Məhkəmə qərarları › İş №1(1-8)-173/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-173/2026

24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-173/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – məhkum2, Müdafiəçi – “Güvən” Vəkil bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ##.##.1997-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilməyən, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin 2025-ci il # ### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim V.Həsənov) məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasının dəyişdirilərək Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 2 il 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 4 ay 19 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, hazırki hökmlə təyin edilmiş 3 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 3 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin məhkum1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 2 il 3 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, iş üzrə qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən məhkum məhkum2 və onun müdafiəçisi müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər M.Rzayev (sədrlik edən və məruzəçi), R.Ağayev və R.Əsgərova) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2025-ci il # ### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum məhkum2 müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkum2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, ##.##.2023-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin qarşı tərəf pəncərəsini sıxıb açmaqla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin mətbəxindən bir ədədinin qiyməti 7 manat olan 2 ədəd çaydanı, bir ədədinin qiyməti 15 manat olan 4 ədəd tavanı, bir ədədinin qiyməti 15 manat olan 3 ədəd aşsüzəni, bir ədədinin qiyməti 15 manat olan 1 ədəd ləyəni, bir ədədinin qiyməti 100 manat olan 1 ədəd mis məcməyini (padnosu), bir ədədinin qiyməti 15 manat olan 1 ədəd kiçik həcmli qazanı, bir ədədinin qiyməti 15 manat olan 1 ədəd kiçik ölçülü sadə məngənəni, bir ədədinin qiyməti 10 manat olan 1 ədəd su kranını, bir ədədinin qiyməti 2 manat olan 1 ədəd qapı dəstəyini, bir ədədinin qiyməti 0,10 manat olan 1 ədəd sınıq vəziyyətdə açarı, bir ədədinin qiyməti 6 manat olan 1 ədəd su kranını, bir ədədinin qiyməti 4 manat olan 1 ədəd su kranı başlığını və bir ədədinin qiyməti 0,50 manat olan 2 ədəd kiçik ölçülü metal künclüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 287,10 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmaqla, iş üzrə mövcud sübutlara düzgün qiymət verilməmiş, nəticədə əsassız olaraq məhkum2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrlə, həmçinin ifadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillərlə oğurlanmış əşyaların tamamilə yararsız halda olması açıq şəkildə təsbit olmuşdur. Bundan əlavə, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2023cü il tarixli ekspert rəyi ilə cinayət işi üzrə dəymiş ziyanın məbləği (287,10 manat) müəyyən edilərkən həmin əşyaların təzə vəziyyətdə olan qiyməti əsas götürülmüşdür. Qeyd edilməlidir ki, "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2005-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir: "Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, artıq məhkum zərərçəkmiş şəxslə barışıq əldə etmiş və məhkum2 qarşı Zərərçəkmiş şəxs tərəfindən hər hansı bir şikayət və tələb irəli sürülməməkdədir. Bundan əlavə, məhkəmələr məhkum2 barəsində residivin müəyyən edilməsi hissəsində də səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarda göstərilmişdir ki, qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, CM-in 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Qərarın nəticə hisssəsində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Konstitusiya Məhkəməsinin müvafiq şərhindən də dəqiqləşdirilir ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın yaratdığı məhkumluq cəza təyin edilməsi zamanı nəzərə alına bilməz. Cinayət işinin materiallarından göründüyü kimi, məhkum2 ##.##.2021-ci il tarixli hökmlə 02 il 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilsə də, ##.##.2022-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 27 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi şəxs vaxtından əvvəl azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən azad edilmişdir. Belə olduğu təqdirdə onun azadlıqdan məhrumetmə ilə bağlı məhkumluğu yaranmamış olacaqdır. Bundan başqa, cinayət işi üzrə ibtidai istintaq zamanı əməl CM-in 29,177.2.3-cü maddəsi ilə tövsif edilsə də, sonradan ehtimallara əsaslanan ifadələr əsasında tövsif dəyişdirilərək, əməl bitmiş cinayət kimi tövsif edilmişdir. Halbuki, iş üzrə toplanmış sübutlar əməlin bitmiş deyil, cinayət törətməyə cəhd mərhələsində qaldığını təsdiq edir. Belə ki, təqsirləndirilən şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsaslanaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkum2 əsassız olaraq CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini, həmçinin onun barəsində cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını, ağırlaşdıran halın isə düzgün müəyyən edilmədiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). məhkum2 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin məhkum məhkum2 əməlinin bitmiş oğurluq cinayət əməli kimi tövsif edilməsinin mübahisələndirilməsi üzrə dəlilləri – məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə (əlavəyə) baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən məhkum2 və onunla birlikdə oğurluq cinayətini qabaqcadan əlbir olan qrup halında törətmiş digər məhkum olan şəxs məhkum1 verdikləri etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, törədilmiş cinayət başa çatmış cinayətdir. Belə ki, iş materiallarında olan ifadələrdən, həmçinin ##.##.2023-cü il tarixli raportanda göründüyü kimi məhkumlar oğurluq etdikləri evdən aralaşdıqdan sonra Post Patrul Xidmətinin əməkdaşları onlara arxa istiqamətdən yaxınlaşmışlar. Bu zaman onlar polis əməkdaşlarını görən kimi qaçmağa başlamışlar. Yəni onların oğurlanmış əşyaların üzərində həm öncədən yəni polis əməkdaşları tərəfindən görülənə qədər (əşyaları saxlanıldığı yerdən götürərək bəlli bir məsafə qət etdikdən sonra), həm də ki, yaxalanana qədər müxtəlif şəkildə sərəncam vermək üçün imkanları mövcud olmuşdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, həmin hissədə kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkum2 əməlinin CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin məhkum2 əməlinin bitmiş cinayət kimi CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Bundan başqa, müdafiəçi kassasiya şikayətində oğurlanmış əşyaların tamamilə yararsız vəziyyətdə olduğunu, ekspertiza rəyində isə həmin əşyaların təzəsinin qiymətlərinin göstərildiyini iddia etsə də, iş materialları ilə oğurlanmış əşyaların yararsız olması müəyyən edilməmiş, əksinə zərərçəkmiş şəxsin ifadələrinə əsasən o, yay aylarında hadisənin baş verdiyi evinə gedən zaman mətbəxdə saxladığı həmin əşyaları istifadə etmişdir (zərərçəkmiş şəxsin tamamilə yararsız olan əşyaları tullamaq əvəzinə mətbəxdə saxlaması inandırıcı görünmür). Oğurlanmış əşyaların dəyərinə gəlincə isə qeyd edilməlidir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2023-cü il tarixli rəyində ekspertiza tədqiqatına təqdim edilmiş malların təzəsinin qiymətləri deyil, istifadə olunması və digər xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiymətləri müəyyən edilməklə, onların ümumi dəyərinin 287,10 manat təşkil etməsi göstərilmişdir. Məhkum məhkum2 əməlində cinayətin residivinin düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Iş materiallarından görünür ki, məhkum2 Göyçay Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.1, 66.3, 66.2-ci maddələrinə əsasən 1 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. ##.##.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən 2 il 6 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. ##.##.2022-ci ildə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 27 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə məhkum2 təyin olunmuş 3000 manat cərimə cəzası dəyişdirilərək barəsində 2 il 5 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həmin cəzasının 4 ay 19 gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır (CM, maddə 18.2.1). CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh olunmasına dair” 2009-cu il ## ### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, CM-in 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Eyni yanaşma Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 2010-cu il ## ###### tarixli Qərarında da sərgilənmiş və göstərilmişdir ki, CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarlarındakı bu mövqeyi ondan irəli gəlir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəza vahid məhkumluğun yaranması ilə nəticələndiyindən, məhkumluğun ödənilməsi müddətinin axımının başlanğıcı da bir anla əlaqələndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il ## ######## tarixli qərarında əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və CM-in 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd etmişdir ki, “bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, CM-in 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, CM-in 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır.” Təsvir edilən maddi hüquq normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, məhkum2 Göyçay Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən cərimə cəzası ilə yanaşı azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da, cərimə cəzasını ödəmədiyindən, onun həmin məhkumluğu ödənilmiş sayılmır. Sonradan həmin cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına cəzasına birləşdirildiyinə, azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilsə də, cəriməni ödəmədiyinə görə sonradan hökmün icrası qaydasında material üzrə cərimə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən, həmin cəzanın çəkildiyi dövrdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə, o, faktiki olaraq hər iki hökm üzrə cərimə cəzası ilə yanaşı azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs kimi qəti cəzanı çəkib qurtarmamış (məhkumluğu ödənilməmiş) yenidən qəsdən cinayət törətmiş şəxs hesab olunur. Bu vəziyyətdə məhkəmələr haqlı olaraq CM-in 18.2.1-ci maddəsinə əsasən məhkum məhkum2 əməlində cinayətin təhlükəli residivinin olmasını müəyyən etmişdir. Məhkuma cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ədalətsiz cəzanın təyin olunmasına dair kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, məhkum2 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsindən, cəzanı ağırlaşdıran hal kimi əməlində cinayətin təhlükəli residivinin olmasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, həmin Məcəllənin residivə görə cəzanın təyin edilməsindən bəhs edən 65.2-ci maddəsinin tələbi (təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təyin edilə biləcək ən aşağı həddə (3 il 4 ay), hökmlərin məcmusu üzrə isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 65.2 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkumun cəzasının yüngülləşdirilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud deyil. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum2 barəsində olan 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar