Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-151/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2024-cü il tarixli 1(103)- 2572/2024 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Leyla Əsgərova-Məmmədova) 10 sentyabr 2024-cü il tarixli, 1(101)- 1302/2024 nömrəli hökmü ilə 09 aprel 1983-cü il Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki uşağı, olan, məhkumluğu olunmayan, fərdi əməklə məşğul olan, Quba şəhəri, M.Qorki küçəsi, ev 1A ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi, ev 5, mənzil 3 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və o ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab olunan 398,417 qram çəkidə heroin, 1029,85 qram çəkidə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan 30 ədəd metadon həbini, habelə külli miqdarda psixotrop maddə hesab olunan 310,916 qram çəkidə metamfetamini qanunsuz olaraq əldə edərək həmin narkotik vasitələri və psixotrop maddəni hissələrə bölməklə bir hissəsini yaşadığı evdə gizlədərək saxlamış, bir hissəni isə üzərində saxlamaqla daşımış, 21.09.2023-ci il tarixdə saat 11:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” restoranının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilib, saat 12:30-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli, qısaqol gödəkçənin sağ yan cibindəki pul qabının içindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,705 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,85 qram bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq 21.09.2023-cü il tarixdə saat 14:00-da Məhkum yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Vilayət Əsgərov küçəsi ev 5, mənzil 3 ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin mətbəx otağının sol tərəfindəki taxta konstruksiyalı dolabın içindəki gizli saxlanc yerindən 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1020 qram olan bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə tünd-qəhvəyi rəngli, bir ədəd plastik qabda qəhvəyi rəngli, ayrı-ayrılıqda təmiz çəkiləri 2,124 qram, 1,280 qram, 384,3 qram olmaqla ümumi təmiz çəkisi 387,704 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan 30 ədəd F/M 40 göstəricili sintetik narkotik vasitə-metadon həbi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,396 qram, 128,991 qram və 158,824 qram olmaqla ümumi təmiz çəkisi 302,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və satış məqsədilə istifadə olunan, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Zaur Hüseynov) 24 dekabr 2024-cü il tarixli 1(103)- 2572/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(101)-1302/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2024-cü il tarixli 1(103)-2572/2024 nömrəli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ailəlidir, yoldaşı ağır xəstədir, yaşlı və xəstə ata-anası var. Himayəsində iki azyaşlı övladı var, həmçinin Hipatit-C virusundan və ürək damar çatışmamazlığından, ağır şəkər xəstəliyindən, yüksək hipertoniya, mədə bağırsaq və qara ciyər çatışmamazlığından əziyyət çəkir. Kassator həmçinin qeyd edir ki, 42 yaşda olsa da orqanizminin 81-100%-i məhdudiyyət olduğundan 1-ci qrup əlildir. Rəsmi olaraq daxili orqanlarının 95%-i işləməkdən imtina etmiş və hazırda ağır psixi preparatlar qəbul edir. Kassator həmçinin şikayətində bildirmişdir ki, o, əvvəllər narkotikdən istifadə etsə də hazırkı xəstəliyi ilə əlaqədar səhhəti buna imkan vermir və bu səbəbdən də barəsində bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun barəsində əsassız və qanunsuz olaraq CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkum tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər şahid3, şahid2 və şahid1 ifadələri, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumun apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, maddi sübut, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından görünür ki, narkoloji müayinənin nəticəsinə əsasən Məhkum narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum Məhkum Ali Məhkəməyə ünvanladığı yazılı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin müəyyən edilməsinə dair məlumatı əlavə etmişdir. Həmin məlumata əsasən, Məhkum orqanizmin funksiyalarının 85 faiz pozulması müəyyən edilmiş və ona müddətsiz İ dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları"na əsasən əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq edilmir. Bu səbəbdən məhkəmə kollegiyası məhkəmələrin hökm və qərarından məhkum Məhkum Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair müddəaların çıxarılmasını qanunamüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinin tətbiq edilməsi barədə müddəa hökmdən xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli 1(103)- 927/2025 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(101)-1302/2024 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair müddəalar xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-151/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-151/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver