Məhkəmə qərarları › İş №1(1-8)-17/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-17/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-17/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarovun və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2025-ci il tarixli 1(103)- 1935/2025 nömrəli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahirə Kərimova (sədrlik edən və məruzəçi), Fəxri Məmmədov və Anar Sadıqov) 25 avqust 2025-ci il tarixli 1(101)-602/2025 nömrəli hökmü ilə 14 yanvar 1987-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində az yaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, döngə 5, ev 21 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış İsayev Əli Vahid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə İsayev Əli Vahid oğlu barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə qismən birləşdirilərək, qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən İsayev Əli Vahid oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,802 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamışdır. Belə ki, İsayev Əli Vahid oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,802 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvansız fərdi yaşayış evin qarşısına qədər daşımış, 23 may 2024-cü il tarixdə saat 18:50-də Sabunçu RPİ 12-ci PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 199 ünvanda yerləşən Sabunçu Rayon Polis İdarəsinə gətirilmişdir. Sabunçu Rayon Polis İdarəsində İsayev Əli Vahid oğlunun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 7,802 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 28 oktyabr 2025-ci il tarixli 1(103)-1935/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 1(101)-602/2025 nömrəli hökmü dəyişdirilmiş, məhkum Ə.V.İsayev Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə Ə.V.İsayev barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə qismən birləşdirilərək, ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protesti və İsayev Əli Vahid oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2025-ci il tarixli 1(103)- 1935/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişlər. Belə ki, təqsirləndirilən şəxs İsayev Əli Vahid oğlunun istintaq zamanı, verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ziddiyyət təşkil etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilməli olduğu halda məhkəmə qeyd edilən bu xüsusatı düzgün dəyərləndirməməklə səhv mövqe sərgiləmiş və bu da təqsirləndirilən şəxsin əməlini cinayət qanununun daha yüngül cinayət məsuliyyəti nəzərdə tutmuş maddəsi ilə tövsif etməklə barəsində əsassız hökmün çıxarılması ilə nəticələnmişdir. Kassator hesab edir ki, işin halları və iş üzrə toplanmış sübutlar məhkum Əli İsayevin üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsinə dair qənaətinə gəlməyə əsas verir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası İsayev Əli Vahid oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 5 il 6 aydan 4 il 6 ay endirərkən də kobud qanun normasının pozuntusuna yol vermişdir. Belə ki, Bakı Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, İsayev X2 Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət törətmiş və əməlində cinayətlərin təhlükəli residivi mövcud olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, nəticələrini, törədilməsi hallarını, şəraitini, məhkumun şəxsiyyətini nəzərə almamış, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cu maddələrinin tələblərini pozmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-cı il tarixli qərarını, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, nəticədə də İsayev Əli Vahid oğluna yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti cəza ilə bağlı hissədə təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuzluğu ilə əlaqədar iki dəlil irəli sürülmüşdür. Birinci dəlil ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərkən cinayət qanununu düzgün tətbiq etməmişdir. Kassatorun fikrincə, işin hallarına görə əldə edilmiş psixotrop maddə olan metamfetaminin 7,802 qram miqdarda olması, yəni xeyli miqdarın aşağı həddindən 52 dəfə, külli miqdarın aşağı həddindən isə 4 dəfə artıq olması, məhkumun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edir. İkinci dəlil isə məhkumun əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edildiyi təqdirdə belə, ona apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayət qanununun ümumi əsaslarını müəyyən edən normaların tələblərinə uyğun olmaması, cəzanın həddindən artıq yüngül təyin edilməsi və törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya protestinin birinci dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün şəxsin külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi, daşıması və ya göndərməsi müəyyən edilməlidir. Satış məqsədi həmin cinayət tərkibinin zəruri subyektiv əlaməti olub, yalnız narkotik vasitənin və ya psixotrop maddənin miqdarı ilə deyil, işin bütün halları və bu məqsədi təsdiq edən sübutların məcmusu ilə müəyyən olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlində satış məqsədinin olub-olmaması məsələsi iş üzrə toplanmış sübutların məcmusu əsasında qiymətləndirilməlidir. Kassasiya protestinin ikinci dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına təsiri nəzərə alınmalıdır. Odur ki, kassasiya protestinin hər iki dəlilinin əsaslılığı iş üzrə sübutların məzmunu, məhkumun əməlində satış məqsədini təsdiq edən halların mövcudluğu və apellyasiya instansiyası məhkəməsinin cəza təyini zamanı cinayət qanununun tələblərinə əməl edibetməməsi baxımından ayrıca qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından görünür ki, həmin maddələrdə nəzərdə tutulmuş əməlləri (əgər bu əməl narkotik vasitənin və ya psixotrop maddənin satışında ifadə olunmayıbsa) bir-birindən fərqləndirən əsas əlamət cinayətin törədilmə məqsədidir. Belə ki, narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması hallarında əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilir. Bu cür məqsəd müəyyən edilmədikdə isə həmin əməl CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd edilən hüquq normalarından aydın olur ki, narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda qanunsuz olaraq əldə edilməsi və saxlanılması halında əməl yalnız o zaman Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilə bilər ki, həmin hərəkətlərin satış məqsədi ilə törədildiyi sübutlarla müəyyən edilsin. Belə məqsədin mövcudluğu sübuta yetirilmədikdə isə şəxsin əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və cinayət işi üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, hazırkı cinayət işi üzrə İsayev Əli Vahid oğlunun ona istinad edilən 7,802 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması iş üzrə mötəbər, kifayət edən və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və ya saxlaması müəyyən edilməlidir. Satış məqsədi həmin cinayət tərkibinin zəruri əlaməti olmaqla, onun mövcudluğu yalnız aşkar edilmiş maddənin miqdarı ilə deyil, şəxsin niyyətini təsdiq edən digər obyektiv halların və sübutların məcmusu əsasında müəyyən edilməlidir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, istintaq orqanı tərəfindən İsayev Əli Vahid oğlunun psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı alıcı ilə əlaqəsinin olması, psixotrop maddənin satışı barədə razılaşmalar aparması, həmin maddənin satış üçün qablaşdırılması, çəkilməsi və ya bölüşdürülməsi məqsədilə istifadə olunan avadanlıqların aşkar edilməsi, eləcə də satış fəaliyyətinə dəlalət edən digər halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İsayev Əli Vahid oğlundan aşkar olunmuş 7,802 qram metamfetaminin miqdarı özü-özlüyündə onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Cinayətprosessual qanunvericiliyinin tələblərinə görə şəxsin təqsirliliyi ehtimallara deyil, mötəbər və yolverilən sübutlara əsaslanmalıdır. Satış məqsədinin mövcudluğu barədə aradan qaldırılması mümkün olmayan şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar İsayev Əli Vahid oğlunun psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq etmədiyindən, onun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin zəruri tərkib əlaməti olan “satış məqsədi” sübuta yetirilməmişdir. Bu səbəbdən həmin əməlin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır. Kassasiya protestinin digər dəlili isə məhkum İsayev Əli Vahid oğluna Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təyin olunmuş cəzasının qanunsuz və əsassız olmasıdır. Belə ki, kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi bunun üçün əsaslar olmadan CM-in 65.3-cü maddəsinə istinad etməklə, birinci instansiya məhkəməsi tərəfindən məhkuma CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müddətinin 4 il 6 ayadək azaltmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə aşağıda göstərilən əsaslara görə razılaşır. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58-ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayəthüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Cinayət işinin materiallarına əsasən İsayev X2 Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 7 ay 16 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi İsayev Əli Vahid oğlu qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və həmin məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayəti törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təhlükəli residivi mövcud olduğundan, CM-in 65.2-ci maddəsinin tələblərinə görə məhkuma təyin oluna biləcək azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 5 il 4 ay təşkil edir. CM-in 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət əzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən ikinci qaydaya görə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunan halların müəyyən edilməsi səbəbindən şəxsin barəsində cəzanın məhz bu hallara (CM-in 62-ci maddəsinə) müvafiq olaraq təyin edilməsi (bir tərəfdən müstəsna halların, digər tərəfdən residivin olması kimi toqquşan xüsusatların rəqabətini birincinin xeyrinə həll etməsi) haqqında nəticəyə gələrsə, artıq təqsirkara Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən tələbləri nəzərə almadan cəza təyin edir. Yəni bu halda məhkəmə Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərildiyi kimi yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növündə və bu cəzanın dörddə üçü (xüsusi təhlükəli residivə görə) və yaxud üçdə ikisi (təhlükəli residivə görə), və yaxud yarısı (residivə görə) həddində deyil, maddənin sanksiyasında nəzərdə tutulmuş istənilən daha yüngül növ cəzanı və yaxud həmin maddənin sanksiyası daxilində lakin, CM-in 65.2-ci maddəsində qeyd olunan hədlərdən aşağı həddə, habelə Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərildiyi kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edə bilər. Bütün hallarda Cinayət-Prosessual Məcəllənin 353.2-ci maddəsinə müvafiq olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən qaydaya əsasən (CM-in 65.2-ci maddəsində göstərilən imperativ tələbləri nəzərə almadan) cəza təyin etməsi, o cümlədən CM-in 62-ci maddəsi ilə ehtiva olunan halların mövcud olması müvafiq surətdə əsaslandırılmalıdır. Hökmün nəticəvi hissəsində isə cəzanın təyin edilməsi üzrə qərarda (müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edildiyi hallarda) Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə istinad etmək tələb olunmur və yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza Azərbaycan Respublikası CM-in 65.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş hədlər tətbiq edilmədən təyin edilərkən hökmün nəticəvi hissəsində CM-in 62-ci maddəsinə istinad olunması tələb edilmir. Lakin bu, məhkəməni belə qərarın əsaslandırılması vəzifəsindən azad etmir. Əksinə, məhkəmə CM-in 65.3-cü maddəsini tətbiq etməklə cəzanı təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində, lakin CM-in 65.2-ci maddəsində nəzərdə tutulan minimum həddən aşağı müəyyən etdikdə, buna əsas verən müstəsna halların və cəzanı yüngülləşdirən halların mövcudluğunu, onların xarakterini və cəzanın fərdiləşdirilməsinə təsirini hökmün təsviriəsaslandırıcı hissəsində ətraflı göstərməli və əsaslandırmalıdır. Başqa sözlə, belə hallarda hökmün nəticəvi hissəsində CM-in 62-ci maddəsinə istinad edilməməsi mümkün olsa da, mahiyyət etibarilə həmin maddənin tətbiqini şərtləndirən halların mövcudluğu və onların cəzanın təyin edilməsinə təsiri məhkəmə tərəfindən əsaslandırılmalı, qəbul edilmiş qərarın motivləri aydın şəkildə göstərilməlidir. Əks yanaşma cəzanın təyin edilməsinin qanuniliyinin və əsaslılığının yoxlanılmasını mümkünsüz edər və məhkəmə qərarının əsaslandırılması ilə bağlı cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmaz. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsində qeyd olunur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 65.3-cü maddəsi məhkəməyə cinayətlərin residivi, təhlükəli residiv və ya xüsusi təhlükəli residiv hallarında cəzanı CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş minimum həddən aşağı təyin etmək imkanı versə də, həmin normanın tətbiqi avtomatik xarakter daşımır və hər bir konkret halda əsaslandırılmalıdır. Belə ki, cinayət qanununun yuxarıda göstərilən müddəalarından və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən irəli gəlir ki, məhkəmə residiv hallarında CM-in 65.3-cü maddəsini tətbiq edərək cəzanı CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş həddən aşağı müəyyən etdikdə, hökmün və ya qərarın təsviriəsaslandırıcı hissəsində belə qərarı şərtləndirən, mahiyyət etibarilə CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların mövcudluğunu göstərməli və onları əsaslandırmalıdır. Əks halda, cəzanın residivə görə qanunla müəyyən edilmiş həddən aşağı təyin edilməsinin səbəbləri aydın olmur və qəbul edilmiş qərarın qanuniliyi yoxlanıla bilmir. Hazırkı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum İsayev Əli Vahid oğluna Azərbaycan Respublikası CM-in 65.3-cü maddəsini tətbiq edərkən onun himayəsində bir azyaşlı uşağın olmasını və Hepatit xəstəliyindən əziyyət çəkməsini cəzanın yüngülləşdirilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində sadalanan konkret hallarla yanaşı, həmin normanın tətbiqi üçün əsas ola biləcək digər halların da nəzərə alınması istisna edilməmişdir. Lakin qanunverici belə halların nəzərə alınmasını onların sadəcə mövcudluğu ilə deyil, törədilmiş cinayətin ictimai təhlükəliliyini və ya təqsirkarın şəxsiyyətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltması ilə şərtləndirmişdir. Bir azyaşlı uşağın himayədə olması və ya şəxsin müəyyən xəstəlikdən əziyyət çəkməsi, şübhəsiz ki, cəza təyin edilərkən nəzərə alınmalı olan hallar sırasına aid edilə bilər. Lakin həmin hallar özlüyündə və avtomatik qaydada müstəsna hal hesab edilə bilməz. Bu halların CM-in 62.1-ci maddəsinin mənasında müstəsna hal kimi qiymətləndirilməsi üçün onların konkret cinayətin ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyətli təsir göstərməsi, yaxud təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltması əsaslandırılmalıdır. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi məhkumun himayəsində bir azyaşlı uşağın olmasının və Hepatit xəstəliyindən əziyyət çəkməsinin onun törətdiyi cinayətin ictimai təhlükəliliyini hansı səbəblərdən və nə dərəcədə azaltdığını göstərməmiş, həmin halların müstəsna xarakter daşımasına dair hər hansı inandırıcı hüquqi əsaslandırma verməmişdir. Nəzərə alınmalıdır ki, İsayev Əli Vahid oğlu satış məqsədi olmadan külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanılmasına görə təqsirli bilinmiş, eyni zamanda onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə olan halda məhkumun ailə vəziyyəti və sağlamlıq durumu ilə bağlı göstərilən hallar törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmağa kifayət edən müstəsna hallar kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CM-in 65.3-cü maddəsini tətbiq edərkən həmin normanın tətbiqinin zəruriliyini əsaslandırmamış, cəzanın fərdiləşdirilməsi ilə bağlı cinayət qanununun tələblərinə əməl etməmiş və nəticədə cinayət qanununu düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin cəzanın yüngülləşdirilməsinə dair nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normaların tələblərinə pozmuş və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin bu barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əməlində cinayətlərin təhlükəli residivi olan məhkum İsayev Əli Vahid oğluna cəzanın CM-in 65.3-cü maddəsinə əsasən təyin edilməsi əsaslandırılmış və qanuna uyğun hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin cəza təyin edilməsi ilə əlaqədar dəlilləri əsaslı olduğundan protest təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum İsayev Əli Vahid oğlunun haqqında 28 oktyabr 2025-ci il tarixli 1(103)-1935/2025 nömrəli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin məhkəmənin qərarının qanuni və əsaslı olması tələbindən çıxış edərək hesab edir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə işin halları tam, hərtərəfli və obyektiv araşdırmasını təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İsayev Əli Vahid oğlunun hər hansı bir konkret şəxsdən psixotrop maddəni alması və ya hər hansı şəxsə həmin psixotrop maddəni satması barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Ona qarşı qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddənin əldə edilməsi və saxlanılması barədə ittiham yalnız maddi sübuta, yəni onun saxlayarkən üzərində şəxsi keçirilən axtarış zamanı 7,802 qram psixotrop maddənin aşkar edilməsi faktına əsaslanır. İstintaq orqanı İsayev Əli Vahid oğlunun təqsirliliyini əsaslandırmaq üçün onun ibtidai istintaq zamanı verdiyi etiraf xarakterli ifadələrə və üzərində şəxsi axtarış aparılması barədə protokola istinad etmişdir. Belə ki, İsayev Əli Vahid oğlu şübhəli şəxs qismində tutulduğu vaxtda və ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, üstündən aşkar edilmiş psixotrop maddə ona məxsusdur, bir gün əvvəl – 22 may 2024-cü il tarixdə şəxsi istifadəsi üçün Şirvan şəhərində əldə edib üzərində saxlayaraq Bakı şəhərinə gəlmişdir. Həmçinin, İsayev Əli Vahid oğlunun üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və İsayev Əli Vahid oğlunun üzərindən bir bükümdə 7,802 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən istintaq hərəkətinin yerinə yetirilməsi vaxtı da İsayev Əli Vahid oğlu psixotrop maddə metamfetaminin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Yuxarıda qeyd edilən istintaq hərəkətlərindən sonra onların əsasında digər sübutlar toplanmış - şahid qismində polis əməkdaşları dindirilmiş, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaları keçirilmiş və cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı İsayev Əli Vahid oğlu təqsirini etiraf etməmiş və təhqiqat aparıldığı zamanı və ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrin Sabunçu RPİ-də ona zor tətbiq edilməsi nəticəsində alındığını qeyd etmişdir. Belə ki, həm ibtidai istintaqın sonrakı mərhələsində, həm məhkəmə istintaqı zamanı İsayev Əli Vahid oğlu ifadəsində bildirmidir ki, 22 may 2024-cü il tarixdə mağazaya gedəndə üç nəfər mülki formada polis əməkdaşı ona hücum etmiş, avtomaşına otuzdurmaq istəmişlər. Həmin vaxt onlardan biri onun əynində olan şalvarın cibinə «mal» qoymaq istədiyini görmüşdür. O, sonuncunun əlindən tutmuş və əlini cibindən çəkməsini bildirmişdir. Polis əməkdaşlarının ondan əl çəkmədiklərini görüb, üzərində olan ülgüc ilə sağ qolunun damarlarını kəsmiş, bundan sonra polis əməkdaşları onu buraxmışlar. Bütün bunları videogörüntüsünü Mehman Əliyev qıraqdan çəkmişdir. O, evə gəlmişdir, Mehman da onun arxası ilə gəlmişdir. Polis əməkdaşları həyətlərinə gəlib daxil olmuşlar, o, həmin vaxtı qonşunun həyətinə keçmişdir. Həyətə girəndə anası polis əməkdaşlarından niyə oğlunu tutmaq istədiklərini soruşduqda, anasına heç nə istəmədiklərini, videonun silinməsini istədiklərini demişlər. Videogörüntünü də Mehman videonu silə bilərlər deyə götürüb kiməsə saxlaması üçün atmışdır. Mehmanın videogörüntüləri atdığı adam videogörüntüləri özbaşına götürüb sosial şəbəkələrə atmışdır. Onun avtomobilin yanında özünü kəsdiyi hal sosial şəbəkələrdə yayılmışdır. O, onu yükləyəcəklərini bilirdi. Səhərə yaxın Mehmanla Bakıya yola düşmüşlər. Sabunçu rayonunda xalası qalırdı, onlar ora getmişlər. Bəhruz adında polis əməkdaşı Mehmana zəng edib videogörüntüləri sildikdən sonra onlarla işlərinin olmadığını bildirmişdir. Mehman da sonuncuya videogörüntünün atmadığını, kiməsə atdığını, həmin adamın da özbaşına videonu sosial şəbəkələrə atmasını, sosial şəbəkələrə atıldığına görə silinməsi mümkün olmadığını demişdir. Bakıda xalasıgildə qalmışdır. Çox qan itirdiyindən təzyiqi aşağı düşdüyünə görə halı yox idi. Damar kəsildiyinə görə qan dayanmırdı. Onlar üstlərinə mal qoymamaqları üçün Daxili İşlər Nazirliyinə videoçəkilişlə getməklərini fikirləşmişlər. Xalası oğlu Nicat gedib dükandan siqaret alıb qayıdacağını bildirmişdir. Nicat getmiş, amma geri gəlməmiş, anası çölə çıxanda qonşular Nicatın polis əməkdaşları tərəfindən avtomobilə qoyub aparıldıqlarını gördüklərini demişlər. Onlar polis əməkdaşlarının onların arxasınca evə gələcəklərini bilərək çıxıb qonşu həyətinə girmişlər. Onlar özləri gedib şikayətlərini bildirmək istəmişlər. Onlar qonşunun həyətində çənin arxasında gizlənmişlər. Polis əməkdaşlarından biri onları çənin arxasında tapmışdır. Onları tutub Sabunçu bölməsinə gətirib orda da onları döymüşlər. Vəziyyətinin pis olduğunu gördükdə təcili yardımı çağırdılar. Təcili yardım onun xəsarətlərini görüb onu xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Polis əməkdaşları özləri onu Sabunçu xəstəxanasına, sonra Travmatologiya İnstitutuna aparmışlar. Orada ona yardım göstərmiş, sonra onu Sabunçuya bölməyə gətirmişlər. Orda sağ əlində xəsarət olduğuna görə malı sol cibinə qoymağını demişlər və biri də çəkiliş etmişdir. O, buna razı olmamış, buna görə özünü doğradığını bildirəndə, yuxarıdan tapşırıq aldığını bildirərək onu təzədən döyərək vəkildən imtina etdiyi barədə ərizə yazmağını tələb etmişlər. Döyüldüyünə görə vəkildən imtina etməyi barədə ərizəyə qol çəkmişdir. Vəkil videoçəkiliş olandan sonra gəlmişdir. Polis əməkdaşları ona vəkilə döyülməyi barədə dediyində onu öldürəcəklərini, yuxarıdan tapşırıq olduğunu deyərək hədə-qorxu gəlmişlər. Vəkil vəziyyətini soruşanda ona bilmədiyini demişdir, polis əməkdaşlarının yanında onu yüklədiklərini deyə bilməmişdir. İş təhqiqatda idi, səhərisi gün müstəntiq gəlmişdir. Müstəntiq qol çəkməyini deyəndə, o, yükləndiyini və qol çəkmədiyini sonuncuya bildirərək yenə vəkil tələb etmiş, vəkil gətirməmişlər. Müstəniq çıxandan sonra bütün BNMİ-nin əməkdaşları şöbəyə girib onun qol çəkmədiyinə görə yenə onu yumruq, təpiklə döyməyə, qol çəkməsə gecə onu öldürəcəkləri ilə hədələməyə başlamışlar. Məcbur olub bütün kağızlara qol çəkmişdir. Prokurorun yanına gətiriləndə döyüldüyünü demişdir, xəsarətlərini göstərəndən sonra ekspertizanın təyin edilməsini, ekspertlərin xəsarətlərinə baxılmasını xahiş etmişdir. Prokuror ekspertiza təyin etməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahidlər G.A.İsayeva, G.A.İsmayılova, R.Ç.Şirəliyev və N.C.İsmayılov öz ifadələrində məhkum İsayev Əli Vahid oğlunun ifadəsinin onun Bakı şəhərində Sabunçu rayonunun ərazisində polis əməkdaşları tərəfindən tutulmasına qədər hissəsində göstərdikləri təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş X1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktının sürətindən görünür ki, Mehman Əliyev ibtidai istintaq orqanına verdiyi ifadəsində məhkum Əli İsayevin ifadəsində göstərdikləri hallar eyni ilə təsvir etmişdir. İş materiallarından görünür ki, məhkum Ə.V.İsayevin müdafiəçi məhkəmədə Mehman Əliyevin şahid qismində dindirilməsi barədə vəsatət qaldırmış, lakin məhkəmə həmin vəsatət cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasında aid olmadığı qeyd edərək təmin edilməmişdir. Müdafiə tərəfinin məhkəməyə CD diskdə Əli İsayevin özünün qolunu kəsməsi barədə videogörüntü də təqdim etmişdir. İş materiallarında həmçinin görünür ki, məhkum Əli İsayevin üzərində şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmiş, cinayət işinin materiallarına axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə İsayev Əli Vahid oğlu tərəfindən imzalanmış, kompüter vasitəsi ilə çap edilmiş ərizəsi əlavə edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 12 avqust 20245cü il tarixli məktubundan görünür ki, İsayev Əli Vahid oğlu təcridxanaya daxil olarkən ilkin tibbi müayinə zamanı alının sağ nahiyəsində, sol qulaq seyvanında, sol gözətrafı nahiyədə, sol bazunun yuxarı 1/3-nin içəri səthində müxtəlif ölçülü qançırlar, boyunun sol yan səthində, sol biləyin arxa səthində 3-4 sm ölçüdə yaralar, sağ saidin ön səthində 10 ədəd cərrahi tikiş qoyulmuş kəsilmiş yara aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Ə.V.İsayevin məhkəmə iclasında verdiyi ifadələrdə göstərilən hallar bütövlükdə onun saxlanılması, üzərində axtarış aparılması və barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı prosessual hərəkətlərin qanuniliyinə və mötəbərliyinə aid ciddi şübhələr yaradır. Bununla belə məhkumun göstərdiyi hallar iş üzrə toplanmış bir sıra digər məlumatlarla uyğunluq təşkil edir. İşin bu halı məhkumun üzərində axtarış aparılması haqqında protokolun, habelə həmin istintaq hərəkətində iştirak etmiş polis əməkdaşlarının ifadələrinin həqiqətə uyğunluğu və etibarlılığı məsələsinin əlavə yoxlanılmasını zəruri edir. Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinə əsasən cinayət-prosessual qanunun tələblərinin əhəmiyyətli pozulması ilə əldə edilmiş məlumatların sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144 və 145-ci maddələrinin tələblərinə görə isə hər bir sübut onun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından yoxlanılmalı, mövcud ziddiyyətlər aradan qaldırılmalı və yalnız bundan sonra həmin sübutlara hüquqi qiymət verilməlidir. Bu baxımdan məhkumun ifadələrində göstərilən halların yoxlanılmadan rədd edilməsi və ya formal mülahizələrlə kənara qoyulması yolverilməzdir. Çünki həmin hallar təsdiq olunduğu təqdirdə, onlar yalnız üzərində axtarış aparılması haqqında protokolun və polis əməkdaşlarının ifadələrinin mötəbərliyini deyil, həm də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyi və nəticələrinin sübut əhəmiyyəti barədə nəticələri şübhə altına qoya bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkumun bu məzmunlu dəlilləri iş üzrə toplanmış sübutların mümkünlüyü və mötəbərliyi baxımından hərtərəfli araşdırılmalı, həmin dəlillərin təkzib və ya təsdiq olunması üçün zəruri prosessual tədbirlər görülməli idi. Qeyd edilməlidir ki, məhkumun onun Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmasının səbəbləri barədə göstərdiyi hallar nəinki iş üzrə toplanmış hər hansı sübutla təkzib olunmur, əksinə, şahidlər G.A.İsayeva, G.A.İsmayılova və N.C.İsmayılovun ifadələri, habelə iş materiallarına əlavə edilmiş X4 barəsində olan cinayət işi üzrə ittiham aktında əks olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi şahidlər G.A.İsayeva, G.A.İsmayılova və N.C.İsmayılovun məhkumla qohumluq münasibətlərində olmalarına istinad edərək onların ifadələrini mötəbər hesab etməmiş, eyni zamanda müdafiə tərəfinin X4 şahid qismində dindirilməsi barədə vəsatətini həmin şəxsin ifadələrinin iş üzrə hallarını tam, hərtərəfli və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etmədiyi əsaslandırılması ilə təmin etməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-in 126.2-ci maddəsinə əsasən heç bir sübutun və ya digər məlumatın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə hər bir sübutu onun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından digər sübutlarla məcmu halında qiymətləndirməlidir. Şəxsin təqsirləndirilən və ya zərərçəkmiş şəxslə qohumluq münasibətlərində olması onun ifadəsinin avtomatik olaraq qeyri-mötəbər hesab edilməsinə əsas vermir və belə hal məhkəməni həmin ifadələrin düzgünlüyünü digər sübutlarla müqayisəli şəkildə yoxlamaq vəzifəsindən azad etmir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinin tələblərinə görə cinayət təqibi ilə bağlı olan bütün halların qanunla müəyyən edilmiş prosedur çərçivəsində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəlmiş vəsatətlər rədd edilə bilməz. Müdafiə tərəfinin X4 şahid qismində dindirilməsi barədə vəsatəti isə məhz məhkumun saxlanılmasının səbəbləri və şəraitinə dair irəli sürdüyü dəlillərin yoxlanılmasına yönəlmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edə biləcək sübutun əldə edilməsinə xidmət etmişdir. Belə olan halda məhkəmələr həmin vəsatətin təmin edilməsindən imtina etməklə müdafiə tərəfinin təqdim etdiyi dəlillərin yoxlanılması üçün zəruri prosessual tədbirləri həyata keçirməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı CPM-in 28, 121.2 və 143-146-cı maddələrindən irəli gələn vəzifələri tam yerinə yetirməmişlər. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətində xüsusi olaraq qaldırılmış bu prosessual pozuntu barədə dəlilə hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin vəsatətin rədd edilməsinə dair mövqeyinin qanuniliyini və əsaslılığını yoxlamamışdır. Bu isə apellyasiya baxışının tamlığına və məhkəmə qərarının əsaslılığına şübhə yaradan hal kimi qiymətləndirilməlidir. Ona görə də yeni apellyasiya baxışı zamanı yuxarıda sadalanan pozuntular və natamamlıqlar da aradan qaldırılmalı və nəticədən asılı olaraq sübutlara qiymət verib qanunamüvafiq qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlunun kassasiya protesti qismən təmin edilsin. İsayev Əli Vahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2025-ci il tarixli 1(103)-1935/2025 nömrəli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar