Məhkəmə qərarları › İş №1(1-8)-160/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-160/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-160/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə (hakimlər Kamranov Hafiz Eldar oğlu (sədrlik edən və məruzəçi), Pənahov Babək Əkbər oğlu və Hüseynli Hüseyn Inanc oğlundan ibarət tərkibdə) Məhkum, ## ###### 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər dəfələrlə, sonuncu dəfə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin # ###### 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının # ###### 2021-ci il tarixədək çəkilməmiş 1 (bir) il 2 (iki) ay müddətə hissəsi 6 (altı) ay azaldılmış, # #### 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Belə ki, Məhkum satış məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində bir ədəd sellofan bağlamada təmiz çəkisi 175,186 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda 175,186 qram çəkidə narkotik vasitə olan heroini və bir ədəd sellofan bağlamada təmiz çəkisi 291,688 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı II) daxil olan külli miqdarda psixotrop maddə olan metamfetamini götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamış, # ##### 2025-ci il tarixdə saat 14:25-də Yasamal rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında küçədə saxlanılaraq Yasamal Rayon Polis Idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 175,186 qram həmin narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada təmiz çəkisi 291,688 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi həmçinin Məhkum ona qarşı irəli sürülmüş ittihamda qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi iddia olunan Iran Islam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ifadəsinin alınmamasına, onların arasında narkotik vasitənin və psixotrop maddənin satışına dair qabaqcadan razılıqlarının olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığına görə Məhkum ittihamından CM-in 234.4.1-ci maddəsini xaric etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ibrahimov Zamin Vəliyəddin oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və əməlinin düzgün tövsif edilməsi üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq olaraq ## ###### 2021-ci il və ## #### 2024-cü il tarixli Qərarlarına, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübutlar ibtidai araşdırma zamanı əldə edilməyərək belə sübutlar məhkəmə iclaslarında araşdırılmamışdır. Belə ki, o, əvvəllər də narkotik vasitələrin istifadəçisi kimi dəfələrlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Iş materiallarından görünür ki, məhkəmə iclaslarında iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməmiş, nəticədə onun əməlinin tövsifində səhvə yol verilmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı şəxslə telefon danışıqlarının və ya yazışmaların aparması, müəyyən edilməmiş, eyni zamanda 2025-ci ilin fevral ayı ərzində onun olduğu yerlərin telefon anten dairəsinə məlumatlar ibtidai istintaq orqanı tərəfindən əldə olunmamış, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin satışını həyata keçirmək məqsədilə hər hansı avadanlıq, o cümlədən elektron tərəzi aşkar edilməmişdir. Işin faktiki halı isə ondan ibarət olmuşdur ki, onun yaşadığı ərazidə tikinti apan şirkət ona məxsus evi ucuz qiymətə almaq istəyərək ona az miqdarda kompensasiya təklif etmiş, lakin o, bununla razılaşmadığına görə bir neçə dəfə polis idarəsinə çağırılaraq evi təhvil verməsi üçün onunla söhbətlər aparılmış, o, isə bundan imtina etdiyinə görə polis əməkdaşları tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitə və psixotrop maddə onun üzərinə qoyulmuş, hətta belə olan halda da o, sonuncuların təklifi ilə razılaşaraq bu əşyaların ona məxsus olması barədə etirafedici ifadələr vermiş, lakin həmin əşyaların satışını həyata keçirəcəyini qəti olaraq inkar etmişdir. Yuxarıda göstərilən dəlillərə əsaslanaraq məhkum Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində məhkəmələr tərəfindlən iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət verilməməsini və əməlinin düzgün tövsif edilməməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən həm bu əməllərə münasibətdə, həm də məhkum olunmuş şəxsin barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilməli olması barədə Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, ümumilikdə isə - cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanunamüvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildiyi halda barələrində ittiham hökmləri çıxarılmaqla bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün qanunamüvafiq səylərin göstərilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əmələ maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPMin 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanunamüvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan bütün sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə həmin məhkəmənin ## ######## 2025-ci il tarixli hökmünün təsviriəsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırkı iş üzrə məhkum olunmuş Məhkum ibtidai istintaq zamanı heç bir təsir göstərilmədən, müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, işə əlavə edilmiş maddi sübutlarla və sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən sərbəst şəkildə verdiyi ifadələrinin, habelə şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, işin faktiki halları ibtidai istintaq orqanı tərəfindən belə müəyyən edilmişdir ki, Məhkum sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı Iran Islam Respublikası vətəndaşının qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə verəcəyi müqabilində əldə edib onun deyəcəyi yerə gizlətmək, yəni yaymaq məqsədilə 2025-ci ilin fevral ayında xatırlamadığı tarixdə külli miqdarda – 175,186 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda – 291,688 qram çəkidə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, lakin # ##### 2025-ci il tarixdə saat 14:25-də Yasamal rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nərticəsində o, ünvan 1 ünvanında küçədə saxlanılaraq Yasamal Rayon Polis Idarəsinin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindəki bağlamalarda yerləşdirilmiş həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkum Məhkum öz kassasiya müraciətində kassasiya instansiyası məhkəməsini işin bu faktiki hallarının başqa cür müəyyən edilməsinə dəvət etsə də, məhkəmə kollegiyası CPM-in 419-cu maddəsinin tələbləri baxımından bunu mümkün bilmir və qeyd edir ki, cinayət işinin materiallarına əsasən, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri və yuxarıda təsvir edilən nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 124, 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş sübutlar durur, məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, kassasiya şikayətinin müəllifi öz müraciətində qeyd etmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və metamfetamin ona məxsus olmamış və polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur ki, bu baxımdan da onun əməli əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Buna görə də o, faktiki törətdiyi əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar görərək maddi hüquq normasının düzgün tətbiq edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə isə - iş üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar bu tələbin əsassız olmasına və təmin edilməsinin mümkünsüzlüyünə dəlalət edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqı zamanı təqdiq olunmuş sübutlara, yəni məhkum edilmiş şəxs Məhkum ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələrinə, həmçinin şahidlər şahid3, şahid1 və şahid2 ifadələrinə, məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə barədə” # ##### 2025-ci il tarixli protokola, məhkəmə fiziki-kimyəvi ekspertizasının # ##### 2025-ci il tarixli */**** nömrəli və ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ### 2025-ci il tarixli **** nömrəli rəylərinə, “video diskə baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokola, maddi sübutlara və iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış digər sübutlara istinad edib Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə, həmin cinayət əməlinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin adı çəkilən məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə iş üzrə toplanmış və araşdırılmış sübutlarla təsdiq edilməklə yanaşı, həmçinin cinayət qanununun və digər qanunvericilik aktlarının normalarının tələblərinə, həmin normalara aşağıdakı qaydada verilmiş təfsirə, habelə Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə də tam uyğundur. Belə ki, CM-in 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin qeyd olunan normalarına əsasən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri satış məqsədilə etməlidir; - şəxs həmin əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətinə münasibətdə iş üzrə müəyyən edilmiş faktiki hal (mübahisəsiz) ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yaymaq, yəni satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşımış və bu hal, yuxarıda qeyd olunduğu kimi, həm məhkumun ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri ilə, həm də digər sübutlarla tam təsdiq olunur (həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası həmin sübutların hazırkı qərarında təkrarən təsvirinə ehtiyac görmür). Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının 8-ci bəndinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Qərarın 9-cu maddəsində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təsvir edilənlərdən və iş üzrə müəyyən olunmuş faktiki hallardan çıxış edərək belə qənaətə gəlir ki, Məhkum əldə edib üzərində saxlamaqla daşıdığı narkotik vasitənin ümumi təmiz çəkisinin 175,186 qram, psixotrop maddə metamfetaminin isə ümumi təmiz çəkisinin 291,688 qram, yəni qanunsuz dövriyyəsi qadağan edilmiş bu əşyaların külli miqdarda olmaları onun narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri məhz satış məqsədi (niyyəti) ilə törətməsinə dəlalət edir. Məhkum olunmuş şəxs Məhkum həm məhkəmə iclasında verdiyi ifadələrində, həm də tərəfindən verilmiş kassasiya şikayətində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını iddia etsə də, məhkəmə kollegiyası hesab edir ki, onun bu iddiası da araşdırılmış sübutlarla təsdiq edilmədiyindən yalnız mülahizə və özünümüdafiə xarakteri daşıyır, həmin iddia cinayət məsuliyyətdən yayınmaya yönəlmiş, digər tərəfdən isə məhkum istər verdiyi ifadələrində, istərsə də kassasiya şikayətində göstərdiyi halı təsdiq edən hər hansı sübuta əsaslanmayaraq belə sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinin tələbinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız müvafiq, yəni qanuni yolla əldə edilmiş mötəbər sübutlarla müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsini düzgün hesab edərək həmin əməllərin başqa cür tövsif edilməsi üçün əsaslar görmür, buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən həm CPM-in 416.1.2, həm də CPM-in 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Məhkum Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın açıq-aşkar ağır olması barədə dəlillərə əsaslanmamaqla bununla bağlı heç bir tələb irəli sürməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun qaydada kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və həmin yoxlamanın nəticəsində müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Məhkum barəsində cəza tədbirini seçən həmin məhkəmə CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərindən çıxış edib ona təqsirli bilindiyi ağır cinayətin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş CM-in 234.4.3-cü maddəsi ilə (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur cəza tədbirinin seçilməsi məsələsini həll edərkən sonuncunun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyələndirən halları və iş üzrə müvafiq olaraq CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona həm təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə kifayət qədər ədalətli cəza təyin etmiş və bu halda da maddi hüquq normalarının tətbiqində hər hansı səhvə yol verməmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanı da qanuni və ədalətli hesab edərək həmin cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası bir daha cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirib həmin şikayətin təmin edilməsi haqda məhkum Məhkum, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar