Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-169/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov Ilkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 1(124)-675/2024 nömrəli (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə ##.##.1985-cu ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 6-ünvanında qeydiyyatda olmaqla, “xxxx” MTK-2, mənzil x ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, onun 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 9 mart 2024-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli 1(105)-153/2025 nömrəli (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 9 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr və narkotik vasitələrin siyahısına» daxil olan bir bükümdə 2,388 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 60 manat müqabilində əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsində daşımış, 9 mart 2024-cü il tarixdə saat 21:30 radələrində Abşeron RPI-nin Saray PB-nin əməkdaşları tərəfindən o, Bakı- Sumqayıt yolunun, Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” Yanacaq doldurma məntəqəsinin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPI-in Saray PB-ə gətirilmiş və polis bölməsinin inzibati binasında üzərində saat 23:05 dəqiqədən saat 23:20radəllərinədək olan müddət ərzində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 2,388 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşkar olunmuş narkotik vasitəni işgəncə və digər təsir vasitələrindən sonra məcbur olaraq öz üzərinə götürmüş, məhkəmələrə dəfələrlə anten məlumatlarının əldə edilməsi barədə vermiş olduğu vəsatətlər nəticəsiz qalmışdır. Halbuki bu məlumatlar əsasında şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrin yalan olması aşkar ediləcəkdi. Məhkəmələr tərəfindən sübutlar və faktlar araşdırılmadan barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025ci il tarixli qərarının ləğv edilərək, cinayət işinə xitam verilməsini və ya cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, yaşlı anası olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143- 146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPMin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının qərarın dəyişdirilmədən saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Qeyd edilənlərin əksinə iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə məhkəməyədək istintaq dövründə verdiyi ilkin izahatı və ifadələri, şahid qismində dindirilmiş şahid2 və şahid1 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 9 mart 2024-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, məhkəmə kimyəvi ekspertizasının 10 mart 2024-cü il tarixli */**** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2024-cü il tarixli **** nömrəli rəyi, maddi sübutlar, istintaq hərəkətlərinə dair protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkum kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə ona istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “fiziki təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən kassasiya şikayətində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı guya təzyiqə məruz qalması barədə dəlillər əsassız hesab edilir. Belə ki, cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarından görünür ki, Məhkum barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, vəsatətin təmin edilməməsini xahiş etmişdir. Yəni, Məhkum qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında da törətmiş olduğu cinayət əməli üzrə özünü tam təqsirli bilmiş, həmin mərhələdə də, hər hansı təzyiq və ya qeyri-qanuni təsir barədə məhkəməyə məlumat verməmişdir. Əgər belə hallar mövcud olsaydı, onların həmin vaxt bildirilməsi üçün real və prosessual imkan mövcud olmuşdur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkum məhkəmədə ifadələri arasındakı ziddiyyəti qorxu ilə əlaqələndirsə də, guya ona göstərilmiş təsirin konkret nədən ibarət olduğunu əsaslandıra bilməmiş, eyni zamanda ona qarşı fiziki və ya psixoloji təzyiq göstərildiyini barəsində həbs qətimkan tədbiri seçilən zaman bildirməmişdir. Belə olan halda, müdafiə tərəfinin ümumi və sübutsuz iddiaları ibtidai istintaq zamanı verilmiş ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsi üçün əsas yarada bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə, ifadənin zor tətbiq edilməklə alınmasına dair iddia konkret faktlar və sübutlarla əsaslandırılmalıdır. Iş üzrə isə belə sübutlar mövcud deyildir. Əksinə, istintaq hərəkətlərinin protokolları, videoçəkiliş materialları və digər sübutlar ifadələrin qanuni qaydada və könüllü verildiyini təsdiq edir. Bu səbəbdən kassasiya şikayətində Məhkum təzyiqə məruz qalması barədə irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmadığından əsassız hesab edilir və həmin arqumentlər kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı cəza təyininə aid hissədə dəyişdirilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CMin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında daha yüngül və alternativ cəzalar olduğu halda, niyə məhz daha ağır cəza tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini və şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunan cinayət-hüquqi normalarına istinadən baxılan işin müvafiq materiallarını müqayisəli şəkildə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halın kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olduğu müəyyən edilir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə aldığını qeyd edərək, həmin halları məhkuma cəza təyini zamanı nəzərə almasını öz hökmündə formal surətdə göstərmiş, lakin həmin halları nəzərə alınmasına dair ümumiyyətlə heç bir əsaslandırma aparmamışdır. Apellyasiya məhkəməsi kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin BƏSII-nin təqdim etdiyi tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Kassasiya instansiyası məhkəməsi iş materiallarını və tətbiq edilmiş cəzanın qanunauyğunluğunu yoxlayaraq belə qənaətə gəlir ki, aşağı instansiya məhkəməsi tərəfindən təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası formal olaraq CM-in 234.1-1ci maddəsinin sanksiyası daxilində olsa da, fərdiləşdirmə prinsiplərinə tam uyğun hesab edilə bilməz. Belə ki, qeyd olunan tələbnaməyə əsasən Məhkum əvvəllər məhkum olunmamış, bu hal isə onun şəxsiyyətini səciyyələndirən mühüm amil kimi qiymətləndirilməli və cəzanın təyin olunması zamanı nəzərə alınmalı idi. Eyni zamanda iş materiallarında onun əməlini ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsində məqsəd yalnız cəzalandırma deyil, həm də şəxsin islah olunması və gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bu baxımdan, əvvəllər məhkum olunmamış və əməlində ağırlaşdırıcı hallar olmayan şəxsə sanksiyanın orta həddinə yaxın cəzanın təyin edilməsi ədalət və fərdiləşdirmə prinsipləri ilə tam uzlaşmır. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum Məhkum daha aşağı həddə cəza təyin edilə bilmə imkanına malik olduğu halda, ona daha ağır cəza müddətinin təyin olunması ilə cəzanın məqsədini təmin etməsini əsaslandırmamış, bununla da CM-in 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmişlər. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı, kassasiya şikayəti ilə mübahisələndirilən məsələ ilə əlaqədar aşağıdakıları da qeyd etməklə diqqəti kassasiya icraatının məqsədlərinə cəlb etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhkumun kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəalardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınmamasında ifadə olunan aşağı instansiya məhkəmələrinin yol verdikləri pozuntu mühüm əhəmiyyətli olmaqla cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza kimi qiymətləndirilməsi üçün əsas yaratmalıdır. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifəsinin lazımınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq (kassasiya müraciətində məhkumun vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və apellyasiya baxışının təkrarlanması üçün işin həmin instansiyaya qaytarılmasına bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayət-prosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qaldırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. O da nəzərdən qaçırılmamalıdır ki, cinayət prosesi çəkişməli xarakterlidir və hakimlər ittiham və müdafiə tərəflərinin məhkəmə baxışının predmetini təşkil edən məsələlər, o cümlədən cəzanın təyini məsələsi üzrə dəlillərini bərabər şərtlər əsasında nəzərdən keçirməklə qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə nəticəyə gəlirlər (CPM, maddələr 32, 145). Odur ki, çəkişməli xarakterli cinayət prosesində məhkəmənin gəldiyi nəticənin çəkişən tərəflərin birinin və yaxud hər ikisinin təklifləri ilə üst-üstə düşməməsinə təbii hal kimi baxılmalı və cinayət prosesi tərəfinin hüququn tətbiqi üzrə fundamental pozuntuya yol verilməsi barədə məsələ qaldırmayan, müstəsna olaraq fərqli mövqeyin (prosessual mənafeyin) müdafiəsi üçün verdiyi kasassiya şikayəti və yaxud kassasiya protesti qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsinə və apellyasiya baxışının (müvafiq olaraq da həmin instansiyada cinayət təqibinin) təkrarlanmasına əsas yaratmayan müraciət kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol vermiş, məhkum Məhkum daha aşağı həddə cəza təyin edilə bilmə imkanına malik olduğu halda, ona daha ağır cəza müddətinin (“açıq-aydın” ağır cəza) təyin olunması ilə cəzanın məqsədini təmin etməsini əsaslandırmamış, bununla da CM-in 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmişlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəza, yəni 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası yuxarıda qeyd edilən normaların tələblərinə zidd olduğuna görə dəyişdirilməli və həmin maddənin sanksiyası çərçivəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirmənin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-169/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-169/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver