Məhkəmə qərarları › İş №1(1-8)-188/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-188/2026

01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-188/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1 iştirakı ilə, ##.##.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər A.Sadıqov (sədrlik edən və məruzəçi), F.Məmmədov və M.Kərimova) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər C.Hüseyn (sədrlik edən və məruzəçi), H.Məmmədov və E.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024cü il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi X2 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 158,614 qram külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 71,609 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPI-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ### 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Koroğlu küçəsi 6-cı dalanda saxlanılıb Sabunçu RPInin 42-ci Polis Bölməsinin inzibati binasına aparılıb, orada ## ### 2024-cü il tarixdə saat 01:50-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd qara rəngli sellofan torbanın içərisində saxladığı 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,705 qram, 13,321 qram, 21,554 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr və 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 116,034 qram, xarici əlamətlərinə və kimyəvi tərkibinə görə 03 (üç) ədəd bükümdə olan 01 (bir) ədəd şəffaf polietilen torbacıqda olan heroinlə fərqli olan, ümumi təmiz çəkisi 158,614 qram qəhvəyimtil rəngli bərk, dənəvəri və tozşəkilli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 71,609 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı təqsirsiz olduğunu, ona qarşı təsir-təzyiqlərin olduğunu və üzərində saxlanılan zaman narkotik vasitələrin olmadığını bildirmişdir. Bundan əlavə, o, narkotik vasitələrdən istifadə etsə də, onların satışı ilə heç vaxt məşğul olmamış, sonuncu dəfə million vasitəsi ilə tanımadığı şəxsə 300 manat pul göndərərək öz istifadəsi üçün narkotik vasitə əldə etmək istəmiş, lakin polis əməkdaşları qanunsuz olaraq onu saxlayıb üzərinə narkotik vasitə qoyaraq ona haqsızcasına ittiham irəli sürmüşlər. Şikayət müəllifi hesab edir ki, saxlanılan vaxt məhkumun üzərində narkotik vasitə olmadığından onun əməlində cinayət tərkibi yoxdur. Onu narkotik vasitəni əldə etməmiş saxlayıblar və qanunsuz olaraq təzyiqlərə məruz qoyub etiraf edici izahatlar almışlar. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini faktiki olaraq məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətindən görünür ki, müdafiəçi məhkumun saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddənin olmadığını iddia etməklə, onun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.4.3-cü maddsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr yalnız onun ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrlə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən narkotik vasitələrin və psixotrop maddənin videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı məhkumun üzərindən aşkar edilərək götürülməsi və həmin vaxt məhkumun aşkar olunan predmetlərin özünə məxsus olduğunu etiraf etməsi, polis əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya sair zorakılığın, hər hansı formada qanunsuz təsir etmənin tətbiq edilmədiyini bildirməsinə dair dindirmə protokolları, aşkar edilmiş predmetlərin külli miqdar təşkil edən narkotik vasitə və psixotrop maddə olması barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi, narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair mobil telefon nömrəsindən aşkar olunan məlumatlar, məhkumda opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin müəyyən edilməsinə dair ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Müdafiəçi kassasiya şikayətində məhkumun ibtidai istintaq zamanı ifadələrini təzyiq altında verməsini iddia etsə də, müdafiə tərəfi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də psixi və fiziki təsir və təzyiq kimi rəftar daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Məhkum istintaq zamanı izahat və ifadələrinin sonunda ona qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da özünü qismən təqsirli bilməklə, ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini deməmişdir. Bütün bunlar isə məhkumun təzyiq altında etirafedici ifadə verməyə məcbur edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Məhkum Məhkum ibtidai istintaq mərhələsində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi haqqında protokol, ekspert rəyi ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunmuşdur. Məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmələr həmin ifadələri mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşlar. Bundan əlavə, Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hallar kimi əməlini qismən etiraf etməsi, səhhəti, himayəsində bir azyaşlı uşağının olmasından, cəzanı ağırlaşdıran hal kimi isə əməlində cinayətin təhlükəli residivinin olmasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 65.2 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar