Məhkəmə qərarları › İş №1(1-8)-135/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-135/2026

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-135/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkumlar – Məhkum və Təqsirləndirilən şəxs iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət məhkəmə tərkibində) 28 oktyabr 2024-cü il tarixli 1(091)-71/2024 nömrəli hökmü ilə ##.##.1986-cı ildə x rayonu x kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ali təhsilli, x rayonu x kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 24 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmiş; ##.##.1976-cı ildə x rayonu x kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, x rayonu x kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 24 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Isayev Elman Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Şükürov Imanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) 24 fevral 2025-ci il tarixli 1(107)-33/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli hökmü Məhkum münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum və məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. IŞIN HALLARI: Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında, yəni 0,34 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı və külli miqdarda ümumilikdə 2,376 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Ağsu rayonu ərazisinə gəlib Ağsu dolaylarından Təqsirləndirilən şəxs ilə birlikdə satış məqsədilə külli miqdarda, yəni 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, yəni 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda, yəni 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşından əldə etmiş, həmin tarixdə saat 07 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu dolaylarında Təqsirləndirilən şəxslə birlikdə saxlanılıb rayon Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada qeyd edilən tarixdə saat 0740-də üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi göy rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi bir ədəd kağız bükümdə 0,34 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd selofan və bir ədəd kağız bükümdə ümumilikdə 2,376 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, eləcə də həmin tarixdə saat 0850-də idarə etdiyi Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə hərəkətləri aparılarkən avtomobilin yük yerindən 24 iyul 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşından əldə etdiyi bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəlcədən tanışı Məhkum ilə cinayət əlaqəsinə girərək satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün Ağsu rayonu ərazisinə gəlmiş 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Ağsu dolaylarında satış məqsədilə külli miqdarda, yəni 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psxiotrop maddə olan metamfetamini və 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmiş, həmin tarixdə saat 07 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu dolaylarında Məhkumlə birlikdə saxlanılıb rayon Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada qeyd edilən tarixdə saat 0850-də Məhkum idarə etdiyi Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə hərəkətləri aparılan zaman avtomobilin yük yerində bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cinayət işinə nəzər yetirilərkən ibtidai istintaqı aparan təhqiqatçı və müstəntiqin saxtakarlığı, səhlənkarlığı, prosessual rəhbərliyi həyata keçirən prokurorun isə xidməti vəzifələrinə laqeyd yanaşması aşkar şəkildə müəyyən olunur. Lakin məhkəmələr tərəfindən yol verilmiş bu qanun pozuntularına mövqe bildirilməmişdir. Belə ki, narkotik vasitənin və psixotrop maddənin mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Lakin məhkəmələr satış məqsədini qanunla müəyyən edilmiş qaydada əsaslandırmamışdır. Cinayət işinin materiallarında narkotik vasitənin və psixotrop maddənin satışını təsdiq edən heç bir sübut mövcud deyil, satış ilə bağlı istehlakçı ilə əldə edilmiş hər hansı razılıq müəyyən edilməmişdir. Satış ilə bağlı irəli sürülmüş ittiham yalnız ehtimallara əsaslanmış, istər ayrı-ayrı sübutlarla, istərsə də onların məcmusu ilə təsdiq olunmamışdır. Odur ki, göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin qərarının tam, hərtərəfli və obyektiv araşdıraraq müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən apellyasiya şikayətində qeyd edilmiş xüsusatların heç biri araşdırılamış, heç bir istintaq hərəkəti keçirilmədən nəticəyə gəlinmiş, gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamış, ifadələrinə heç bir hüquqi qiymət verilməmiş, yalnız ittiham aktında qeyd olunan və işin faktiki hallarını əks etdirməyən sübutlar əsas götürülmüş, maddi və prosessual normalar pozulmuşdur. Aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamış, ona tətbiq edilmiş işgəncələrin izləri tibbi aktda qeyd olunmasına baxmayaraq buna əhəmiyyət verilməmişdir. Qeyd olunanlarla yanaşı himayəsində xəstə valideynlərinin olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, özünün Hepatit C xəstəsi olması və qaraciyər sirrozundan əziyyət çəkməsini məhkəmə cəza təyini zamanı nəzərə almamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarının ona aid olan hissədə ləğv edilməsini və barəsində təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs çıxış edərək, narkotik vasitədən istifadə üçün Ağsuya getdiyini, orada olan narkotik vasitənin ona aid olmadığını, ona verilən cəzanın çox olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərində barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, həmçinin təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda təkrarən əldə etmə, saxlama və daşıma, Təqsirləndirilən şəxs verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum və Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum münasibətdə həmçinin CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərində əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindikləri, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum və Təqsirləndirilən şəxs onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələrinin onların özlərinin verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şahid5, şahid2, şahid9, şahid8, şahid6, şahid1, şahid7, şahid3, şahid4, X1 və X8 ifadələri, baxış keçirilməsinə dair 24 iyul 2023-cü il tarixli protokol, şəxsi axtarış keçirilməsinə dair 24 iyul 2023cü il tarixli protokol və həmin protokollara əlavə edilmiş disklər, mobil telefona baxış keçirilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli protokol, məhkəmə kimyəvi ekspertizasının 24 iyul 2023cü il tarixli **/*** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli **** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli **** nömrəli rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Qeyd olunanlara əsasən, məhkumlar tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda təkrarən əldə etmə, saxlama və daşıma, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli ***-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumların qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Luck markalı qara rəngli mobil telefonun zənglər olan bölməsinə daxil olduqda təqsirləndirilən şəxslər Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə 24.07.2023-cü il tarixdə saat 00:17 dəqiqədə, 00:58 dəqiqədə, 01:18 dəqiqədə, 01:43 dəqiqədə, 02:33 dəqiqədə, 03:37 dəqiqədə, 03:52 dəqiqədə və sair vaxtlarda danışıqlar aparılması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonun Whatsapp olan bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Iran adı ilə qeyd olunmuş +************ saylı mobil nömrə arasında olan yazışmalarda +************ saylı mobil nömrə sahibinin Təqsirləndirilən şəxs istifadəsinə olan mobil nömərəyə Whatsapp ani mesajlaşma proqramı vasitəsilə konum yeri və şəkillər göndərməsi, həmin konum yerində Ağsu rayonu ərazisində yerləşən Ağsu dolaylarının qeyd olunması, şəkillərdə isə 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs və Məhkum Ağsu dolaylarında yerləşən yarımçıq tikilinin yanından əldə etdikləri narkotik vasitə və psixotrop maddələrin olduğu yerin görüntüləri göstərilmişdir. Bundan başqa şəkillərin altından “Bakıdan gələndə Ağsuya çatmamış işarələnən yerdən dönsün 100 metr qabaqda yarımtikili bina var onun arxasındadı” və “ bu işarə qoyduğum yerdə” sözləri yazılmışdır. Bundan başqa mobil telefonun Whatsapp olan bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif şəxslərin istifadəsində olan Azar adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, x adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, x adı ilə qeyd olunmuş *** ***-**-** saylı mobil nömrə, Batıdya adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, x adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Man adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrələr arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı olan yazışmalar və danışıq səsləri aşkar olunmuşdur. Ilk növbədə, məhkumlar tərəfindən satış məqsədinin sübuta yetirilməməsi barədə iddialar iş materialları ilə uyğunluq təşkil etmir. Belə ki, yuxarıda qeyd olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda müxtəlif şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair yazışmalar və səsli danışıqlar aşkar edilmişdir. Həmin yazışmaların məzmunu, eləcə də xarici nömrə ilə (Iran vətəndaşı kimi qeyd olunan şəxs) aparılmış əlaqələr narkotik vasitələrin əldə olunması, daşınması və sonradan ötürülməsi (yəni realizasiyası) məqsədini açıq şəkildə göstərir. Bu hallar təsadüfi və ya şəxsi istifadə ilə bağlı deyil, sistemli dövriyyə fəaliyyətindən xəbər verir. Bundan əlavə, iş üzrə müəyyən olunmuş faktiki hallar, yəni konum vasitəsilə narkotik vasitələrin gizlədildiyi yerin göndərilməsi, həmin yerdən iri həcmdə (külli miqdarda) narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi, eləcə də əvvəlcədən razılaşdırılmış qaydada Bakı şəhərinə aparılmasının planlaşdırılması əməlin satış məqsədi ilə törədildiyini təsdiq edən obyektiv əlamətlərdir. Xüsusilə, 1 kiloqramdan artıq metamfetamin, marixuana və heroinin aşkar olunması onların şəxsi istifadə üçün deyil, məhz satış üçün nəzərdə tutulduğunu göstərən mühüm sübutdur. Məhkumların öz ilkin ifadələri də ittihamın əsaslılığını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində açıq şəkildə göstərmişdir ki, ona Iran vətəndaşı tərəfindən narkotik vasitəni götürüb Bakı şəhərində müəyyən ediləcək yerə qoyması müqabilində pul vəd edilmişdir. Bu etiraf xarakterli məlumat birbaşa olaraq satış (yayım) məqsədini sübut edən mühüm dəlildir. Məhkum də hadisənin baş vermə şəraitini təsdiq etmiş, narkotik vasitələrin konum əsasında götürüldüyünü və daşındığını bildirmişdir. Eyni zamanda, əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının ifadələri bir-biri ilə uzlaşır, ardıcıldır və işin digər materialları ilə təsdiq olunur. Onlar hadisə yerində məhkumların narkotik vasitələri gizlədildiyi yerdən götürərək avtomobilə yerləşdirmələrini birbaşa müşahidə etmişlər. Bu hal məhkumların narkotik vasitələrin qanunsuz dövriyyəsində fəal iştirakını təsdiq edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə ona istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “fiziki təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən kassasiya şikayətində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı guya təzyiqə məruz qalması barədə dəlillər əsassız hesab edilir. Belə ki, cinayət işinin materiallarında olan Ağsu Rayon Məhkəməsinin 25.07.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclasında bildirmişdir ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilir, istintaqın və məhkəmənin normal gedişinə mane olmaq, istintaq orqanından gizlənmək fikri yoxdur. Istintaqın çağırışına vaxtında gələcəkdir. Odur ki, barəsində “həbs” qətimkan tədbirinin seçilməməsini xahiş etdi. Yəni, Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında da törətmiş olduğu cinayət əməli üzrə özünü tam təqsirli bilmiş, həmin mərhələdə də, hər hansı təzyiq və ya qeyri-qanuni təsir barədə məhkəməyə məlumat verməmişdir. Əgər belə hallar mövcud olsaydı, onların həmin vaxt bildirilməsi üçün real və prosessual imkan mövcud olmuşdur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum və Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrin isə əsl və tam həqiqəti əks etdirməməklə özlərini müdafiə etmək məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə, ifadənin zor tətbiq edilməklə alınmasına dair iddia konkret faktlar və sübutlarla əsaslandırılmalıdır. Iş üzrə isə belə sübutlar mövcud deyildir. Əksinə, istintaq hərəkətlərinin protokolları, videoçəkiliş materialları və digər sübutlar ifadələrin qanuni qaydada və könüllü verildiyini təsdiq edir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 15 may 204-cü il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlərdə aşağıdakı xəsarətlər– hər iki bazu nahiyəsində saralmış qançır izləri, sol bilək nahiyəsində sıyrılmış səthi yara, hər iki daban nahiyəsində çatlar, sağ üz nahisəyində sıyrıq izi və hər iki ətrafda çoxsaylı postinyeksion yara izləri aşkar olunmuşdur. Tibbi sənədlərdə qeyd olunan xəsarətlər, məqsədyönlü şəkildə müxtəlif vəziyyətlərdə və şəraitdə özü tərəfindən özü-özünə yetirə bilərdi, özünün bədənində əlinin çatdığı nahiyələrdədir, yetirilmə müddətləri həbs olunma ərəfələrinə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Ilk növbədə, rəyə əsasən, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər (qançır izləri, səthi sıyrıqlar, daban nahiyəsində çatlar və s.) sağlamlığa zərər vurmayan, yüngül xarakterli olub, onların konkret olaraq kənar zorakılıq nəticəsində yetirilməsini təsdiq edən obyektiv tibbi əlamətlər müəyyən edilməmişdir. Əksinə, ekspert rəyi ilə həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bu xəsarətlərin məhz işgəncə nəticəsində əmələ gəlməsini təsdiqləyən spesifik əlamətlərin (məsələn, dərin toxuma zədələnmələri, geniş qansızmalar və s.) olmadığı vurğulanmışdır. Məhkəmədə dindirilmiş ekspertin ifadəsi də bu nəticəni təsdiqləyir. Belə ki, ekspert xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşdiyini, həm özü tərəfindən, həm də digər hallarda yarana biləcəyini istisna etmədiyini bildirmiş, lakin xüsusilə daban nahiyəsindəki çatların zor tətbiqi nəticəsində yaranması halında mütləq əlavə travmatik əlamətlərin (qançır və daxili qansızmaların) mövcud olmalı olduğunu qeyd etmişdir. Tibbi sənədlərdə isə belə əlamətlər qeydə alınmamışdır. Bu isə iddia edilən işgəncə versiyasını tibbi baxımdan inandırıcı etmir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs nə ibtidai istintaq mərhələsində, nə də sonrakı dövrlərdə ona qarşı zor tətbiq olunması ilə bağlı nə prokurorluq orqanlarına, nə məhkəməyə, nə də tibb müəssisələrinə hər hansı rəsmi müraciət etməmişdir. Əksinə, istintaq təcridxanasına daxil olarkən verdiyi izahatda xəsarətləri polis əməkdaşları ilə əlaqələndirməmiş, onların başqa şəraitdə yarandığını bildirmişdir. Bu hal sonradan irəli sürülmüş işgəncə iddialarının etibarlılığına ciddi şübhə yaradır. Bundan əlavə, şəxsi axtarış və baxış istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla həyata keçirilmiş, bu zaman hər hansı qanunsuz təsirə dair əlamətlər qeydə alınmamışdır. Belə şəraitdə təqsirləndirilən şəxsin iradəsinin zorla sındırılması və ondan etirafedici ifadə alınması iddiası obyektiv təsdiqini tapmır. Eyni zamanda, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələr mahiyyət etibarilə bir-biri ilə uyğun olmuş, o, Ağsu rayonuna narkotik vasitə götürmək məqsədilə getdiyini ardıcıl şəkildə etiraf etmişdir. Ifadələrin sabit və ziddiyyətsiz olması onların hər hansı fiziki və ya psixoloji təzyiq altında verilməsi ehtimalını zəiflədir. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmamış, əsas kütlə digər təqsirləndirilən şəxsin üzərindən və avtomobildən götürülmüşdür. Bu şəraitdə onun özünü ifşa edən ifadələr verməyə məcbur edilməsi üçün hüquq-mühafizə orqanlarının xüsusi marağının olması məntiqi görünmür. Beləliklə, tibbi ekspertiza rəyi, ekspert ifadəsi, prosessual davranış və işin digər halları birlikdə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs işgəncəyə məruz qalaraq etirafedici ifadə verməsi barədə iddiaları əsassızdır və inandırıcı sübutlarla təsdiq olunmur. Bu səbəbdən məhkəmələr həmin arqumentləri haqlı olaraq qəbul etməmişdir. Bu səbəbdən kassasiya şikayətində Təqsirləndirilən şəxs təzyiqə məruz qalması barədə irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmadığından əsassız hesab edilir və həmin arqumentlər kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir. Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza məsələsinə dair dəlillərə də münasibət bildirərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum və məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən (Məhkum himayəsində iki azyaşlı uşağının olması, Təqsirləndirilən şəxs isə cəzasını yüngülləşdirən hal yoxdur) və ağırlaşdıran (Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması, Məhkum isə cəzasını ağırlaşdıran hal yoxdur) halların olması, habelə təyin olunmuş cəzaların onların ailəsinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum və Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəzalar təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum və Təqsirləndirilən şəxs cəzalarını yüngülləşdirən hər hansı hal da müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar