Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-139/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X6 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olub, ünvan 4 yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və CM-in 69.3 cü maddəsinə əsasən ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək, ## ######## 2023-cü il tarixdən # ####### 2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində son cəza 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X4 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə, Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və CM-in 69.3 cü maddəsinə əsasən ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək, ## ######## 2023-cü il tarixdən # ####### 2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində 4 (dörd) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,484 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, ## ######## 2023-cü il tarixdə Nəsimi Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00 da ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ** saylı ünvanda yerləşən Nəsimi Rayon Polis Idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 0,484 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,315 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, ## ###### 2023-cü il tarixdə Nəsimi Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:20-də ünvan 2 saylı ünvanın qarşısında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ** saylı ünvanda yerləşən Nəsimi Rayon Polis Idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 0,315 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,730 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, ## ###### 2024-cü il tarixdə Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00-da ünvan 3 saylı ünvanın qarşısında saxlanılaraq ünvan 1 saylı ünvanda yerləşən Nəsimi Rayon Polis Idarəsinin 21ci Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən 1 bükümdə təmiz çəkisi 4,730 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hər iki instansiya məhkəməsi ədalətsiz və qeyri-humanist qərar qəbul etmişdir. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Məhkum dəfələrlə özünün qeyd olunan cinayət işi üzrə təqsirli olmadığını bildirməsini, eyni zamanda Məhkum həyat yoldaşının cinayət işinin sonuncu epizodunun canlı şahidi olmasını və onun bütün ifadələrində Məhkum onun gözü qarşısında fiziki şiddət göstərilərək aparmalarını, onun özünə belə ağır təhqirlər və fiziki şiddət göstərmələrini bildirməsini və iş üzrə digər şübhəli halları nəzərə almamışdır. Halbuki qeyd olunan hallar cinayət işinin düzgün və obyektiv araşdırılmasına olduqca çox şübhələr yaratmışdır. Bundan başqa, ittiham hökmündən görünür ki, cinayət prosessual qanunvericiliyinin qeyd edilən müddəalarının tələbləri kobud surətdə pozulmaqla məhkəmənin hökmü ibtidai araşdırma zamanı tərtib olunmuş sənədlərə istinad edilməklə, ehtimallar, gümanlar əsasında çıxarılmış, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmamış sübutlar təhlil edilib bir-biri ilə müqayisə edilməmiş, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməmiş, hadisənin faktiki hallarına deyil mülahizələrə istinad edilməklə Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinin tələbləri pozulmuşdur. Iş materiallarından da göründüyü kimi, Məhkum dəfələrlə onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu qeyd etmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan eyni yekun məhkəmə qərarını çıxarmışdır. Belə ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsində də cinayət işinin araşdırılması zamanı guya "şəxsi axtarış” zamanı çəkilmiş video görüntülərin məhkəmə tərəfindən tədqiq edilmədiyini bildirsə də, apellyasiya məhkəməsi də təəssüflər olsun ki, eyni yanaşmanı sərgiləmişdir. Halbuki, istintaqın formal və qanunsuz keçirilməsini sübut edən amillərdən biri də, məhz həmin görüntülərdir. Bundan əlavə, ən son epizod üzrə ## ###### 2024-cü il tarixdə şəxsin üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxsin müqavilə üzrə müdafiəçisinin qapını möhkəm və dəfələrlə döyməsi və qapının açılması ilə bağlı səslənməsi açıq şəkildə eşidilir. Lakin nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı bu hallara heç bir əhəmiyyət verilməmişdir. Qeyd edək ki, video çəkilişlərinə baxış keçirilən zaman, Məhkum müdafiəçini seçmə hüququnun verilmədiyi, eyni zamanda müdafiəçi ilə konfidensial görüş üçün şərait yaradılmadığı və beləliklə də, təqsirləndirilən şəxs Tariverdiyev Kamran Əlisahib oğlunun müdafiə hüququnun kobud şəkildə pozulduğu açıq şəkildə görsənir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və məhkum Məhkum əməlində cinayət tərkibi olmadığından bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, eləcə də cinayətlərin məcmuyu qaydasında cəza ən aşağı həddə yaxın həddə təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-139/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-139/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver