Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-194/2026 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## ###### 1984-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. 19 mart 2025-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 08 aprel 2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən 3.815,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 oktyabr 2024-cü il tarixdə, saat 23:25 dəqiqədə Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonu, Gəlmə kəndindən keçən hissəsində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən külli miqdarda, yəni 3.815,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, 22 iyul 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, barəsində çıxarılmış cəzanın qalan hissəsinin çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdir. Daha sonra, apellyasiya baxışı dövründə Məhkum apellyasiya şikayətində cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etsə də, hazırda ona yüngül cəza verilməsinin xahiş etdiyini bildirmiş, eləcə də müdafiəçisi müdafiəçi1 ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, 22 iyul 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, məhkum onları təkrarlayaraq sağ ayağının olmamasının onun məhdud hərəkət qabiliyyətinə səbəb olduğunu, məişət davranışlarında kiminsə köməyinə ehtiyac duyduğunu, bu səbəbdən mənəvi əziyyət çəkdiyini və cəzasını icra edə bilmədiyini göstərmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli 25 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Qeyd edilən maddənin məzmunundan göründüyü kimi, kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkum Məhkum verdiyi kassasiya şikayətinin məzmununun öyrənilməsi nəticəsində müəyyən olunur ki, onun kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinməsi ilə əlaqədar ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə qərarın qəbul edilməsindən ibarətdir.
15. Eləcə də, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində Məhkum barəsində təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini xahiş etsə də, sonradan həmin tələbdən imtina edərək daha yüngül cəzanın təyin olunmasını xahiş etmişdir, bu xahiş müdafiəçisi tərəfindən də təsdiqlənmişdir. 16.Kassasiya şikayətinin faktiki xahişinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası CPM-nin 509.1.5-ci maddəsində müəyyən edilmiş qaydaya görə məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
17. Eyni Məcəllənin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 18.Qanunvericiliyin istinad edilən imperativ normalarının məzmunundan göründüyü kimi, kassasiya şikayətində qaldırılan məsələ və onunla bağlı xahiş hökmün icrası qaydasında baxılan məsələlərə aid olmaqla kassasiya instansiyası məhkəməsinin səlahiyyətindən kənar olduğundan, məhkum Məhkum həmin xahişi kassasiya baxışının predmetini təşkil edə bilməz. 19.Bununla belə, cinayət işinin hallarından göründüyü kimi, məhkum apellyasiya icraatı mərhələsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə dair eyni məzmunlu xahişini sonradan ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə əvəz etmişdir. Bu halı nəzərə alan məhkəmə kollegiyası hazırkı kassasiya şikayətinin də eyni müstəvidə nəzərdən keçirilməsini mümkün sayır və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarını məhkum Məhkum təyin edilmiş cəzanın qanuna və cinayət işinin hallarına uyğunluğu baxımından yoxlayaraq, aşağıdakıları qeyd edir. 20.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
21. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 22.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
23. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 24.Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, Azərbaycan Respublikası CM-in qeyd edilən maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 26.Baxılan cinayət işinin materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halları (yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, qaraciyər sirrozu, şəkərli diabet və digər xəstəliklərindən əziyyət çəkməsini, ikinci qrup əlil olmaqla bir ayağının amputasiya olunmasını) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində - 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. 27.Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini zamanı məhkumun apellyasiya şikayətində qeyd etdiyi, həmçinin kassasiya şikayətində də təkrarən vurğuladığı halları (xəstəliyini, 2-cü qrup əlil olmasını) nəzərə almışdır.
28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
29. Məhkum Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
30. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks etdirən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 32.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 noyabr 2025-ci il tarixli kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.