Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-186/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və məhkum Məhkum müdafiəçisi Əlizadə Kamran Mehman oğlunun iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi K.M.Əlizadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Məhəmmədi Həvayət Kəmaləddin qızı) Məhkum, # ##### 2001-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Şəmkir Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məhkəmənin # ###### 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin # ###### 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzası 1 (bir) il azaldılmış və # ###### 2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ## ##### 2023-cü il tarixdə təxminən saat 23:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci kilometrliyində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı qadağan nişanları yol hərəkəti iştirakçılarnın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozaraq 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə etdiyi VAZ 217050 (Priora) markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili 70-80 km/saat sürətlə Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan gələn sürücü zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ 21214 markalı **- KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü zərərçəkmiş şəxs3 başın tüklü hissəsində sol gicgah nahiyəsinin dərialtı hematoması, sol çənə nahiyəsinin əzilmiş yarası, sol gicgah sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sol bud sümüyünün orta üçdə birinin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol diz oynağının ön səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmçinin idarə etdiyi avtomobildə sərnişin olan zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin sıyırılmış yarası və sağ incik sümüyünün sınığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, eyni zamanda zərərçəkmiş şəxs2 alın və hər iki gicgah nahiyəsinin əzilmiş yaraları, alın sümüyünün ön səthinin, sağ gözyuvası ətrafı sümüklərinin, sağ əng və burun sümüyünün sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkum Məhkum, onun müdafiəçiləri Isayeva Xalidə Isa qızı və Qəhrəmanov Zabil Köçəri oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi K.M.Əlizadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, iş üzrə toplanmış və araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi K.M.Əlizadə həmin şikayətini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin ittiham hökmünün çıxarılması üçün əsaslandıqları yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi tamamilə qanunsuzdur, yəni həmin rəy hadisənin real mexanizminə deyil, yalnız ekspertin öz mülahizəsinə, iş materiallarında olmayan, lakin rəydə istinad olunmuş ölçülərə və hesablamalara əsaslanmış, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittiham isə məhz belə rəyin uzərində qurulmuşdur. Halbuki hüquqlarını müdafiə etdiyi şəxsin ittihamda göstərilən əməli törətməsi heç bir sübutla təsdiq edilməmiş və yol-nəqliyyat hadisəsinin baş verməsi hallarını təsdiq edən digər sübutlar qarşılıqlı şəkildə tədqiq edildikdə məlum olur ki, Məhkum hadisə zamanı təqsirsiz olmuş və digər sürücünün təqsirli olaraq törətmiş olduğu əməl nəticəsində qeyd edilən hadisə baş vermişdir. Iş materiallarından görünür ki, Məhkum özünü təqsirli bilməmiş və ittiham tərəfi də onun hadisənin baş verməsində təqsirini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmiş, toplanmış sübutlar isə ona qarşı ittihamın irəli sürülməsinə və bu ittiham üzrə təqsirli bilinməsinə kifayət etməmişdir. Məhkəmələr isə iş üzrə həqiqətin müəyyən edilməsi üçün lazımi araşdırmalar aparmayaraq baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizmini düzgün müəyyən etməmiş, toplanmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada lazımi qiymət verməmiş, iş üzrə çıxarılmış yekun məhkəmə aktları isə yalnız ehtimallara və mülahizələrə əsaslanmış, nəticədə də Məhkum təqsiri sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi K.M.Əlizadə kassasiya şikayətiniin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2026-cı il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişlər, məhkum Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kolegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, əks nəticəyə gələn məhkəmələr isə iş üzrə zəruri olan sübutların tədqiqindən imtina edərək araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkumun müdafiəçisi K.M.Əlizadə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi K.M.Əlizadənin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən həm bu əməllərə münasibətdə, həm də məhkum olunmuş şəxsin barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilməli olması barədə Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, ümumilikdə isə - cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi və onların vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnun təmin olunması üçün cinayət təqibi aparan orqanlar və məhkəmələr tərəfindən lazımi tədbirlərin görülməsini, digər tərəfdən - hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanunamüvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildiyi halda barələrində ittiham hökmləri çıxarılmaqla bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün qanunamüvafiq səylərin göstərilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanunamüvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşıdrma orqanı tərəfindən təqdim olunmuş sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparmaqla baxmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsi və belə qənaətə gəlmək üçün onların kifayət etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına, toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əsasən ibtidai araşdırma zamanı keçirilmiş yol-nəqliyyat ekspertizası rəyinin düzgün olmamasına həsr olunmuş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırkı iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, şahidlər şahid5, şahid2, şahid1 ifadələri, yol-nəqliyyat ekspertizasının ## #### 2023-cü il tarixli, */**** saylı, məhkəmə-tibbi ekspertizasının ## ##### 2023-cü il tarixli ** saylı, ## ###### 2023-cü il tarixli 1367 və **** saylı rəyləri ilə, ## ######## 2024-cü il tarixli protokol və ona əlavə edilmiş sxem və fotoşəkillərlə, hadisə yerinin müayinə edilməsi və bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə, həmçinin ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Həmin sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum ## ##### 2023-cü il tarixdə təxminən saat 23:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci kilometrliyində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozaraq 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə etdiyi VAZ 217050 (Priora) markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili 70-80 km/saat sürətlə Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan gələn sürücü zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü zərərçəkmiş şəxs3 başın tüklü hissəsində sol gicgah nahiyəsinin dərialtı hematoması, sol çənə nahiyəsinin əzilmiş yarası, sol gicgah sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sol bud sümüyünün orta üçdə birinin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol diz oynağının ön səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmçinin idarə etdiyi avtomobildə sərnişin olan zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin sıyırılmış yarası və sağ incik sümüyünün sınığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, eyni zamanda zərərçəkmiş şəxs2 alın və hər iki gicgah nahiyəsinin əzilmiş yaraları, alın sümüyünün ön səthinin, sağ gözyuvası ətrafı sümüklərinin, sağ əng və burun sümüyünün sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilin əks istiqamətdə olaraq toqquşmaya səbəb olması və Məhkum bu hadisənin qarşısını almağa texniki imkanının olmaması iddia edilsə də, məhkəmə kollegiyası həmin iddia ilə razılaşmayaraq qeyd edir ki, məhkum olunmuş şəxsin yol hərəkəti qaydalarını pozması və bunun zərər çəkmiş zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan ölməsinə, digər zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağrı zərər vurmaya aid bədən xəsarətləri almalarına səbəb olması istər ibtidai araşdırma orqanının, istərsə də məhkəmələrin subyektiv mülahizələrinə əsasən deyil, məhz obyektiv həqiqəti əks etdirən sübutlar əsasında müəyyən edilmiş və bu zaman cinayət təqibi aparan orqanların və məhkəmələrin hər hansı qərəzli mövqedə olmaları, digər tərəfdən isə istər ittiham aktının, istərsə də yekun məhkəmə aktlarının əsasını hər hansı qanun pozuntusu ilə, yəni CPM-in 125.2-ci maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutların təşkil etməsi iş materialları ilə, yəni araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki, yalnız CPM-in 125.2-ci maddəsində sadalanmış halların olması iş materialları ilə müəyyən edildikdə alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (CPM-in 125.3-cü maddəsi). Məhz iş üzrə həqiqətin tam, hərtərəfli və obyektiv müəyyən edilməsi üçün ibtidai araşdırma zamanı müstəntiq tərəfindən şikayət müəllifinin qanunsuz hesab etdiyi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi barədə ## #### 2023-cü il tarixli qərar qəbul olunmuş, ekspertlərə isə əsaslandırılmış rəy vermələri üçün cinayət işinin materialları təqdim edilmişdir. Təqdim olunmuş bu materiallar əsasında isə ekspertlər tərəfindən qanunsuz və əsassız hesab edilməsi mümkün olmayan ## #### 2023-cü il tarixli */**** saylı rəy verilmişdir və həmin rəy üzrə sonuncular aşağıdakı nəticələrə gəlmişlər:
1. Istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2121 markalı, **KK*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21750 markalı, **UT*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, digər sübutların toplanılması və araşdırılması ilə yanaşı, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsasını təşkil edən yol-nəqliyyat hadisələri ekspertizası keçirilərkən də hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, digər tərəfdən isə ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri həm biri biri ilə, həm də qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla uzlaşır. Təsvir edilən rəyin qanunsuz yolla əldə olunmuş sübut kimi qiymətləndirilməsi üçün əsas görməyən məhkəmə kollegiyası həmçinin ekspertizanın aparılmasına dair CPM-in XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə də nəzər yetirir və hesab edir ki, ekspertizanın təyin olunması və keçirilməsi zamanı bunlara tam əməl olunmuşdur. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” ## ###### 2010-cu il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il, ## #### 2001-ci il və ## ####### 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Qeyd olunan Qərarda məhkəmələrə həmçinin tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı, yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların fövqündə iş üzrə əlavə və ya təkrar yol-nəqliyyat ekspertizasının təyin edilərək keçirilməsi, digər tərəfdən isə keçirilmiş ekspertiza rəyinin şübhə altına alınması və qeyri-obyektiv hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq məhkəmələrin, xüsusən də birinci instansiya məhkəməsinin bununla bağlı qərarları kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan məhkəmələr iş üzrə araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymətləndirib qanuni və əsaslı olaraq Məhkum CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlmiş, qəbul etdikləri yekun məhkəmə aktlarında isə yolverilməz sübutlardan istifadə etməmişlər, buna görə də məhkəmələrin iş üzrə nəticələrin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində məhkum Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə təyin olunmuş cəzanın həddindən artıq ağır olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərindən çıxış edib kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkumun barəsində cəza tədbirinin seçilməsi zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi bu məsələni həll edərkən cəza təyin etmənin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-in 2, 5, 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etmiş, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – onun iş üzrə zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, özünün səhhətində problemlər olmasını, habelə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğun olan tam ədalətli və qanuni əsas və əlavə cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə həm Məhkum təyin edilmiş cəzaların yüngülləşdirilməsi, əsas cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar, həm də CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1-ci maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun müdafiəçisi K.M.Əlizadənin kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi barədə sonuncunun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun və zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı həmin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası
QƏRARA A L D İ:
Məhkum Məhkum müdafiəçisi K.M.Əlizadə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.