Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-200/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ##.##.1982-ci il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu Qarbağlı kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər A.Sadıqov (sədrlik edən və məruzəçi), F.Məmmədov və M.Kərimova) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Z.Əhmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və M.Qarayeva) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)- ****/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı kimi özünü ona təqdim etmiş “Əli” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamini əldə edib, həmin narkotik vasitədən bir hissəsini üzərində daşımış, qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanda saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında ## ###### 2024-cü il tarixdə saat 22:40 radələrində Səbail rayon polis idarəsinin X4 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 150 ünvanda yerləşən Səbail rayon polis idarəsinə gətirilib orada ## ###### 2024-cü il tarixdə saat 00:15-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirlərinin davamı olaraq özünün razılığı və iştirakı ilə ##.##.2024-cü il tarixdə saat 01:09 dan etibarən kirayə yaşadığı ünvan 2 ünvanına baxış zamanı evin dəhlizindəki qonaq otağında olan kreslonun üstündə saxladığı sellofan torbadakı çantanın içərisində olan plastik qabda 03 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,581 qram, 71,935 qram və 101,040 qram olmaqla, ümumi təmiz çəkiləri 191,556 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli yapışqan lentlə sarınmış bükümdə təmiz çəkisi 4,478 qram, plastik qabda təmiz çəkisi 0,897 qram və dairəvi formalı plastik qabda təmiz çəkisi 3,720 qram olmaqla kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkiləri 9,095 qram təşkil edən ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, eləcə də daxilində psixotrop maddə metamfetaminin hissəcikləri olan 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə predmetlər və üzərində psixotrop maddə metamfetamin izləri olan 2 (ədəd) elektron tərəzilər aşkar edilərək götürülmüş, bununla da, Məhkum üzərindən və yuxarıda qeyd edilən yaşadığı ünvandan ümumilikdə 193,078 qram kulli miqdarda narkotik vasitə heroin və yaşadığı həmin ünvandan ümumilikdə 9,095 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamaqda və daşımaqda, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş, lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, X2 vətəndaş nikahı ilə olan arvadı Abbasova Səmaya məxsus bank kartından ## ###### 2024-cü il tarixdə 900 manat pulun çıxarıb-çıxarmaması, Məhkum məxsus olan Redmi- 12 markalı telefonun yaddaşının hansı tarixdə silinib-silinməməsini müəyyən etmək, onun bərpа olunmasının texniki cəhətdən mümkün olub-olmamasını müəyyən etmək, həmin mobil telefona "Bluetooth" proqramına başqa telefonun "Bluetooth" proqramın vasitəsi ilə içərisində narkotik olan fotoşəkillərin köçürülməsi və ya göndərilməsinin texniki cəhətdən mümkün olubolmamasını müəyyən etmək, Abbasova Səmanın və əməliyyatı keçirmiş polis işçilərinə məxsus mobil telefonların anten dairələrinin müəyyən olunması üçün müvafiq operatorlardan çıxarılaraq alınması məqsədi ilə müvafiq qərar qəbul edilməsi üçün vəsatətlər versə də, birinci instansiya məhkəməsi həmin vəsatətləri təmin etməmiş və bunu CPM-in tələbləri ilə əsaslandırmamışdır. Məhkəmə işin həmin faktiki hallarını araşdırmamış, Məhkum barəsində keçirilmiş məhkəmə istintaqında yaranmış ziddiyyətləri aradan qaldırmamış və nəticədə əsassız ittiham hökmü çıxarmışdır. Şikayət müəllifi hesab edir ki, Məhkum əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə ona isnad edilən ittiham üzrə bəraət verilməli idi. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış keçirilməsi və götürmə” haqqında ##.##.2024-cü il tarixli protokol, “evə - mənzilə baxış (axtarış-götürmə) aparılması haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının ##.##.2024-cü il tarixli *-**- **/*-*/**** nömrəli rəyi, “mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokol, maddi sübutlarla, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşaraq həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, kassasiya şikayətinin dəlilləri ilə əlaqədar bəzi məqamların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hökmdən və cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq dövründə verdiyi bütün ifadələrində əməllərini etiraf edərək, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni hansı məqsədlə əldə edib saxlaması barədə səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktı təsdiq etmişdir. Iş materialları ilə həmçinin müəyyən olunur ki, Məhkum nəinki ibtidai istintaq zamanı verdiyi ifadələrində, hətta məhkəmə istintaqı zamanı da ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında özünü elan edilmiş ittiham üzrə təqsirli bilmiş, aşkar edilən narkotik vasitə və psixotrop maddəni Iran vətəndaşından aldığını etiraf etmiş, həmin predmetləri konum atılan yerə qoyacağına görə ona 200 manat pul veriləcəyini bildirmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılan zaman da, özünü elan edilmiş ittiham üzrə təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Göründüyü kimi, Məhkum ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində (eləcə də məhkəmə istintaqı zamanı ilkin ifadəsində) törətdiyi cinayət əməlini xırda detalları ilə ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, cinayət işinin materiallarında olan sübutlarla ( şahidlərin ifadələri, şəxsi axtarış və evə baxış keçirilməsi haqqında protokollar, ekspert rəyi ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunmuşdur. Bundan başqa, Məhkum faktiki nikah münasibətində olduğu arvadının kartından pul vəsaitinin çıxarılıb-çıxarılmaması, Məhkum məxsus mobil telefona “Bluetooth" proqramı vasitəsi ilə başqa telefondan içərisində narkotik olan fotoşəkillərin köçürülməsi və ya göndərilməsinin texniki cəhətdən mümkün olub-olmaması, polis əməkdaşlarına məxsus mobil telefonların anten dairələrinin müəyyən olunması ilə bağlı vəsatətlərin məhkəmə tərəfindən əsassız olaraq təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Məhkum arvadına məxsus bank kartından pul vəsaitinin çıxılıb-çıxarılmamasının hazırki ittihamın mahiyyətinə heç bir aidiyyəti olmadığından, Məhkum mobil telefonundan aşkar edilmiş “Əli” adlı şəxslə yazışmanın aparılması və fotoşəkillərin göndərilməsi ##.##.2024-cü il tarixdə saat 15:09-da (Məhkum saxlanılmasından 7 saat əvvəl) baş verdiyindən, eləcə də mobil telefonun qaleriyasından aşkar edilən narkotik vasitələrə dair fotoşəkillərin “whatsapp” tətbiqi vasitəsi ilə göndərilməsi müəyyən edildiyindən, polis əməkdaşlarının mobil telefon nömrələrinə dair anten məlumatların isə əldə edilməsinə zərurət olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq müdafiə tərəfinin bu barədə verilmiş vəsatətlərini təmin etməmişdir. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması və əməlini qismən etiraf etməsi, cəzanın ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)- ****/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-200/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-200/2026
01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver