Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-152/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs Bəraət almış şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Tağıyev Azər Heydər oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Bəraət almış şəxs, # #### 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz ünvanda yaşayan, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və ona şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Bununla yanaşı məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) tələblərinin pozulmasına yol verdiklərinə görə Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi, R Mətin Ismayılovun, göstərilən Polis Idarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, X, sahə inspektoru, şahid1 və baş əməliyyat müvəkkili, şahid3 barələrində ## ######## 2025-ci il tarixli xüsusi qərar çıxarılmış və adları çəkilən şəxslərin barəsində müvafiq tədbirlərin görülməsi üçün həmin qərar Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərilmişdir. Işin halları: Ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, ## #### 2024-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,023 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 2 (iki) ədəd üzərilərində “Methadone 40” göstəricisi olan blisterdə tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edən 18 (on səkkiz) ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman tabletlərindən ibarət xeyli miqdarda narkotik vasitə metadon və 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri-0,26 qram, 0,23 qram, 0,23 qram, 0,20 qram, 0,16 qram, 0,19 qram, 0,22 qram, 0,26 qram, 0,23 qram, 0,23 qram, 0,21 qram, 0,27 qram, 0,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ##.##.2024-cü tarixdə saat 10:30 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı Rayon Polis Idarəsinin 31-ci PŞ-yə aparılmış və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan boz rəngli idman şalvarının bel hissəsindən təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofan torbanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,023 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 2 (iki) ədəd üzərilərində “Methadone 40” göstəricisi olan blisterdə tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edən 18 (on səkkiz) ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman tabletlərindən ibarət xeyli miqdarda narkotik vasitə metadon, üzərində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin izləri aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri-0,26 qram, 0,23 qram, 0,23 qram, 0,20 qram, 0,16 qram, 0,19 qram, 0,22 qram, 0,26 qram, 0,23 qram, 0,23 qram, 0,21 qram, 0,27 qram, 0,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə yuxarıda göstərilən bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Yaqubov Tural Qaraxan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ibrahimli Ibrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinin məzmunu ilə oxşarlıq təşkil edən kassasiya protestində Azərbaycan Respublikası Konstitusiyasının, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı A.A.Ələkbərov həmin protestini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası iş üzrə mübahisələndirilən qərarı çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və Bəraət almış şəxs təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, ibtidai istintaq zamanı Bəraət almış şəxs təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib polis əməkdaşlarının təzyiqi nəticəsində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona aid olmasını qəbul etdiyini, əslində isə həmin maddələrin heç birinin onda olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, Bəraət almış şəxs qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmiş, bu halları təsdiq edən sübutların mötəbərliyi şübhə doğurmamış və həmin sübutlarla onun ittiham olunduğu cinayəti törətməsi təsdiq edilmişdir. Məhkəmələrin ittiham tərəfinin sübutlarını qəbul etməmələrinin əsası kimi istinad etdikləri hallardan biri Bəraət almış şəxs polis əməkdaşları tərəfindən qanunsuz təsirlərə məruz qalması və məhz buna görə ilkin izahatında ittiham olunduğu əməlləri törətməsinin etiraf etməsi olmuşdur ki, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla bəraət almış şəxsin bu iddiaları öz təsdiqini tapmamışdır. Kassasiya protesti müəllifinin mövqeyinə görə, Bəraət almış şəxs üzərində bir sıra xəsarətlərin olması heç də ona qarşı fiziki təzyiq göstərilməsini təsdiq edən hal kimi qəbul oluna bilməz və belə iddialar üzrə məhkəmənin qiymətləndirməsi hərtərəfli araşdırmanın nəticələrinə əsaslanmalı və nəzərə alınmalıdır ki, bu xəsarətləri o, saxlanılaraq nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digərinə aparılarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən ala bilərdi. Təsadüfi deyil ki, prosessual qanunverciliyin müvafiq normalarının tələblərinə görə, sübutların müqayisəli tədqiqi dedikdə, toplanmış və araşdırılmış bütün sübutların qarşılıqlı araşdırılması və əlaqəli şəkildə qiymətləndirilməsi, yalnız bundan sonra, biri digərini tamamlayan sübutların başqalarına nisbətdə üstünlüyünün müəyyən olunması başa düşülür. Ona görə də, əgər şəxsin fiziki təzyiq göstərilməsi yolu ilə etirafa məcbur edilməsi iddia edilirsə, ilk növbədə onun bədəni üzərində həqiqətən xəsarətlərin olub-olmaması, belə xəsarətlər aşkar edilərsə onların yaranma mexanizmi və şəraiti, müddəti, tutulduğu vaxta uyğun olub-olmaması müəyyən edilməlidir. Iş materiallarından da görünür ki, Bəraət almış şəxs bədən səthində aşkar edilmiş xəsarətlərlə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar Idarəsində araşdırma aparılmış və bu araşdırmanın nəticəsi olaraq ## ###### 2025-ci il tarixli qərarla cinayət işinin başlanması CPM-in 39.1.1ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin baş verməsi müəyyən edilmədiyindən rədd edilmiş, həmin qərarı müdafiə tərəfi qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir ki, bu hal da Bəraət almış şəxs və onun müdafiəçilərinin göstərilən qərarlarla razılaşmalarına dəlalət edir. Protest müəllifi daha sonra qeyd etmişdir ki, Bəraət almış şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin növ müxtəlifliyi, habelə, işin real halları və elektron tərəzinin olması onun həmin vasitələri və maddəni, özünün şəxsi axtarış zamanı göstərdiyi kimi, şəxsi istifadəsi üçün deyil, satış məqsədilə əldə edib saxlaması fikrinin inandırıcı olmasını da təsdiq edən amillərdəndir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, şəxsin ittiham olunduğu maddədə göstərilən cinayət formal tərkibli cinayətdir və şəxsin külli miqdarda narkotik vasitəni və ya psixotrop maddənin satış məqsədilə əldə etdiyi, saxladığı, yaxud 234.2-ci maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birini etdiyi andan bu cinayət başa çatmış sayılır, yəni, burada şəxsin istehlakçını sonradan, yaxud əvvəlcədən tapması və digər hallar əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Odur ki, Bəraət almış şəxs əldə edərək saxladığı psixotrop maddənin külli miqdarda olması, həmçinin ondan müxtəlif növ narkotik vasitələrin və elektron tərəzinin aşkar edilərək götürülməsi onun həmin vasitələrin və maddənin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsaslar yaradır. Həmçinin Bəraət almış şəxs belə fəaliyyətlə məşğul olmasının təsdiqi yalnız bunlarla məhdudlaşmamış, o, birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu halı təsdiq edən telefon yazışmalarının müəyyən edilməsini qəbul etsə də, özünü məsuliyyətdən yayındırmaq üçün bu yazışmalarla bağlı ağlabatan izahlar verməyərək, guya ona müraciət edən keçmiş sevgilisinin ona qarşı qərəzli olduğu üçün ona belə SMS-lər yazdığını iddia etmiş, məhkəmə isə həmin şəxsi dindirməklə kifayətlənib bu iddianın doğruluğunu qəbul etmişdir. Iş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində Bəraət almış şəxs barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmiş, ilkin araşdırma mərhələsindən başlayaraq ona müdafiəçi vasitəsilə öz hüquqlarını müdafiə etmək üçün lazımi şərait yaradılmış, sonuncu isə bütün istintaq hərəkətlərinin aparılmasında iştirak etmişdir. Bununla da, Bəraət almış şəxs təqsirliliyini təsdiq edən sübutların toplanılması zamanı CPM-in 125.2-ci maddəsində göstərilən hər hansı pozuntuya yol verilməmiş, işə baxan məhkəmələr isə bu halları da kifayət qədər nəzərə almayaraq onun təqsirsiz olması barədə əsassız nəticəyə gəlmişlər. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı A.A.Ələkbərov həmin protestdə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin Bəraət almış şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, ***-IQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında ## ####### 1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də ***-IQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir (Qərarın 34-cü bəndi). Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, istər təsvir edilən Qərarda, isətərsə də ## #### 2024-cü il tarixədək qüvvədə olmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" # #### 2011-ci il tarixli Qərarında şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının, habelə bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, bir sıra istintaq hərəkətlərinin (məsələn şəxsi axtarışın və götürmənin) aparılmasına, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarların qanuniliyinin və əsaslığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasına və cinayət işlərinnin ibtidai araşdırması və məhkəmələrdə baxılması zamanı bir çox məsələlərin qanuna müvafiq qaydada həll edilməsinə dair digər izah və tövsiyələr də verilmişdir ki, hazırki işin təhlili iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı bu izah və tövsiyələrə əməl olunmamasını, sübutların isə qanun pozuntuları ilə toplanmasını göstərir. Əvvəla, işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual hüquq normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdikləri halların onların tədqiq etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi, ilkin və ibtidai araşdırmalar zamanı isə Bəraət almış şəxs elan olunmuş ittihamın əsasını təşkil edən sübutların əksəriyyətinin aşağıda göstərilən qanun pozuntuları ilə əldə edilməsi müəyyən olunur. Kassasiya protestində belə sübutların məhkəmələr tərəfindən əsassız olaraq nəzərə alınmaması, digər tərəfdən isə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz araşdırılmış, lakin Bəraət almış şəxs təqsirliliyini təkzib edən sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək Bəraət almış şəxsn ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi, qeyd olunduğu kimi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları, o cümlədən kassasiya protestinin müəllifi Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə mötəbər və təkzibedilməz nəticəyə gəlməyə əsas verə bilən əlavə və tutarlı sübutları məhkəmələrə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını, buna görə də hökmdən verilmiş apellyasiya protestini təmin etməməsini nəzərə alaraq, kassasiya müraciəti isə öz məzmununa görə hökmdən verilmiş apellyasiya protesti ilə oxşarlıq təşkil etsə də məhkəmə kollegiyası CPM-in 419cu maddəsinin tələblərinə uyğun olaraq bu maddə ilə üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyi və kassasiya protestinin dəlillərinə iş üzrə toplanmış və araşdırılmış sübutlara, habelə qanunvericiliyin tələblərinə əsaslanmaqla inandırıcı cavab verilməsini zəruri sayır. Ilk növbədə məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə olan halda məhkəmə kollegiyası Bəraət almış şəxs barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı A.A.Ələkbərov məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiyası məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin həm ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq, həm də məhkəmə iclasında verdiyi ifadələrin, habelə yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutların CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə əlaqədar, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırkı qərarda da təhlil etməyi məqsədə uyğun hesab edir. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən ## #### 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 31-ci Polis Şöbəsinə “Ilahə” adlı şəxsin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş (göstərilən Polis Şöbəsinin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili R şahid3 ## #### 2024-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın surətinin isə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi nəzərdə tutulmuş, eyni zamanda cinayət işinin matieriallarına şahid3 və 31-ci Polis Şöbəsinin sahə inspektoru şahid1 ibarət əməliyyat qrupunun yaradılması haqqında həmin şöbənin rəisi, Xin ## #### 2024-cü il tarixli **-*/Ə**/** saylı əmri əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokola, ## #### 2024-cü il tarixli məktuba, ## #### 2024-cü il tarixli “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” qərara, ## #### 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin Suraxanı rayon prokurorluğuna və məhkəməsinə etap edilməsi barədə” qərara, qərarın icrası ilə əlaqədar məktuba, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qərarına əsasən, Bəraət almış şəxs ## #### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2024-cü il tarixli məktubla tutma haqqında protokolun icra edilməsi üçün zəruri sənədlər Suraxanı Rayon Polis Idarəsinin MSY-nin rəisinə göndərilmiş, ## #### 2024-cü il tarixdə barəsində ittiham elan olunmaması ilə əlaqədar saxlanıldığı Suraxanı Rayon Polis Idarəsinin Müvəqqəti Saxlanma Yerindən azad olunmuş, ## #### 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılması üçün Suraxanı rayon prokurorluğuna və birinci instansiya məhkəməsinə etap edilməsi ilə əlaqədar Suraxanı Rayon Polis Idarəsinin Müvəqqəti Saxlanma Yerindən etap edilməsi qərara alınmış, həmin qərar icra edilməsi üçün aidiyyatı üzrə Suraxanı Rayon Polis Idarəsinin rəisinə göndərilmiş, Suraxanı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ilə isə Bəraət almış şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq onun haqqında 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. Bu prosessual sənədlərin təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə kifayət qədər əsas verir ki, müstəntiqin ## #### 2023-cü il tarixli qərarı ilə ## #### 2024-cü il tarixdə saat 11.50-də şübhəli şəxs qismində tutulmuş Bəraət almış şəxs ## #### 2024-cü il tarixdə Suraxanı RPI-nin Müvəqqəti Saxlama Yerindən azad olunması nəzərdə tutulsa da, bu qərar faktiki olaraq icra edilməmiş və ona qarşı ittiham sürülənə qədər 48 saatdan artıq müddətə MSY-də saxlanılmış, məhz oradan da ## #### 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə etap olunmuş və yalnız məhkəmə iclasında azad olunmuş, bununla da onun azadlıq hüququ və prosessual qanunvericiliyin aşağıdakı tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, CPM-in 90.1.2 və 90.2.1-ci maddələrinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs sayılır. Cinayət prosesini həyata keçirən orqan tutulmuş şəxsi 48 saatdan artıq (bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) müddətdə şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil. CPM-in 148.6-cı maddəsinin tələbinə görə isə, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Daha sonra cinayət işinin materiallarında olan ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmunundan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Bəraət almış şəxs CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona izah edilmişdir ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bundan sonra Bəraət almış şəxs şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının bel hissəsindən çıxararaq təqdim etdiyi 1 (bir) ədəd sellofanda olan 1 (bir) ədəd şəfaf sellofana bükülmüş içərisində ağ rəngli spesifik iyə malik olan bükümün içərisindəki psixotrop maddə sayılan metamfetamin, üzərində “Methadon M40” yazılı 18 (on səkkiz) ədəd metadon həblərini və 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş bükümlərin içərisindəki isə narkotik vasitə sayılan marixuana olduğunu bildirmişdir. Halbuki cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı bir ədəd diskə baxış keçirilərkən ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilənlərdən fərqli olaraq Bəraət almış şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən sonuncuya CPM-in 19-cu, 20-ci, 26-cı və 90-cı maddələrində nəzərdə tutulmuş hüquqlarının izah edilməsi müəyyən olunmamış, eləcədə bu istintaq hərəkətinin aparılması zamanı sonuncunun təqdim etdiyi və qeyd olunan kütlələr yerləşdirilmiş bükümlər Suraxanı Rayon Polis Idarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı X tərəfindən açılaraq sayılmış, sonuncu Bəraət almış şəxs bükümlərdə nə olmasını soruşduqda şübhəli şəxs “Ot” deyə cavab vermiş, təhqiqatçının “Ot nəyə deyirsiniz? Marixuanaya deyirsiniz?” sualını Bəraət almış şəxs “Bəli” deyə cavablandırmış, bundan sonra bir ədəd şəffaf sellofonda olan kristal şəkilli maddənin nə olması ilə bağlı təhqiqatçının sualına Bəraət almış şəxs “Bu insana yaxşı əhval- ruhiyyə verir, dedim axı, ağrılarım var” cavabını vermiş, təhqiqatçı bir daha həmin maddənin metamfetamin, heroin yaxud kokain olubolmadığını soruşmuş, üzərində axtarış aparılan şəxs isə maddənin “daş” olduğunu bildirmiş, təhqiqatçı isə bu cavabı da özü dəqiqləşdirərək həmin maddənin “patı” olubolmadığını soruşmuş, şübhəli şəxs də bunu təsdiq etdikdən isə təhqiqatçı “Bunu “patı” kimi tanıyırsız da hə? Bunun əsl adı metamfetamindir, psixotrop maddədir” demişdir. Göründüyü kimi, Bəraət almış şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni özü tanımadığı halda təhqiqatçı bu əşyaların hansı növ narkotik vasitələrə və psixotrop maddələrə aid olmasını özü dəqiqləşdirmiş, bununla da ## #### 2024-cü il tarixli protokolla videogörüntülər arasında ziddiyyətlər yaranmış, həmçinin götürülmüş əşyalar ətraflı təsvir edilməyərək iştirakçılara təqdim olunmamış və metamfetamin və qurudulmuş marixuana tərəzidə çəkilməyərək onların miqdarı müəyyən edilməmişdir. Hərçənd, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 134.1-ci maddəsinin tələbinə görə, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bununla yanaşı, işə əlavə edilmiş sənədlərdən görünür ki, Bəraət almış şəxs saxlanılaraq 31-ci Polis Şöbəsinə gətirildikdən sonra həmin Şöbənin təhqiqatçısı X tərəfindən ## #### 2024-cü il tarixli protokolla ona hüquqları izah edildikdən sonra Bəraət almış şəxs onun hüquqlarının dövlət hesabına təyin olunacaq istənilən vəkil tərəfindən müdafiə olunmasının istəməsini bildirmiş, bu haqda, yəni maddi vəziyyəti ilə əlaqədar olaraq dövlət hesabına müdafiəçi ilə təmin olunması xahişi barədə Polis Şöbəsinin rəisinə ərizə də ünvanlamışdır. Bu müraciətə əsasən təhqiqatçı X ona Bakı şəhəri, * saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, şübhəli şəxsin isə həmin vəkillərdən hər hansını seçməsi müəyyən edilməsə də, göstərilən vəkil qurumundan müdafiəçinin təyin edilməsi haqqında qərar qəbul edilmiş, Bəraət almış şəxs hüquqlarının müdafiəsi isə Vəkil Bürosundan ayrılmış vəkil X7 həvalə edilərək sonuncu saxlanılmış şəxsə təqdim olunmuşdur. Bundan sonra CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Bəraət almış şəxs adı çəkilən müdafiəçinin iştirakı ilə ## #### 2024-cü il tarixdə saat 11:50-də tutulmuş, onun tutulması müddətinin əvvəli isə həmin tarixdə saat 10:30-dan hesablanmışdır. Lakin iş materiallarının təhlili göstərir ki, bundan sonra ## #### 2024-cü il tarixədək olan müddət ərzində aparılmış ilkin araşdırma zamanı müdafiəçi A.Ç.Hüseynov tərəfindən Bəraət almış şəxs hüquqlarının müdafiəsi heç də səmərəli şəkildə həyata keçirilməmiş və adı çəkilən vəkil iş üzrə həqiqətin müəyyən edilməsinə heç bir təşəbbüs göstərməmişdir. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, Bəraət almış şəxs onun maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında müraciəti əsasında hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkil A.Ç.Hüseynovun iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra ## #### 2024-cü il tarixdə saat 12:15-dən 12:35-dək onun üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin aparılmasında isə, hələ də Polis Şöbəsində olan müdafiəçi A.Ç.Hüseynov iştirak etməmiş, sonuncunun şəxsi axtarışın və götürmənin aparılmasında iştirak etməməsinin əsası kimi Bəraət almış şəxs adından kompyuterdə icra olunmuş və 31-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış ərizəsi, yəni şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə müdafiəçinin iştirakını zəruri hesab etməməsi barədə müraciəti nəzərə alınmış, lakin həmin ərizəni də müdafiəçi sadəcə imzalamış, eyni zamanda bununla əlaqədar, yəni şübhəli şəxsin “müvəqqəti olaraq” müdafiəçinin xidmətlərindən imtina etməsi barədə heç bir protokol tərtib edilməmişdir. Eyni zamanda Bəraət almış şəxs qeyd olunan ərizəsinin kim tərəfindən və nə vaxt alınması da müəyyən edilmir, şəxsi axtarışın aparılması zamanı isə Bəraət almış şəxs CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələrinin izah olunması ## #### 2024-cü il tarixli protokolda göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında müraciətinə baxmayaraq Bəraət almış şəxs adından kompyuterdə yazılmış ərizə təhqiqatçı tərəfindən qəbul edilmişdir ki, məhkəmə kollegiyası da bu ərizədə əksini tapmış xahişin Bəraət almış şəxs özünün iradə ifadəsi kimi qiymətləndirilməsinə, öz hüquqlarını bilməsinə şübhə ilə yanaşır ona görə ki, maddi imkansızlığı səbəbindən vəkillə müqavilə bağlaya bilməyərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini tələb edən Bəraət almış şəxs ilə bütün prosessual hərəkətlərin aparılmasında müdafiəçinin iştirakı məcburi şərt olmuşdur. Belə ki, CPM-in 92.3.1 və 92.3.4-cü maddələrinə şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində (bütün prosessual hərəkətlərin aparılmasında – m.k.) müdafiəçinin iştirakı təmin olunmalıdır. CPM-in 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Işə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Bu tələblərə baxmayaraq təhqiqatçı Bəraət almış şəxs ərizəsini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı halda şəxsi axtarış istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud şəkildə pozmaqla aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımdan da Bəraət almış şəxs ## #### 2024-cü il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı görünmür və belə ərizə qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxımından təhlil edildikdə Bəraət almış şəxs üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı onun müdafiə hüququnun kobud şəkildə pozulması, həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqdan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da Bəraət almış şəxs hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. Iş materiallarından göründüyü kimi, Bəraət almış şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək, eyni zamanda şübhəli şəxsin maddi imkansızlığı səbəbindən müdafiəçi ilə müqavilə bağlamaq imkanında olmaması barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparlmasında mütləq şəkildə iştirak etmək vəzifəsini ona izah etməmiş, bununla da qanunericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə əsaslanaraq şübhəli şəxs Bəraət almış şəxs üzərində şəxs axtarış aparmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətlərinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-in 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübəhli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusiya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Bəraət almış şəxs ## #### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr bu hala da diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. Daha sonra mhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanılma yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz ünvanın qarşısı olaraq göstərilsə də, Bəraət almış şəxs cinayət təqibinin bütün mərhələlrində həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, ## #### 2024-cü il tarixdə yaşadığı evin qarşısında deyil, həmin tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz ünvanda yatarkən saxlanılmış, bu vaxt həmin evə qanunsuz daxıl olmuş polis əməkdaşları onu elə alt paltarında polis şöbəsinə aparmışlar (Bəraət almış şəxs həqiqətən pijamada polis şöbəsinə aparılması onun üzərində şəxsin axtarışın və götürmənin aparılmasını əks etdirən videogörüntülərlə də təsdiq olunur).ılmışdır. Eyni zamanda işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 da Bəraət almış şəxs ## #### 2024-cü il tarixdə, saat 10:00-11:00 radələrində ev paltarında (boz rəngli pijamada) polis əməkdaşları tərəfindən evindən çıxarılaraq avtomaşına mindirildiyini və və aparıldığını təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı, həm də qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılarkən Bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanılaraqa Polis Şöbəsinə aparılmasına dair ifadəldəri digər təkzib edilməz sübutlarla təsdiq olunduğundan onun bundan sonrakı hallar barədə də verdiyi ifadələrinin həqiqətə uyğun olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas yaradır. Həmin ifadələrində isə Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qəti şəkildə təqsirli bilməyərək polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını, bunun nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olması barədə etirafedici izahat verməyə məcbur qaldığını bildirmişdir. Bundan başqa məhkəmə kollegiyası şahidlər - Suraxanı Rayon Polis Idarəsinin 31-ci Polis şöbəsinin əməkdaşları şahid3 və şahid1, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrini tədqiq edərək müəyyən etmişdir ki, ibtidai araşdırma zamanı onların adından kompyuteerdə yazılımış bu ifadələrdə göstərilən halların nöqtə-vergülə qədər eyni məzmunda təsviri, digər tərəfdən həmin halların başqa sübutlarla müəyyən edilmiş hallara ziddiyyət təşkil etməsi onların inandırıcı və həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirilməsi, buna görə Bəraət almış şəxs təqsirliliyini təsdiq edən sübut kimi qəbul edilməməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş və şübhəli şəxsin saxlanılmasında, yaxud da onunla müxtəlif istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartlarını müəyyən еtmiş və Ali Məhkəmənin Cinayət Kollegyiası da bir sıra qərarlarında bu standartlardan çıxış etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə ## ###### 2007-ci il tariхli, “Irlandiya Birləşmiş Krallığa qarşı” işl üzrə ## ###### 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda işə mahiyyəti üzrə baxmış məhkəmələrin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmasını haqlı hesab etməklə qeyd edir ki, Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa mötəbər sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamış, əksinə - məhkəmə iclaslarında əldə edilərək tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutların məcmusu ilə onun bu cinayət əməllərini törətməsi təkzib edilmiş, eyni zamanda sonuncunun polis əməkdaşları tərəfindən saxlanılarkən və Polis Şöbəsinə aparıldıqdan sonra psixi və fiziki təsirlərə məruz qalması tam təsdiq oşlunmuşdur. Iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr həmin sübutları bu aktlarda ətraflı təsvir etməklə yanaşı onların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qanunda nəzərdə tutulmuş qaydada lazımi qiymət vermiş və Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliiynin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər (bu nəticənin arxasında duran sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür). Kassasiya protestində mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu sübutların qanunsuz yolla əldə edilməsi müəyyən edilmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə müvafiq nəticəyə gələrkən tamamilə qanuni olaraq həmin sübutları Bəraət almış şəxs ifadələri ilə birgə qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına qoyarkən hər hansı qanun pozuntusuna yol verməmiş, məhkəmələrin əsaslandıqları sübutlarla sonuncunun yalnız ilkin izahatlarında (belə izahatlar CPM-in 124cü maddəsinin tələblərinə əsasən sübut növü hesab edilmir) göstərdiyi hallar təkzib edilmiş, həmin halları təsdiq edən mötəbər sübutlar isə məhkəmələrə təqdim olunmamışdır. Halbuki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi Bəraət almış şəxs verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübutların prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Daha sonra Bəraət almış şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsi olaraq sonradan ona qarşı irəli sürülmüş ittihamda göstərilən hallar barədə izahat verməyə məcbur olması ilə bağlı verdiyi ifadəsinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə müvafiq nəticəyə gələrkən haqlı olaraq işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və Bəraət almış şəxs həqiqətən təhqiqat aparılmazdan əvvəl fiziki və psixoloji təsirlərə məruz qalması barədə mötəbər qənaətə gəlmişlər. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli, *** saylı rəyindən görünür ki, Bəraət almış şəxs sol bazunun və sol sağrının qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin göstərdiyi tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Iş materiallarından görünür ki, bu rəyə həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X3 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarda da istinad olunmuşdur. Həmin qərarın qərarın preyudisial əhəmiyyətli qərar kimi qiymətləndirilməli olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bu tələbdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə yuxarıda göstərilən müvafiq nəticəyə gələrkən haqlı olaraq həmin qərarla müəyyən edilmiş hallara deyil, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və Bəraət almış şəxs həqiqətən təhqiqat aparılmazdan əvvəl fiziki təsirlərə məruz qalması barədə mötəbər qənaətə gəlmişlər. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-in 65.1-ci maddəsinin mənasına görə “şəxsin cinayət təqibini istisna edən qərar” dedikdə o başa düşülür ki, cinayət işi və ya sadələşdirilmiş icraat materialları üzrə hər hansı şəxsin haqqında belə qərar qəbul edildikdə və bu qərar ləğv edilmədikdə, məhz həmin şəxs sonradan eyni əməllər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, lakin digər şəxsin barəsində cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına məhkəmədə baxılarkən barəsində cinayət təqibinə bu və ya digər əsaslarla xitam verilmiş və ya cinayət işinin başlanması rədd edilmiş şəxsin də təqsirli bilinməsi istisna olunmaqla onun əməllərinə də münasibət bildirilməsi istisna olunmur və bu zaman barəsində cinayət təqibinə xitam verilmiş və ya cinayət təiqbinin başlanması rədd edimiş şəxsin cinayət xarakterli əməl törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildikdə, prosessual qanunvericiliyin normaları ilə məhkəmədən bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru məlumatlandırmaq tələb olunur. Kassasiya protestinin dəlilləri ilə bağlı təhlil edilən məsələyə dair məhkəmə kollegiyasının qanunun normasına verdiyi təfsirə uyğun olan hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) Inzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Məhkəmə kollegiyası iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin təsvir edilmiş məsələ ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin III hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Avropa Konvensiyasının 3-cü maddəsinin tələbindən görünür ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandırıla bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusiyon və konvensiyon tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunvericilik CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, Bəraət almış şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda da məhkəmələrin iş üzrə gəldikləri qənaət qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırkı iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Bəraət almış şəxs təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin təmin edilməsini mümkün bilmir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.Imranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs Bəraət almış şəxs çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Bəraət almış şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-152/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-152/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver