Məhkəmə qərarları › İş №1(1-8)-127/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-127/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-127/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum və onun müdafiəçiləri Ağayeva Nüşabə Fərman qızının və Ağazadə Səbinə Əjdər qızının iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum, ## ###### 1989-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2014-cü il tarixli hökmü ilə CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə 16 (on altı) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Məhkum X22 mülkiyyətində olan “Mercedes 200E” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun qardaşı şahid5 tərəfindən yandırılmasını güman edib sonuncunun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu məqsədlə # ###### 2024-cü il tarixdə saat 23 radələrində Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən “Al” marketin qarşısında ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək başqalarının həyatını da təhlükəli altına atıb zərər çəkmiş şəxsin qardaşı Hüquqi varis gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə içərisində qırmalar olan patronlardan istifadə edərək növü istintaqa məlum olmayan odlu silahı Zərərçəkmiş şəxs doğru tuşlayıb qəsdən iki dəfə atəş açmış, lakin zərər çəkmiş şəxsin qaçıb gizlənməsi nəticəsində niyyətinə nail olmadığını görüb ara sakitləşdikdən sonra silahda atəş açmağa patron olmadığından qeyd olunan marketdən 200 metr cənub-qərb istiqamətində olan avtoyuma məntəqəsinin yaxınlığındakı torpaq yolda Zərərçəkmiş şəxsla söhbət etmək üçün yanbayan piyada hərəkət edərkən əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini başa çatdırmaq məqsədilə cibində gəzdirdiyi, növü istintaqa məlum olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qəsdən bir zərbə vurub sonuncuya “perikardin, diafraqmanın, qara ciyərin və sol ağ ciyərin zədələnməsi ilə döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası” kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək Zərərçəkmiş şəxs almış olduğu xəsarət ilə əlaqədar ## ###### 2024-cü il tarixdə müalicə aldığı tibb müəssisəsində “döş qəfəsinin sol tərəfli döş və qarın boşluğuna nüfuz edərək perikard, diafraqma, sol ağciyər və qaraciyərin zədələnməsindən yaranmış hemorragik şok, ağciyər arteriyasının tromboemboliyası” ölümünə səbəb olmuş, bununla da o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi Dadaşova Həqiqət Salam qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Kamran Nüsrət oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) # ### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 60-cı maddəsinin İ hissəsinə və 125-ci maddəsinin 7-ci hissəsinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli və qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” ## ###### 1996-cı il tarixli Qərarlarına, özünün birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinə və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin bütün halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, onun apellyasiya şikayətinə məhkəmə baxışı iclaslarında qaldırdığı vəsatətlər əsassız olaraq təmin edilməmiş, nəticədə cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuş, həmçinin istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr tərəfindən toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara, xüsusən də onun həmin iclasda verdiyi ifadələrə qanuna müvafiq qaydada düzgün qiymət verilməmiş, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi isə saxtalaşdırılaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs narkotik vasitələri artıq dozada qəbul etməsi nəticəsində ölməsinə baxmayaraq, həmin rəydə, sonradan isə ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda bu halın onun bıçaqla xəsarətlər yetirməsi nəticəsində baş verməsi göstərilmişdir. Bununla da, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş və o, həm də xüsusi amansızlıqla, xuliqanlıq niyyətilə və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və xuliqanlıq cinayətlərini törətmədiyi halda əsassız və qanunsuz olaraq bu cinayətləri törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkəmələr tərəfindən onun barəsində cəza tədbirinin seçilməsi zamanı da işin müəyyən edilmiş faktiki halları, cinayətin zərər çəkmiş şəxsin özünün qanunsuz hərəkətlər etməsi nəticəsində törədilməsi, habelə cinayət qanunvericiliyinin tələbləri və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri kifayət qədər nəzərə alınmamış və bütün bunların nəticəsində o, qanunsuz və əsassız məhkum edilməklə yanaşı, həm də ağır cəzaya məruz qalmışdır. Şərh olunan dəlillərə əsaslanaraq məhkum Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Hüquqi varis naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Hüquqi varis iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, cinayət işi üzrə ibtidai araşdırma və məhkəmə baxışları kobud prosessual pozuntularla həyata keçirilmiş, bu pozuntulara əhəmiyyət verilmədən onun barəsində ittiham hökmü çıxarılmış, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, onun təqsirliliyi barədə yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar (əsasən məhkəmə-tibbi ekspertizasının rəyi) təşkil etmiş, bütün bunların nəticəsində isə, həmçinin cəzanı yüngülləşdirən hallar və cəza təyininə dair cinayət qanununun müvafiq normaları və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri nəzərə alınmayaraq o, qanunsuz və əsassız olaraq məhkum edilməklə ağır cəzaya məruz qalmışdır. Bununla da məhkum olunmuş şəxs Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1- 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onu törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “Insan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əmələ maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməlidir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkum Məhkum kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün onun barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. Belə ki, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəməyə təqdim olunmuş sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkum Məhkum hökmün təsviriəsaslandırıcı və hazırkı qərarın işin halları hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxaraq araşdırılmış sübutların Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edib bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, bu mərhələdə verdiyi ifadələrində # ###### 2024-cü il tarixdə saat 23 radələrində ictimai yer olan küçədə baş vermiş hadisə zamanı üzərində olan lüləsi kəsilmiş tüfəngdən Zərərçəkmiş şəxs qorxutmaq üçün havaya atəş açmasını, buna görə hadisə yerinə çoxlu adamların toplaşmasını, bundan sonra Zərərçəkmiş şəxs və Hüquqi varislar qardaşları ilə söhbət etmək məqsədilə onlara yaxınlaşaraq bir qədər birlikdə hərəkət etməsini, həmin an sonuncuların üzərlərində bıçaqların olmasını və onun özünə xəsarət yetirilə biləcəyini ehtimal edərək özündə olan bıçaqla Zərərçəkmiş şəxs öldürmək məqsədi izləmədən onun bədəninin bilmədiyi hissəsinə bir zərbə endirdiyini, bundan sonra sonuncunun qardaşı Hüquqi varisə Zərərçəkmiş şəxsi təcili xəstəxanaya aparmaq lazım olmasını deməsini və hadisə yerini tərk etməsini, ## #### 2024-cü il tarixdə isə polis əməkdaşları tərəfindən Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən mağazada saxlanılmasını bildirmiş, bununla da faktiki olaraq ona istinad olunan əməlləri törətməsini qismən etiraf etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin mötəbərliyi məhkum olunmuş şəxsin qismən etirafedici ifadələri ilə yanaşı, heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla – zərər çəkmiş şəxs qismində tanınmış mərhum Zərərçəkmiş şəxs sağ olarkən ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri ilə, habelə onun hüquqi varisi qismində tanınmış Hüquqi varis, şahidlər şahid4, şahid2, şahid6, şahid3, şahid1 və şahid5 ifadələri, müxtəlif məhkəmə ekspertizalarının, xüsusilə iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-tibbi və komisyon məhkəmə-tibbi ekspertizasının müvafiq olaraq # ###### 2024-cü il tarixli ** saylı, # ###### 2024-cü il tarixli * saylı və ## ### 2024-cü il tarixli T 288/2024-cü il tarixli rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, işə əlavə olunmuş videogörüntülərlə, sübut əhəmiyyətli sənədlərlə və maddi sübutlarla tam təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum X22 mülkiyyətində olan “Mercedes 200E” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun qardaşı şahid5 tərəfindən yandırılmasını güman edib sonuncunun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu məqsədlə # ###### 2024-cü il tarixdə saat 23 radələrində Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən “Al” marketin qarşısında ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək başqalarının həyatını da təhlükəli altına atıb zərər çəkmiş şəxsin qardaşı Hüquqi varis gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə içərisində qırmalar olan patronlardan istifadə edərək növü istintaqa məlum olmayan odlu silahı Zərərçəkmiş şəxs doğru tuşlayıb qəsdən iki dəfə atəş açmış, lakin zərər çəkmiş şəxsin qaçıb gizlənməsi nəticəsində niyyətinə nail olmadığını görüb ara sakitləşdikdən sonra silahda atəş açmağa patron olmadığından qeyd olunan marketdən 200 metr cənub-qərb istiqamətində olan avtoyuma məntəqəsinin yaxınlığındakı torpaq yolda Zərərçəkmiş şəxsla söhbət etmək üçün yanbayan piyada hərəkət edərkən əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini başa çatdırmaq məqsədilə cibində gəzdirdiyi, növü istintaqa məlum olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qəsdən bir zərbə vurub sonuncuya “perikardin, diafraqmanın, qara ciyərin və sol ağ ciyərin zədələnməsi ilə döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası” kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək Zərərçəkmiş şəxs almış olduğu xəsarət ilə əlaqədar ## ###### 2024-cü il tarixdə müalicə aldığı tibb müəssisəsində “döş qəfəsinin sol tərəfli döş və qarın boşluğuna nüfuz edərək perikard, diafraqma, sol ağciyər və qaraciyərin zədələnməsindən yaranmış hemorragik şok, ağciyər arteriyasının tromboemboliyası” ölümünə səbəb olmuş, bununla da o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların hamısının təkrarən hazırkı qərarda təsvir edilməsinə ehtiyac görmür. Kassasiya şikayətində faktiki olaraq mübahisələndirilməsə də, məhkəmə kollegiyası vurğulayır ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməllərinin xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən xuliqanlıq kimi qiymətləndirilərək onun bu əməllərinin müvafiq olaraq CM-in 120.2.2, 120.2.4 və 221.3cü maddələri ilə tövsif edilməsi barədə nəticə iş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, digər tərəfdən isə həmin nəticə aşağıda verilən təfsirlə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqeləri, izahları və tövsiyələri ilə də tam uzlaşır. Belə ki, CM-in 120.2.2 və 120.2.4-cü maddələrində xuliqanlıq niyyəti ilə, habelə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdə adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bu cinayət də qanunun mənasına görə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-in 25.2 və 25.3-cü maddələrinin tələblərinə görə isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə, təqsirkar öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etdikdə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gördükdə, lakin bunları arzu etməyərək belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdikdə isə cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkum əməllərinin həm xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, həm də xuliqanlıq cinayəti kimi qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CMin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsində ehtiva olunur, belə əməllər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilərək zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda isə həmin əməlləri törətmiş şəxs (şəxslər) CM-in 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur (olunurlar). Göründüyü kimi, CM-in 221.3-ci maddəsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-in 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu norma tətbiq edilərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərər çəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməli və belə əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarında xuliqanlıq cinayətinə və həmin cinayətin tövsifedici əlamətlərinə şərh verilərək qeyd olunmuşdur ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək daha sonra öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə edilmiş dəyişikliklərlə) 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt HYPERLINK "https://e-qanun.az/framework/46947" \o "Azərbaycan Respublikası Cinayət Məcəlləsi"CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərər çəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərər çəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CMin 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Təsvir edilən Qərarın 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərər çəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərər çəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərər çəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 5-ci bəndində izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmçinin təhlil edilən Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının ## ####### 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-in 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının # ### 2020-ci il tarixli Qanunu ilə isə CM-in 221.3-cü maddəsinin sanksiyasında dəyişiklik edilərək ilə həmin maddə ilə təqsirli bilinmiş şəxslərin iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmaları nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Iş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzib edilməz şəkildə müəyyən edilmişdir ki, Məhkum # ###### 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs və Hüquqi varisların olduqları yer barədə məlumat aldıqdan sonra özü ilə əvvəlcədən lakin istintaq zamanı aşkar edilməmiş lüləsi kəsik tüfənglə, həmin tüfəngdə istifadə edilməsi üçün nəzərdə tutulmuş qırmalı patronlarla və bıçaqla silahlanıb həmin yerə getmiş və orada ilk olaraq sonunculara tərəf atəşlər açmış, bu hərəkətləri ilə ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə eyni zamanda hadisə yerində olan başqa şəxslərin də həyatları və sağlamlıqları üçün təhlükə yaratmış, lakin ondan asılı olmayan səbəblərdən, yəni Zərərçəkmiş şəxs və Hüquqi varis atəşlərdən yayındıqlarına görə bu üsulla zərər çəkmiş şəxsi qəsdən öldürməyə nail ola bilməyib bundan əvvəlcədən onda formalaşmış niyyətini digər üsulla – bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs qardaşı Hüquqi varis gözü qarşısında onun həyatı və sağlamlığı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək həyata keçirmiş, sonuncu da ## ###### 2024-cü il tarixdə aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Məhkəmə kollegiyası bu hallara, habelə cinayət qanunu normalarına yuxarıda göstərilən qaydada verdiyi təfsirə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərinə əsaslanaraq hesab edir ki, Məhkum təsvir edilən hərəkətləri etməklə həm qərəzli xuliqanlıq, həm də xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətlərini törətmiş və onun əməllərinin CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət qədər əsaslar yaranmışdır. Məhkəmə kollegiyası həm ibtidai araşdırma orqanının, həm də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda gəldikləri nəticə ilə razılaşaraq həmin nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, Məhkum törətdiyi əməllərin hər hansı başqa şəkildə tövsif edilməsi üçün heç bir tutarlı əsas yoxdur. Məhkum Məhkum kassasiya şikayətində ibtidai istintaqın kobud prosessual pozuntularla həyata keçirildiyi və məhkəmələrin bu pozuntulara hüquqi qiymət vermədikləri iddia edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə ibtidai istintaq orqanı tərəfindən toplanmış və hər iki məhkəmə baxışı zamanı tədqiq edilmiş, həqiqiliyi, yaranma mənbəyi şübhə doğurmayan, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı qanun pozuntusuna yol verilməklə əldə edilməsi müəyyən edilmir və məhkəmələr tam haqlı olaraq qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına məhz həmin sübutları qoymuş, kassasiya şikayətinin müəllifi isə öz iddiasını hər hansı başqa sübuta istinad etməklə əsaslandıra bilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Daha sonra məhkum Məhkum öz kassasiya müraciətində iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərini də mübahisələndirərək iddia edir ki, həmin rəylərdə Zərərçəkmiş şəxs ölümünün səbəbi düzgün müəyyən edilməmiş, rəylər saxtalaşdırılmış və sonuncu ona bıçaqla xəsarət yetirilməsi deyil, xəstəxanada olarkən narkotik vasitələrin artıq dozada qəbulu nəticəsində vəfat etmişdir. Bununla bağlı dəlillərə cavab olaraq məhkəmə kollegiyası əvvəla mübahisələndirilən məhkəmə-tibbi ekspertizalarının rəylərinə müraciət etməyi zəruri bilir və qeyd edir ki, ibtidai araşdırmanın ilkin mərhələsində - Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunarkən keçirilmiş məhkəmə-tibbi ekspertizasının # ###### 2024-cü il tarixli ** nömrəli rəyinə görə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – posthemorroqik şok, və aqonal vəziyyətlə müşaiyət olunmuş perikardın, diafraqmanın və qara ciyərin zədələnməsi ilə döş və qarın boşluqlarına keçən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi # ###### 2024-cü tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Iş materiallarından görünür ki, V.Zərərçəkmiş şəxs xəstəxanada vəfat etdikdən sonra ibtidai araşdırmanı daha bir məhkəmə-tibbi ekspertizası keçirilmiş və həmin ekspertizanın # ###### 2024-cü il tarixli, * nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər - perikardin, diafraqmanın, qara ciyərin və sol ağ ciyərin zədələnməsi ilə döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (bıçaq) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, ##.##.2024-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb daxili üzvlərin zədələnməsindən baş vermiş sağ ağ ciyər arteriyasının tronmboemboliyası olmuşdur. Ölüm vaxtı xəstəlik tarixində ## ###### 2024-cü il saat 18:00 qeyd edilmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Ibtidai araşdırma orqanı tərəfindən iş üzrə həqiqəti müəyyən edilməsi məqsədilə məhkəməyədək icraat zamanı daha bir - komisyon məhkəmə-tibb ekspertizası təyin olunaraq keçirilmiş və bu ekspertizanın ## ### 2024-cü il tarixli, T ***/**** nömrəli rəyində göstərilmişdir ki, mərhum V.Zərərçəkmiş şəxs # ###### 2024-cü il tarixdə saat 00:49-da döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə ağır vəziyyətdə Xaçmaz MRX-na gətirilmiş və vəziyyəti ilə əlaqədar təcili soltərəfli torakotomiya edilərək zədələnmiş perikard, diafraqma, qaraciyər tikilmiş, döş və qarın boşluğu drenaj edilmişdir. 2 (iki) litrə yaxın qan aspirasiya edilmiş, ümumi qanitirmə 3,5 litr hesablanmışdır. Sonrakı günlər vəziyyəti stabilləşsə də ## ###### 2024-cü il tarixdə saat 18:00-da xəstənin vəziyyəti qəflətən pisləşmiş, aparılan reanimasion tədbirlər effekt verməmiş və xəstədə ölüm baş vermişdir. Qeyd edilən xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni # ###### 2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol tərəfli döş və qarın boşluğuna nüfuz edərək perikard, diafraqma, sol ağciyər və qaraciyərin zədələnməsindən yaranmış hemorragik şok, ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm ## ###### 2024-cü il tarixdə 18:00-da xəstəxanada baş vermişdir. Bu rəylərin iş üzrə toplanmış və araşdırılmış sübutlarla birgə təhlili göstərir ki, kassasiya şikayətinin müəllifi həmin ekspertiza rəylərinin əsassız olması barədə dəlillər irəli sürsə də, onun həmin dəlilləri yalnız ehtimallara və mülahizələrə əsaslanmış, bu dəlilləri təsdiq mötəbər sübutlar isə onun tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr tam qanuni və əsaslı olaraq iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün zərurət yarandığını müəyyən etməmiş və buna görə də müdafiə tərəfinin təhlil edilən məsələ ilə bağlı vəsatətinin təmin edilməməsi barədə əsaslandırılmış qərarlar qəbul etmişlər. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin bu mövqeyi ilə də razılaşır və qeyd edir ki, ibtidai araşdırma zamanı təyin edilərək keçirilmiş və məhkəmələrin əsas sübut növlərindən biri kimi qəbul etdikləri məhkəmə-tibbi ekspertizasının rəyləri elmi cəhətdən kifayət qədər əsaslandırılmış, digər tərəfdən isə həmin rəylərin ekspertlər tərəfindən hər hansı təzyiq və ya təsir altında verilməsi, yaxud da rəylər üzrə nəticələrin araşdırılmış digər sübutlarla uzlaşmaması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı, həmçinin Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, CPM-in 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Qanunun bu normasının mənasına görə, törədilmiş əməl nəticəsində hər hansı şəxsə yetirilmiş xəsarətlərin xarakteri, lokalizasiyası, yetirilmə vaxtı və ağırlıq dərəcəsi cinayət prosesinin hər hansı iştirakçısının mülahizələrinə və ehtimallarına deyil, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyi əsasında müəyyən edilə bilər və həmin rəy də o şərtlə sübut kimi qəbul oluna bilər ki, belə rəy qərəzsiz və obyektiv tədqiqat əsasında verilmiş olsun və elmi cəhətdən əsaslandırılsın. Qanunun tələbinə görə isə, cinayət prosesi iştirakçılarının verilmiş ilkin rəylə razılaşmamaq, buna görə təkrar, əlavə və ya komisyon ekspertizasının keçirilməsi haqda vəsatətlə çıxış etmək, cinayət təqibi orqanının və məhkəmələrin isə belə vəsatətlərə qanuna müvafiq qaydada baxmaq və onların təmin və ya rədd edilməsi barədə əsaslandırılmış qərarlar qəbul etmək hüquqları var. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” ## ###### 2010-cu il tarixli Qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Hazırkı iş üzrə zərər çəkmiş şəxs V.Zərərçəkmiş şəxs aldığı xəsarətlərin ağırlıq dərəcəsinin təkrarən müəyyən edilməsi üçün əsaslar görməyən məhkəmə kollegiyası bununla bağlı da məhkum Məhkum kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və buna görə həmin şikayətin bu hissədə də təmin edilərək apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməklə ona bəraət verilməsi barədə qərarın qəbul olunmasını mümkün bilmir. Bütün qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, tam əsaslı və qanuni olaraq CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinmiş Məhkum təyin olunmuş cəza da qanuni və ədalətlidir və məhkəmələr, digər məsələlərdə olduğu kimi, bu məsələnin də həlli zamanı iş üzrə müəyyən olunmuş hallarla yanaşı, qanunvericiliyin aşağıdakı tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun məhkəmələrə ünvanlanmış izah və tövsiyələrini nəzərə almışlar. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Yalnız bu tələblərə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-in 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-in 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, CM-in 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də CM-in 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi isə - onun əməllərində cinayətlərin xüsusilə təhlükəli residivinin müəyyən edilməsini nəzərə almış və bu zaman həm maddi hüquq normalarının tələblərinə, həm Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı izah və tövsiyələrə tam əməl etmiş, bu məsələ ilə bağlı öz nəticəsini isə kifayət qədər əsaslandırmışdır. Belə olan halda Məhkum təyin edilmiş cəzanı qanuni və ədalətli hesab edən məhkəmə kollegiyası bu cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür və qeyd etməyi lazım bilir ki, kassasiya müraciətlərinə baxılması zamanı şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, aşağı instansiya məhkəmələri bu məsələnin həlli zamanı iş üzrə müvafiq sübutla təsdiq olunan hansısa cəzanı yüngülləşdirən halı nəzərə almasınlar, yaxud da CM-in 61.2-ci maddəsinin tələbinə zidd olaraq CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış hər hansı halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək belə hala əsaslanmış olsunlar. Məhkum barəsindəki cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlarla belə halların olması müəyyən edilmir və kassasiya şikayətində bu kimi hallara istinad olunmamışdır. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətinin dəlilləri ilə də razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlərin isə apellyasiya instansiya məhkəməsi tərəfindən CPMin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirib onları təhlil edərək, həmin şikayətin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçiləri N.F.Ağayevanın və S.Ə.Ağazadənin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, məhkum olunmuş şəxsin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar