Məhkəmə qərarları › İş №1(1-8)-185/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-185/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-185/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs Bəraət almış şəxs və müdafiəçi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 1(103)-537/2025 nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Səbuhi Hüseynov) 18 dekabr 2024-cü il tarixli, 1(101)- 775/2024 nömrəli hökmü ilə, 04 oktyabr 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 5, mənzil 27 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/2, mənzil 57 ünvanında yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 69.3-cü maddəsinə əsasən iş üzrə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək 2 (iki) gün, 26 avqust 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək 1 (bir) gün, ümumilikdə ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 3 (üç) gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılaraq Bəraət almış şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Bəraət almış şəxs təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- ümumi təmiz çəkisi 4,731 qram təşkil edən psixotrop maddə metamafetamini əldə edib üzərində saxlayaraq daşımış, 08 mart 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/2 saylı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis bölməsinə gətirilib, üzərinə 13-cü Polis bölmənin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki açıq boz rəngli qısa şalvarının sağ yan cibindən 1 ədəd bükümdə satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 4,731 qram təşkil edən psixotrop maddə metamafetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Anar İbrahimov) 23 sentyabr 2025-ci il tarixli 1(103)-537/2025 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(101)-775/2024 nömrəli hökmü ləğv edilmiş, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, Bəraət almış şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal azad olunmuş, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 1(103)-537/2025 nömrəli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarında onun bədənində xəsarətlərin olmasının göstərilməsini, Bəraət almış şəxs üzərində şəxsi axtarışın saxlanıldıqdan dərhal sonra deyil, təxminən 2 saat sonra və müdafiəçinin iştirakı olmadan aparılmasını, habelə onun polis əməkdaşlarının göstərdiyi yerdə deyil, yaşadığı mənzildə saxlanılması və ev geyimində polis şöbəsinə aparılması barədə şahid ifadələrini düzgün qiymətləndirməmişdir. Kassatorun fikrincə, apellyasiya instansiyası məhkəməsi həmin halları və sübutları əsassız olaraq Bəraət almış şəxs üzərində psixotrop maddənin olmaması, habelə ilkin etirafedici ifadələrinin polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi nəticəsində verilməsi barədə ifadələrini təsdiq edən və istintaq orqanı tərəfindən toplanmış sübutların mötəbərliyini şübhə altına alan hallar kimi qiymətləndirmişdir Kassator hesab edir ki, apellyasiya məhkəməsinin bu mövqeyi həmin faktla bağlı preyudisial əhəmiyyətə malik olan Sabunçu rayonu prokurorluğunun 06 aprel 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qüvvədə olduğu halda məhkəmə kollegiyası həmin qərarı əsassız olaraq şübhə altına almışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, məhkumun və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, istintaq orqanı sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, Bəraət almış şəxs elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmiş, lakin sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/2 saylı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis bölməsinə gətirilib, üzərinə 13-cü Polis bölmənin inzibati binasında şəxsi axtarış keçirilən zaman üzərində 4,731 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etmiş və üzərində saxlamışdır. İstintaq orqanı Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı Bəraət almış şəxs elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi barədə 08 mart 2023-cü il tarixli protokolu, Bəraət almış şəxs saxlamış və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşlarının şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs qanunsuz əldə edib daşıyaraq üzərində saxladığı psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməmiş və buna görə də onun əməlini Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla sübutları təkrarən araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər və ziddiyyətli sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, istintaq orqanı tərəfindən Bəraət almış şəxs üzərində aşkar edilmiş psixotrop maddəni hər hansı bir konkret şəxsdən əldə etməsi faktı müəyyən edilməmişdir. Bəraət almış şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən Bəraət almış şəxs üzərində şəxsi axtarış zamanı 1 ədəd bükümdə 4,731 qram psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi barədə protokola, həmin istintaq hərəkətində iştirak etmiş polis əməkdaşları şahid4 və şahid3 ifadələrinə və maddi sübuta əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. İbtidai istintaq zamanı Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə etirafedici ifadə vermiş olsa da, məhkəmə iclasında həmin ifadəsindən imtina edərək heç bir cinayət törətmədiyini bildirmişdir. O göstərmişdir ki, polis əməkdaşları onu yaşadığı mənzildən ev geyimində polis şöbəsinə aparmışlar. Bu hal onun nişanlısı şahid2 gözü qarşısında baş vermişdir. Saxlanıldığı zaman üzərində hər hansı psixotrop maddə olmamışdır. Polis şöbəsində isə ona fiziki zor tətbiq edilərək psixotrop maddə üzərinə qoyulmuş, həmin maddənin ona məxsus olduğunu bildirməyə və şəxsi axtarış zamanı onu guya könüllü şəkildə polis əməkdaşlarına təqdim etdiyini göstərən ifadələr verməyə məcbur edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş F.N.Nəcəfli və şahid1 məhkum Bəraət almış şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən halları təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs üzərində psixotrop maddənin olmadığı, polis şöbəsində döyüldüyündən təqsirinin boynuna almasını və prosessualı sənədlərə imza atmasını bildirmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, hakim təqsirləndirilən şəxsin bədəninin müxtəlif nahiyələrində xəsarətlərin olmasını müşahidə edərək bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verəcəyini elan etmişdir. Bundan başqa, qərardan görünür ki, məhkəmə iclasında iştirak etmiş müstəntiq O.N.Qnyazov bildirmişdir ki, təqsirləndirilən şəxs sadəcə hazırda məhkəmədə deyil, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora da döyülməsi və fiziki təzyiqlərə məruz qaldığını bildirmişdir. Cinayət işində olan 26 avqust 2023-cü il tarixli protokolundan görünür ki, bundan sonra da Bəraət almış şəxs elan edilmiş ittihamla əlaqədar təqsirini boynuna almış və müstəntiqin sualına cavab olaraq polis əməkdaşlarının ona qarşı heç bir zor və təzyiq göstərmədiyini bildirmiş, lakin dindirmə aparan müstəntiq O.N.Qnyazov tərəfindən təqsirləndirilən şəxsin ziddiyyətli mövqeyi ilə bağlı təqsirləndirilən şəxsə heç bir sual verilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Bəraət almış şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ, 13-cü Polis Bölməsinə gətirildikdən sonra onun üzərində axtarış dərhal deyil, təxminən iki saatdan çox vaxt keçdikdən sonra aparılmışdır. Bəraət almış şəxs tutmuş polis əməkdaşları şahid4 və şahid3 Bəraət almış şəxs üzərində şəxsi axtarışın sonuncunun tutulduğu yerdə aparılmaması ilə əlaqədar hər hansı bir əsaslı konkret səbəb göstərməmişlər. Avropa Məhkəməsi yuxarıda qeyd edilən qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bundan başqa, işdə olan prosessual sənədlərdən görünür ki, Bəraət almış şəxs xahişi əsasında təhqiqatçının qərarı ilə dövlət hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 onun müdafiəçisi təyin edilmişdir. 08 mart 2023-cü il tarixdə vəkil T.T.Talıbov müdafiəçi qismində cinayət işinin icraatına buraxılmış və həmin gün şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmazdan əvvəl, habelə həmin istintaq hərəkətindən sonra keçirilmiş bir sıra prosessual hərəkətlərdə iştirak etmişdir. Şəxsi axtarışın aparılması ilə bağlı isə şübhəli şəxs kompüter vasitəsilə tərtib edilmiş ərizəni imzalayaraq, üzərində axtarış və götürmə əməliyyatının müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, əməliyyat əməkdaşlarının saxlanılmış şəxsi təhqiqatçının xidməti otağına gətirdiyi andan şəxsi axtarış başa çatanadək fasiləsiz aparılmış videoyazıda şübhəli şəxs tərəfindən belə bir ərizənin verilməsi qeydə alınmamışdır. Bundan əlavə, videoyazıdan görünür ki, şübhəli şəxsi saxlamış əməliyyat əməkdaşları qış gödəkçəsində olduqları halda, şübhəli şəxs şort geyimində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları və müəyyən edilmiş halları təhlil edərək əsaslı nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən 08 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, Bəraət almış şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadə, habelə polis əməkdaşları şahid4 və şahid3 ifadələri mötəbərliyi şübhə doğuran sübutlardır. Buna görə də həmin sübutlar Bəraət almış şəxs elan olunmuş ittiham üzrə təqsirinin müəyyən edilməsi üçün mötəbər və mümkün sübutlar kimi qəbul edilə bilməz. Maddi sübut və ekspertiza rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olması barədə əsaslı şübhələr mövcud olduğu halda, maddi sübutun mövcudluğu, eləcə də həmin maddənin növünü, tərkibini və miqdarını müəyyən edən ekspertiza rəyi öz-özlüyündə həmin psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmasını təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bəraət almış şəxs şəxsi axtarış aparılarkən ona təzyiq göstərildiyini ehtimal etməyə əsas verən kifayət qədər hallar mövcuddur. Bundan əlavə, şəxsi axtarış müdafiə hüququ pozulmaqla aparılmışdır. Bu isə öz növbəsində həmin sübutun Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinin tələbləri baxımından mümkün sübut kimi qəbul edilməsini şübhə altına alır. Kassatorun Sabunçu Rayon Prokurorluğunun 06 aprel 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarına istinad edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyinin qanunsuz olması barədə dəlili də əsassızdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Sabunçu rayon prokurorunun 27 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, həmin qərar prokuror tərəfindən 15 dekabr 2023-cü il tarixdə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hökmündə gəldiyi nəticəni kifayət qədər əsaslandırmış, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbər və mümkün sübut kimi qəbul edilməməsinin motivlərini ətraflı şərh etmişdir. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşdığından, sübutların qiymətləndirilməsi ilə bağlı göstərilən əsaslandırmaları təkrar etməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 28-ci bəndində tövsiyəsini xatırladaraq qeyd edir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Belə hallarda cinayət-prosessual hüququn fundamental prinsiplərindən biri olan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi prinsipi rəhbər tutulmalıdır. Başqa sözlə, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini ağlabatan şübhədən kənar şəkildə sübuta yetirə bilmədikdə, mövcud şübhələr onun xeyrinə qiymətləndirilməli və belə sübutlara əsaslanmaqla şəxsin təqsirli bilinməsi yolverilməz hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun təqsirinin sübuta yetirilmədiyi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququna və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qiymətləndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirinin sübuta yetirilməməsi barədə gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Bəraət almış şəxs təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Bəraət almış şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 1(103)-537/2025 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. QƏRARA ALIR: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham üzrə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 1(103)-537/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar