Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-166/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2 iştirakı ilə, ##.##.2003-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Füzuli Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1, 333.2, 333.4-cü maddələri ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 150.2- 1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və L.S.Əsgərova-Məmmədova) Məhkum Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Füzuli Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının CM-in 66.5-ci maddəsinə əsasən bu iş üzrə təyin edilmiş cəza ilə qismən toplanaraq, ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər M.C.Qarayeva (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Füzuli Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən bu iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılmış və ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Məhkum “Instaqram” sosial şəbəkəsindən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra cinsi ehtirasını təmin etmək məqsədi ilə ## ###### 2023-cü il tarixdə gecə saatlarında ünvan 1 saylı ünvanda yerləşən mənzilin otağında ## ###### 2009-cu il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmayacağı halda öldürməklə hədələyərək onu döyüb, ona sağlamlığa zərər vurmayan sol said nahiyəsinin sıyrığı, boyun nahiyəsinin dörd ədəd qançırı xəsarətlərini yetirib zor tətbiq etməklə müqavimətini qıraraq, onun razılığı olmadan Zərərçəkmiş şəxs anal keçəcəyindən qeyri-təbii yolla cinsi əlaqədə olub, seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin faktiki halları, Məhkum xeyrinə olan, onun təqsirliliyini şübhə altına alan hallar nəzərə alınmamışdır. Onun barəsində heç bir mötəbər sübutla təsdiqlənməyən, təqsirə görə məsuliyyət prinsipinə zidd olan ittiham hökmü çıxarılmışdır. Belə ki, Məhkum ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxsə heç bir zor tətbiq etməmiş, hadisə zərərçəkmiş şəxsin könüllü razılığı ilə baş vermişdir. Zərərçəkmiş şəxs də ifadəsində Məhkumla “instaqram” sosial şəbəkəsində tanış olmuş, onunla görüşmək üçün Bakı şəhərinə özü könüllü olaraq gəlmişdir. Məhkəmə-tibbi ekspertizasının ##.##.2023-cü il tarixli *** nömrəli rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsin qeyri-təbii yolla cinsi əlaqədə olmasına dair əlamətlər qeyd edilir, qeyritəbii yolla cinsi əlaqədə olmağı təsdiq edən konkret göstəriş yoxdur. Bundan başqa, zərərçəkmiş şəxsin 17 yaşı tamam olmuş və 18 yaşına daxil olmuş, hər iki ailə Məhkum subay olduğundan zərərçəkmiş şəxs ilə ailə qurmaq qərarına gəlmişlər. Halhazırda hər iki ailə barışmışlar və zərərçəkmiş tərəfin Məhkum qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsaslanaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız olaraq CM-in 150.2-1.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair kassasiya tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPMin 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasındə göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddə). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il ## ### tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM, maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə aiddir. Belə ki, CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum CM-in 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, Məhkum ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sosial şəbəkədə tanış olmaları, zərərçəkmiş şəxsin ##.##.2023-cü il tarixdə səhər saatlarında Masallı rayonundan Bakı şəhərinə gəlməsi və Bakı şəhərində Məhkum ilə görüşməsi, onların kirayə tutulmuş mənzildə eyni otaqda qalmaları və orada Məhkum zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olması işin mübahisəsiz hallarıdır. Bundan əlavə, işin hallarından görünür ki, zərərçəkmiş şəxs ##.##.2009-cu il təvəllüdlü olmuş, hadisə isə ##.##.2023-cü il tarixdə baş vermişdir. Yəni, hadisə baş verən vaxt zərərçəkmiş şəxsin 14 yaşı tamam olmuş, 15 yaşı hələ olmamışdır. Məhkum məhkəmədə verdiyi ifadəsində bir yandan hadisə vaxtı zərərçəkmiş şəxsin yaşını dəqiq bilmədiyini, onun 18-20 yaşında qızlara oxşadığını, yaşının 18-dən az olduğunu cinayət işi başlandıqdan sonra öyrəndiyini bildirsə də, digər yandan zərərçəkmiş şəxs ilə evlənmək niyyətində olduğunu, buna görə onu evlərinə apardığını, lakin valiydenlərinin zərərçəkmiş şəxsin yaşı az olduğuna görə onu istəmədiklərini bildirmişdir. Həmçinin, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadədə də hadisə vaxtı zərərçəkmiş şəxsin 14 yaşının olduğunu bildiyini demişdir. Odur ki, məhkəmələr haqlı olaraq Məhkum məhkəmədə verdiyi ifadəsinin bu hissəsinə tənqidi yanaşmışlar. Tərəflər arasında qeyri-təbii yolla cinsi əlaqədə olmanın könüllü və ya zor tətbiq etməklə (o cümlədən zor tətbiq etmə hədəsi ilə) olması isə işin mübahisəli halıdır. Seksual xarakterli hərəkətin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə olubolmaması isə hazırki işin halları baxımından Məhkum əməlinin tövsifinə ciddi təsir edən və sübutlar əsasında müəyyən edilməli olan ən vacib məsələlərdən biridir (CPM 139.0.3). Belə ki, Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsində yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və həmin maddənin müəyyən etdiyi məhrumiyyət üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. CM-in 152.1-ci maddəsində isə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və həmin maddənin müəyyən etdiyi məhrumiyyət üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Məhkum Məhkum həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi bütün izahat və ifadələrində zərərçəkmiş şəxslə qarşılıqlı razılıq əsasında könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmiş, zərərçəkmiş şəxsə hər hansı formada zor tətbiq etmədiyini, onu zor tətbiq etmə ilə hədələmədiyini iddia etmişdir. Məhkumun iddiaları ilə razılaşmayan məhkəmələr onun zərərçəkmiş şəxsi zor tətbiq etmə ilə hədələyərək, həmçinin zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, seksual xarakterli hərəkətləri etməsinin, bununla da CM-in 150.2-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunması qənaətinə gəlmişlər. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum ittiham edildiyi CM-in 150.2-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirsizliyi təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq, məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 150.2-1.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirildiyi nəticəsinə gəlinərkən toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Belə ki, istintaq orqanı, eləcə də məhkəmələr hadisə vaxtı Məhkum zərərçəkmiş şəxsə zor tətbiq etməsini və zor tətbiq etmə ilə hədələməsini təsdiq edən sübutlardan biri kimi zərərçəkmiş şəxsin ifadələrinə əsaslanmışlar. Düzdür, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı hadisə vaxtı Məhkum zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Lakin iş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, hadisənin baş vermə şəraiti və mexanizmi, eləcə də zor tətbiq edilərək xəsarətin yetirilməsi ilə bağlı zərərçəkmiş şəxs kifayət qədər ziddiyyətli izahat və ifadələr vermişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs bütün izahat və ifadələrini qanuni nümayəndəsinin iştirakı ilə vermiş və ilkin izahatında bildirmişdir ki, hadisə baş verən vaxt evdə onlardan başqa Rüqəyya adlı qız və bir nəfər oğlan olmuş, Rahim ona şillə vurarkən Rüqəyya adlı qız onların yanında olmuş, sonra Rahim Rüqəyyaya mətbəxə keçməsini demiş, bundan sonra Rahim onu otağa salıb qapını kilidləmiş və şalvarını aşağı çəkərək onunla arxa nahiyyəsindən üç dəfə dayanmadan cinsi əlaqədə olmuşdur. Üç gün Rahimlə, Rüqəyya adlı qızla və tanımadığı oğlanla bir evdə qaldıqdan sonra Rahim nənəsi Sevdanın onun itkin düşməsi barədə məlumat verməsini öyrənib, gecə saatlarında onu 20 yanvar metrosuna gətirmiş və taksi ilə Masallı rayonuna yola salmışdır. (cild 1, i.v. 15) ##.##.2023-cü il tarixdə verdiyi izahatında isə zərərçəkmiş şəxs bildirmişdir ki, Rüqayyagilin evdə olmadığı zaman axşam saatlarında Rahim ona cinsi əlaqədə olmağı təklif etmiş, buna etiraz etdikdə Rahim onun üz və bədən nahiyyələrinə sillə vuraraq cinsi əlaqədə olmasa öldürəcəyi ilə hədələmiş, qorxduğundan Rahimə onunla cinsi əlaqədə olmağa imkan vermiş və Rahim zorla onunla qeyri-təbii yolla üç dəfə cinsi əlaqədə olmuşdur. (cild 1, i.v.21- 23) Ibtidai istintaq zamanı ##.##.2023-cü il tarixdə verdiyi ifadəsində zərərçəkmiş bildirmişdir ki, ##.##.2023-cü il tarixdə gecə saatlarında evdə Rüqəyya və sevgilisi Zaur adlı şəxs olmadığı vaxt Rahim onunla cinsi əlaqədə olmaq istədiyini demiş, buna etiraz etdikdə Rahim onun üz, boğaz, boyun, qol nahiyələrindən dırnaqları ətinə sıxaraq bərk tutub vuraraq və bədən nahiyələrinə, arxa hissəsinə sillə vuraraq cinsi əlaqədə olmasa onu öldürəcəyi ilə hədələmiş, lakin öldürməklə bağlı hər hansı hərəkət etməmiş, bundan sonra o, qorxaraq Rahimə onunla cinsi əlaqədə olmağa imkan vermiş, Rahim zorla onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Bundan sonra növbəti gün Rahim və rəfiqəsi Rüqəyya ərzaq ehtiyaclarını qarşılamaq üçün onun razılığı ilə ekranı sınmış telefonunu və qolunda olan qızılboyunbağını aparıb satmışdır. Iki gün ərzində Rahim, Rüqəyya və sonuncunun sevgilisi olan tanımadığı oğlanla həmin evdə qaldıqdan sonra Rahim nənəsinin onun itkin düşməsi ilə bağlı polisə məlumat verdiyini öyrənib, ##.##.2023-cü il tarixdə onu 20 yanvar dairəsindən Masallı rayonuna yola salmışdır. (cild 1, i.v. 97-98) Ibtidai istintaq zamanı keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş təqsirləndirilən şəxsin üzünə qarşı eyni məzmunlu ifadə vermiş, hadisə zamanı Rahimin onun üz və bədən nahiyələrinə sillə vuraraq cinsi əlaqədə olmasa onu öldürəcəyi ilə hədələdiyini demişdir, təqsirləndirilən şəxs Məhkum isə zərərçəkmiş şəxsin üzünə qarşı bildirmişdir ki, ##.##.2023-cü il tarixdə gecə saatlarında Sabunçu rayonu ərazisində tutduqları kirayə evdə Rüqəyya və onun sevgilisi Zaur adlı şəxs digər otaqda olarkən o da zərərçəkmiş şəxs ilə öz otaqlarında olmuşlar. Həmin vaxt zərərçəkmiş özü ona qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, o da razılaşmışdır. Zərərçəkmiş şəxsin könüllü istəyi ilə bir dəfə onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Onun tərəfindən zərərçəkmiş şəxsə heç bir zorakılıq tətbiq edilməmişdir. Onlar cinsi əlaqədə zərərçəkmiş şəxsin könüllü istəyi ilə olmuşlar. Iki gün həmin evdə qaldıqdan sonra o, zərərçəkmiş şəxsin itkin düşməsi ilə polisə məlumat verildiyini öyrənmiş, bu səbəbdən ##.##.2023-cü il tarixdə zərərçəkmiş şəxsi 20 yanvar dairəsindən Masallı rayonuna yola salmışdır. (cild 1, i.v. 127-129) Ibtidai istintaq zamanı əvvəlcə şahid qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilən Məhkum sərbəst ifadələrində də eyni məzmunlu ifadə vermiş, hadisə vaxtı evdə Rüqəyya və sevgilisi Zaur adlı şəxsin digər otaqda olarkən zərərçəkmiş şəxs ilə öz otaqlarında sonuncunun razılığı və könüllü istəyi ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, onun tərəfindən zərərçəkmiş şəxsə heç bir zor tətbiq edilmədiyini bildirmişdir. (cild 1, i.v. 99-102, 113-115) Məhkəmə istintaqı zamanı həm Məhkum, həm də zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq hadisə vaxtı evdə 4 nəfər olduqlarını, onlardan başqa Rüqəyya və sevgilisi Zaur adlı şəxsin də evdə olduqlarını bildirmişlər. (##.##.2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısı) Ibtidai istintaq zamanı şahid qismində dindirilən və ifadəsi birinci instansiya məhkəməsi tərəfindən elan edilməklə tədqiq edilən şahid2 (hadisə baş verən evin sahibi) ifadəsində bildirmişdir ki, təxminən ##.##.2023-cü il tarixdə birinin adının sonradan “Rahim” olmasını bildiyi iki nəfər cavan oğlan evinə gəlib, Nərimanov rayonunda üniversitetə qəbul olunmalarını, kirayə ev axtardıqlarını demişlər. O həmin şəxslərdən şəxsiyyət vəsiqəsi istədikdə onlar şəxsiyyət vəsiqələrinin valideynlərində olmasını, ay sonunda valideynlərinin gələcəyini və vəsiqələrini gətirəcəyini bildirmişlər. O, onlara evini kirayə vermək istəmədikdə onlar küçədə qalacaqlarını, onlara evini kirayə verməyini xahiş etmişlər. O da həmin şəxslərin yaşları dəqiq bilmədən, valideynləri ilə də danışmadan evini onlara 200 manat pul müqabilində kirayə verə biləcəyini demişdir. Onlar onunla razılaşmış, lakin 150 manat pulları olmasını, ay sonunda valideynləri gələndə isə qalan 50 manatı verə biləcəklərini demişlər. O da onlarla razılaşmış və 150 manat pulu alaraq ay sonunda da onların valideynlərindən qalıq qalan 50 manatı alarkən kirayə müqaviləsi bağlayacağını düşünmüş və həmin cavan uşaqlarla razılaşıb və evin açarını onlara vermişdir. Onlar, yəni həmin iki nəfər cavan oğlan 3 və ya 4 gün evində qaldıqdan sonra o, artıq onların evə gəlmədiyini aşkar etmiş və bir müddət də onları görmədikdən sonra onların nə səbəbə görəsə çıxıb getmələrini düşünmüşdür...Sonradan ona məlum olmuşdur ki, həmin cavan oğlanlar onu aldatmış və özlərini tələbə kimi qələmə verib, ondan razılıq aldıqdan sonra gecə saatlarında, ondan gizlin şəkildə özləri ilə kirayə verdiyi evə “qız” gətirmişdir.... Rahim yanındakı oğlanla evində 3-4 gün qalmış və o onların yanında qız olmasını bilməmişdir... O, ailə üzvləri və qonşuları sadəcə həmin iki cavan oğlanı görmüşlər. Həmin 2 nəfər qızın oğlanlarla evində qalmasını bilmiş olsa idi dərhal onları evindən çıxarardı... Əvvəla qeyd edilməlidir ki, zərərçəkmiş şəxs ilkin izahatlarında (eləcə də tibbi ekspertiza zamanı – cild 1, i.v.40) hadisə vaxtı Məhkum zor tətbiq edərək onunla 3 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirsə də, sonrakı ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı Məhkum onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı zərərçəkmiş ilkin izahatında hadisə baş verən vaxt evdə onlardan başqa Rüqəyya adlı qız və bir nəfər oğlanın olduğunu, hətta Rahim ona şillə vurarkən Rüqəyya adlı qızın onların yanında olduğunu, Rüqəyyanın yanında Rahim ona sillə vurduqdan sonra onu otağa salıb qapını kilidləyib, otaqda onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirsə də, sonradan sərbəst ifadəsində, eləcə də təqsirləndirilən şəxs ilə üzləşməsində hadisə vaxtı Rüqəyya və Zaur adlı şəxsin evdə olmadıqlarını bildirmiş, məhkəmə istintaqı zamanı isə hadisə vaxtı evdə dörd nəfər olduqlarını təsdiq etmişdir. Məhkum isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı hadisə vaxtı evdə dörd nəfər olduqlarını bildirmişdir. Göründüyü kimi, məhkəmələrin ittihamın əsasına qoyduqları məhkəmə-psixiatrik ekspertizasının ##.##.2023-cü il tarixli **** nömrəli rəyində zərərçəkmiş şəxsdə özündən uydurmağa və yalan danışmağa meyillilik əlamətlərinin müəyyən edilmədiyi göstərilsə də, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin onunla cinsi əlaqədə olmasının sayı, həmin vaxt evdə kimlərin olması ilə bağlı ziddiyyətli izahat və ifadələr vermiş, məhkəmələr isə bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində hər hansı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırki işin hallarının düzgün müəyyən edilməsi, hadisə vaxtı Rüqəyya və Zaur adlı şəxslərin evdə olub-olmamalarını müəyyən etmək üçün həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilib şahid qismində dindirilməsi zəruri olmuşdur. Belə ki, həm Məhkum, həm də zərərçəkmiş şəxsin və şahid şahid2 ifadələrindən görünür ki, Məhkum və zərərçəkmiş, eləcə də zərərçəkmiş şəxsin rəfiqəsi Rüqəyya və sonuncunun sevgilisi Zaur adlı şəxs iki gün ərzində kirayə tutduqları evdə yaşamış, sonra Məhkum zərərçəkmiş şəxsin axtarılmasını bilib, onu Masallı rayonuna yola salmışdır. Belə olan halda, zərərçəkmiş şəxsin baş vermiş hadisə barədə rəfiqəsi Rüqəyyaya danışıbdanışmaması, hadisə anında onun evdə olub-olmaması, zərərçəkmiş şəxsə zor tətbiq edilməsini bilib-bilməməsi xüsusatlarının müəyyən edilməsi üçün xüsusilə Rüqəyya adlı şəxsin dindirilməsi vacib əhəmiyyət daşımışdır. Iş materiallarından görünür ki, istintaq orqanı ##.##.2023-cü il tarixdə zərərçəkmiş şəxsin rəfiqəsi Rüqəyya və onun sevgilisi Zaur adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilib, ifadələrinin alınması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat-tapşırığı versə də, həmin tapşırığa hər hansı formada cavab əldə etmədən istintaqı tamamlamış, müdafiə tərəfi həmin şəxslərin şahid qismində dindirilməsi ilə bağlı məhkəməyə vəsatət versə də, birinci instansiya məhkəməsi tutarlı əsaslandırma gətirmədən həmin vəsatəti təmin etməmiş, Rüqəyya və Zaur adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilib şahid qismində dindirilməsi istiqamətində hər hansı addım atmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum barəsində hökm çıxararkən onun tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq edilməsini təsdiq edən sübutlardan biri kimi məhkəmətibbi ekspertizasının ##.##.2023-cü il tarixli *** nömrəli rəyinə istinad etmişdir. Həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs sol said nahiyəsinin sıyrığı, boyun nahiyəsinin qançırları (dörd ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3- 5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Rəydə göstərilən xəsarətlərin necə yaranması ilə bağlı isə iş materiallarında zərərçəkmiş şəxsin verdiyi ziddiyyətli məlumatlar mövcuddur. Belə ki, zərərçəkmiş şəxs ilkin izahatlarında, təqsirləndirilən şəxs Məhkum ilə üzləşməsi zamanı, Məhkum ona üz və bədən nahiyələrinə sillə vuraraq zor tətbiq etdiyini və cinsi əlaqədə olmasa öldürməklə hədələdiyini, ibtidai istintaq zamanı sərbəst ifadəsində Məhkum onun üz, boğaz, boyun və qol nahiyələrindən dırnaqlarını ətinə keçirəcək şəkildə bərk tutub vuraraq və bədən nahiyələrinə, arxa hissəsinə sillə vuraraq onu öldürməklə hədələdiyini bildirmiş, məhkəmə-tibbi ekspertizası zamanı isə bu müddət ərzində (cinsi əlaqə müddəti yoxsa evdə qaldıqları müddəti nəzərdə tutduğu müəyyən deyil) Məhkum onun boynunun sağ və sol yarısını dişlədiyini, sol said nahiyyəsinə siqaret basdığını demişdir. Məhkəmə istintaqı zamanı isə Məhkum ona cəmi bir sillə vurduğunu, qolundakı siqaret izinin Məhkum siqaret çəkəndə əlinin onun qoluna dəyməsi səbəbindən yarandığını bildirmiş, onunla cinsi əlaqədə olmasa öldürəcəyi ilə hədələməsini deməmiş, Məhkum onun lüt şəkilini nənəsinə göndərdiyini, sonra isə nənəsinin onu döydüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Məhkum isə zərərçəkmiş şəxsə zor tətbiq etmədiyini, zərərçəkmiş şəxs özünü öldürmək istədiyinə görə ona sillə vurduğunu bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin bədəni üzərində olan xəsarətlərin hansı şəraitdə, kim tərəfindən yetirilməsi ilə bağlı kifayət qədər ziddiyyətli məlumatlar olduğu halda, məhkəmələr həmin ziddiyyətləri aradan qaldırmadan, qeyd edilən xəsarətlərin cinayət hadisəsi zamanı Məhkum tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq edilməsi nəticəsində yaranması qənaətinə gəlmişlər. Həmçinin, Məhkum və zərərçəkmiş şəxslərin ifadələri ilə müəyyən olunur ki, onlar iki gün kirayə tutduqları evdə qaldıqdan sonra ##.##.2023-cü il tarixdə saat 22-23 radələrində Məhkum zərərçəkmiş şəxsi 20 yanvar dairəsi adlanan yerdən taksi ilə Masallı rayonuna yola salmış, bu hal həm də ibtidai istintaq zamanı taksi sürücüsü X1 verdiyi izahatı ilə də təsdiq olunur (cild 1, i.v. 9). Belə olan halda Məhkum taksi sifarişini qəbul edərkən, onunla zərərçəkmiş şəxsin münasibətlərinin mehriban yoxsa münaqişəli olması, zərərçəkmiş şəxsin üzündə, boynunda xəsarət izlərini görüb-görməməsi məsələlərini aydınlaşdırmaq üçün N.R.Əliyevin şahid kimi cəlb edilib dindirilməsi zəruri olduğu halda, məhkəmələr onun çağırılıb dindirilməsini təmin etməmişlər. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə sübutlara kreativ yanaşma hüququndan istifadə edib qeyd etmişdir ki, yetkinlik yaşına çatmış şəxsin dərk etmə qabiliyyəti ona planlaşdırdığı hərəkətlərinin həyata keçirilməsi zamanı baş verəcəkləri və onların nəticələrini dərk edib idarə etməyə şərait yaradır. Bu səbəbdən də könüllü hərəkət etməyə səlahiyyətləndirilməmiş şəxsin, hazırkı halda isə on dörd yaşına çatmamış şəxs Zərərçəkmiş şəxs qeyri-təbii yolla Məhkum ilə cinsi əlaqədə olmağa yönələn hərəkətləri könüllü olsaydı belə yetkinlik yaşına çatmış təqsirləndirilən şəxs Məhkum belə “könüllülüyü” qəbul etməyə sələhiyyətli olmayacaqdır. (Hökmün 10-cu səhifəsi) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu cür əsaslandırması ilə razılaşmır. Belə ki, əvvəla CM-in 149-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 152.2 – 152.4cü maddələrində nəzərdə tutulmuş əməllər on iki yaşına çatmayan şəxs barəsində və ya ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan digər şəxs barəsində törədildikdə, həmin əməllər bu Məcəllənin müvafiq olaraq 149.3.3-cü və ya 150.3.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Qanunun mənasına görə on iki yaşına çatmayan şəxslə cinsi əlaqədə olunduqda və ya seksual xarakterli digər hərəkətlər edildikdə, həmin şəxs bu cür hərəkətləri zahirən könüllü etmiş olsa belə, qanunun tələbi baxımından bu cür könüllük qəbul edilmir və təqsirkar şəxs azyaşlıya qarşı törədilən belə əməllərə görə müvafiq olaraq CM-in 149.3.3 və ya 150.3.3-cü maddələri ilə cinayət məsuliyyəti daşımalıdır. Yəni, könüllülüyü istisna edən yaş həddi hökmdə göstərildiyi kimi on dörd yaş deyil, on iki yaşdır. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə hökmdə zərərçəkmiş şəxsin on dörd yaşına çatmadığını vurğulasa da, iş materialları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs ##.##.2009-cu il tarixdə doğulmuş, hadisə isə ##.##.2023-cü il tarixdə baş vermişdir. Yəni, hadisə baş verən vaxt zərərçəkmiş şəxsin 14 yaşı tamam olmuşdur. Bundan əlavə, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi yekun aktlarının təsviri-əsaslandırıcı hissələrində Məhkum 2023-cü ilin avqust ayının 26-da zərərçəkmiş şəxs ilə Bakı şəhərində görüşüb sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd etmişlər (hökmün 9-cu, qərarın 12-ci səhifələri), halbuki işin hallarından, o cümlədən Məhkum qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, ona isnad edilən cinayət hadisəsi ##.##.2023-cü il tarixdə baş vermişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi yekun qərarında Məhkum məhkəmədə ifadə verərkən səmimi olmadığını, təhrif olunmuş məlumatları məhkəməyə bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güddüyünü, birinci instansiya məhkəməsinin haqlı olaraq onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşdığını qeyd etmiş, bununla yanaşı Məhkum ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə işin halları ilə bağlı ətraflı ifadə verdiyini, hadisəni və onun törədilmə hallarını təfərrüatı ilə izah etdiyini və qeyd edilən prosessual hərəkətlərin etibarsızlığının məhkəmə kollegiyası tərəfindən müəyyən edilmədiyini xüsusilə vurğulamışdır. (Qərarın 12 səhifəsi) Halbuki, iş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqında olduğu kimi, ibtidai istintaq zamanı da verdiyi bütün izahat və ifadələrində zərərçəkmiş şəxslə qarşılıqlı razılıq əsasında könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, zərərçəkmiş şəxsə hər hansı formada zor tətbiq etmədiyini, onu zor tətbiq etmə ilə hədələmədiyini bildirmişdir. (cild 1, i.v. 28, 33, 100-102, 114-115, 127-129) Məhkəmə kollegiyasının fikrincə bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlar tədqiq və təhlil edilmədiyi, həmçinin həmin sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə etibarlı sayıla bilməz. Birinci instansiya məhkəməsinin hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində, yuxarıda göstərilən ziddiyyətli hallar əsas etibarı ilə dəlil kimi məhkəmə qarşısında irəli sürülsə də, apellyasiya instansiyası məhkəməsi göstərilən dəlillərə hər hansı qiymət vermədən Məhkum CM-in 150.2-1.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsi, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması tələbini müəyyən etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. CPM-in 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Təsvir olunanlardan görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün əməlin tövsifi hissəsində dəyişdirilmədən saxlanılması barədə qərarı qəbul edərkən, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönəlmiş və müvafiq hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini tam icra etməmiş, sadəcə qanunvericilik normalarına istinad etməklə və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onun gəldiyi qənaəti təkrarlamaqla yekun nəticəyə gəlmiş, hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyərək Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərini pozmuş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli, yalnız bundan sonra Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması, bu və ya digər cinayət əməlini törədib-törətməməsi barədə nəticə verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-166/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-166/2026
05.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver