Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-158/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1 iştirakı ilə, ##.##.2000-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, bərbərlik fəaliyyəti ilə məşğul olmuş, Neftçala şəhəri 5-ci məhəllədə qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ####### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.N.Hüseynov (sədrlik edən), N.H.Məmmədov və E.Q.Məmmədova) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan mərhumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və X.H.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ####### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, ittihama əsasən Məhkum, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,874 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, ## ##### 2024-cü il tarixdə saat 12:30 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri 20 Yanvar küçəsində işlədiyi bərbərxanının qarşısında saxlanılaraq Neftçala RPŞyə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qısaqol gödəkçənin sol içəri yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı təmiz çəkisi 11,874 qram olmaqla külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni “satış məqsədi ilə” əldə etməsi sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hüquq mühafizə orqanları tərəfindən şərlənərək tutulmuş, guya cinayət törətməsi barədə ifadə verməyə məcbur edilmişdir. Məhkəmə polis əməkdaşlarının ifadələri arasındakı ziddiyyətləri araşdırmadan, saxlanıldığı ərazinin müşahidə kameralarının götürülməsi barədə vəsatətləri təmin etmədən qanunsuz və əsassız olaraq onun təqsirli bilinməsinə dair hökm çıxarmışdır. Bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Odur ki, məhkum kassasiya şikayətində göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPMin 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, məhkum Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətindən görünür ki, məhkum Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etməklə, CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiə tərəfi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan eyni dəlillər məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr yalnız onun müdafiəçinin iştirakı ilə ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrlə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən narkotik vasitənin müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı məhkumun üzərindən götürülməsi və həmin vaxt məhkumun aşkar olunan narkotik vasitəni tapmasını etiraf etməsi, polis əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya sair zorakılığın, şahidlərin ifadələri, məhkumdan götürülmüş predmetin təmiz çəkisi 11,874 qram təşkil edən narkotik vasitə heroin olması barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum kassasiya şikayətində polis əməkdaşları tərəfindən etirafedici ifadələr verməyə məcbur edildiyini iddia etsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi məhkumun polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkum və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də fiziki və ya psixoloji təsir göstərilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Bütün bunlar isə narkotik vasitənin məhkuma aid olmaması, onun polis əməkdaşları tərəfindən təsir və təzyiq göstərilməklə etirafedici izahat verməyə məcbur edilməsi barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Bundan əlavə, məhkum kassasiya şikayətində tutulduğu yerdə olan “xxxx” ASC-nin Neftçala filialının müşahidə kamerasının görüntülərinin tələb olunması barədə vəsatətinin məhkəmə tərəfindən təmin edilmədiyini iddia etsə də, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi müdafiə tərəfinin bu barədə verdiyi vəsatəti təmin edərək, sözügedən videogörüntülərin əldə edilməsi üçün “xxxx” ASC-yə sorğu göndərmiş, “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Məhkum barəsində cinayət işinə baxılması ilə əlaqədar olaraq, ASC “Xalq” Bankının Neftçala şəhərində yerləşən filialının ərazisində quraşdırılmış təhlükəsizlik kameralarının ##.##.2024-cü il tarixdə saat 11:00-dan 15:00-a dək olan görüntülərinin video arxivi mövcud olmadığından, sorğu edilən videogörüntülər məhkəməyə təqdim edilə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin onun CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən halın olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib məhkuma təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə ən aşağı həddə, yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkumun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il ## ###### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-158/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-158/2026
01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver