Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-193/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Əsgərov Elxan Yusif oğlunun iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli hökmü ilə isə Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə sonuncuya bəraət verilməsinə və Azərbaycan Respublikasının adından onun təqsirsiz hesab edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Cəfərli Orxan Nazim oğlu) Məhkum, ## ###### 1973-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan, CM-in 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 46.3-cü maddəsinə əsasən ona əlavə cəza kimi təyin edilmiş qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddətinin sonuncuya təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının bütün müddətinə şamil edilməklə həmin cəzanı çəkib qurtardığı gündən hesablanması qərara alınmışdır. Işin halları: Gəncə Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə Məhkum CMin 225.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda, bu qaydaları pozmuş, onun yol verdiyi ehtiyatsızlıq zərər çəkmiş şəxs X6 ölməsinə, digər zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum # #### 2019-cu il tarixdən "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2-ci bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin tələblərini və “Təmiz Qaz” QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmişdir. Belə ki, ünvan 3 ünvanında qaz sızmasının olması barədə aldığı məlumat əsasında ## ######## 2021-ci il tarixdə həmin ünvanda yerləşən, zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 1,7 metr kənardan, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, "Azəriqaz" Istehsalat Birliyinin Gəncə regional qaz istismar idarəsinin balansında və istismarında olan, diametri 63 millimetr olan yeraltı polietilen qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməməsi, qeyd olunan qaz xəttində mövcud olmuş qaz sızmasını aşkar etməməsi, həmçinin həmin qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və sair) quyularında, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamaması və qəza halının aradan qaldırılması üçün düzgün məlumat verməməsi səbəbindən ünvan 3 ünvanında yerləşən, zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış yaşayış evindən 1,7 metr kənardan yeraltı keçən diametri 63 millimetr olan polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə dolması ilə əlaqədar partlayış konsentrasiyalı qaz-hava qarışığı əmələ gəlmişdir. ## ###### 2021-ci il tarixdə, saat 01 radələrində həmin evdə yaşamış X6 mətbəx otağında quraşdırılmış dörd gözlü qaz plitəsini alışqan vasitəsi ilə yandırarkən yaranmış qığılcımın təsirindən partlayış baş vermiş, nəticədə X6 başın dairəvi, sifətin, boyunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthlərinin, ümumi bədən səthinin 98-100%-ni təşkil edən, IIIB-IVA dərəcəli termiki yanığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına xarakterik xəsarətlər aldığından ## ###### 2021-ci il tarixdə, saat 23:42-də müalicə olunduğu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində ağır yanıq şokundan ölmüşdür. Həmin evdə yaşayan zərərçəkmiş şəxs1 isə sifətin, başın tüklü hissəsinin, boyunun, hər iki əllərin, hər iki aşağı ətrafların termikiyanıqları, ümumilikdə bədən səthinin 40 %-ni təşkil edən II-III-IV dərəcəli, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır. Fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə partlayışın təsirinə məruz qaldığı üçün evin mülkiyyətçisi zərərçəkmiş şəxs2 əmtəə üzrə 57310 manat, tikinti üzrə 112775 manat, ümumilikdə 170085 manat məbləğində maddi ziyan dəymişdir. Bununla da, Məhkum üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X6 ölümünə, zərərçəkmiş şəxs1 sağlamlığına ağır xəsarətlər vurulmasına və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmündən məhkum Məhkum və onun müdafiəçisi E.Y.Əsgərov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) ## ####### 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək Məhkum istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsinə görə sonuncuya CM-in 225.2-ci maddəsi ilə bəraət verilmiş, o, Azərbaycan Respublikasının adından təqsirsiz elan olunmuş, CPM-in 356.5-ci maddəsinə əsasən ona qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinin tələb olunması üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin göstərilən hökmü ilə hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən olunmamış qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin barəsində cinayət təqibinin aparılması məsələsinin həll olunması üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, iş üzrə maddi sübut qismində tanınmış ünvan 3 ünvanda yerləşən, zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun kəsilərək götürülmüş 83 sm uzunluğunda hissəsinin, eləcə də Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində həyata keçirilən işıqlandırma işlərinin və “Sensid PMD” qazanalizator cihazının yaddaş görüntülərini əks etdirən 5 ədəd DVD disklərin iş materiallarına əlavə edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrində nəzərdə tutulmuş tələblərə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına”, “Təmiz Qaz” QSC ilə “Azəriqaz” Istehsalat Birliyi arasında bağlanmış müqaviləyə, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, çoxsaylı şahidlərin ifadələrinə, ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən keçirilmiş ekspertiza rəylərinə, habelə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutlara, Məhkum qarşı irəli sürülmüş və birinci instansiya məhkəməsinin hökmü ilə onun təqsirli bilindiyi ittihama, habelə sonuncunun barəsində çıxarılmış hökmlərə və bu hökmlər üzrə birinci və apellyasiya məhkəmələrinin gəldikləri müxtəlif nəticələrə istinad edən dövlət ittihamçısı B.Q.Cabbarlı həmin protestini belə əsaslandırmışdır ki, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə müəyyən olunur ki, Məhkum naryad tapşırıq sənədi olmadan qaz borusunda sızıntının olub-olmamasını yoxlama hərəkətini icra etməklə vəzifə təlimatının pozulmasına yol vermiş, bu yoxlamanın keçirilməsi barədə şahid4 şifahi göstəriş alsa belə, bunun vəzifə təlimatına zidd olduğunu bilməli və bundan imtina etməli idi. Qeyd olunmalıdır ki, yanğıntexniki ekspertizasının ## ### 2022-ci il tarixli **/*** nömrəli rəyində də Məhkum tərəfindən xətt baxıcısının vəzifə təlimatının pozulması halının mövcudluğu birbaşa göstərilmişdir. Eyni zamanda iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Təmiz Qaz" QSC-nin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyən Məhkum hadisə baş verməzdən əvvəl onda marşrut sxemi olmadan, naryad tapşırıq sənədi tərtib edilmədən ünvan 4 ünvanda yerləşən qaz xətlərində sızma olubolmamasının yoxlanılması işini aparması zamanı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələblərini də pozmuş, bu hal da əlavə əmək təhlükəsizliyinin tətbiqi ekspertizasının ## #### 2023-cü il tarixli **/**** nömrəli rəyi ilə təsdiq olunmuş, həmin rəydə isə Məhkum və ya digər əməkdaş tərəfindən qeyd olunan bəndin pozulması məsələsi bəraət almış şəxsin yoxlama aparılması barədə rəhbərliklə razılaşdırma aparıb-aparmaması ilə şərtləndirilmişdir. Ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar Məhkum texniki normativ akt hesab edilən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 7.30 bəndinin tələblərini pozması ilə yanaşı, onun tərəfindən həmçinin “Yanğın təhlükəsizlik Qaydaları’nın pozulması barədə də nəticəyə gəlmək üçün əsas verir. Bundan əlavə, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadələrindən aydın olur ki, “Azəriqaz” IB-nin və “Minenerqo Quraşdırma” MMC-nin əməkdaşlarına yuxarıda göstərilən ünvanda yerləşən qaz xəttində qaz sızmasının olmaması barədə məlumatı məhz Məhkum vermiş, onlar bu məlumatı mötəbər hesab edərək, qaz sızmasının qarşısının alınması istiqamətində hər hansı tədbir görməmiş, bütün bu hallar isə Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən şəraitdə insan ölümünə və digər ağır nəticələrə səbəb olmuş partlayışın baş verməsi ilə nəticələnmişdir. Göstərdiyi dəlillərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli sübutların araşdırılmasından imtina olunmasını, toplanmış və araşdırılmış sübutlara isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün qiymət verilməməsini iddia edən dövlət ittihamçısı B.Q.Cabbarlı onun kassasiya protestinin təmin edilərək həmin protestə uyğun qərarın qəbul edilməsini xahiş edir. Bəraət almış şəxs Məhkum müdafiəçisi E.Y.Əsgərov kassasiya protestinə yazılı etiraz verərək həmin protestin təmin edilməməsini xahiş etmişdir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum ona qarşı CM-in 225.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi tam sübuta yetirilsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq ona həmin ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət vermiş və bu haqda nəticəyə gələrkən iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina edərək toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmişdir. Bununla da, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədinin olması bəyan edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri sübuta yetirildiyi halda isə barələrində ittiham hökmləri çıxarılmaqla bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi və CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi kassasiya protestində göstərilən dəlillərin əksinə olaraq həm ibtidai araşdırma orqanı tərəfindən məhkəmələrə təqdim olunmuş, həm də işə birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında baxılarkən əldə olunmuş əlavə sübutları da tam, hərtərəfli və obyektiv tədqiq edərək, tədqiq və təhlil edilmiş sübutları isə CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticədən fərqli olaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə mötəbər nəticəyə gəlmiş, bu nəticəyə gələrkən isə məhz məhkəmə iclaslarında araşdırılmış sübutlara əsaslanmışdır. Həmin sübutların hər birisi kassasiya qaydasında mübahisələndirilən hökmdə ətraflı təsvir edilsə də, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün onların bir hissəsinə hazırkı qərarda da müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı CM-in 225.2-ci maddəsi ilə ittiham sürülərək sonuncu birinci instansiya məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda, bu qaydaları pozmuş, onun yol verdiyi ehtiyatsızlıq zərər çəkmiş şəxs X6 ölməsinə, digər zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum # #### 2019-cu il tarixdən "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2-ci bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin tələblərini və “Təmiz Qaz” QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmişdir. Belə ki, ünvan 3 ünvanında qaz sızmasının olması barədə aldığı məlumat əsasında ## ######## 2021-ci il tarixdə həmin ünvanda yerləşən, zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 1,7 metr kənardan, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, "Azəriqaz" Istehsalat Birliyinin Gəncə regional qaz istismar idarəsinin balansında və istismarında olan, diametri 63 millimetr olan yeraltı polietilen qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməməsi, qeyd olunan qaz xəttində mövcud olmuş qaz sızmasını aşkar etməməsi, həmçinin həmin qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və sair) quyularında, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamaması və qəza halının aradan qaldırılması üçün düzgün məlumat verməməsi səbəbindən ünvan 3 ünvanında yerləşən, zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış yaşayış evindən 1,7 metr kənardan yeraltı keçən diametri 63 millimetr olan polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə dolması ilə əlaqədar partlayış konsentrasiyalı qaz-hava qarışığı əmələ gəlmişdir. ## ###### 2021-ci il tarixdə, saat 01 radələrində həmin evdə yaşamış X6 mətbəx otağında quraşdırılmış dörd gözlü qaz plitəsini alışqan vasitəsi ilə yandırarkən yaranmış qığılcımın təsirindən partlayış baş vermiş, nəticədə X6 başın dairəvi, sifətin, boyunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthlərinin, ümumi bədən səthinin 98-100%-ni təşkil edən, IIIB-IVA dərəcəli termiki yanığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına xarakterik xəsarətlər aldığından ## ###### 2021-ci il tarixdə, saat 23:42-də müalicə olunduğu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində ağır yanıq şokundan ölmüşdür. Həmin evdə yaşayan zərərçəkmiş şəxs1 isə sifətin, başın tüklü hissəsinin, boyunun, hər iki əllərin, hər iki aşağı ətrafların termiki yanıqları, ümumilikdə bədən səthinin 40 %-ni təşkil edən II-III-IV dərəcəli, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır. Fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə partlayışın təsirinə məruz qaldığı üçün evin mülkiyyətçisi zərərçəkmiş şəxs2 əmtəə üzrə 57310 manat, tikinti üzrə 112775 manat, ümumilikdə 170085 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 225.2-ci maddəsinə əsasən, şəxsin bu maddə ilə cinayət məsuliyyəti o halda yaranır ki, həmin şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş olsun, onun tərəfindən bu qaydaların pozulması müəyyən edilsin, bu əməl isə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olsun. Qanunun bu normasının mənasından görünür ki, göstərilən maddə blanket xarakter daşıyır, yəni şəxsin həmin maddə ilə məsuliyyətə cəlb edilməsi üçün onun tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi ilə bağlı bu və ya digər normativ, yaxud qeyri-normativ aktlarla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi müəyyən edilməli, ona qarşı irəli sürülmüş ittihamda isə belə aktlara istinad olunmalıdır. Digər tərəfdən, bu normanın əsas zəruri dispozitiv əlamətlərindən biri də odur ki, şəxsin göstərilən maddə ilə məsuliyyətə cəlb edilməsi üçün onun yanğın təhlükəsizliyi qaydalarını pozması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrlə (qiymətverici əlamət) nəticələnsin və törədilmiş əməllə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilsin. Yəni şəxsin yanğın təhlükəsizliyi qaydalarını pozması ilə bağlı hər hansı əməl törətməsinə baxmayaraq onun bu əməli heç bir nəticənin baş verməsinə səbəb olmadıqda, yaxud da yol verilmiş pozuntu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması müəyyən edilmədikdə onun yalnız belə pozuntulara görə CM-in 225-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunur, çünki istər CM-in 225.2-ci maddəsində, istərsə də CM-in 225.1 və 225.3-cü maddələrində cinayətin zəruri əlamətlərindən biri kimi həm də bu və ya digər nəticənin baş verməsi də nəzərdə tutulmuşdur. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, hər hansı şəxsin barəsində CM-in 225-ci maddəsi ilə cinayət təqibi aparılarkən toplanmış və araşdırılmış sübutlarla təkzibedilməz şəkildə müəyyən edilməlidir ki, yanğın və onun nəticələri hər hansı başqa səbəbdən deyil, məhz onun yanğın təhlükəsizliyi qaydalarını pozması nəticəsində baş vermiş və o, həmin qaydalara riayət etdikdə hadisə baş verməyə bilərdi. Həmçinin o, da nəzərə alınmalıdır ki, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə cavabdeh olan şəxs onun üzərinə qoyulmuş vəzifələri lazımi qaydada yerinə yetirdikdə, yəni bu qaydaları bu və ya digər şəkildə pozmadıqda, lakin yanğının səbəblərini obyektiv olaraq əvvəlcədən aşkar etmək imkanında olmadıqda belə şəxsin hər hansı məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Məsələn, altı aydan bir üzərinə mənzildə quraşdırılmış qaz avadanlığını yoxlamaq vəzifəsi qoyulmuş vəzifəli şəxs bu müddət ərzində belə yoxlamanı keçirmədikdə, buna görə avadanlıqda olan nasazlığın olmasını müəyyən edib onun aradan qaldırılması üçün lazımi tədbirlər görmədikdə, yanğın isə məhz həmin nasazlığa görə baş verdikdə, eyni zamanda məhz onun hərəkətləri CM-in 225.1-225.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduqda o, göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb edilməlidir. Lakin yanğın və onun nəticələri göstərilən yoxlamanı keçirməmiş şəxsin hərəkətləri nəticəsində yox, tam saz və işlək vəziyyətdə olan avadanlığın başqa şəxs tərəfindən təyinatı üzrə düzgün istifadə etməməsi səbəbindən (məsələn, yaş paltarların qaz plitəsinin üzərindən asılaraq qurudulması, alovun isə paltarlara keçməsi) baş verdikdə, üzərinə yoxlamanı aparmaq vəzifəsi qoyulmuş şəxsin baş vermiş hadisəyə görə məsuliyyət daşıması istisna olunur. Eyni ilə qaz borularında və ya avadanlıqlarında qaz sızmaları, nasazlıq və digər bu kimi nöqsanlar başqa şəxsin (şəxslərin) hərəkətləri nəticəsində yarandıqda, buna görə də bir və ya bir neçə şəxsin ölümünə, özgə əmlakının məhv edilməsinə və ya digər ağır nəticələrə səbəb olmuş yanğın baş verdikdə həmin nəticələrə görə məsuliyyəti göstərilən nöqsanlara yol vermiş şəxs daşımalıdır. Cinayət qanunu normasına verdiyi təfsirdən çıxış edən məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin işin müəyyən edilmiş faktiki hallarına görə (bu hallar toplanmış və araşdırılmış sübutlarla tam təsdiq edilir) Məhkum ona edilmiş müraciət əsasında, lakin normativ-hüquqi aktların tələblərinə zidd olaraq xətt baxıcısı vəzifəsində işlədiyi “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzinin rəhbərliyinə məruzə etmədən, bununla yanaşı hər hansı yoxlama aparmaq vəzifəsi üzərinə qoyulmadığına görə yoxlama apardığı ərazinin marşrut sxemi, həmin ərazinin xəritəsi və digər zəruri sənədlər ona verilmədən ## ######## 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 1,7 metr kənarda yerin altından keçən, diametri 63 millimetr olan polietilen qaz borusundan qaz sızmasının olub-olmamasını ona təhkim olunmuş “Sensid PMD” elektron cihazdan istifadə etməklə iki dəfə yoxlamış, lakin cihazın göstəriciləri ilə sızma müəyyən edilmədiyindən o, özü də belə sızmanın olmamasına əmin olmuş və bu haqda “Azəriqaz” Istehsalat Birliyinin Gəncə Regional Qaz Istismarı Idarəsinin Təmir-Bərpa Xidmətinin və “Minenerqo quraşdırma” MMC-nin əməkdaşlarına bildirmiş, digər tərəfdən isə hər hansı başqa üsulla qaz borusunun əvvəlcədən zədələnməsini (bu hal da ibtidai araşdırma zamanı toplanmış sübutlarla müəyyən edilmişdir), zədələnmiş yerdən isə qazın kanalizasiya xəttinə sızaraq zərərçəkmiş şəxs2 məxsus evin mətbəx otağına dolmasını aşkar etmək imkanında olmamışdır. Belə ki, həm işə birinci instansiya məhkəməsində baxılarkən, həm də apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında Məhkum özünü ona CM-in 225.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, “Azəriqaz” IB-nin əməkdaşı ona zəng edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 ünvanında onda olan xüsusi cihazla qaz sızmasının yerinin müəyyən edilməsi üçün operativ qaydada köməklik göstərilməsini xahiş etdiyindən, o, ## ######## 2021-ci il tarixdə səhər tezdən həmin ünvana gəlib orada olan qonşu və “Azəriqaz” IB-nin əməkdaşlarından nə səbəbə yoxlamanın aparılmasını soruşduqda ona bildirmişlər ki, həmin küçədə elektrik xəttinin çəkilişi zamanı qazıntı işləri aparılarkən traktor su borusunu zədələdikdən sonra qeyd olunan ünvana qazın verilişi dayanmış və küçədə qaz iyinin olması hiss edilmişdir. Həmin yerdə olarkən o, özü belə iyin olmasını hissə etməsə də, küçə boyu təzə xəndəyin qazıldığını və həmin xəndəyin üstünün örtülməsini, lakin xəndəyin sonunda 20-30 sm dərinlikdə xəndəkdən torpağın çıxarılmasını, həmin yerin ətrafında və xəndəkdə olan torpağın isə yaş vəziyyətdə olmasını görmüşdür. O, öz təşəbbüsü ilə operativ qaydada köməklik etmək məqsədi ilə həmin yerə getdiyindən, onda marşrut sxemi və xəritə olmamış, bu işin görülməsi üçün naryad tapşırığı verilməmiş və belə hesab etmişdir ki, ona təhkim olunmuş “Sensid PMD” cihazdan istifadə etməklə “Azəriqaz” IB-nin əməkdaşlarına qaz sızmanın yerini dəqiqliklə müəyyən etmək üçün köməklik edə bilər. Bu məqsədlə o, küçənin əvvəlində cihazın düyməsini işə salıb onu işlək vəziyyətdə olmasına əmin olduqdan sonra küçənin əvvəlindən başlayaraq ev 19 ünvanına kimi mərkəzləşdirilmiş kommunikasiyaları və hasar kənarı küçə boyu yeraltı qaz xəttinin təxmini olduğu yer üzrə yoxlama aparmış, lakin bu yoxlama nəticəsində cihaz qaz sızmasını aşkar etməmişdir. Bu haqda o, “Azəriqaz” IB-nin əməkdaşlarına bildirmiş və cihazın monitorunda olan göstəricini onlara göstərmişdir. Bundan sonra o, xidməti vəzifələrinin icrası üçün həmin yeri tərk edib getmişdir. Bundan bir neçə saatdan sonra “Azəriqaz” IB-nin əməkdaşı ona zəng edərək təmir qrupunun əməkdaşları tərəfindən yoxlama apardığı küçədə qaz borusunu kəsib yenidən qaynaq etmələrini bildirmiş və ondan boruların qaynaq edilmiş yerindən qaz sızmasının olub-olmamasını ondan olan cihazdan istifadə etməklə yenidən yoxlamağı xahiş etmişdir. O, bu xahişi də yerinə yetirməyə razılıq verərək həmin yerə getmiş və təkrarən cihazı işə salıb ustalar göstərdiyi yeri, yəni əsas qaz borusu ilə evə çəkilmiş qaz borusunun birləşdirildiyi, yəni qaynaq olunmuş yeri yoxlamış, lakin bu vaxt da cihazın göstəricilərinə əsasən qaz sızmasının olmasını müəyyən etməyərək bu haqda “Azəriqaz” IB-nin əməkdaşlarına məlumat vermiş və oradan çıxıb getmişdir. Məhkum ifadələrində daha sonra qeyd etmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda onun qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməməsi göstərilsə də, o, bu yoxlamanı ona təhkim olunmuş elektron cihazdan istifadə etməkdən başqa digər üsulla yoxlamaq vəzifəsi daşımamış və buna imkanı olmamış, ittihamda isə belə üsullardan hansından istifadə etməli olması göstərilməmişdir. Yoxlama zamanı isə, o, cihazdan düzgün istifadə etmiş, lakin buna baxmayaraq həmin cihaz qaz sızmasını aşkar etməmiş, o, da bu haqda yoxlama aparılan yerdə olan ustalara və ondan bu yoxlamanı keçirməyi xahiş edən şəxsə bildirmişdir. Məhkəmə iclasları zamanı həmin cihazın göstəriciləri tədqiq edilmiş, cihazın yaddaşında saxlanılan məlumatlarla bir daha müəyyən edilmişdir ki, onun yoxlama apardığı ərazidə, 10 metr radiusda qaz sızması olmamışdır. Ona elan olunmuş ittihamda həmçinin onun "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2-ci bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin və "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozması, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməməsi kimi hallar da əks olunmuş, lakin əsl həqiqətdə o, ## ######## 2021-ci il tarixdə partlayış baş vermiş ünvana öz vəzifələrinin icrası ilə əlaqədar deyil, “Azəriqaz” IB-nin əməkdaşının xahişi ilə operativ şəkildə köməklik etmək üçün getmişdir ona görə ki, qaz sızmasını aşkar edə bilən elektron cihaz yalnız “Təmiz qaz” QSC-nin Gəncə Regional Mərkəzinin xətt baxıcılarına təhkim olunmuş və qaz sızmasını yalnız bu cihazdan istifadə etməklə yoxlama aparılması nəticəsində müəyyən etmək olur. Bu zaman onun səhvi ondan ibarət olmuşdur ki, o, işlədiyi təşkilatla “Azəriqaz” IB-yi arasında bağlanmış müqaviləyə əsasən, yoxlamanın aparılmasına dair müraciət Mərkəzin rəhbərliyinə daxil olmalı, bundan sonra isə ona yoxlama aparılacaq yerin marşrut sxemi, xəritəsi və müvafiq tapşırıq verilməli olduğu halda, bu hərəkətlər edilmədiyindən buna görə rəsmi qaydada ona vəzifələrinin icrası ilə bağlı heç bir göstəriş verilməmiş, lakin buna baxmayaraq o, qeyri-rəsmi müraciət əsasında yoxlama aparmağa razılıq verərək bu yoxlamanı tam şəkildə aparmışdır. “Təmiz Qaz”ın “Azəriqaza” göstərdiyi xidmət ödənişlidir və bu səbəbdən xətt baxıcısı qrafik üzrə texniki baxışa getdikdə naryad tapşırığı almalı, marşrut sxemi və xəritə ilə təchiz olunduqdan sonra isə vəzifələrinin icrası ilə əlaqədar Qaydalar və Təlimatın tələblərinə əməl etməlidir. Həmin vaxt isə o, xidməti vəzifəsi ilə bağlı texniki baxış keçirməmişdir. Daha sonra Məhkum göstərmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş məhkəmə-komisyon ekspertizasının rəyi ilə də onun tərəfindən ittihamda göstərilən Qaydaların və Təlimatın hansı tələblərini pozulması müəyyən edilməmiş və həmin rəylə ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəyləri təkzib olunmuş, onun "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin pozması ehtimalının olması isə onun yoxlamanın aparılması barədə göstərişin “Təmiz Qaz” QSCnin rəhbərliyi tərəfindən verilməsinin məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildiyi halda qeyd olunmuşdur. Faktiki olaraq o, ## ######## 2021-ci il tarixdə birinci dəfə həmin əraziyə gəlib yoxlama apararkən "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndində göstərilən tələblərə əməl etmiş, buna görə də bu yoxlama apararkən hər hansı pozuntuya yol verməsinə görə ona qarşı ittiham irəli sürülməmiş, ittihamda da isə yalnız ikinci dəfə boruların qaynaq yolu ilə birləşdirilməsi hissəsini yoxlayarkən pozuntulara yol verməsi göstərilmişdir. Halbuki o, bu yoxlamanı da özündə olan cihaz vasitəsilə və yalnız ona edilmiş müraciət çərçivəsində tam aparmış və heç bir pozuntuya yol verməmişdir. Əslində isə qaynaq olunmuş yerin cihaz vasitəsilə yoxlanılmasına heç ehtiyac da olmamışdır, çünki ustalar həmçinin yerdən qaz sızmasının olub-olmamasını sabun köpüyü ilə özləri də yoxlaya bilərdilər. Yoxlama zamanı istifadə cihazın xüsusiyyətləri ilə bağlı isə Məhkum bildirmişdir ki, həmin cihaz qaz sızmasını 2 metr dərinlikdə və 10 metr radiusda aşkar etmək imkanına malikdir və bu parametrlərə onun yoxlama apardığı ərazidə qaz sızması olsa idi, cihaz bunu mütləq aşkar etməli idi ki, belə hal da yoxlama nəticəsində müəyyən edilməmişdir. Cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, Məhkum ibtidai araşdırma zamanı da oxşar ifadələr vermiş və onun cinayət təqibinin bütün mərhələlərində verdiyi faktiki olaraq eyni məzmunlu ifadələrində göstərdiyi hallar iş üzrə dindirilmiş və kassasiya protestində istinad olunan zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1, çoxsaylı şahidlərin və ekspert Ekspert ifadələri və məhkəmə ekspertizalarının rəyləri ilə, hadisə yerinin müayinə edilməsi haqqında ## ###### 2021-ci il tarixli və iş üzrə digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə (bu sübutlar həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin hökmlərində ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırkı qərarda da təkrarən təsvirinə ehtiyac görmür) təsdiq olunmuşdur ki, məhkəmə kollegiyası da buna görə bəraət almış şəxsin yuxarıda təsvir edilmiş məzmunda verdiyi ifadələrinin özünü müdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirilməsi üçün heç bir əsas görmür. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ilə yanaşı, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparmaqla baxaraq məhkəmə baxışı iclasında həmin sübutların bir hissəsini təkrarən özü araşdırıb, digər hissəsini isə tədqiq və təhlil edib həmin sübutları qanunda nəzərdə tutulmuş qaydada həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirmiş, cinayət prosesi iştirakçılarının təqdim etdikləri və iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməmiş (işə məhkəmələrdə baxılarkən dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi yalnız ibtidai araşdırma zamanı toplanmış sübutların tədqiq edilməsi təklifi ilə çıxış edərək özləri məhkəmələrə heç bir əlavə sübut təqdim etməmişlər), bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində bəraət hökmünü çıxarmış məhkəmə CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmiş, eyni zamanda Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gələrək öz nəticəsini inandırıcı şəkildə aşağıdakı qaydada əsaslandırmışdır. “Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin predmeti üzrə iş materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, tərəflərin izahatlarını, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən texniki vasitələrin göstəricilərini, ekspert rəylərini və protokolları hərtərəfli, tam və obyektiv araşdırmaqla belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum barəsində irəli sürülmüş ittihamın məzmunu konkret sübutlarla təsdiqlənmir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən “texniki baxışı keyfiyyətsiz keçirmək”, “sızmanı aşkar etməmək” və “qəza halı barədə düzgün məlumat verməmək” kimi müddəalar ümumi xarakter daşıyır və konkret hüquqi norma pozuntusu ilə əlaqələndirilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, ittihamda göstərilən xüsusatlar faktiki sübutlarla əsaslandırılmadığından Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi üzrə ittihamın sübuta yetirilməsi üçün yetərli əsas kimi qəbul edilə bilməz. Işin faktiki halları aydınlaşdırarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, partlayış hadisəsinin faktiki səbəbi “Minenerqo” MMC tərəfindən aparılmış qazma işləri ilə bağlı olmuşdur. Həmin qazma zamanı qaz borusu mexaniki zədələnmiş və nəticədə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad edilən hadisə baş vermişdir. Cinayət işinin materiallarında olan DVD diklərdə mövcud olan video görüntülərdən görünür ki, partlayış baş verən ünvanın qarşısında mişarlı traktorla küçə boyu xəndək qazma işləri aparılmış, zərərçəkmiş şəxs2 evindən sonra traktor xəndək qazmanı dayandırmış, fəhlələr xəndək qazıntısı ilə bağlı hər-hansı problem yarandığından işlərini dayandırmış və həmin küçədə görülən işlərə məsul şəxs olan “Minenerqo” Şirkətinin məsul vəzifəli şəxsi telefon vasitəsi ilə çağırılmış və həmin gün xəndəyə üstü torpaqla örtülmüş və növbəti günü xəndək təkrarən açılmışdır. Qeyd olunan video görüntü də faktiki halların küçədə görülən işlərlə əlaqəli olduğunu, qaz borusunun mişarlı traktorla zədələnmə ehtimalına dəlalət edir. Təqsirləndirilən şəxs Məhkum ittiham verilmişdir ona görə ki, o, texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməmiş, qeyd olunan qaz xəttində mövcud olmuş qaz sızmasını aşkar etməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və ## ######## 2021-ci il tarixdə Məhkum təhkim edilən və zərərçəkmiş şəxs2 evinin qarşısında baxış keçirərkən istifadə olunan yaddaş bölümü ilə təchiz olunmuş “Sensid PMD” qazanalizator cihazı cinayət işinin materiallarına əlavə olunmuş, qaz analizator cihazının yaddaş göstəricilərinə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində mütəxəssisin iştirakı ilə baxış keçirilmiş, qeyd edilən cihazın yaddaş məlumatları və internet vasitəsilə generasiya olunmuş lokasiya xəritəsi ilə tanış edilmişdir. Cinayət işi üzrə ## #### 2023-cü il tarixli **/**** saylı komissyon əmək təhlükəsizliyinin tədqiqi ekspertizası təyin olunarkən “Sensid PMD” qazanalizator cihazı ilə bağlı ekspert qarşısında suallar qoyulsa da, ekspertlər cihazın tədqiqi ilə bağlı məsələlərin mütəxəssis tərəfindən araşdırıldığını və onlarda bu sahəyə aid mütəxəssis olmadığından həmin sualları cavablandırmamışlar. Apellyasiya məhkəməsinin istintaqı zamanı müxtəlif bilik və ya elm sahələri üzrə ekspertlərinin və mütəxəssislərinin iştirakları ilə ekspertizanın keçirilməsinə zərurət yarandığından kompleks məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası təyin edilmiş və ## ######## 2021-ci il tarixdə “Təmiz Qaz" QSC-nin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyən Məhkum istifadəsində olan “Sensid PMD” cihazla Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində qaz sızmanın mövcudluğunu yoxlayarkən həmin cihazın texniki cəhətdən saz vəziyyətdə olması və ## ######## 2021ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində əgər qaz sızma olsaydı aparılan yoxlama zamanı texniki cəhətdən saz vəziyyətdə olan “Sensid PMD” cihazın yoxlanılan yerdən bir neçə metr kənarda mövcud sızmanı aşkar edə bilmə imkanları soruşulmuş, lakin qazanalizator cihazla bağlı sualların məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının həll etdiyi məsələ dairəsindən kənara çıxdığından həmin suallar cavablandırılmamış, həmçinin mütəxəssis cəlb edilməklə ekspertizanın keçirilməsi təmin edilməmişdir. Lakin həmin xüsusatla bağlı cinayət işinin materiallarına əlavə edilmiş “Təmiz Qaz” QSC-nin IT Şöbəsi və Kolibrləmə Laboratoriyasının ## ###### 2023-cü il tarixli cavab məktubundan görünür ki, Məhkum tərəfindən ## ######## 2021-ci il tarixində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1.7 metr məsafəsindən keçən qaz xəttinə 1365 seriya nömrəli "SENSID PMD" cihazından istifadə edilərək texniki baxış keçirilmişdir. "SENSID PMD" cihazı "Metan" (CH4) qazının PPM (1/1000000 hissəcik), LEL (Aşağı partlayış həddi) və ya VOL (Yuxarı partlayış həddi 5-100% aralığında) səviyyəsində sızıntını aşkar etmək qabiliyyətinə malikdir. Adı qeyd edilən cihaz SMART CAL cihazı vasitəsilə maksimum müddət 6 ay olmaqla kolibrasiya edilir, habelə "Memory Card" dəstəyi ilə GPS modulun qeydə aldığı hərəkət trayektoriyasını yaddaşda saxlayır. Cihazın ölçüləri 25.4x10.4x14sm, çəkisi 2.6kg, işçi temperaturu -20 -50 dərəcə olmaqla, batareya tutumu təxmini 7 saat təşkil edir. ## ######## 2021-ci il tarixində Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində əgər qaz sızma olsaydı aparılan yoxlama zamanı texniki cəhətdən saz vəziyyətdə olan "SENSID PMD" cihazı sızmanın yerini dəqiq şəkildə aşkar edə bilərdi. Həmin cihazın həmin tarixdə mütləq şəkildə sızmanı aşkar etməsi ilə bağlı aşağıdakı faktorları qeyd edilmişdir:
1. Sorğuda təqdim edilən fərdi yaşayış evinin yerləşdiyi ərazinin foto şəkillərindən və sübutların qiymətləndirilməsinə dair istintaq orqanın qəbul etdiyi qərardan aydın olur ki, hadisə baş vermiş fərdi yaşayış evinin yaxınlığından keçən diametri 63 mm olan, yeraltı polietilən qaz xətti 37 sm dərinlikdə yerləşir. Həmin qaz xətti ilə fərdi yaşayış evi arasındakı məsafə 1.7 metrdir. Qaz xəttinin yerləşdiyi ərazi asfalt qatı ilə örtülməmişdir. Həmin qaz xətti yumşaq zəmində və qumsal torpaq qatında yerləşmişdir. Qaz xətti asfalt və ya beton zəmində yerləşmədiyi üçün qaz sızması halında "Sensit PMD" cihazı həmin sızmanı dəqiq şəkildə aşkar edə bilərdi. Həmin cihaz "Metan" qazına həssasdır və "Metan" (CH4) qazının PPM (1/1000000 hissəcik), LEL (Aşağı partlayış həddi) və ya VOL (Yuxarı partlayış həddi 5-100% aralığında) səviyyəsində sızıntını aşkar etmək qabiliyyətinə malikdir. Buna görə də ## ######## 2021-ci il tarixində Məhkum tərəfindən yoxlama aparılan zaman qaz sızması halı olsaydı, o zaman həmin cihaz qaz sızmanı mütləq şəkildə aşkar edərdi.
2. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1365 seriya nömrəli "Sensit PMD" cihazı ## ######## 2021-ci il tarixində Məhkum tərəfindən istifadə zamanı texniki cəhətdən saz vəziyyətdə olmuş, IT Şöbəsinin nəzdində fəaliyyət göstərən cihazların sazlanması Laboratoriyası tərəfindən ## ###### 2021-ci il tarixində kolibrasiya edilmişdir. Cihazlar sazlandıqdan və kolibrasiya edildikdən sonra digər kolibrasiya və sazlanmasına qədər olan müddət 6 ay təşkil edir. Həmin cihazın işlək və texniki cəhətdən saz vəziyyətdə olması Laboratoriya tərəfindən verilən *** nömrəli setifikata əsasən # #### 2022-ci il tarixinədək etibarlı olmuşdur. Cihazların sazlanması və kolibrasiya edilməsi istehsalçı tərəfindən verilən təlimat əsasında TQ/*****/M-** nömrəli, attestasiya olunmuş kolibrləmə metodu vasitəsi ilə kolibrləmə edilmişdir.
3. Sorğuda təqdim edilən 1365 seriya nömrəli "SENSID PMD" cihazının yaddaşının köçürülməsi ilə əldə olunmuş Məhkum ## ######## 2021-ci il tarixli, ünvan 5 yaxınlığındakı hərəkət marşrutuna baxdıqda aydın olur ki, həmin tarixdə Məhkum tərəfindən hadisə baş vermiş fərdi yaşayış evinin 1.7 metr məsafəsindən keçən yeraltı qaz xəttinin sonluğuna qədər hərəkət edilmişdir. Cihazın işləmə prinsipi belədir ki, cihazı istifadə edən şəxs cihaz işə salmaq üçün düyməni basır və həmin cihazı qaz xətti boyunca tutaraq hərəkət edir. Cihaz tərəfindən sızma aşkar edildikdə, cihaz siqnal verir və həmin sızmanın miqdarı barədə cihazın ekranında məlumat görsənir. Buradan bir daha aydın olur ki, Məhkum tərəfindən cihazla həmin xətt boyu xəttin sonluğuna qədər hərəkət edilmiş, lakin sızma olmadığı üçün cihaz həmin sızmanı qeydə almamışdır. Göstərilən faktorlara əsasən müəyyən edilir ki, ## ######## 2021-ci il tarixində Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində qaz sızma olması halında aparılan yoxlama zamanı texniki cəhətdən saz vəziyyətdə olan "SENSID PMD" cihazının sızma yerini dəqiq şəkildə aşkar etməsi mübahisəsiz hal kimi qəbul edilməlidir. Yuxarıda qeyd edilən xüsusatla bağlı məhkəmə istintaqı zamanı mütəxəssis qismində ifadə vermiş Mütəxəssis həmin halları bir daha təsdiq edərək, texniki baxışın cihazla aparılmasının qaydasını izah etmiş, bunun əksinin isə bəlli olmadığını, Məhkum həmin təlimata uyğun olaraq cihazdan istifadə etməsini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən sübutların hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərinə əməl olunmaqla (CPM-in 26 və 125-ci maddələri), “Sensid PDM” cihazına dair xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması üçün bu sahədə bilikli şəxs – mütəxəssisin ifadəsi məhkəmədə ardıcıl, məntiqi və digər sübutlarla ziddiyyət təşkil etmədiyindən etibarlı sübut kimi qəbul olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qaz borusunda zədənin olması mövcud sayıla bilərdi, lakin qaz sızması – qazın (təbii qaz, metan, propan, butan və s.) boru xəttindən, birləşmədən, qaz qurğusundan və ya avadanlıq elementlərindən onun təyinatı üzrə hərəkət yolundan kənara – yəni atmosferə, otaq mühitinə və ya torpaq layına nəzarətsiz şəkildə çıxma hadisəsi hesab olunduğundan texniki baxışı keçirən şəxsin sızmanı aşkar etməli olduğu halda aşkar etməməsi faktı istintaq orqanın mülahizəsi əsasında formalaşmışdır. Məhkum qaz sızmasını aşkar edən şəxs deyil və bu kimi vəzifə onun üzərinə qoyulmamışdır. Sızmanı aşkar edən ona təhkim olunmuş cihazdır. Məhkum vəzifəsi həmin cihazdan düzgün istifadə etməkdir. Həmin cihazın yaddaşı isə həmin yoxlama zamanı qaz sızmasını istisna edir. Məhkəmə hesab edir ki, bu isə o deməkdir ki, Məhkum cihazdan düzgün istifadə etmişdir, əks halda yaddaşında qeyd olunan məlumatlar saxlanılmazdı. Əgər cihazın yaddaşında sızma fiksə olunsa idi və bunu vaxtında Məhkum görməyib “Azəriqazı”n əməkdaşlarına işinə səhlənkar yanaşaraq bildirməsəydi, onda ittiham olunan maddənin dispozisiyasında qeyd olunan əməli törətmiş olardı. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, cihaz işlək vəziyyətdə olduğu üçün həmin vaxt sızma halı faktiki mövcud olacağı təqdirdə, cihazın həmin sızmanı aşkar edə bilməsi nəzərə alınmalıdır. Bu isə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən “sızmanı aşkar etməmək” ittihamının əsassız olduğunu təsdiqləyir. Bundan başqa müəyyən edilmişdir ki, sızma faktı Məhkum gələnə kimi və gedəndən sonra “Azəriqazın” əməkdaşları tərəfindən açılmış xəndək boyu qaz xətti köpüklü maye ilə yoxlanılmış, lakin onlar da sızmanı aşkar etməmişlər. Cinayət işinin materialları ilə müəyyən edilir ki, hadisə yerində “Təmiz qaz” QSC-nin əməkdaşı Məhkum “Sensid PMD” qaz analizatoru cihazından istifadə etməklə ərazidə qaz sızmasının olub-olmamasını yoxlamış, cihaz tərəfindən qaz sızması aşkar edilmədiyindən o, sızmanın mövcud olmadığı barədə “Azəriqaz” Istehsalat Birliyinin əməkdaşlarını məlumatlandırmışdır. Bundan sonra “Azəriqaz” IB-nin əməkdaşları tərəfindən müstəqil qaydada köpüklü maye vasitəsilə əlavə yoxlama aparılmış, bu üsulla da qaz sızması müəyyən olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən ekspertizanın rəyinə əsasən hesab edir ki, həm cihazla (“Sensid PMD”), həm də köpüklü maye ilə yoxlama qaz sızmasının aşkar olunması üçün texniki cəhətdən müstəqil və tanınmış üsullardır. Hər iki üsul üzrə yoxlamanın keyfiyyətli və dəqiq aparılmamasına görə yoxlamaları həyata keçirən şəxslər öz fəaliyyətləri üzrə fərdi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, hadisə zamanı hər iki üsuldan istifadə edilməsinə baxmayaraq qaz sızmasının aşkar olunmaması, boru xəttindən xaricə qaz axınının baş vermədiyi qənaətinə gəlinməsi üçün əsas hesab edilə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cihazla aparacaq keyfiyyətli yoxlamanın nədə ifadə olunması istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Ilk öncə “keyfiyyətli yoxlamanın” nədə ifadə olması izah olunmalı və sonra keyfiyyətsiz yoxladığına görə sızmanı aşkar etməməsinin nədə ifadə olunması ittihamda öz əksini tapmalı idi. Məhkum verilmiş ittihamdan isə görünür ki, sonuncuya tək qaynaq olunan yeri yox, həmçinin küçədə olan qaz borusunun iki metr aralıda olan hissəsinin yoxlamadığına görə ittiham elan edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu ittiham tam əsassızdır ona görə ki, yuxarıda qeyd edildiyi kimi sızmanı Məhkum yox, cihaz aşkar etməmişdir. Ibtidai istintaq zamanı isə Məhkum cihazdan düzgün istifadə etməməsinin nədə öz əksini tapması sübuta yetirilməmişdir. Bunun əksi olaraq isə həmin gün səhər tezdən Məhkum küçədən keçən borunu tam şəkildə cihazla yoxlamış, lakin qaz sızmasını aşkar etməmiş və ibtidai istintaq orqanı tərəfindən qeyd edilən xüsusatla bağlı sonuncuya hər hansı ittiham irəli sürülməmişdir. Buna baxmayaraq birinci yoxlamadan sonra ikinci yoxlamaya qədər küçədə hər hansı əsaslı təmir işləri aparılmaması və mövcud şəraitin toxunulmamış saxlanılması cinayət işinin materialları ilə müəyyən edildiyi halda ikinci yoxlamadan sonra Məhkum cihazla hər hansı sızma aşkar etməməsinə münasibətdə ona hazırkı ittihamın irəli sürülməsi hüquqi məntiqdən kənardır. Məhkəmə kollegiyasının qənaətinə görə, bir metr yetmiş santimetr yeraltı keçən diametri 63 millimetr olan polietilen borudan istintaq orqanı, həmçinin cinayət işinin materialları ilə müəyyən edilmiş yarım vedrə suyun çıxması, qaz borusunun sonluğunda zədələnmiş hissədə su qalığının olmasını istisna etmir. Həmin xüsusat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə də istisna edilmir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilən halın qaz sızmasının aşkarlanmasına obyektiv maneə yaratması və ##.##.2021 tarixli texniki baxış zamanı cihazın sızmanın qeydə almamasının səbəbi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Məhkum həmçinin ittiham verilmişdir ona görə ki, o, həmin qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və sair) quyularında, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamamışdır. Birinci instansiya məhkəməsi hökmdə Məhkum özbaşına əraziyə gəlməsini “Vəzifə Təlimatın” pozuntusu kimi qiymətləndirib hesab etmişdir ki, bu hal da Təlimatın pozuntusu kimi qiymətləndirilməlidir. Məhkum qəza yerinə öz təşəbbüsü ilə gəlməsi özü özlüyündə CM-in 225-ci maddəsinin tərkibini yaratmır. Buna görə ümumiyyətlə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında ekspert Royal Talıbov dindirilərkən, ona verilən “Məhkum “Azəriqazın” əməkdaşı şahid16 telefon zəngi ilə edilən xahişə görə öz təşəbbüsü ilə ünvan 2 ünvanın qarşısında cihazla iki dəfəyə həm səhər və həm də günorta vaxtlarında “Sensid PMD” cihazı ilə əvvəl küçə boyu qaz boru xəttini və ikinci dəfə yalnız qaynaq olan hissəni qaz sızmanın mövcudluğunu yoxlamaqla “Təmiz Qaz” QSC-nin “Vəzifə Təlimatın”ın 2-ci bəndini və “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” 9.30-cu bəndini pozmuşdurmu sualına ekspert həmin qaydanın pozulmadığını qeyd edərək göstərmişdir ki, “Məhkum hərəkətləri vəzifə səlahiyyətlərinin icrası ilə bağlı olmadığından, rəsmi qaydada dəvət olunmadığından, onun tərəfindən nə qeyd olunan Qaydaların, nə də “Vəzifə Təlimatının” tələbləri pozulmamışdır. Belə ki, “Azəriqaz” IB ilə “Təmiz Qaz” QSC arasında ödənişli xidmətlə bağlı mövcud olan müqavilə əsasında “Təmiz Qaz” QSC-nin əməkdaşlarının vəzifələri ilə bağlı hazırlanmış “Vəzifə Təlimatı”nda olan qaydalarda və qeyd olunan müqavilədə nəzarətçilərə naryad tapşırıqları, marşrut xəritəsi və kommunikasiyaların xəritəsi verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, bu sənədlər verildikdən sonra nəzarətçi ərazidə yoxlama apararkən “Vəzifə təlimatından” irəli gələn vəzifələri icra etməlidir. Əgər qeyd olunan sənədlərlə nəzarətçi təhkim olunmamışsa, o, ərazini tanımadan konkret olaraq haranı və necə yoxlamasını, kommunikasiya xətlərinin harada yerləşməsini bilmədən vəzifəsini icra edə bilməz və öz təşəbbüsü ilə gördüyü yoxlama vəzifə səlahiyyətlərindən irəli gəlmir. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş ekspert cihazın qaz sızmasının aşkar edilməməsinə dair göstəriciləri və sonda köpüklü maye ilə yoxlayan “Azəriqaz” IBnin əməkdaşları tərəfindən sızmanın qeydə alınmaması şəraitində hadisə zamanı boruda qalıq su və yaş torpaq qazın borunun zədə hissəsindən çıxışının tıxaclama ehtimalını istisna etməməsini göstərmişdir. Daha sonra apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı ekspert göstərmişdir ki, qaz borunun ana xəttində, yəni küçə tərəfdə olan hissəsində su aşkar olunmuş və cinayət işinin materiallarından görünür ki, təxminən yarım vedrə su çıxmışdır. Ana xəttin sonluğunda bu qədər suyun olması boruda zədə olmasına əsaslı şübhə yaradır. Ona görə təmir zamanı sonluq tam açılmalı və vizual olaraq baxılmalı və ya qaz xətti hava ilə üfürülməli, möhkəmliyə və kipliyə sınanmalı idi. Boru zədələmişdirsə hava üfürmə nəticəsində zədəni aşkar etmək mümkün olardı. Işdə olan komisyon və kompleks məhkəmə-yanğın-texnoloji ekspertizalarının rəylərindən göründüyü kimi, ekspertlər Məhkum “Vəzifə Təlimatı”nın 2-ci bəndinin və “Qaz təsərrüfatı obyektlərinin təhlükəsiz istismarı Qaydaları”nın 9.30-cu bəndinin pozulması faktını yalnız şərti halda, yəni müəyyən edildiyi təqdirdə mümkün pozuntu kimi qiymətləndirmişlər. Ekspert rəylərində qeyd edilmişdir ki, əgər Məhkum rəhbərliyin göstərişi əsasında deyil, öz təşəbbüsü ilə baxış yerinə getmiş və yoxlamanı müstəqil qaydada aparmışdırsa, bu halda “Vəzifə Təlimatı”nın və “Qaydaların” tələbləri pozulmamış hesab olunur. Əksinə, əgər o, rəhbərliyin tapşırığı əsasında göndərilmiş olsaydı, bu zaman həmin normativ tələblərin pozulması ehtimalı yarana bilərdi. Məhkəmə istintaqı zamanı toplanmış sübutların – o cümlədən şahid ifadələrinin, sənədlərin və ekspert rəylərinin birgə təhlili nəticəsində müəyyən edilmişdir ki, Məhkum rəhbərlik tərəfindən mübahisəli əraziyə texniki baxış aparmaq üçün göndərilməsi faktı sübuta yetirilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum “Vəzifə Təlimatı”nın və “Qaydaların” tələblərini pozması barədə sübutlar mövcud deyildir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsinin blanket xarakterli norma olaraq, yalnız müvafiq texniki və təhlükəsizlik qaydalarının pozulması ilə tətbiq oluna bilməsini də nəzərə alır. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum əməlində həmin maddənin tərkib əlamətləri mövcud deyildir. Daha sonra, 15 metr məsafədə kommunikasiyaların yoxlanılmamasına dair məhkəmə kollegiyası qeyd edir ki, Məhkum vəzifəsinin icrası ilə bağlı olaraq texniki baxışı keçirmədiyindən, yəni rəhbərlik tərəfindən rəsmi qaydada hadisə yerinə göndərilmədiyindən, buna müvafiq olaraq ona xəritə verilmədiyindən, ərazidə kommunikasiyaların harada yerləşməsindən xəbəri ola bilməzdi. Bu hissədə də ittiham tam əsassızdır ona görə ki, üzərinə vəzifə qoyulmamışsa bunu nəyə görə və necə yoxlaması qeyri-müəyyən tələbdir. Bundan başqa cinayət işinin materiallarında olan “Azəriqaz” IB ilə “Təmiz Qaz” QSC arasında bağlanmış müqavilə və müqaviləyə əlavə olunmuş Razılaşma protokolun məzmunundan görünür ki, xətt nəzarətçisi texniki baxışa göndərilərkən ona naryad tapşırığı, marşrut sxemi və yoxlanılan yerdə yerləşən kommunikasiyalara aid xəritə təqdim olunmalıdır. Yəni bu sənədlərin verilməsi mütləqdir, verilmədiyi halda nəzarətçi onların yoxlanmamasına dair məsuliyyət daşımır. Cinayət işinin materiallarından görünür ki, “Azəriqaz” IB-nin əməkdaşı şahid16 bilavasitə Məhkum telefon zəngi etmiş və ondan hadisə olan yerin qaz sızmaya dair yoxlanışının aparılmasını xahiş etmiş, heç kim “Təmiz Qaz”ın rəhbərliyinə bu haqda müraciət etməmiş, Məhkum rəhbərliyə məlumat vermədən öz təşəbbüsü ilə xahişi qəbul edib həmin ərazinin yaxınlığında planlı yoxlama apardığını nəzərə alıb qısa müddətdə Samirin göstərdiyi əraziyə gəlib köməklik göstərməsinə razılıq vermişdir. Işdə olan komisyon ekspertizasının rəyində də bu fakt öz əksini tapmışdır. Yəni, rəydə göstərilmişdir ki, əgər rəhbərlik Məhkum əraziyə göndərmişdirsə və bu hal məhkəmə zamanı təsdiq olunarsa onda Məhkum tərəfindən Qaydaların 9.30 bəndinin pozulması halı mövcuddur. Yuxarıda qeyd edilən xüsusata münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hadisə yerinə öz təşəbbüsü ilə gəldiyi təqdirdə, ona naryad tapşırığı, marşrut sxemi və xəritə verilməmişsə onun əməli vəzifəsinin icrası kimi qiymətləndirilməməlidir. Göründüyü kimi rəyin nəticəsi ilə Məhkum tərəfindən qaydaların pozulması göstərilən şərtin mövcudluğu ilə şərtlənmişdir. Həm ibtidai istintaq orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı qeyd olunan texniki baxışdan Məhkum rəhbərliyinin xəbəri olması təsdiq olunmamışdır. Qeyd edilən sənədlər, o cümlədən kommunikasiyalara aid xəritə olmadıqda isə onların yoxlanmamasına görə Məhkum ittiham irəli sürülməsi əsassızdır. Bundan başqa Məhkum ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2-ci bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin və "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozması qeyd edilmişdir. Məhkəmə Kollegiyası ittihamın qeyd edilən hissəsinə münasibətdə qeyd edir ki, ittihamın həmin hissəsi aşağıdakılarla öz təsdiqini tapmır. Belə ki, “Vəzifə Təlimatının” 2-ci bəndi özü özlüyündə blanket norma olmaqla, mübahisəli davranışı (əməli) "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın müddəalarına yönəldir. Məhkəmə-komisyon və kompleks məhkəmə ekspertizalarının rəylərində “Vəzifə Təlimatının” 2-ci bəndinin pozulması qeyd edilməmişdir. "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 və ya “Vəzifə Təlimatın” 20 və 22-ci bəndlərinin pozulmasını isə şərtlə göstərmişdir. Məhkum tərəfindən qeyri-rəsmi yoxlama aparıldığından o, cihazın sızmanı aşkar etməməsinə dair məlumatı “Azəriqaz”ın əməkdaşlarına vermişdir. Qeyd olunan vəziyyətdə məlumatın öz idarəsinin rəhbərliyinə verilməsi “Vəzifə Təlimatın”da nəzərdə tutulmamış və bu səbəbdən komisyon ekspertizasının rəyində Məhkum hərəkətinin Qaydalara və “Vəzifə Təlimatına” zidd olması qeyd edilməmişdir. “Vəzifə Təlimat”ın 20-ci bəndində “Yeraltı qaz kəmərlərinə texniki baxışın cihazla təchiz olunmuş avtomaşınla baş mühəndis tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilməsi”, 21-ci bəndində “Marşrut sxemi üzrə təhkim edilmiş yeraltı qaz kəmərlərinə tapşırıq sənədi əsasında dövrü texniki baxışın keyfiyyətlə həyata keçirilməsi”, 22-ci bəndində “Marşrut sxemi və xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnoloji quyuların (mərkəzləşdirilmiş kanalizasiya, telefon, elektrik, yağış suları) yoxlanılması”-na dair vəzifə müəyyən edilmişdir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Məhkum çağırışa öz təşəbbüsü ilə getmiş, rəhbərliyinə bu haqda məlumat verməmiş və bu səbəbdən tapşırıq sənədi mövcud olmamışdır. Məhkəmə istintaqı zamanı komisyon ekspertiza zamanı iştirak etmiş ekspert dindirilərkən Məhkum öz təşəbbüsü ilə gördüyü işin vəzifəsinin icrası ilə bağlı olmamasını göstərmişdir. Bundan əlavə Azərbaycan Respublikası "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın yanğın təhlükəsizliyi qaydaları"nın 9.31.-ci bəndində göstərilmişdir ki, “Qaz kəmərinin yaxınlığındakı bu Qaydaların 9.30 bəndində göstərilən qurğuların hər hansında qazın olması aşkar edildikdə, bu barədə QYX-ni xəbərdar etmək və eyni zamanda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görmək lazımdır. Bu halda əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğular yoxlanılmalıdır. Məhkəmə Kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, “Təmiz Qaz”la “Azəriqaz” arasında bağlanmış müqavilə və ona əlavə olunmuş Razılaşma protokoluna əsasən “Təmiz Qaz”ın əməkdaşı qeyri-rəsmi və ya rəsmi qaydada texniki baxış zamanı sayğaca qədər olan mərkəzləşdirilmiş kommunikasiyaları yoxlaya bilər. Iş materiallarından və tərəflər arasında bağlanmış müqavilə sənədlərindən göründüyü kimi, “Təmiz Qaz” QSC-nin xətt baxıcısı həmin şirkət ilə əmək münasibətlərində olmuş, onun əmək haqqı məhz bu şirkət tərəfindən ödənilmiş və öz fəaliyyətini “Təmiz Qaz” QSC ilə “Azəriqaz” Istehsalat Birliyi arasında bağlanmış ödənişli xidmət müqaviləsi və Razılaşma protokolunun, həmçinin “Vəzifə Təlimatının” tələblərinə uyğun həyata keçirməyə borclu olmuşdur. “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndində və “Vəzifə Təlimatının” 22-ci bəndində göstərilir ki, marşrut sxemində və xəritələrdə nəzərdə tutulmuş qaz kəmərləri boyunca hər tərəfdən 15 metr məsafədə yerləşən qaz və texnoloji quyuların (kanalizasiya, telefon, elektrik, yağış suları və s.) mütəmadi yoxlanılması xətt baxıcısının vəzifəsidir. Məhkəmə kollegiyası müəyyən edir ki, “Azəriqaz” IB ilə “Təmiz Qaz” QSC arasında bağlanmış müqavilə və ona əlavə olunmuş razılaşma protokoluna əsasən, bu ümumi vəzifə tərəflər arasında bölünmüşdür. Belə ki, “Təmiz Qaz” QSC-nin əməkdaşları sayğaca qədər olan ərazidə yerləşən qaz borularını və həmin xəttin ətrafında 15 metr məsafədə olan mərkəzləşdirilmiş kommunikasiyaları ödənişli əsaslarla yoxlamağa borcludurlar. Lakin sayğacdan sonrakı əraziyə texniki baxış yalnız “Azəriqaz” IB-nin rəsmi müraciəti və onun nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. Bu kimi müraciət və tapşırıq olmadıqda, “Təmiz Qaz” QSC-nin əməkdaşlarının həmin əraziyə daxil olması qanunla və müqavilə şərtləri ilə qadağandır. Beləliklə, qeyd edilən müqavilə və ona əlavə olunmuş razılaşma protokolu faktiki olaraq “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndində nəzərdə tutulmuş ümumi vəzifənin icrasını iki hüquqi subyekt arasında bölmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə və razılaşma protokolunun hüquqi qüvvəsi nəzərə almalı və həmin şərtlər çərçivəsində vəzifələrin bölgüsünü qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “Təmiz Qaz” QSC-nin əməkdaşı öz rəhbərliyinin tapşırığı olmadan və “Azəriqaz” IB-nin müraciəti olmadan sayğacdan sonrakı ərazidə texniki baxış aparmalı deyildir. Əksinə, belə bir baxış yalnız qarşılıqlı razılaşdırma ilə həyata keçirilə bilərdi. Buna görə də, Məhkum “sayğacdan sonrakı əraziyə baxış keçirməməsini” qaydaların pozuntusu kimi qiymətləndirməsi əsassız və hüquqi baxımdan qeyri-dəqiqdir. Odur ki, məhkəmə hesab edir ki, kommunikasiyaları sayğacdan sonrakı ərazidə yoxlamaq vəzifəsi xətt baxıcısının üzərinə qoyulmamış, buna münasibətdə isə Qaydalarda qaz təsərrüfatında məşğul olan şəxslərin qarşısında bu tələb qoyulmuşdur. “Azəriqaz” IBisə bu tələbə əməl edərkən həmin tələbdən irəli gələn vəzifələri “Təmiz Qaz”la öz arasında bölüşdürmüşdür. Odur ki, Məhkum ona aid olan hissədə qaydaların tələbinə əməl etmişdir. Daha sonra, həmin Qaydanın 9.31-ci bəndinin müddəasına görə bənddə göstərilən vəzifələr yalnız qaz sızması aşkar edildikdən sonra yaranır. Bu o deməkdir ki, qaz sızması aşkar olunmadıqda 9.31-ci bəndinin tələblərinə əməl etmək öhdəliyi yaranmır. Odur ki, Məhkum cihaz vasitəsi ilə sızmanı aşkar etməmişsə hər hansı məlumatın göndərilməsinə dair cavabdehlik daşımamışdır. Bundan başqa ibtidai istintaq orqanının mövqeyinə görə qaz borusundan artıq su çıxarıldıqdan sonra sızma olmalı və Məhkum bu sızmanı aşkar etməli idi. Bu sübut olunmayan ehtimaldır. Bu cür yanaşma əsaslı hesab edilə bilməz. Belə ki, sayğaca gedən borunun yalnız az hissəsi torpaq örtüyündən azad olmuşdur, digər hissəsi isə torpaq altında qalmışdır. Yəni 37 sm dərinlikdə olan qaz borunun zədələndiyi hissəsi torpaq altında qalmış və o hissədə suyun tam çıxarılması halı və zədələnmiş hissənin yaş və gilli torpaqla örtülməsi mümkündür. Bu isə məhkəmə kollegiyasının o qənaətə gəlməsinə əsas verir ki, həmin vaxt ərzində yaş gilli torpağın zədələnmiş hissədən qazın çıxmasını tıxaclaması mümkün hesab edilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, məhz bu səbəbdən Məhkum istifadə etdiyi cihazın sızmanı aşkar etməməsi mümkün və işin faktiki halları ilə danılmaz fakt kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarında yuxarıda qeyd edilən ifadələrdən də məlum olur ki, Məhkum getdikdən sonra da “Azəriqaz” IB-nin əməkdaşları sabunlu maye ilə bir daha sızmanı yoxlamış, lakin qaz sızması aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsə verilmiş ittiham əsasən sonuncunun qəza halının aradan qaldırılması üçün düzgün məlumat verməməsi qeyd edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, həmin hal yalnız cihazın yaddaşında qaz sızmasının qeydə alındığı və Məhkum əsl faktı qəsdən gizlədərək yanlış məlumat verməsi şəraitində əsaslı ittiham kimi qəbul edilə bilərdi. Cinayət işi üzrə mövcud sübutlarla, laboratoriya tərəfindən verilən *** nömrəli sertifikatı əsasən müəyyən edilir ki, # #### 2022-ci il tarixə kim cihaz işlək və texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, Məhkum saz vəziyyətdə olan cihazdan istifadə etmiş, cihazın işə salma tələblərinə əməl edərək cihazı işlək vəziyyətinə gətirmiş, lakin onun iradəsindən asılı olmayan obyektiv səbəbdən (tıxaclanmış fakta görə həmin gün qaz sızmasının olmaması) cihaz sızmanı aşkar etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 225.2-ci maddəsi üzrə cinayət tərkibi yalnız yanğın təhlükəsizliyi və qaz təsərrüfatı qaydalarının pozulması nəticəsində ağır nəticə baş verdiyi halda yaranır. Lakin məhkəmə kollegiyası müəyyən etmişdir ki: Təqsirləndirilən şəxs Məhkum bu qaydaların heç birini pozmamışdır; Məhkum fəaliyyəti ilə baş vermiş partlayış arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azəriqaz” və “Təmiz Qaz” QSC arasında bağlanmış Razılaşma Protokoluna əsasən, “Təmiz Qaz” əməkdaşlarının texniki baxış səlahiyyəti sayğaca qədər olan qaz xətlərinə aid edilmiş və bu sərhəddən sonrakı kommunikasiya və zirzəmi sahələrinin yoxlanılması “Azəriqaz” IB-nin məsuliyyətinə daxil edilmişdir. Buna görə də Məhkum həmin sahəyə baxış keçirməsi onun vəzifə səlahiyyəti xaricində olmuş və ittihamın əsasını təşkil edən “zirzəmi və digər kommunikasiya quyularının yoxlanılmaması” iddiası hüquqi məsuliyyət daşımır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət Məcəlləsinin 225.2-ci maddəsi yalnız yanğın və qaz təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ağır nəticə baş verdiyi hallarda tətbiq edilə bilər. Bu iş üzrə məhkəmə kollegiyasının qənaətinə görə, təqsirləndirilən şəxs tərəfindən belə bir qayda pozuntusu törədilməmişdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. Insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. Istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib amillərdən biri kimi şərtləndirmişdir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl edilmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPMin 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin IV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçrilməsində istifadə edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfinin Məhkum Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyət etibarı ilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil və bu sübutların mənbəyi mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz.” Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin təsvir edilən əsaslandırılması ilə tam razılaşaraq əvvəla qeyd edir ki, bu əsaslandırma, kassasiya protestində qeyd olunduğu kimi, ehtimallar və mülahizələr üzərində deyil, tədqiq edilmiş sübutlar, habelə qanunvericiliyin tələbləri üzərində qurulmuş, digər tərəfdən isə təsvir olunanlarda eyni zamanda kassasiya protestində irəli sürülmüş dəlillərə də verilmiş ətraflı cavablar əksini tapmışdır. Buna görə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qiymətləndirməsini və iş üzrə gəldiyi nəticənin əsaslandırmasını eyni şəkildə hazırkı qərarda təkrarlamağı zəruri saymır, digər tərəfdən isə Məhkum təqsirliliyi sübuta yetirilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, həmin məhkəmənin ## ####### 2025-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlilərini isə - qəbul edilməz sayaraq həmin protestin təmin edilməsini mümkün bilmir. Bununla bağlı məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində bəraət hökmü çıxararkən prosessual qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də riayət etmişdir. Belə ki, CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarda təsvir edilənlərdən çıxış edib dövlət ittihamçısı B.Q.Cabbarlının kasasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə bir daha təhlil edərək və həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.Imranovun və zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, kassasiya protestinin təmin edilməməsi haqda isə bəraət almış şəxs Məhkum və onun müdafiəçisi E.Y.Əsgərovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-in 225.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Azərbaycan Respublikasının adından onun təqsirsiz hesab edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası
QƏRARA A L D İ:
Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protesti təmin edilməsin.