Məhkəmə qərarları › İş №1(1-8)-170/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-170/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-170/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(106)-176/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi) Oruc Cəlilov və Xamməd Nuriyev) 24 oktyabr 2024-cü il tarixli 1(099)-650/2024 nömrəli hökmü ilə 13 avqust 1981-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsi, Pambıqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olan, evli, işləməyən, Salyan rayonu, Pambıqkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 120.2.4, 120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 1 mart 2024cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 24.06.2009-cu il tarixdən 09.10.2018-ci il tarixədək Azərbaycan Respublikası CM-in 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla cəza çəkdiyi müddətdə doğulmuş övladları 19.09.2009-cu il təvəllüdlü şahid2, 24.09.2016-cı il təvəllüdlü X1, cəzaçəkməkdən azad olunduğu müddətdən sonra doğulmuş 20.08.2020-ci il təvəllüdlü Əliyev Yadullah Ziya oğlu və 13.10.2022-ci il təvəllüdlü X3 atalarının, mərhum qardaşı X4 övladları Rəşad Əliyev, Bəhruz Əliyev və Hüquqi varis olduğunu güman edib, arvadı şahid3 ilə birlikdə yaşadıqdarı Salyan rayonu, Pambıqkənd kəndi ərazisində yerləşən evində ailədaxili münaqişə yaratmaqla mütəmadi olaraq mübahisələr edərək arvadını döymüş, arvadı ilə aralarında olan həmin söhbətlərdən qardaşı oğlu Bəhruz Əliyevin məlumatı olmasından, eləcə də 01 mart 2024-cü il tarixdə saat 16 radələrində qardaşının ailə üzvləri ilə qeyd olunan ünvanda birlikdə yaşadıqları, lakin ayrı təsərrüfatı olan evdə olarkən Bəhruz Əliyevin qardaşları Rəşad Əliyev və Hüquqi varislə birləşərək ona qarşı hər hansı bir hərəkət edəcəyindən şübhələnərək Bəhruz Əliyevi qısqanclıq zəminində qisas alıb qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə cinayəti törətmək üçün qanunsuz olaraq əldə edərək yaşadığı evin ümumi otağında saxladığı ümumi uzunluğu 282 mm, dəstəyi 119 mm, tiyəsi 163 mm olan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən ov tipli, kəsici-deşici xassəyə malik qatlanmayan bıçağı şalvarının belinə keçirdib, üzərini əynindəki gödəkçə ilə örtüb gizlədərək üzərində gəzdirməklə cinayətkar niyyətini həyata keçirtmək üçün yaşadıqları evin həyətinin darvazasından küçəyə çıxmış, orada anası X2 diş həkiminə aparmaq üçün dayanıb gözləyən Bəhruz Əliyevə qəflətən yaxınlaşıb sağ əli ilə şalvarının belində gizlədərək gəzdirdiyi qatlanmayan tipli həmin soyuq silah olan bıçağını çıxardıb Bəhruz Əliyevə zərbələr vurmağa başlamış, həmin vaxt səs-küyə küçəyə çıxan Rahilə Əliyevanın gözü qarşısında xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Bəhruz Əliyevə bıçaq zərbələri vurmağa davam etməklə sonuncuya qəsdən, ümumilikdə 07 ədəd bıçaq zərbələri vuraraq, Bəhruz Əliyevə sol qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi, sol ağciyəri zədələyən 02 ədəd və qarnın ön divarının daxilə keçən, böyük piyliyin və qara ciyərin zədələyən 03 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan həm ayrı ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı bıçaq xəsarətləri yetirib, Bəhruz Əliyevin ürək kisəsini, ürəyin, ağ ciyərin sol payının, qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla Bəhruz Əliyevi xüsusi amansızlıqla qəsdən öldürlüklən sonra, Rahilə Əliyevaya yaxınlaşıb arvadının sonuncunun övladları tərəfindən zorlanmasından məlumatı olması barədə şübhələrinə görə qisas alıb qəsdən öldürmək qərarına gələrək, Rahilə Əliyevanın onu öldürməməsi üçün etdiyi yalvarışlarına, aman diləməsinə məhəl qoymadan sonuncuya xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, sağ əlində saxladığı həmin soyuq silah hesab edilən bıçaqla Rahilə Əliyevaya qəsdən, ümumilikdə 10 ədəd bıçaq zərbələri vuraraq, sonuncuya sol qulaq arxası nahiyənin 01 ədəd, sol bel nahiyəsinin 01 ədəd, sağ və sol qoltuqaltı nahiyələrinin 02 ədəd, sol saidin yuxarı 1/3-nin ön səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin ön səthində döş boşluğuna keçən, sağ ağciyərin yuxarı payını, ürək kisəsini, ürəyi zədələyən 02 ədəd və qarnın ön divarının sağ və sol nahiyələrinin 03 ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı bıçaq xəsarətləri yetirib, Rahilə Əliyevanın ürək kisəsini, ürəyin, ağ ciyərin sol payının yaralanması nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla, Bəhruz Əliyev və Rahilə Əliyevanı qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Habil Bəhmənov) 15 yanvar 2025-ci il tarixli, 1(106)-176/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2024cü il tarixli, 1(099) 650/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(106)-176/2025 nömrəli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk gündən etibarən ibtidai istintaq qərəzli surətdə aparılmış, cinayətin baş vermə səbəbləri təhrif edilərək, həqiqətin üzə çıxmasının qarşısı alınmışdır. Cinayətin baş vermə səbəbinin namus məsələsi olmasına baxmayaraq, ibtidai istintaq və məhkəmə istintaqı zamanı bu məsələyə nəzər yetirilməmişdir. Məhkəmə baxış iclası zamanı ibtidai istintaqın qərəzli aparılmasına dair göstərilən dəlillərə qiymət verilməmişdir. Cinayət barəsində kifayət qədər ziddiyyətli məqamların olmasına baxmayaraq, iş qısa zaman ərzində yekunlaşdırılaraq barəsində ədalətsiz hökm çıxarılmışdır. Belə ki, məhkum hadisəni həyat yoldaşından eşitdikləri əsasında şok vəziyyətində törətdiyini, əvvəlcədən düşünülüb planlaşdırılmadığını, qardaşı oğlanlarının onun həyat yoldaşına ayrı-ayrı vaxtlarda təcavüz etməsi və cinayətin də namus üstündə affekt vəziyyətdə törətdiyini bildirmişdir. Qeyd olunanlar arvadı tərəfindən onun qeydə aldığı videomaterialda etiraf olunmuş, həmin material istintaq orqanlarına təqdim edilmiş, lakin nə istintaq, nə də məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Onun bu dəlilini təkzib edən DİN-in Kriminalistika şöbəsinin genetik ekspertizasının rəyi DNK analizinin saxta olduğundan həqiqəti əks etdirmir. Məhkum həmçinin əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmadığını, ilk məhkumluğunun böyük ictimai təhlükə törətməyən cinayətlə əlaqədar olduğunu, bunun məhkəmə qərarı ilə də təsdiqini tapdığını qeyd etmişdir. O, birinci məhkumluğundan sonra ali təhsilini başa vurmuş, bu vaxt ərzində cinayət törətməmiş, psixoloji travmalardan əziyyət çəkdiyinə görə hərbi xidmətə yarasız hesab olunmuş və məhkumluğunun bitməməsinə baxmayaraq, ikinci məhkumluğu dövründə məhkəmə onun əməlini kəskin residiv xarakterli olaraq qiymətləndirmiş, heç vaxt narkotik satışı ilə məşğul olmadığı halda, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini vurğulamışdır. Kassator yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, məhkəmələr onun əməlinə düzgün qiymət verməmiş, nəticədə əsassız olaraq onun barəsində ağır maddələrlə ittiham hökmü çıxarılmış və ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli elan edilmiş ittihamda göstərilən cinayətlərin tərkibini yaratmır. Lakin məhkəmələr işin hallarına və sübutlara əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmış və ömürlük cəzası təyin etmişlər. Məhkumun kassasiya şikayətinin məzmunundan görünür ki, o, zərərçəkmiş şəxslərə hökmün təsviri hissəsində göstərilən şəraitdə bıçaq zərbələri vuraraq onları qəsdən həyatdan məhrum etməsi faktını mübahisələndirmir. Kassasiya şikayətində əsas etiraz məhkəmələr tərəfindən cinayətin motivinin və işin faktiki hallarının düzgün qiymətləndirilməməsinə, bunun nəticəsində isə onun əməlinə düzgün hüquqi qiymət verilməməsinə və barəsində həddən artıq ağır, qanunsuz və ədalətsiz cəzanın təyin edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməllərinə düzgün hüquqi qiymət verilməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxslərin hüquqi varisi Hüquqi varis, şahid qismində dindirilmiş İbrahimov Ramiz Hüseyn oğlu, şahid1, şahid3 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, həmin sübutlar məhkum Məhkum ona elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi üçün kifayət qədər mötəbərdir və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü və 120.2.7-ci maddələrinin dispozisiyalarından görünür ki, həmin maddələr üzrə məsuliyyət o halda yaranır ki, qəsdən adam öldürmə əməli xüsusi amansızlıqla törədilsin (CM-in 120.2.4-cü maddəsi) və ya iki və ya daha çox şəxsin qəsdən öldürülməsində ifadə olunsun (CM-in 120.2.7-ci maddəsi). Məhkumun əməlinin CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə tövsif edilməsinə əsas olan hallar ondan ibarətdir ki, Məhkum zərərçəkmiş Bəhruz Əliyevi onun anası Rahilə Əliyevanın gözü qarşısında, sonuncuya xüsusi əzab verdiyini dərk edərək, çoxsaylı bıçaq zərbələri vurmaqla öldürmüş, bundan sonra isə Rahilə Əliyevaya 10 bıçaq zərbəsi endirməklə onu da xüsusi əzablar verərək qəsdən həyatdan məhrum etmişdir. İşin həmin halları məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında müəyyən edilmişdir. Məhkum Məhkum təqsirini təsdiq edən sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təhlil edilmiş, onların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarının 8-ci bəndində izah edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə alınmalıdır ki, xüsusi amansızlıq həm adam öldürmənin üsulu, həm də təqsirkarın cinayət törədərkən göstərdiyi xüsusi qəddarlığı təsdiq edən digər hallar ilə şərtlənə bilər. Bu tövsifedici əlamətin tətbiqi üçün müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla həyatdan məhrum edilməsini əhatə etmişdir. Başqa sözlə, həmin əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün onun buna münasibətdə birbaşa və ya dolayı qəsdi müəyyən olunmalıdır. Həmin qərarda göstərildiyi kimi, xüsusi amansızlıq zərərçəkmişə həyatdan məhrum edilməzdən əvvəl və ya bu proses zamanı əzab və işgəncə verilməsi, onun şəxsiyyətinin alçaldılması, aşkar surətdə xüsusi ağrılar yetirilməsi (çoxsaylı xəsarətlər yetirilməsi, şiddətli ağrı verən zəhərdən istifadə olunması, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanılması və s.) kimi hallarda ifadə oluna bilər. Bundan başqa, təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında, onlara xüsusi mənəvi iztirab verdiyini dərk edərək öldürməsi də xüsusi amansızlıq əlaməti kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin məhkum Məhkum əməlinin CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə tövsif edilməsinə dair gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara, sübutların məcmusuna və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə tam uyğundur. Həmçinin məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibini yaratdığından, onun həmin maddələrlə tövsif edilməsi qanuni və əsaslıdır. Bu səbəbdən kassasiya şikayətinin əməlin hüquqi tövsifinin düzgün aparılmamasına dair dəlilləri əsassız hesab edilir. Məhkumun kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, o, iki nəfəri güclü ruhi həyəcan vəziyyətində qəsdən öldürmüşdür. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Belə ki, cinayət işi üzrə keçirilmiş stasionar kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, məhkum cinayət əməlini törədərkən fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Həmin ekspertiza rəyi məhkəmə iclasında tədqiq edilmiş, müdafiə tərəfi tərəfindən onun məzmununa və nəticələrinə qarşı hər hansı etiraz irəli sürülməmişdir. Həmçinin ekspertiza rəyinin mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Məhkumun onun əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmamasına dair iddia da iş materialları ilə təkzib olunur. Məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, məhkum Məhkum əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Belə ki, CM-in 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 iyun 2009-cü il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2011-ci il tarixli qərarı ilə cəzası 09 il 09 aya endirilmişdir. 09 oktyabr 2018-ci il tarixdə Məhkum cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi hazırkı cinayət işi üzrə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməli törədərkən Məhkum əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluq ödənilməmiş və onun əməli cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Cinayətin motivinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, motiv məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin zəruri əlamətlərinə aid deyildir. Buna görə də məhkumun qeyd etdiyi kimi həmin cinayətlərin guya "namus üstündə" törədilməsi onun əməlinin göstərilən maddələrlə tövsif edilməsini istisna edən hal hesab oluna bilməz. Bununla yanaşı, məhkum tərəfindən irəli sürülmüş, CM-in 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həmin motivlə törətməsinə əsas verən hallar cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Xüsusilə, zərərçəkmiş şəxs Rahilə Əliyevanın "namus üstündə" öldürülməsi nə iş üzrə müəyyən edilmiş faktiki hallarla təsdiq olunur, nə də məntiqi izaha malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməlləri CM-in 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum kassasiya şikayətini ona cinayət əməlinin törədilmə səbəblərini və şəraitini nəzərə alınmadan cəza təyin edilməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkumun kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün tətbiq etmişlər. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkumun himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə, könüllü gələrək təqsirini boynuna almasını isə Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını isə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Bununla yanaşı, məhkəmələr Məhkum iki nəfəri qəsdən həyatdan məhrum etməklə törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilmə üsulunu, onların birbaşa qəsdlə törədilməsini, cinayətkar niyyətin xüsusi qəddarlıq və soyuqqanlılıqla sonadək həyata keçirilməsini, habelə məhkumun törətdiyi əmələ münasibətini və islah olunma yolunda olmamasını nəzərə alaraq onun yüksək ictimai təhlükəlilik təşkil etməsi və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının cəzanın məqsədlərinə nail olmaq üçün kifayət etməməsi qənaətinə gəlmiş, bu səbəbdən ona müstəsna cəza növü olan ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab etmişlər. Göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini və cinayət qanununun yuxarıda qeyd edilən normalarının tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiya həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına və qanun tələblərinə uyğundur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(106)-176/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(106)-176/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar