Məhkəmə qərarları › İş №1(1-8)-175/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-175/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-175/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(101)-1467/2024 nömrəli (hakimlər: Sadıxov Rasim Əkrəm oğlu (sədrliyi ilə), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) hökmü ilə ##.##.1971-ci ildə x kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, II qrup əlil, işləməyən, əvvəllər məhkum olunmuş, x küçəsi, ev 17Bdə qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onun 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.07.2023-cü il tarixli hökmü ilə CM-in 228.1, 69.3-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş, 2 (iki) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 1 (bir) il 3 (üç) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 oktyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində II qrup əlil olduğu üçün narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi, ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əhmədov Zəfər Vahid oğlundan ibarət məhkəmə tərkibində) 18 avqust 2025-ci il tarixli 1(103)-210/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2024cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Məhkum tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan, özünü “iranlı” kimi təqdim edən “Mahan” adlı digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan mənbədən 250 (iki yüz əlli) manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,722 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,045 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib qabaqcadan aralarında olan razılaşmaya əsasən həmin heroini satış məqsədi ilə Təqsirləndirilən şəxs ilə öz aralarında böldükdən sonra iki ədəd şəffaf sellofan bükümdə 0,433 qram və 0,453 qram olmaqla ümumilikdə 0,886 qram narkotik vasitə heroini bilavasitə satmaq üçün öz üzərində saxlayıb daşıyarkən 12 oktyabr 2023-cü il tarixdə saat 12:10 radələrində Suraxanı RPI-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPI-nin 32-ci polis bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,433 qram və 0,453 qram olmaqla ümumi təmiz çəkisi 0,886 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə eyni olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda heroin aşkar edilib götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, üzərində 1 qram narkotik vasitə öz şəxsi istifadəsi üçün olmuş, ibtidai istintaq zamanı qeyd etdiyi hallarla əlaqəli işin faktiki halları qanunvericiliyin tələblərinə uyğun dəyərləndirilməmiş, heç bir mötəbər sübutlarla əsaslanmayan və qeyri-qanuni əsaslar göstərməklə ittiham aktı tərtib olunmuşdur. Istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarında narkotik vasitənin satışını təsdiq edən heç bir sübut müəyyən olunmamış, bu barədə heç bir əsaslandırma aparılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildiyi iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli ***- IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə onlara elan edilmiş ittiham üzrə verdikləri izahat və ifadələri, şahid qismində dindirilmiş şahid5, şahid4 və şahid2 ifadələri, “Şəxsi axtarış və götürmə aparılması” 12 oktyabr 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, məhkəmə kimyəvi ekspertizasının 12.10.2023-cü il tarixli *-**-**/*-*/**** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 27.01.2024-cü il tarixli *** nömrəli rəyi, “xxxx” MMC-dən BKC/LGL 31.01.2024-ci il tarixli ****/** nömrəli məktubla daxil olmuş bir ədəd DVD disk, baxış keçirilməsinə dair 4 fevral 2024-cü il tarixli protokol, mobil telefona baxış keçirilməsi barədə 4 fevral 2024-cü il tarixli protokol, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar, Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Kassasiya şikayətində irəli sürülən dəlillər iş üzrə toplanmış və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, həmin dəlillər əsaslı hesab edilə bilməz. Ilk növbədə, məhkumun üzərindən aşkar edilmiş narkotik vasitənin yalnız şəxsi istifadə üçün nəzərdə tutulması barədə iddiası iş materialları ilə uzlaşmır. Belə ki, şəxsi axtarış zamanı onun könüllü təqdim etdiyi maddənin heroin olması ekspertiza rəyi ilə təsdiq olunmuşdur və həmin maddənin ayrı-ayrı bükümlərdə olması, habelə digər təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitə ilə eyni mənşəyə malik olması bu əməlin təkcə istifadə ilə məhdudlaşmadığını göstərir. Bundan əlavə, məhkumun mobil telefonundan əldə edilmiş SMS yazışmaları onun narkotik vasitələrin əldə olunması və ötürülməsi prosesində aktiv iştirak etdiyini sübut edir. Yazışmalarda “kola”, “çet”, “daş” kimi şərti ifadələrdən istifadə olunmaqla narkotik vasitələrin əldə edilməsi, dəyişdirilməsi və verilməsi ilə bağlı çoxsaylı müraciətlərin olması onun bu sahədə sistemli fəaliyyət göstərdiyini deməyə əsas verir. Xüsusilə digər şəxslərə narkotik vasitə təklif etməsi məzmununda olan mesajlar satış məqsədinin mövcudluğunu təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda, digər təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələrdə məhkumun narkotik vasitələrin satışında iştirak etməsi açıq şəkildə göstərilmişdir. Həmin ifadələrə görə, narkotik vasitələrin əldə olunması, bölüşdürülməsi və satışının təşkili əvvəlcədən razılaşdırılmış şəkildə həyata keçirilmiş, məhkum isə bu prosesdə bilavasitə iştirak etmişdir. Bu ifadələr digər sübutlarla, o cümlədən telefon məlumatları və ekspertiza rəyləri ilə qarşılıqlı şəkildə təsdiq olunur. Həmçinin, məhkumun özü də məhkəmədə verdiyi ifadəsində digər şəxs ilə birlikdə narkotik vasitəni götürdüyünü və həmin vasitədən pay aldığını etiraf etmişdir ki, bu hal onun cinayət əlaqələrində iştirakını dolayısı ilə təsdiqləyir. Bu xüsusatlar birgə qiymətləndirildikdə onun sadəcə istifadəçi olması versiyası inandırıcı görünmür. Polis əməkdaşlarının raportları, aparılmış əməliyyat tədbirləri və maddi sübutlar da məhkumun narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi barədə əldə edilmiş məlumatların təsadüfi deyil, konkret faktlara əsaslandığını göstərir. Bu sübutlar məhkəmə baxışı zamanı yoxlanılmış və onların mötəbərliyi şübhə altına alınmamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsinə dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu məhkumun əməlində narkotik vasitələrin yalnız saxlanması deyil, həm də satış məqsədinin mövcud olduğunu təsdiq edir. Buna görə də, əməlin daha yüngül maddə ilə tövsif olunması barədə kassasiya şikayətində göstərilən arqumentlər əsassızdır və qəbul edilə bilməz. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən cəzanın hesablanmasına dair cinayət qanunvericilik normalarına, həmçinin bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və narkotik vasitə istifadəçisi olduğu üçün peşmançılıq çəkdiyini bildirməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar