Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-184/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov Ilkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Xüsusi ittihamçı - Xüsusi ittihamçı, Nümayəndə - müdafiəçi5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər - bəraət almış şəxs2 və bəraət almış şəxs1in, Müdafiəçi - müdafiəçi7 iştirakları ilə, bəraət almış şəxs2 və bəraət almış şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2025-ci il tarixli qərarından Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: Bağırova Sahilə Hümbət qızının sədrliyi) 2 oktyabr 2025-ci il tarixli 1(009)-213/2025 nömrəli hökmü ilə ##.##.1981-ci ildə X şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, 2 uşaq atası, "X" Müstəqil Tele-Radio Kompaniyasında aparıcı vəzifəsində işləyən, XXX ünvanında qeydiyyatda olmaqla, XXX ünvanında yaşayan bəraət almış şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməsi; ##.##.1959-cu ildə X rayonu, X kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, X rayonu, X kəndində qeydiyatda olan və yaşayan bəraət almış şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməsi, bəraət almış şəxs2 və bəraət almış şəxs1 vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmişdir. Hökmdən xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) 14 noyabr 2025-ci il tarixli 1(103)-2124/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 oktyabr 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2025-ci il tarixli qərarından Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, bəraət almış şəxs2 və bəraət almış şəxs1 CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib barələrində ədalətli cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 2024-cü ilin noyabrdekabr aylarında və 2025-ci ilin yanvar ayında “X” Televiziyasının “XXX” verilişində keçmiş həyat yoldaşı bəraət almış şəxs1 yalan məlumatları əsasında, verilişin aparıcısı bəraət almış şəxs2 tərəfindən həqiqiliyi yoxlanılmadan onun şərəf və ləyaqətini aşağılayan və heysiyyətinə toxunan yalan məlumatlar bir neçə dəfə efirə verilmişdir. Belə ki, X4 Rayon Məhkəməsinin yuxarı məhkəmələr tərəfindən ləğv edilmiş və qanuni qüvvəsini almamış 22 fevral 2023-cü il tarixli qətnaməsini “XXX” verlişinin aparıcısı bəraət almış şəxs2 təqdim etmiş, bəraət almış şəxs2 isə həmin qətnamənin yuxarı instansiya məhkəmələri tərəfindən ləğv qətnaməyə istinad etməklə X-in onun uşaqlarının atası olmadığı qənaətinə gəlmiş, onu “lağa” qoyaraq demişdir ki, X gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq vardır. Halbuki, oğlu X5 30 iyun 2006-cı il tarixdə anadan olmuşdur. Həmin vaxtdan əvvəl və sonra X-lə bir yerdə yaşamış və X 2007-ci ildə Rusiyaya getmişdir. Rusiyaya getdikdən sonra X uşaqların dolanışığına kömək etməmişdir. Ona görə də, o məcbur olub aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 13 fevral 2009cu il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün bəraət almış şəxs1 aliment anılması qət edilmişdir. Bundan sonra da, X uzun müddət Azərbaycana qayıtmamış, əlaqə saxlamamış və alimenti ödəməmişdir. Ona görə də, o tam qanuni əsasla, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada, bəraət almış şəxs1 ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etmiş, Nizami Rayonu Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə bəraət almış şəxs1 ölmüş elan edilmişdir. X Rusiyadan qayıtdıqdan sonra məhkəməyə müraciət edərək, onun ölmüş elan edilməsi barədə qətnaməni ləğv etdirmişdir. Göründüyü kimi burada qeyri-adi və qeyri-qanuni heç bir hərəkət edilməmişdir. bəraət almış şəxs2 lağ-lağı ilə bildirir ki, X Rusiyadan qayıdıb görüb ki, o “ölüb”. X-in müddət Rusiyadan qayıtmadığı həm də onunla təsdiq edilir ki, 2009-cu ildə qəbul edilmiş aliment tutulması barədə qətnamədən apellyasiya şikayətini 2017-ci ildə vermişdir. Apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa bəraət almış şəxs2 ekrandan elan edir ki, o, məhkəmə qətnaməsi (halbuki həmin qətnamə ləğv edilib) əsasında danışır, əlində ekspert rəyi vardır. Amma nəzərə almır ki, iş üzrə 3 ekspert rəyi vardır. Ekspert rəylərindən birində bəraət almış şəxs1 X5 atası olması edilsə də, digər 2 rəydə, o cümlədən 2023-cü ildə verilmiş sonuncu rəydə X-in R-nın atası olması inkar edilmir. Bütün bu halları araşdırmadan “XXX” verlişinin aparıcısı bəraət almış şəxs2 və onun ekspertləri onun cinayət məsuliyyətinə cəlb edilməli olduğunu, aldığı alimentləri qaytarmalı olduğunu, X-ə kompensasiya ödəməli olduğunu bildirirlər. bəraət almış şəxs2 isə bildirir ki, həm suçlu, həm də güclüyəm, məhkəmə qərarlanrını şübhə altına alıram, qanun var, qayda var, guya mən hərbə-zorba ilə darışıram. Bununla da ona bərpa edilməsi mümkün olmayan mənəvi ziyan vurulmuşdur. Belə ki, həmin verilişlər Azərbaycan Respublikasının bütün ərazisində və hətta başqa ölkələrdəki televiziya tamaşaçıları tərəfindən izlənilmişdir. Bunların arasında onun qohumları, tanışlar, iş yoldaşları, qonşuları və hətta uşaqları da olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, həmin verilişlərə baxdıqdan sonra, ondan ayrı yaşayan böyük oğlu X ona telefonla səs atıb bildirib ki, o mənim oğlum deyil, kiçik oğlum R da onun qardaşı deyil. Ona bildirilib ki, onunla əlaqə saxlamayım, mən onun anası deyiləm, R-nın anasıyam. Ana üçün bundan ağır təhqir, sarsıdıcı zərbə ola bilməz. Odur ki, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, "XXX" verilişində şərəf və ləyaqət alçaldan, analıq heysiyyətinə toxunan fikirlərin göstərilməsinə və səsləndirilməsinə görə bəraət almış şəxs1 və verilişinin aparıcısı bəraət almış şəxs2 CM-in 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Bakı Apellyasiya Məhkəməsinin qərarında sübutların qiymətləndirilməsində yanlışlıqlara yol verilmiş, guya sübutlar arasında ziddiyyət olduğu, sübutlarda şübhəli hallar olduğu barədə uydurma bəhanələrlə CM-in 21.2, 28.4, 144 və 145-ci maddələrinə istinad etməklə barələrində xüsusi ittiham qaydalarında şikayət verilmiş bəraət almış şəxs1 Fezulla oğlunun və bəraət almış şəxs2 əməllərində CM-in 147.1-ci və 148-ci maddələrinin tərkib əlamətlərinin olmadığı nəticəsinə gəlmiş və onları əsassız olaraq məsuliyyətdən kənarda saxlamışdır. Halbuki məhkəməyə təqdim edilən məhkəmə qərarlarının surətlərindən, video görüntülərdən və xüsusi ittihamçının izahatlarından ibarət olan sübutlar arasında heç bir ziddiyyət və şübhəli hal yoxdur. Birinci instansiya məhkəmənin və apellyasiya məhkəməsinin sübutların qiymətləndirilməsində yanlışlığa yol verilməsi nəticəsində həmin məhkəmələr işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Ona görə də, kassasiya instansiya məhkəməsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasına 14 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar qəbul etməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən nümayəndə müdafiəçi5 çıxış edərək, bəraət almış şəxs1in məlumatları əsasında “XXX” televiziya efirində x ilə bağlı böhtan xarakterli məlumatların olduğunu, guya onun ərindən xəbərsiz başqa bir şəxsin uşağını dünyaya gətirdiyini, bu halın Azərbaycan qadını üçün təhqir olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Xüsusi ittihamçı çıxış edərək, müəllimə olduğunu, ona “XXX” televiziya efirində böhtan atıldığını, buna görə sarsıntı keçirdiyini, bəraət almış şəxs1in efirləri gəzdiyini, sonda bəraət almış şəxs2 onu efirə çıxardığını və efir vasitəsi ilə onun barəsində yalan məlumatlar verildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs bəraət almış şəxs1 çıxış edərək, 2017-ci ildən məhkəmələrdə qaldığını, bütün əmlakının əlindən alındığını, artıq yorulduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi müdafiəçi7 çıxış edərək, efirdə işlədilən ifadələrin heç birinin CM-in 147.1 və 148-ci maddələrinin təsiri altına düşmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs bəraət almış şəxs2 çıxış edərək, X-i qabaqcadan tanımadığını, bəraət almış şəxs1in efirə məhkəmə sənədləri ilə gəldiyini və rəsmi dövlət sənədlərinə əsasında çıxış etdiyini, sonradan verilmiş məlumatları təkzib etmək üçün digər tərəfə də hər cür şərait yaradılmasına baxmayaraq bu imkanlardan istifadə etməkdən imtina etdiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Xüsusi ittihamçı nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən bəraət almış şəxs2 və bəraət almış şəxs1 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xüsusi ittiham qaydasında toplanmış materialları araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014cü il tarixli * saylı Qərarında qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda və kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. CM-in 148-ci maddəsi isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi nəzərdə tutulmuşdur. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Qeyd edilən normaların tələblərindən çıxış edərək, kassasiya şikayətində irəli sürülmüş dəlillər hərtərəfli təhlil edildikdə aydın olur ki, həmin dəlillər iş üzrə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələri təkzib edən, yaxud onların qanunsuz və əsassız olmasını göstərən hüquqi və faktiki əsaslara söykənmir. Ilk növbədə qeyd edilməlidir ki, CM-in 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin mövcudluğu üçün zəruri əlamətlərdən biri yayılan məlumatın bilə-bilə yalan olmasıdır. Iş materiallarından, o cümlədən məhkəmələr tərəfindən tədqiq olunmuş audiovideo sübutlardan və yazılı sənədlərdən görünür ki, televiziya verilişində səsləndirilən fikirlər konkret olaraq tərəflər arasında mövcud olmuş mübahisə və həmin mübahisə ilə bağlı müxtəlif dövrlərdə qəbul edilmiş məhkəmə qərarları və ekspert rəylərinə istinadla ifadə edilmişdir. Bu halda səsləndirilmiş məlumatların “bilə-bilə yalan” olması elementi sübuta yetirilməmişdir. Əksinə, işdə mövcud olan 25.10.2019-cu il tarixli ekspert rəyində atalıq faktının inkar edilməsi, digər 02.08.2023-cü il tarixli ekspert rəyində isə bunun istisna olunmaması kimi bir-birinə zidd nəticələrin olması, məlumatların mübahisəli xarakterli olmasından qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qeyd edilən nəticə ilə razılaşmayan digər tərəfin efirdə istinad etdiyi məlumatların yayılmasını ehtiva edir. Belə olan halda həmin məlumatların bilə-bilə qəti şəkildə yalan olduğunu bilib həmin məlumatların efirdə səsləndirilməsi barədə tələb öz təsdiqini tapmır. Bununla yanaşı, böhtan cinayətinin digər mühüm elementi həmin məlumatların şəxsin şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq məqsədi ilə yayılmasıdır. Aşağı instansiya məhkəmələri haqlı olaraq müəyyən etmişlər ki, televiziya verilişində səsləndirilən fikirlər əsasən tərəflər arasında mövcud olmuş ailə-mülki mübahisənin müzakirəsinə yönəlmiş, aparıcı tərəfindən isə tərəflərin mövqelərinin dinlənilməsi və mübahisəyə aydınlıq gətirilməsi məqsədi güdülmüşdür. Veriliş zamanı qarşı tərəfin də efirə dəvət olunması və onun mövqeyini bildirməsi üçün imkan yaradılması bu qənaəti daha da gücləndirir ki, burada məqsəd hər hansı şəxsi nüfuzdan salmaq deyil, ilkin olaraq mübahisəli hal kimi görünən məsələyə aydınlıq gətirmək məqsədi kimi çıxış edir. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan təhqir cinayətinə gəldikdə isə, həmin cinayətin mövcudluğu üçün şəxsin şərəf və ləyaqətinin məhz nalayiq formada qəsdən alçaldılması tələb olunur. Iş üzrə tədqiq edilmiş videomateriallardan görünür ki, nə verilişin aparıcısı, nə də digər şəxs tərəfindən xüsusi ittihamçıya qarşı nalayiq, söyüş və ya açıq-aşkar alçaldıcı ifadələr işlədilməmişdir. Ifadə olunmuş fikirlər, hətta emosional xarakter daşısa belə, hüquqi qiymətləndirmə baxımından təhqir kimi qiymətləndirilə biləcək səviyyədə olmamışdır. Məhkəmələr bu nəticəyə gələrkən cəmiyyətdə qəbul edilmiş əxlaqi normaları, ifadə azadlığının sərhədlərini və konkret situasiyanın xüsusiyyətlərini düzgün nəzərə almışlar. Bundan əlavə, məhkəmələr Avropa Məhkəməsinin presedent hüququna uyğun olaraq fakt və qiymətləndirmə mülahizələri arasında fərqi düzgün müəyyən etmişlər. Verilişdə səsləndirilən bir sıra ifadələr konkret faktların bəyan edilməsindən daha çox tərəflərin mövqeyini əks etdirən qiymətləndirmə xarakterli fikirlər olmuşdur. Belə fikirlərin həqiqiliyinin sübut edilməsi tələb oluna bilməz və onların ifadə olunması, əgər açıq-aşkar nalayiq forma daşımırsa, ifadə azadlığı çərçivəsində qorunur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində məhkəmələrin sübutları yanlış qiymətləndirməsi iddia olunsa da, şikayətdə bu iddianı təsdiq edən konkret və əsaslı arqumentlər göstərilməmişdir. Əksinə, iş materiallarından görünür ki, məhkəmələr təqdim olunmuş bütün sübutlara, yəni videoyazılara, məhkəmə qərarlarına, ekspert rəylərinə və tərəflərin izahatlarına ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermiş, onların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini yoxlamışlar. Sübutlar arasında ziddiyyətlərin olması barədə nəticə də məhz mövcud ekspert rəylərinin fərqli nəticələrə gəlməsi və mülki mübahisə üzrə müxtəlif instansiya məhkəmələrinin fərqli qərarlar qəbul etməsi ilə əsaslandırılmışdır ki, bu da obyektiv haldır və uydurma kimi qiymətləndirilə bilməz. Eyni zamanda, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri nəzərə alınmalıdır. Kassasiya baxışı zamanı məhkəmə, bir qayda olaraq, işin faktiki hallarını yenidən araşdırmır, yalnız hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya şikayətində isə əsasən sübutların yenidən qiymətləndirilməsi və faktiki hallara fərqli yanaşma tələb olunur ki, bu da kassasiya baxışının predmetinə daxil deyildir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslərin hərəkətlərində CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlər mövcud deyildir. Aşağı instansiya məhkəmələri sübutları düzgün qiymətləndirmiş, tətbiq edilməli hüquq normalarını düzgün seçmiş və əsaslandırılmış nəticəyə gəlmişlər. Göstərilənlərə əsasən, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsassız hesab edilməli, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının ləğvi üçün hüquqi əsaslar müəyyən olunmadığından şikayət təmin edilməməlidir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan xüsusi ittiham qaydasında toplanmış material üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Xüsusi ittihamçı nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. bəraət almış şəxs2 və bəraət almış şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-184/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-184/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver