Məhkəmə qərarları › İş №1(1-8)-147/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-147/2026

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-147/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli 1(001)-237/2025 nömrəli (hakim: Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi) hökmü ilə ##.##.1985-ci il tarixdə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, x rayonu, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 221.1 və 228.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 228.4cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 29 avqust 2024-cü il tarixdən hazırkı vaxtadək 1 (bir) il 11 (on bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fərzəliyev Nəzər Kamil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət məhkəmə tərkibində) 13 noyabr 2025-ci il tarixli 1(103)-2001/2025 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. IŞIN HALLARI: Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, o, 27.08.2024-cü il tarixdə, saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin inzibati binasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla ucadan səs küy salıb nalayiq ifadələr işlətməklə, həmçinin əvvəlcədən istintaqla müəyyən edilməyən tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əlində tutub nümayiş etdirərək həmin polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışan R şahid4 qarşısına çıxmasını tələb etmiş, bunun baş vermədiyini gördükdə isə orada olan polis əməkdaşlarının iradəsinə zidd olaraq əlində olan soyuq silah hesab edilən bıçaqla polis əməkdaşlarını hədələyərək polis bölməsinin inzibati binasına daxil olmuş və polis bölməsinə daxil olduqdan sonra qanunsuz əməllərinə davam edərək polis bölməsinin növbətçi hissəsinin şüşəsini yumruqla, həmçinin xidməti otaqların qapısına təpiklə vurub 200 manat məbləğində maddi ziyan vuraraq Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə məxsus əmlakı zədələmiş, eləcə də əlində olan bıçağı nümayiş etdirərək orada olan xidməti vəzifələrini icra edən polis əməkdaşlarını zor tətbiq olunması ilə hədələyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmələr isə yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASIYA PROTESTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutların düzgün müqayisəli təhlilini aparmadan, yalnız təqsirləndirilən şəxsin ifadələrini əsas götürməklə törədilmiş əməlin hüquqi tövsifi ilə bağlı səhv qənaətə gəlmişdir. Belə ki, cinayət işində olan mötəbər sübutlar Məhkum CM-in 221.3 və 228.4-cü maddəsi ilə verilmiş ittihamın doğruluğunu təsdiqləməyə kifayət etmişdir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclaslarında ayrı-ayrı prosessual statuslu şəxsin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi, habelə digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, cinayət prosesinin bütün mərhələlərində əldə edilmiş hər bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması başa düşülür. Lakin, işdəki və yuxarıda qeyd etdiyim sübutları əlaqəli təhlil etməyən məhkəmə kollegiyası hazırkı cinayət işinin faktiki hallarına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarındakı izahları düzgün tətbiq etməmişdir. Sübutların məcmu halında müqayisəli təhlilindən göründüyü kimi, Məhkum ifadələri sonuncunun müdafiəsinə və məsuliyyətdən yayındırılmasına yönəlməklə, iş materiallarında olan digər sübutlarla təsdiqini tapmamış, apellyasiya instansiyası məhkəməsi isə işə yalnız subyektiv mülahizə əsasında yanaşaraq, hazırkı halda, nə hadisə baş verməmişdən əvvəl, nə də sonra ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər edilməməsini müəyyən etməklə işin hallarını düzgün dəyərləndirməmişdir. Halbuki, şərh etdiyim sübutların və ifadələrin müqayisəli təhlili əsasında real gerçəklikdə qeyd olunan halların baş verməsi təsdiq edilmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini hökmdə tədqiq etməməklə onu digər sübutlarla təhlil etməmiş, ona münasibət bildirməmişdir. Hökmdən aydın deyil ki, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin hansı hissəsini sübut kimi qəbul etmiş, hansı hissəsini isə rədd etmişdir. Bununla da, məhkəmə Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etməklə yanlış nəticəyə gəlmişdir. Halbuki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndinə əsasən xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, qeyri-düzgün qiymətləndirməklə təqsirləndirilən şəxs Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etməklə CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş "sübutların qiymətləndirilməsi" prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli qərarına əsasən CM-in 221.3-cü maddəsinin "tətbiq etməklə" müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Ibtidai istintaq dövründə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş dəlillər araşdırılarkən müəyyən edilir ki, ittihamın əsasını təşkil edən, əməlin silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın dəlilləri - iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, üzləşdirmə protokolları, ekspert rəyi, ifadənin yerində yoxlanılması haqqında protokol, hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollar və digər sübutlar təqsirləndirilən şəxslərin əməlinin düzgün tövsif edilməsi üçün yetərlidir. Qeyd olunanlara baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsin verdiyi özünümüdafiə xarakterli və işin hallarına uyğun gəlməyən ifadəsinə istinad edərək Məhkum əməlini əsassız olaraq CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmiş, heç bir əsas olmadan təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə üstünlük vermişdir. Iş materiallarından görünür ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin araşdırılmasını göstərsə də, həmin sübutları düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmiş, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 221.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısının kassasiya protesti yalnız CM-in 221.3-cü maddəsi ilə 221.1-ci maddəsi arasında aparılmış tövsiflə bağlı hissəyə aid olduğundan, baxışın predmeti də məhz həmin epizodla məhdudlaşır. Kollegiya digər, o cümlədən 228.4-cü maddə üzrə verilmiş hüquqi qiymətləndirməni kassasiya protestində mübahisələndirilmədiyi üçün bu hissədə hər hansı araşdırma aparılmasını zəruri hesab etmir və yalnız qeyd edilən tövsif məsələsi çərçivəsində hüquqi mövqeyini bildirir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ittihamın ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmə ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tam tapmamış, onun cinayət əməlinin istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum xuliqanlıq cinayət əməlini silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətmədiyi qənaətinə gəlinərək onun əməlinin CM-in 221.1-ci maddələri ilə tövsif edilməli olduğu barədə qənaətə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə tam razılaşılmışdır. Kassasiya protestində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum, ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya protestində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin Məhkum CM-in 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd edilən Qərarın “Qərara aldı” hissəsində göstərilmişdir:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir.

2. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Eyni ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında da eyni mövqə sərgilənmiş və göstərilmişdir ki, “xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən qərarında göstərmişdır ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan, həmçinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan bütün hallar hərtərəfli araşdırılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində irəli sürülən dəlillər iş materialları, tətbiq edilmiş maddi və prosessual hüquq normaları, eləcə də məhkəmənin gəldiyi nəticələrin məntiqi əsaslandırılması baxımından inandırıcı və hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Ilk növbədə qeyd olunmalıdır ki, kassasiya protestinin dəlillərinə əsasən müəyyən olunur ki, ittihamçı iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən sübutların araşdırılması, onların etibarlılığının yoxlanılması və qiymətləndirilməsi birbaşa olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin müstəsna səlahiyyətinə aiddir. Kassasiya instansiyası isə yalnız hüquq normalarının düzgün tətbiqinə nəzarət edir, sübutların yenidən qiymətləndirilməsini həyata keçirmir. Bu baxımdan dövlət ittihamçısının faktiki olaraq sübutların yenidən qiymətləndirilməsinə yönəlmiş arqumentləri kassasiya baxışının predmetinə uyğun deyildir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Protestdə apellyasiya instansiyası məhkəməsinin sübutları guya yalnız təqsirləndirilən şəxsin ifadələri əsasında qiymətləndirdiyi iddia olunsa da, məhkəmə aktının məzmunu bunun əksini göstərir. Belə ki, məhkəmə öz qərarında iş üzrə toplanmış bütün sübutların, yəni şahid ifadələrinin, istintaq hərəkətləri protokollarının, maddi sübutların və digər sənədlərin məcmu şəkildə araşdırıldığını və qiymətləndirildiyini açıq şəkildə qeyd etmişdir. Məhkəmə yalnız formal sadalama ilə kifayətlənməmiş, eyni zamanda həmin sübutların hüquqi əhəmiyyətini və onların cinayət tərkibinin elementlərinə uyğunluğunu təhlil etmişdir. Dövlət ittihamçısı sübutların müqayisəli təhlilinin aparılmadığını bildirsə də, məhkəmənin əsaslandırmasından görünür ki, məhz müqayisəli və sistemli təhlil nəticəsində ibtidai istintaq orqanının gəldiyi nəticələrin düzgün olmadığı qənaətinə gəlinmişdir. Xüsusilə, silah qismində istifadə edilən əşyanın tətbiqi ilə bağlı cinayət tərkibinin zəruri əlamətlərinin, yəni real həyat və sağlamlıq təhlükəsinin mövcudluğunun, həmçinin habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin sübuta yetirilməməsi məhkəmə tərəfindən əsaslı şəkildə göstərilmişdir. Məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına istinad edərək izah etmişdir ki, CM-in 221.3-cü maddəsinin tətbiqi üçün təkcə silahın mövcudluğu və ya nümayiş etdirilməsi kifayət etmir. Zəruri şərt ondan ibarətdir ki, həmin silahdan istifadə nəticəsində zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Iş materiallarında isə belə bir təhlükənin mövcudluğunu təsdiq edən mötəbər sübutlar aşkar edilməmişdir. Belə ki, Məhkum hadisə yerinə bıçaqla gəlmiş və onu nümayiş etdirmişdir. Lakin iş materiallarından görünür ki, həmin bıçaqdan heç bir şəxsə qarşı birbaşa istifadə edilməmiş, heç kimə xəsarət yetirilməmiş və ən əsası, konkret bir şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilməmişdir. Yəni, bıçağın sadəcə əlində tutulması və ya göstərilməsi faktı mövcuddur, lakin onun tətbiqi ilə bağlı CM-in 221.3-cü maddəsinin tələb etdiyi təhlükə səviyyəsi yaranmamışdır. Məhkum elan edilmiş ittihamda göstərilsə də, faktiki olaraq kimə qarşı zor tətbiqi və ya zor hədəsi olduğu konkretləşdirilməmişdir. Həmin hissədə heç bir şəxs zərərçəkmiş qismində tanınmamış, heç bir şəxs “mənə qarşı bıçaq tətbiq olundu və ya real təhlükə hiss etdim” məzmununda konkret və təsdiqləyici ifadə verməmişdir. Ittiham tərəfinin irəli sürdüyü arqumentlərin əksinə olaraq, iş üzrə konkret zərərçəkmiş şəxsin müəyyən edilməməsi mühüm hüquqi əhəmiyyət kəsb edir. Ibtidai istintaq orqanı tərəfindən kimə qarşı zor tətbiqi və ya belə zorun hədəsinin yönəldiyi konkretləşdirilməmiş, heç bir şəxs zərərçəkmiş qismində tanınmamışdır. Bu hal isə 221.3-cü maddənin tətbiqi üçün vacib olan “zərərçəkmiş şəxsə yönəlmiş real təhlükə” elementinin olmadığını göstərir. Hadisənin inkişafına baxdıqda görünür ki, Məhkum əsas hərəkətləri ictimai qaydanı pozmaqdan ibarət olmuşdur: o, yüksək səslə nalayiq ifadələr işlətmiş, polis bölməsinə daxil olmuş, qapı və şüşələrə zərbə vuraraq əmlaka ziyan yetirmişdir. Bu hərəkətlər açıq-aşkar ictimai qaydanın kobud pozulması və cəmiyyətə hörmətsizlikdir ki, bu da birbaşa CM-in 221.1-ci maddəsinin dispozisiyasına uyğundur. Hadisə zamanı bıçağın istifadə forması da əhəmiyyətlidir. Məhkəmənin müəyyən etdiyi kimi, bıçaqla kiməsə hücum edilməmiş, zərbə endirilməmiş, hətta real hücum cəhdi belə sübuta yetirilməmişdir. Halbuki CM-in 221.3-cü maddəsi üçün tələb olunan hal, yəni silahın elə istifadə edilməsidir ki, bu istifadə nəticəsində real təhlükə yaransın. Lakin cinayət işi üzrə belə hal müəyyən olunmamışdır. Eyni ilə verilmiş ittiham üzrə təqsirləndirilən şəxsin özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməsi və bu hərəkətlər nəticəsində faktiki özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi halı da öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Ictimai təhlükəsizlik Şöbəsinin rəisi polis Rı Nümayəndə, Məhkum Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 43-cü Polis Bölməsinin xidməti otaqlarının qapılarına təpiklə vurması nəticəsində polis bölməsinin qapılarına 200 (iki yüz) manat məbləğində maddi ziyan vurulmasını əsaslandıra bilməmiş, tərəfindən verilmiş suallara həmçinin “hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokolda yazılanlara (43-cü polis bölməsinin xidməti otaqlarının, həmçinin növbətçi hissənin şüşəsində heç bir deformasiya, qırıq və sınıq aşkar edilməmişdir. Bundan başqa məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Ictimai Təhlükəsizlik Şöbəsinin rəisi polis Rı Nümayəndə, Məhkum Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 43-cü Polis Bölməsinin xidməti otaqlarının qapılarına təpiklə vurması nəticəsində polis bölməsinin qapılarına 200 (iki yüz) manat məbləğində maddi ziyan vurulmasını əsaslandıra bilməmiş, tərəfindən verilmiş suallara həmçinin “hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokolda yazılanlara (43-cü polis bölməsinin xidməti otaqlarının, həmçinin növbətçi hissənin şüşəsində heç bir deformasiya, qırıq və sınıq aşkar edilməmiş, qapıların və növbətçi hissənin şüşəsinin sağlam və işlək vəziyyətdə olmuşdur) cavab verə bilməmişdir. Cinayət işinin materiallarında Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, R X5 tərəfindən tərtib edilmiş 27 avqust 2024-cü il tarixli, “0993” nömrəli “hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 43-cü Polis Bölməsinin xidməti otaqlarının, həmçinin növbətçi hissənin şüşəsində heç bir deformasiya, qırıq və sınıq aşkar edilməmiş, qapıların və növbətçi hissənin şüşəsinin sağlam və işlək vəziyyətdə olması qeyd olunmuşdur. Həmin protokol hal şahidləri: X9, X10, iştirakçılar: X1 və X11 tərəfindən imzalanmışdır. Bu protokolla müəyyən olunur ki, bölmədə heç bir əmlak məhv edilməmiş və zədələnməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmələr düzgün olaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb məcmu halda hüquqi qiymət verərək, belə nəticəyə gəlmiş ki, təqsirləndirilən şəxsin özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməsi və bu hərəkətlər nəticəsində faktiki özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi halı sübuta yetirilmir. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin əməli daha yüngül maddəyə tövsif etməsi onun qanuni səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir. CPMin müvafiq normalarına əsasən məhkəmə ittiham daxilində qalmaqla əməli daha yüngül maddəyə tövsif edə bilər və bu, nə qanun pozuntusu, nə də prosessual səhv hesab olunur. Əksinə, bu yanaşma təqsirin fərdiləşdirilməsi və ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğundur. Dövlət ittihamçısının məhkəmənin guya subyektiv yanaşma sərgilədiyi barədə iddiaları da əsaslı deyildir. Məhkəmə öz nəticələrini yalnız hüquqi normaların tətbiqi və sübutların obyektiv təhlili əsasında formalaşdırmış, ehtimallara və ya fərziyyələrə əsaslanmamışdır. Əksinə, ittiham tərəfinin mövqeyi daha çox ehtimal xarakterli olub, cinayət tərkibinin bütün zəruri əlamətlərinin sübuta yetirilməsi tələbinə cavab verməmişdir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuş və əmələ verilmiş hüquqi tövsif qanuni və əsaslı olmuşdur. Dövlət ittihamçısının kassasiya protestində göstərilən dəlillər isə əsasən sübutların yenidən qiymətləndirilməsinə yönəldiyindən və iş üzrə müəyyən edilmiş hallarla təsdiq olunmadığından əsassız hesab edilməlidir. Bu səbəbdən kassasiya protestinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qüvvədə saxlanılmalıdır. Yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin qeyd edilən müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum əməli CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 221.1 və 228.4-cü maddələri ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Ittiham tərəfindən verilmiş kassasiya protestində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 221.1 və 228.4-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:

Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar