Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-167/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona elan olunmuş ittihamdan CM-in 234.4.2-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) Məhkum, ## ######## 1994-cü i tarixdə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşaqları olan, ofisiant işləmiş, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Düz Rəsullu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozu, “Şuşa” şəhərciyində, habelə Imişli rayonunun Qızılkənd kəndində müvəqqəti yaşamış, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin ona elan olunmuş ittihamdan CM-in 234.4.2-ci maddəsinin çıxarılması, CM-in 93.1.2-ci maddəsinə əsasən isə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi, narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın müvafiq miqdarları əks etdirən İ siyahısının 109.1-ci sətrinə əsasən narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış 0,38 qram təmiz çəkiyə malik qurudulmuş marixuananı # ###### 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində özünün əlaqədə olduğu və narkotik vasitələrin satışını həyata keçirən, şəxsiyyəti istintaqla araşdırılan şəxsdən (şəxslərdən) götürüb qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, üzərində saxlamış və daşımış, təkrarən həmin Siyahıların müvafiq miqdarları əks etdirən İ siyahısının 109.1 və 111-ci sətirlərinə əsasən narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış 3035 qram təmiz çəkiyə malik külli miqdarda qurudulmuş marixuananın və 2 qram təmiz çəkiyə malik külli miqdarda metadon həbinin qəhvəyi rəngli çantanın içərisinə qoyularaq özünün əlaqədə olduğu və narkotik vasitələrin satışını həyata keçirən, şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı tərəfindən istintaqa məlum olmayan vaxtda Biləsuvar-Bəhrəmtəpə magistral yolunun 54-cü kilometrindən dönərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş * saylı qəsəbə istiqamətində gedərkən “Əzizbəyov” adlı su kanalının üzərindən keçən körpünün sağ tərəfində, kanalın yaxınlığında quraşdırılmış elektrik ötürücüsünün (transformator) yaxınlığına yerləşdirilməklə bu barədə ona ## ###### 2025-ci il tarixdə saat 13 radələrində məlumat verilməsindən sonra həmin gün saat 17 radələrində cinayətdən xəbərsiz olan tanışı şahid6 idarə etdiyi “VAZ-21074” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşib narkotik vasitənin gizlədildiyi yerə gələrək qeyd edilən narkotik vasitələri yerləşdirildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə vahid niyyətlə əldə edib Imişli rayonu istiqamətində daşımaq məqsədi ilə avtomobilin arxa oturacağına qoyub saxlamış və özü də həmin avtomobilin arxa oturacağında sərnişin qismində əyləşərək tapşırığı ilə sürücü şahid6 avtomobili hərəkətə gətirərkən Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:30 radələrində narkotik vasitələri əldə etdiyi yuxarıda qeyd olunan ünvanda saxlanılaraq üstünün yoxlanılması zamanı qabaqcadan əldə edib üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülüdə 0,38 qram təmiz çəkiyə malik qurudulmuş marixuana üzərində olan pulqabının içərisindən aşkar edilərək götürülmüş, habelə həmin gün əldə etdiyi qəhvəyi rəngli çantada ayrı-ayrılıqda təmiz çəkisi 960 qram, 1050 qram və 1025 qram olmaqla 3 ədəd bükülüdə 3035 qram ümumi çəkiyə malik külli miqdarda qurudulmuş marixuana və hər birində 10 ədəd olmaqla üzərinə “F/M 40” sözləri yazılmış 5 ədəd blisterdə ümumilikdə 50 ədəd təşkil edən 2 qram ümumi təmiz çəkiyə malik külli miqdarda metadon həbləri qeyd olunan avtomobildən aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən isə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi külli miqdarda-2 qram təşkil edən 50 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb, sərnişin olduğu cinayət barədə əvvəlcədən xəbərsiz olan taksi sürücüsü şahid6 idarə etdiyi VAZ-21074 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında ## ###### 2025-ci il tarixdə, saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum sərnişin olduğu avtomobil Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş * saylı qəsəbənin ərazisində saxlanılıb həmin yerdə Məhkum üzərində yoxlama zamanı təqdim etdiyi çantada qablaşdırılmış üç ədəd bükümdə ayrıayrılıqda 960 qram, 1050 qram və 1025 qram olmaqla cəmi-külli miqdarda - 3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi külli miqdarda - 2 qram təşkil edən 50 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Şabanov Valeh Ixtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Həşimov Yaşar Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Əli Abdulla oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa, həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ saylı Siyahıya, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsnini “Van de Hark Niderlanda qarşı” ## ##### 1994-cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum verdiyi ifadələrində narkotik vasitələri satış məqsədilə əldə edib saxladığını göstərməməsi, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, ondan aşkar olunmuş narkotik vasitənin çəkilib xırda bağlamalara bölünməməsi, buna görə də sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etməsi qənaətinə gəlməklə onun əməllərini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edib ona irəli sürülmüş ittihamdan CM-in 234.4.2-ci maddəsini xaric edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhkəmələr bu nəticələrə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad etmiş, toplanmış və araşdırılmış digər sübutları isə nəzərə almayaraq onlara CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmiş, Məhkum törətdiyi əməllərinin tövsifində səhvə yol verərək onun faktiki törətdiyi cinayət əməllərinə görə məsuliyyətdən kənarda qalmasına şərait yaratmışlar. Halbuki Məhkum məhz satış məqsədilə külli miqdarlarda narkotik vasitələri əldə edərək saxlaması və daşıması müvafiq sübutlarla tam təsdiq edilmiş, sonuncunun verdiyi ifadələri isə nəinki həmin sübutlarla öz təsdiqini tapmamış, hətta bu sübutlarla təkzib olunmuş, məhkum olunmuş şəxsin ona qarşı irəli sürülmüş ittihamı təkzib etməsi barədə iddialarını təsdiq edən mötəbər sübutlar əldə edilməmiş və araşdırılmamışdır. Məhkəmələr isə işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrkən Məhkum əldə edərək saxladığı və daşıdığı narkotik vasitələrin şəxsi istehlak miqdarlarından dəfələrlə çox olmasını, sonuncunun yalnız opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsini, ondan isə, öz ifadələrinə görə, heç vaxt istifadə etmədiyi qurudulmuş marixuananın aşkar edilərək götürülməsini, bununla da məhz satış məqsədilə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını, məhkəmə-bioloji ekspertizasının rəyi ilə hazırkı iş üzrə törədilmiş cinayətin predmeti olan qurudulmuş marixuananın eyni tərkibdə olmasının müəyyən edilməsini, eləcə də işin faktiki hallarını təsdiq edən telefon yazışmalarının və danışıqlarının aparılmasına dair məlumatları nəzərə almamışlar. Odur ki, qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində birinci instansiya məhkəməsi ilə yanaşı, apellyasiya instansiyası məhkəməsinin də ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət vermədiyini, bunun nəticəsi olaraq məhkum Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhv nəticəyə gəlməsini iddia edir və bununla bağlı dəlillərə əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından verilmiş kassasiya protestinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən həm bu əməllərə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilməli olması barədə Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, ümumilikdə isə - cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün qanunamüvafiq səylərin göstərilməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əmələ maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPMin 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməlidir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestində irəli sürdüyü apellyasiya instansiyası qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən hazırkı cinayət işinin materiallarına və məhkəmələrin gəldikləri nəticəyə diqqət yetirərək müəyyən etmişdir ki, məhkum Məhkum törətdiyi əməllərin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə bu nəticə heç də araşdırılmış sübutlarla tam uzlaşmır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların bir qisminə müraciət etməyi və bu sübutlara əsasən müəyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Əvvəla, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.2 və 234.4.3-cü maddələri ittiham irəli sürülmüşdür ona görə ki, o, Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın müvafiq miqdarları əks etdirən İ siyahısının 109.1-ci sətrinə əsasən narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış 0,38 qram təmiz çəkiyə malik qurudulmuş marixuananı # ###### 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində özünün əlaqədə olduğu və narkotik vasitələrin satışını həyata keçirən, şəxsiyyəti istintaqla araşdırılan şəxsdən (şəxslərdən) götürüb qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, üzərində saxlamış və daşımış, təkrarən həmin Siyahıların müvafiq miqdarları əks etdirən İ siyahısının 109.1 və 111-ci sətirlərinə əsasən narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış 3035 qram təmiz çəkiyə malik külli miqdarda qurudulmuş marixuananın və 2 qram təmiz çəkiyə malik külli miqdarda metadon həbinin qəhvəyi rəngli çantanın içərisinə qoyularaq özünün əlaqədə olduğu və narkotik vasitələrin satışını həyata keçirən, şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı tərəfindən istintaqa məlum olmayan vaxtda Biləsuvar-Bəhrəmtəpə magistral yolunun 54-cü kilometrindən dönərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş * saylı qəsəbə istiqamətində gedərkən “Əzizbəyov” adlı su kanalının üzərindən keçən körpünün sağ tərəfində, kanalın yaxınlığında quraşdırılmış elektrik ötürücüsünün (transformator) yaxınlığına yerləşdirilməklə bu barədə ona ## ###### 2025-ci il tarixdə saat 13 radələrində məlumat verilməsindən sonra həmin gün saat 17 radələrində cinayətdən xəbərsiz olan tanışı şahid6 idarə etdiyi “VAZ-21074” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşib narkotik vasitənin gizlədildiyi yerə gələrək qeyd edilən narkotik vasitələri yerləşdirildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə vahid niyyətlə əldə edib Imişli rayonu istiqamətində daşımaq məqsədi ilə avtomobilin arxa oturacağına qoyub saxlamış və özü də həmin avtomobilin arxa oturacağında sərnişin qismində əyləşərək tapşırığı ilə sürücü şahid6 avtomobili hərəkətə gətirərkən Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:30 radələrində narkotik vasitələri əldə etdiyi yuxarıda qeyd olunan ünvanda saxlanılaraq üstünün yoxlanılması zamanı qabaqcadan əldə edib üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülüdə 0,38 qram təmiz çəkiyə malik qurudulmuş marixuana üzərində olan pulqabının içərisindən aşkar edilərək götürülmüş, habelə həmin gün əldə etdiyi qəhvəyi rəngli çantada ayrı-ayrılıqda təmiz çəkisi 960 qram, 1050 qram və 1025 qram olmaqla 3 ədəd bükülüdə 3035 qram ümumi çəkiyə malik külli miqdarda qurudulmuş marixuana və hər birində 10 ədəd olmaqla üzərinə “F/M 40” sözləri yazılmış 5 ədəd blisterdə ümumilikdə 50 ədəd təşkil edən 2 qram ümumi təmiz çəkiyə malik külli miqdarda metadon həbləri qeyd olunan avtomobildən aşkar olunaraq götürülmüşdür. Bu ittihamın əsasını isə Məhkum ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlər şahid6, şahid5, şahid4, şahid2, şahid1, şahid3 ifadələri, ilkin araşdırma zamanı tərtib edilmiş sübut əhəmiyyətli prosessual sənədlər, o, cümlədən Məhkum üzərində şəxsi axtarışın və götürmənin və şahid6 məxsus “VAZ-21074” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın və götürmənin aparılması haqqında ## ###### 2025-ci il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının # ###### 2025-ci il tarixli **/** saylı, məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli */*** saylı, məhkəmənarkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyləri, çoxsaylı telefon danışıqlarının və yazışmalarının aparılmasına dair məlumatlar, ibtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş cavab, maddi və başqa sübutlar təşkil etmişdir. Iş materiallarından göründüyü kimi, bu sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli olmasa da araşdırılmış, onların hər birisi apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı ## ######## 2025-ci il tarixli hökmdə, həmçinin apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarında təsvir edilmiş və buna görə məhkəmə kollegiyası həmin sübutların hamısının hazırkı qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin onların bir hissəsinə müraciət etməyi lazım bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, sonuncu həmin iclasda özünü CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, hazırda subaydır, lakin əvvəllər Daşqın adlı şəxslə evli olmuş və həmin evlilikdən üç azyaşlı uşağı var, Gədəbəy rayonun Düz Rəsullu kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozu, “Şuşa” şəhərciyində anası və uşaqları ilə birlikdə yaşamış, son vaxtlar, yəni tutulmamışdan bir müddət əvvəl Imişli rayonunun Qızılkənd kəndində kirayədə qalıb həmin ərazidə yerləşən kafedə ofisiant işləmiş, orada olduğu müddətdə isə üç azyaşlı uşağı anası Rahilənin yanında qalmış və onlara sonuncu baxmışdır. O, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də marixuana və metamfetamindən, həmçinin metadondan da istifadə etmişdir (ibtidai araşdırma zamanı Məhkum yalnız psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan metadondan istifadə etdiyini, qurudulmuş marixuanadan isə istifadə etmədiyini bildirmişdir). ## ###### 2025-ci il tarixdə gecə saatlarında Iran Islam Respublikasının mobil operatoruna aid telefon nömrəsindən (+98 905 935 **** saylı) “Whatsapp” mobil tətbiqi vasitəsilə bir nəfər kişi ona zəng edərək Iranlı olduğunu deyib, lakin adını demədən onunla söhbət etməyə başlamış və söhbət zamanı həmin şəxs ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o, da onun bu sualına müsbət cavab verdikdə göstərilən şəxs ondan narkotik maddə istəyibistəməməsi barədə sual vermiş, həmin suala cavab olaraq o, da istifadə etmək üçün “patı” adlanan (metamfetamin) psixotrop maddə istədiyini bildirmişdir. Iran Islam Respublikasının tanımadığı vətəndaşı ona hazırda Imişli rayonunun ərazisində bir yerdə narkotik olduğunu, gedib həmin narkotik vasitəni götürməyi təklif etdikdə o, bu təkliflə razılaşaraq bu vasitəni səhər gedib götürəcəyini bildirmişdir. ## ###### 2025-ci il tarixdə səhər saatlarında o, iranlı ilə yenə də danışmış, günorta saatlarında isə bu şəxs ona “Whatsapp” mobil tətbiqi vasitəsilə narkotik vasitənin qoyulduğu yerin koordinatları təsvir edilmiş fotoşəklini göndərmişdir. Bundan sonra o, taksi sürücüsü kimi fəaliyyət göstərən tanışı şahid6 zəng edib onu bir yerə aparmasını xahiş etmiş, Ismayıl da vaxtı olmadığını deyəndə ona yalandan “uşağıma pul lazımdır, gedəcəyim yerdə bir nəfər şəxs mənə pul verəcək, mən də həmin pulu uşaqlarıma göndərəcəm” demiş və bundan sonra Ismayıl idarə etdiyi avtomaşınla gəlib onu dediyi yerə aparacağına razılıq vermişdir. Ilk öncə o, şahid6 avtomaşınında Imişli rayonunun Qızılkənd kəndinə getmiş, lakin rayonunun dairəvi yol ayrıcının yanına çatdıqda guya ona pul verəcək şəxsin artıq getdiyini, pulu isə ona iranlının göndərdiyi koordinatlara uyğun yerdə daşın altında gizlədilməsini bildirərək şahid6 onu həmin yerə aparmasını xahiş etmişdir. Bundan sonra şahid6 həmin koordinatlara əsasən onu Biləsuvar rayonunun ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin yaşadıqları qəsəbə (* saylı qəsəbə) istiqamətində aparmış və onlar yolun kənarında, boş ərazidə olan “transformator”un yaxınlığına çatdıqda o, maşını saxlamağı xahiş etmiş, Ismayıl da həmin yerdə maşını saxlamışdır. O, Ismayıla tez qayıdacağını deyib avtomobildən düşərək bir az aralıqda olan “transormator”un yanına gedib orada yerdə bir ədəd çanta olduğunu görüb həmin çantanı götürmüş və qaça-qaça gəlib avtomobilə əyləşərək həmin çantanı avtomobilin arxa oturacağının üstünə qoymuş və şahid6 gəldikləri yerə qayıtmasını xahiş etmiş, sonuncu çantada nə olmasını soruşduqda isə ona heç nə deməmişdir. Lakin Ismayıl avtomaşını hərəkətə gətirmək istəyərkən polis avtomobili gəlib Ismayılın avtomobilinin arxasında dayanmış, sonra isə həmin avtomobildən bir neçə şəxs düşüb onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını, üzərilərində və avtomobildə narkotik vasitələr olmasından şübhələndikləri üçün onların yoxlanılacaqlarını bildirmişlər. Bundan sonra elə saxlanıldıqları yerdə polis əməkdaşları videoçəkilişdən istifadə etməklə onun və Ismayılın üzərlərində şəxsi axtarış, avtomaşına isə baxış keçirmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotik vasitələr varsa təqdim etməsini təklif etmiş, o, da bu təklifə uyğun olaraq cibində olan mobil telefonu, pulqabını və alışqanı çıxarıb avtomobilin “kapotu”nun üzərinə qoymuş, sonra isə təqdim etdiyi pulqabını açıb içərisindən az miqdarda qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin o, polis əməkdaşlarına avtomobilə qoyduğu çantada da narkotik vasitə olduğunu bildirib avtomobilin arxa oturacağında olan həmin çantanı götürərək polis əməkdaşlarına təqdim etmiş, həmin çantanın içərisində isə narkotik vasitələr – qurudulmuş marixuana və metadon həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində və çantada aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını, üzərində aşkar olunan marixuananı bir müddət əvvəl Bakı şəhərində tanımadığı şəxsdən əldə edib istifadəsi üçün üzərində saxladığını, çantada olan narkotik vasitələri də bir nəfər tanımadığı şəxslə danışıb özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin o, polis əməkdaşlarına taksi sürücüsü şahid6 bu işlərdən məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış və avtomaşına baxış başa çatdıqlan sonra onun üzərindən və avtomaşından götürülmüş narkotik vasitələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, bundan sonra isə o, və şahid6 polis şöbəsinə aparılmışlar. Şöbədə verdiyi izahatında o, bildirmişdir ki, həmin gün narkotik vasitələri götürmək üçün gəlsə də, çantada olan narkotik vasitələrin növü və çəkiləri barədə onun dəqiq məlumatı olmamış, bu haqda ona zəng edən IIR-nın vətəndaşı da heç nə deməmiş, özü isə çantada sonuncudan istədiyi metamfetamin olmasını zənn etmiş, narkotik vasitələri özünün şəxsi istifadəsi üçün əldə edərək bunları kiməsə satmaq və ya vermək məqsədi izləməmiş, ümumiyyətlə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etsə də, onların satışı ilə məşğul olmamış, bununla bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir. Iş materiallarından görünür ki, oxşar ifadələri Məhkum həmçinin məhkəməyədək icraat dövründə də vermiş və birinci instansiya məhkəməsi bu ifadələrə əsaslanaraq onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmasının məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, maddi sübutlarla, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunduğunu göstərmiş, lakin məhkum olunmuş şəxsin ona qarşı irəli sürülmüş ittihamda, yoxsa verdiyi ifadələrdə göstərdiyi halların sübuta yetirilib-yetirilməməsinə aydınlıq gətirməmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticəyə heç bir qiymət verməmişdir. Bundan başqa, məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq Məhkum sərbəst verdiyi ifadələrə zidd olaraq bildirmişdir ki, ona zəng edən tanımadığı şəxs yalnız narkotik vasitələr olan bağlamanı götürməyi təklif etmiş, həmin bağlamada hansı narkotik vasitələrin və hansı miqdarda olması, eləcə də sonradan bağlamanın hansı qaydada istifadə olunması barədə heç nə deməmiş, o, isə bu işə pula və himayəsində üç azyaşlı uşaqlarının olmasına görə getmiş, çünki ona həmin işin görülməsi müqabilində pul verilməsi vəd edilmişdir. Bu cavablardan belə nəticə hasil olur ki, Məhkum maddi imkansızlığı səbəbindən hansısa məbləğdə pul müqabilində istintaqla şəxsiyyəti müəyyən edilməmiş Iran Islam Respublikasının vətəndaşı tərəfindən ona edilmiş təklifə əsasən külli miqdarda narkotik vasitələri gizlədilmiş yerdən götürməyə razılıq vermiş, lakin işə mahiyyəti üzrə baxan məhkəmələr iş üçün əhəmiyyətli olan bu xüsusata diqqət yetirməyərək bu xüsusat üzrə heç bir araşdırma aparmamış və nəzərə almamışlar ki, hər hansı əşyanı əldə edən şəxs bu əşyanı satan şəxsə özü hansısa məbləğdə pul vermək öhdəliyini götürür, əks halda isə, yəni götürülməli olan əşyaları, xüsusən də narkotik vasitələri və ya psixotrop maddələri aidiyyəti üzrə çatdırılması, başqa yerdə yerləşdirilməsi və ya bu kimi digər hərəkətlərin edilməsi müqabilində təklif irəli sürən şəxs həmin hərəkətlərə görə bu və ya digər məbləğdə pul verilməsini vəd edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən tam və hərtərəfli araşdırılmamış bu hallar həqiqətin müəyyən edilməsi və Məhkum törətdiyi əməllərin düzgün tövsif edilməsi üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Daha sonra, məhkəmə kollegiyası iş materiallarında olan və Məhkum guya tanımadığı şəxslə apardığı telefon danışıqları və yazışmaları haqda məlumatları da təhlil edərək onun həmin şəxslə təsadüfən - yalnız ## ###### 2025-ci il tarixdə tanış olması, sonuncunun birdən-birə ona külli miqdarda narkotik vasitələri götürməyi etibar etməsi, narkotik vasitələrin miqdarı barədə isə ona bildirməməsi barədə verdiyi ifadələrinin inandırıcı görünməməsi barədə nəticəyə gəlir. Belə ki, birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündə yalnız səthi şəkildə istinad olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə # ###### 2025-ci il tarixli qərarda ümumiyyətlə təhlili aparılmamış, lakin ibtidai araşdırma zamanı tərtib edilmiş həm sübutların qiymətləndirilməsi haqqında ## ##### 2025-ci il tarixli qərarda, həm də ittiham aktında ətraflı təsvir edilmiş Məhkum göstərilən şəxslə apardığı yazışmalardan görünür ki, elə Məhkum özünün ifadələrində istinad etdiyi Iran Islam Respublikasının mobil operatoruna məxsus telefon nömrəsindən hələ ## ###### 2025-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə zənglər edilmiş, o, həmin nömrədən zəng etmiş şəxslə məzmunu müəyyən edilməmiş telefon danışıqları aparmış (həmin danışıqlar sonradan silinmişdir), telefon yazışmaları apararkən isə guya təsadüfən tanış olduğu şəxsə “ürəyim”, “ay ürək”, “atam”, ”ömrüm”, “sənə qurban” deyərək müraciət etmiş, ## ###### 2025-ci il tarixdə saat 10.18-də həmin şəxsə “Salam, sabahın xeyir olsun. Nə oldu səndən bir xəbər çıxmadı” məzmunda SMS göndərmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu və sonradan aparılmış danışıqların məzmunu belə fikir yürütməyə əsas verir ki, Məhkum narkotik vasitələri götürməyi tapşırmış, lakin şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə onun arasında əvvəlcədən də hansısa zəmində etibarlı münasibətlər yaranmış və məhz bu münasibətlərə görə həmin şəxs Məhkum külli miqdarda (yazışmalarda da qeyd olunduğu kimi – 3 kq miqdarında) narkotik vasitələri gizlədilmiş yerdən götürməyi etibar etmiş, sonuncu isə bir saat ərzində onun kartına pul göndərməyi vəd etmişdir. Iş materiallarından göründüyü kimi, işə məhkəmələrdə baxılarkən təsvir edilən hallar üzrə lazımi araşdırma aparılmamış, eyni zamanda maddi imkanı zəif olmasını iddia edən Məhkum üzərində ## ###### 2025-ci i tarixdə şəxsi axtarış aparılarkən digər əşyalarla yanaşı, ona məxsus pul qabında aşkar edilmiş 428 manat məbləğində pulun da mənbəyi və ya təyinatı barədə lazımi suallar verilməyərək bu məsələ də aydınlaşdırılmamışdır. Xüsusən məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrində yalnız psixotrop maddə olan metamfetamindən və qurudulmuş marixuana istisna olmaqla digər narkotik vasitələrdən, məhkəmə iclasında isə - həm də qurudulmuş marixuanadan istifadə etdiyini bildirsə də, onun üzərindən aşkar edilərək götürülmüş və məhkəmə bioloji ekspertizasının # ###### 2025-ci il tarixli **/** saylı rəyinə əsasən orqanoleptik əlamətlərinə görə təqdim etdiyi bağlamada yerləşdirilmiş qurudulmuş marixuana ilə eyni tərkibli olan 0,38 qram çəkidə həmin növdə narkotik vasitəni bir ay müddətində hansı səbəbdən istifadə etməyərək üzərində gəzdirməsi, habelə onun məhkəmə iclasında verdiyi ifadələrinin məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyi ilə (həmin rəyə görə Məhkum yalnız opioidlərin və psixostimuləyotrların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və onun kannaboidlərə aid olan qurudulmuş marixuanadan istifadə etməsi nəticəsində də narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilməmişdir) ziddiyyət təşkil etməsi araşdırılmamış, onun törətdiyi əməllərinə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bu hallara da qiymət verilməyərək mövcud ziddiyyətlər aradan qaldırılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətlərinə malik olan orqana ünvanlanan sorğuya verilmiş ## ##### 2025-ci il tarixli *-**-**/*-**** saylı cavabdan görünür ki, həmin cavabda işin müəyyən edilmiş faktiki halları təsvir edilərək keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, ## ###### 2025-ci il tarixdə ondan aşkar edilərək götürülmüş narkotik vasitələrin onun tərəfindən satış məqsədilə əldə edib saxlaması və daşıması, lakin həmin narkotik vasitəni əldə edəcək şəxslərin müəyyən edilmədiyi göstərilmişdir. Iş materiallarından və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, birinci instansiya məhkəməsində araşdırma aparılarkən məhkəmə həmin cavabı yalnız elan etməklə kifayətlənmiş, hökmdə sadəcə olaraq həmin cavaba istinad etmiş, istər həmin məhkəmə, istərsə də apellyasiya instansiyası məhkəməsi isə cavabda göstərilən xüsusatlarla bağlı zəruri olan sübutları tam və hərtərəfli tədqiq etməmişlər. Hərçənd, həmin sənəddə göstərildiyi kimi, Məhkum həqiqətən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi, yəni Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən iş üzrə həqiqətin müəyyən edilməsi də onun üzərindən aşkar edilərək götürülmüş külli miqdarlarda narkotik vasitəni və psixotrop maddəni əldə edərkən və üzərində saxlayaraq daşıyarkən həmin vasitə və maddəni satmaq niyyətində olub-olmaması, nəticə etibarı ilə isə - əməlinin düzgün tövsif edilməsi üçün zəruri olmuşdur. Iş materiallarının və qəbul edilmiş yekun məhkəmə aktlarının təhlili göstərir ki, Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı gəldikləri nəticə yalnız sonuncunun verdiyi ifadələrinə əsaslanmış, hazırkı qərarda təsvir edilmiş hallar üzrə müvafiq sübutlar tam, hərtərəfli obyektiv tədqiq edilməyərək məhkəmələr tərəfindən həqiqətin müəyyən edilməsi istiqamətində lazımi tədbirlər görülməmiş və bu çatışmazlıqların fonunda məhkəmələr Məhkum əməllərinin hüquqi tövsifi məsələsində ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli nəticəyə gəlmişlər. Ən əsası isə məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin məzmununa uyğun eyni dəlillər həm də birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya protestində də irəli sürülmüş, lakin həmin protestə baxan apellyasiya instansiyası məhkəməsi bu dəlillərin heç birinə əsaslandırılmış və inandırıcı şəkildə cavablar verməmiş, qəbul etdiyi qərarında isə məhkum olunmuş şəxsin verdiyi ifadələrinə, birinci instansiya məhkəməsinin məhkəmə iclasında natamam araşdırılmış sübutlara və normativ və qeyri-normativ aktlara istinad etməklə kifayətlənib Məhkum törətdiyi cinayət əməllərinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi və ona elan olunmuş ittihamdan CM-in 234.4.2-ci maddəsinin xaric edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını qeyd etmiş, digər tərəfdən isə Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin müxtəlif növlərdə və külli miqdarlarda olmasına, onların ayrı-ayrılıqda sellofan bükümlərə qablaşdırılmasına qiymət verilməmiş, həmin narkotik vasitələri təkcə satışını həyata keçirmək deyil, həm də başqa üsullarla yayılması məqsədi izləyib-izləməməsi üzrə lazımi araşdırma aparılmamışdır. Hərçənd, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha görə, ## #### 2005-ci il tarixli Qanunda “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Plenum Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə iş üzrə heç bir araşdırma aparılmaması və toplanmış sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verilməməsi, digər tərəfdən isə - ## ######## 2025-ci il tarixli hökmdən verilmiş apellyasiya protestinin dəlillərinə faktiki olaraq cavab verilməməsi ilə bağlı qeyd edir ki, həm Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeləri və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələr ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm və digər yekun qərarla yanaşı, həmçinin apellyasiya və kassasiya müraciətlərinə baxan yuxarı instansiya məhkəmələrinin də yekun məhkəmə aktları müvafiq sübutlar vasitəsilə və maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalı, həmin aktlarda məhkəmələrə ünvanlanmış belə müraciətlərin bütün dəlillərinə inandırıcı cavablar verilməli, bunun üçün zərurət yarandıqda apellyasiya instansiyası məhkəməsi sübutların təkrarən tam və ya qismən tədqiqindən və qanunamüvafiq qaydada qiymətləndirməsindən imtina etməməli, qəbul olunmuş aktlar üzrə məhkəmələrin gəldikləri nəticələr isə heç bir şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yalnız belə olduqda ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan yekun məhkəmə aktı bu tələblərə, hüquqi mövqeyə və izah və tövsiyələrə uyğun olan və həmin hüququ təmin edən akt kimi səciyyələndirilə bilər. Hazırkı iş üzrə apellyasiya icraatına aid materiallardan və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərardan həmin məhkəmənin yuxarıda təsvir edilmiş tələblərə, hüquqi mövqeyə və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmiş izah və tövsiyələrə uyğun olması görünmür. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik və onun əməlinin hüquqi tövsif məsələlərini həll edərkən sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə əməl etməmiş, onun cinayət əməllərinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən isə öz mövqeyini kifayət qədər əsaslandırmamış, hökmdən verilmiş apellyasiya protestinin dəlillərinə də əsaslandırılmış və inandırıcı cavablar verməmiş, nəticə etibarı ilə isə, kassasiya protestində iddia olunduğu kimi, CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu pozuntularla qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı qüvvədə saxlanıla bilməz və buna görə də kassasiya protestinin dəlilləri qəbul edilən sayılaraq həmin protest təmin edilməklə göstərilən qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.Imranovun, kassasiya protestinin təmin edilməməsi barədə isə məhkum Məhkum çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti təmin edilməklə hazırkı cinayət işi üzrə Məhkum CMin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona elan olunmuş ittihamdan CM-in 234.4.2-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona elan olunmuş ittihamdan CM-in 234.4.2-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(1-8)-167/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-167/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver