Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-16/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X7 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2023-cü il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Həmin hökmdən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər X5 (sədrlik edən, məruzəçi hakim), X2 və X4 ibarət tərkibdə) 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 bükümdə ümumi təmiz çəkisi 1304,552 (1 kq 304,552 qram) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla kirayədə yaşadığı ünvanda saxlamış, ## #### 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvan üçün aylıq 130 manat kirayə haqqı əvəzində həmin narkotik vasitə heroindən 1 ədəd bükümdə təmiz çəkisi 1,352 qramını ev sahibi şahid2 satmış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ## #### 2023-cü il tarixdə saat 16:25-də Xətai rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində kirayə yaşadığı ünvan 1 ünvanda həyətdəki dolabın üzərindən narkotik vasitənin qalan hissəsi külli miqdarda 01 ədəd qara və şəffaf sellofana bükümdə təmiz çəkisi 1303,2 (1 kq 303,2 qram) qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaqın düzgün aparılmaması və məhkəmələrin yol verdiyi nöqsanlar onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, narkotik vasitənin mövcudluğu, növü və çəkisi şübhə doğurmasada onun satış məqsədilə əldə olunması sübuta yetirilməlidir. Istər birinci instansiya məhkəməsində istərsədə apellyasiya instansiyası məhkəməsində satış məqsədə qanunla müəyyən olunmuş formada əsaslandırılmamışdır. Hazırki işin hallarından görünür ki narkotik vasitənin onun tərəfindən satılacağını təsdiq edən heç bir sübut yoxdur. Belə olduğu halda onun hüquqları pozulmuş, məhkəmə isə pozulmuş hüquqlara münasibət bildirməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ##### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və əməlində satış məqsədinin olmadığını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkum Məhkum təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-16/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-16/2026
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver