Məhkəmə qərarları › İş №1(1-8)-19/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-19/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-19/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Nazim Nəriman oğlu İmanovun, məhkum İbrahim Fərhad oğlu Hümbətovun, onun müdafiəçiləri müdafiəçi5, müdafiəçi3 və məhkum İbrahim Həmdulla oğlu Həsənovun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Həsənov İbrahim Həmdulla oğlu, məhkum Hümbətov İbrahim Fərhad oğlu və məhkum İ.F.Hümbətovun müdafiəçiləri müdafiəçi5 və müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ayşən Vəliyeva (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Aqil Nuriyev) ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə ## ### 1975-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Ocaqlı kənd * saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmiş, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Həsənov İbrahim Həmdulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanmış, ## ###### 1984-cü il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış Hümbətov İbrahim Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Həsənov İbrahim Həmdulla oğlu məhkum edilmişdir ona görə ki, o, 2013-cü ildə xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunduqdan sonra, həmin xüsusi xidmət orqanı nümayəndələrindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış “X12” (BAH) adlandırılan təşkilatın Azərbaycandakı nümayəndəliyinin təsis olunması, maddi-texniki bazasının yaradılması və ölkənin müxtəlif regionlarından yeni üzvlərin cəlb olunması, eyni zamanda həmin təşkilatın rəhbəri adı altında pərdələnib ölkə daxilində müvafiq maraqlar çərçivəsində fəaliyyətə cəlb edilməsi mümkün olan ictimai və dövlət xadimlərinin, ictimai fəalların dairəsinin müəyyən edilərək onlarla əlaqə saxlanılması, mülahizələrini öyrənilməklə əldə olunan bu barədə məlumatların ötürülməsi, habelə mümkün şəxslərin Azərbaycan Respublikasından kənara xarici ölkə ərazisinə çıxarılaraq həmin xarici xüsusi xidmət orqanı əməkdaşları ilə görüşlərinin təşkili və onların əlaqəsinə verilməsi, ictimai və dövlət xadimlərinin həmin xarici ölkənin xarici siyasətinə uyğun olmayan mediadakı çıxışları təhlil olunmaqla bu barədə məlumatların göndərilməsi, BAH təşkilatının Azərbaycandakı üzvlərinin Bakı şəhərində keçiriləcək tədbirləri ilə bağlı mütəmadi hesabatların hazırlanması və təqdim olunması, tərkibinin və ölkədə təsir dairəsinin genişləndirilməsi, internet-informasiya saytları, eləcə də “Telegram” sosial şəbəkəsində xarici xüsusi xidmət orqanının nümayəndəsi ilə əvvəlcədən razılaşdırılmış xarici dövlətin maraqlarına uyğun ideoloji təbliğatın aparılması və məqalələrin yerləşdirilməsinə dair tapşırıqlar almış, xarici xüsusi xidmət orqanının nəzarəti altında, aldığı həmin tapşırıqlarının icrası istiqamətində tamah niyyəti ilə fəaliyyət göstərərək ## #### 2013cü ildən ## #### 2023-cü il tarixədək olan müddətdə “İbraqim Qasanov” adı ilə “Vkontakte” sosial şəbəkəsi üzərindən xarici xüsusi xidmət orqanının əməkdaşı ilə mütəmadi əlaqə saxlayıb Azərbaycan Respublikasında baş verən ictimai və siyasi hadisələr, sosial-iqtisadi və dini sahədə mövcud vəziyyət, siyasi partiyalar, Azərbaycan Respublikasının digər ölkələrə münasibətdə xarici-diplomatik siyasəti, prezident seçkiləri, habelə ictimai və dövlət xadimləri, eləcə də onların çıxışları və mövqeləri barədə topladığı məlumatları ötürmüş, 2014-cü ildən etibarən yaratdığı “avrasiya.info” və “litparad.org” internet saytlarında 2015-2019-cu illər ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq təxribat məzmunlu məqalələr yerləşdirmiş, xarici xüsusi xidmət orqanının əməkdaşı X13 əlaqələndirdiyi BAH-ın maliyyə məsələləri üzrə mütəxəssisi Fedorçenko Gennadi İqoreviç tərəfindən göndərilən pul vəsaitlərinin qəbul edilib çatdırılmasını qabaqcadan vəd etmiş Hümbətov İbrahim Fərhad oğlunun köməkliyi ilə digər şəxslərin adlarına olub faktiki öz istifadəsində olan 5522 0993 4803 6229 və 4169 7388 7388 **** nömrəli bank kartı hesablarına 2021-2023-cü illər ərzində köçürülən ümumilikdə 9.837 (doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti müqabilində BAH-ın fəaliyyəti ilə bağlı Azərbaycandakı nümayəndəliyinin üzvlərinin Bakı şəhərində görüşlərini təşkil etmiş, məxfi əməkdaşlığa cəlb edilmələri üçün ## ##### 2021-ci il tarixdə X4 xarici ölkədə xarici xüsusi xidmət orqanının nümayəndəsi Yuri Xoroşevski ilə görüşdürmüş, 2021-ci ilin oktyabr ayında siyasi şərhçi X5 barədə məlumatları “Telegram” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürməklə sonuncunun Moskva şəhərində onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmasını təmin etmiş, ## #### 2023-cü il tarixdə X1 eyni məqsədlə xarici xüsusi xidmət orqanının nümayəndəsi Yuri Xoroşevski və onunla əlaqəli Denis Apaşkin adlı şəxslə görüşdürmüş, qeyd olunan məqsədlə 2023-cü ilin yanvar-iyul aylarında digər siyasi şərhçilər ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmış, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə qəsdən dövlətə xəyanət etmişdir. Həmin hökmə əsasən Hümbətov İbrahim Fərhad oğlu məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş tanışı İbrahim Həsənova aldığı cinayətkar tapşırıqlarının icrası müqabilində göndərilən pul vəsaitlərini bilə-bilə əldə edib çatdırmağı qabaqcadan vəd edib, sonuncunun tapşırığı əsasında xarici xüsusi xidmət orqanının əməkdaşı X13 əlaqələndirdiyi “X12” təşkilatının maliyyə məsələləri üzrə mütəxəssisi Fedorçenko Gennadi İqoreviç tərəfindən 2022ci ilin aprel ayından 2023-cü ilin iyul ayınadək “Zolotaya Korona” surətli pul köçürmələri sistemi vasitəsilə həm xarici dövlətdə, həm də Azərbaycan Respublikası ərazisində olduğu müddət ərzində istifadəsində olan “Sberbank” İSC-yə məxsus 2202 2061 7149 **** nömrəli bank kartına göndərilmiş və daha sonra nağdlaşdıraraq “xxxx” ASC-yə məxsus 4169 7413 6250 **** nömrəli kart hesabına mədaxil etdiyi ümumilikdə 9.837 (doqquz min səkkiz yüz otuz yeddi) manat pul vəsaitlərini cinayətin törədilməsi üçün maneələri aradan qaldırmaqla Azərbaycan Beynəlxalq Bankına aid 5522 0993 4803 6229 və “xxxx” ASC-yə aid 4169 7388 7388 **** nömrəli kart hesablarına köçürərək Cəlilabad rayonunda İbrahim Həsənova çatdırılmasına yardım etmiş, bununla da xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş İbrahim Həsənovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq həmin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə dövlətə xəyanət etməsinə qəsdən köməklik göstərmişdir Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Yaşar Həşimov) # ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar Həsənov İbrahim Həmdulla oğlunun və Hümbətov İbrahim Fərhad oğlunun, məhkum İ.H.Həsənovun müdafiəçisi X2, məhkum İ.F.Hümbətovun müdafiəçiləri müdafiəçi5 və müdafiəçi3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Hümbətov İbrahim Fərhad oğlunun müdafiəçiləri müdafiəçi5 və müdafiəçi3 tərəfindən birgə verdikləri kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Hümbətov İbrahim Fərhad oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Həsənov İbrahim Həmdulla oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Hümbətov İbrahim Fərhad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, onun hazırkı cinayət işi üzrə heç bir aidiyyəti olmadığı məhkəmə istintaqı zamanı sübuta yetirilsə də, məhkəmələr hökm və qərar qəbul edərkən onun şəxsiyyətini, ailə vəziyyətini və səhhətini nəzərə almamışdır. Təqsirli bilindiyi cinayət əməli üzrə əlaqəsinin olmadığından dərin mənəvi-psixoloji sarsıntılar keçirmişdir. Məhkum Həsənov İbrahim Həmdulla oğlu kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquqların pozulması ilə çıxarılmışdır. Yazdığı vəsatətlərə münasibət bildirilməmiş, hökm və qərarda qeyd edilməmişdir. X3, Nadir Quliyev və Elşən Manafov məhkəmə istintaqı zamanı ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrinin saxta olduqlarını və belə ifadə vermədiklərini bildirmişlər. Lakin bu xüsusata apellyasiya instansiyası məhkəməsi münasibət bildirməmişdir. İbtidai istintaq zamanı müstəntiq onun adından 18 ifadə yazmışdır, lakin həmin ifadələrdə onun imzası yoxdur. Həmçinin kassator fonoskopik ekspertizanın da saxta olduğunu vurğulamış, təkrar fonoskopik ekspertizanın keçirilməsini tələb etsə də, təmin edilməmişdir. Ən əsası xarici kəşfiyyata göndərdiyi hər hansı bir dövlət sirli məlumat olmamışdır. Məhkum Hümbətov İbrahim Fərhad oğlunun müdafiəçiləri müdafiəçi5 və müdafiəçi3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarını qəbul edərkən müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlərə qətiyyən əhəmiyyət verməmiş, həmin halları araşdırmamış, həmin cinayət işi üzrə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. İşə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə olan sübutları lazımı qaydada araşdırmadan və qiymətləndirmədən Hümbətov İbrahim Fərhad oğluna elan edilmiş ittihamda təqsirli bilmiş və bu da CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Məhkum Hümbətov İbrahim Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddəsi ilə təqsirli bilinməsi qanunsuz, əsassız, ədalətsiz, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci-(qanunçuluq), 8-ci (ədalət), 9-cu (humanizm), 41.2-ci (cəzanın məqsədi), 58.3-cü (cəzanın təyin edilməsinin ümumi əsasları), 59-61-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına tamamilə ziddir. Hökmdə və qərarda şahid ifadələrinə yer verilməmiş, müdafiə tərəfindən işin obyektiv araşdırılması üçün Cəmil Şirvanovun və ibtidai istintaq zamanı verdiyi ifadələrinin təhrif olunduğu bildirərək məhkəmə istintaqında heç bir təzyiq və təsirə məruz qalmadan daha obyektiv olaraq ifadə verən şahid Elşən Manafovun ifadələrinə ümumiyyətlə yer verilməmiş, onun təkrar dindirilməsi təmin edilməmişdir. Ziddiyyətlərin aradan qaldırılması üçün adı çəkilən şəxslər yenidən dindirilməli idilər. Habelə məhkum İ.F.Hümbətovun cəzasını yüngülləşdirən bir sıra hallar nəzərə alınmamış, həmçinin təyin edilən cəza isə onun şəxsiyyətinə, səhhətinə və ailə vəziyyətinə uyğun gəlmir. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin olunmamasına dair nəticəsi əsassız olmuş, qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə mövcud sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamışdır və ona görə də həmin qərar qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili məhkumlar İbrahim Hümbətova və İbrahim Həsənova qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərinin törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmadığına baxmayaraq barələrində qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Həmçinin kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəmələr sübutları araşdırarkən həmin sübutların mötəbərliyinə şübhə yaradan ziddiyyətləri aradan qaldırmamış və vəsatətlərə qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin dispozisiyasına əsasən, dövlətə xəyanət dedikdə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən, düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrinin xarici dövlətə verilməsi, habelə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətinin həyata keçirilməsində xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə kömək etmə kimi əməllər başa düşülür. Həmin Məcəllənin 32.5-ci maddəsində qeyd edir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görünür ki, məhkum Həsənov İbrahim Həmdulla oğlunun Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə və məhkum Hümbətov İbrahim Fərhad oğlunun 32.5,274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkumların təqsiri onların məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri, məhkəmə baxışında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, mobil telefonlardan əldə olunmuş məlumatlar, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumların və şahidlər E.M.Manafovun, N.Ə.Quliyevin, S.H.Mustafayevin, Ü.Ə.Həsənovanın, C.Z.Şirvanovun, T.H.Quliyevin, E.Y.Məmmədovun, N.M.Ağayevin, A.Y.Məsiyevin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertizalarının rəylərini və işin digər materiallarını tədqiq edərək sübutları yoxlamış və onlara qiymət vermişdir. Həmin sübutlara əsasən məhkəmə nəticəyə gəlmişdir ki, Həsənov İbrahim Həmdulla oğlunun Azərbaycan Respublikası CM-in 274-cü maddələri, Hümbətov İbrahim Fərhad oğlu 32.5,274-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmə sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, məhkumlar Həsənov İbrahim Həmdulla oğlunun və Hümbətov İbrahim Fərhad oğlunun cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onların əməlində müvafiq olaraq Azərbaycan Respublikası CM-in 274-cü maddələri və CM-in 32.5,274-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və onların cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Kassasiya kollegiyası birinci instansiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarının yuxarıda göstərilən tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası məhkumlar Həsənov İbrahim Həmdulla oğlunun və Hümbətov İbrahim Fərhad oğlunun əməllərinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş və hökmün əsasını təşkil edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumların təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin halları düzgün və doğru kimi qəbul edilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiə tərəfinin dəlilləri üzrə araşdırmanın aparılmamasına dair kassasiya şikayətlərində irəli sürülmüş dəlili də əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Həsənov İbrahim Həmdulla oğlunun məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 274-cü maddəsi, Hümbətov İbrahim Fərhad oğlunun CM-in 32.5,274-cü maddəsi ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onların cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Həsənov İbrahim Həmdulla oğlu və Hümbətov İbrahim Fərhad oğlunun hökmdə qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişlər. Məhkumlar Həsənov İbrahim Həmdulla oğlu və Hümbətov İbrahim Fərhad oğlunun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkumlara verilmiş ittiham üzrə təqsirli olmaları sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya şikayətlərinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa, məhkəmələr məhkumlar Həsənov İbrahim Həmdulla oğluna və Hümbətov İbrahim Fərhad oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Həsənov İbrahim Həmdulla oğluna və Hümbətov İbrahim Fərhad oğluna cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, məhkumların şəxsiyyətlərini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq onların təqsirli bilindiyi maddənin sanksiyasının həddində ədalətli cəza təyin etmişdir. Müdafiəçilərin kassasiya şikayətində CM-in 62 və 70-ci maddələrinə istinad edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Hümbətov İbrahim Fərhad oğlu barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İ.F.Hümbətov barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətlərin sayı və onların ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Hümbətov İbrahim Fərhad oğlu barəsində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Hümbətov İbrahim Fərhad oğlu və Həsənov İbrahim Həmdulla oğlu barələrində olan qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətlərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkumlar Hümbətov İbrahim Fərhad oğlu, Həsənov İbrahim Həmdulla oğlu və məhkum İ.F.Hümbətovun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar