələrinin qanun normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi və məhkumun təqsirinin sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticələri təkzib edən hər hansı yeni hal və ya sübut irəli sürülmədiyindən, həmin nəticə ilə razılaşan məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinin yenidən müzakirə edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməli CM-in 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci və 264-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. İşin halların yenidən araşdırılması və ya barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Həmçinin məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışlar. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı düzgün tətbiq edilmişdir. Kassasiya şikayətində göstərildiyi kimi, məhkuma həmin Qərarın 2.2-ci bəndinin tətbiq edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, Qərarın 14-cü bəndinə əsasən, Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilməmiş hissəsinə şamil edilir. Hazırkı iş üzrə məhkuma qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilmiş az ağır cinayətlərə görə təyin edilmiş cəzaların tam toplanılması yolu ilə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərarın 2.2-ci bəndi isə yalnız ehtiyatsızlıqdan törədilmiş cinayətə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə şamil olunur. Buna görə də həmin bəndin məhkum Məhkum tətbiq edilməsi üçün hüquqi əsaslar olmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 15 yanvar 2026-cı il tarixli 1(106)-389/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2026-cı il tarixli 1(106)-389/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-126/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-126/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver