Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-202/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1993-cü il tarixdə Göygöl rayonu, Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim S.Quliyeva) Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər A.Musayev (sədrlik edən və məruzəçi), C.Hüseyn və H.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2026-cı il # ###### tarixli *(*-**)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı pentiensiar müəssisəsinin təqdimatı təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ##.##.2025-ci il tarixə çəkilməmiş 1 il 7 ay 29 gün azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)- ****/**** nömrəli qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, tamah niyyəti ilə “Tik-tok” sosial şəbəkəsində “qehbe lemann” adı ilə yaratdığı saxta hesaba “@Ləman yusifli 833” adı ilə qeydiyyatdan keçməklə fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus hesabdan sonuncuya aid olan fotoşəkillər və videogörüntüləri köçürüb, “görüşürəm hərtərəfli 1 saatı 100 AZN” məzmununda rüsvayedici məlumat əlavə etmiş, # ###### 2024-cü il tarixdə saat 02:12-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanından açdığı canlı yayımına qoşulmuş, sonuncuya barəsində olan həmin rüsvayedici məlumatın əks olunduğu hesabı göstərərək, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məlumatı yayacağı hədəsi ilə və həmin hesabın silinməsi müqabilində “Tik-tok” sosial şəbəkəsində istifadə olunan, 54 ABŞ dolları və ya 91,80 manat dəyərində olan 5K (5.000) mükafat jetonunu onun adına olan “Zloy Qaqasel” hesabına göndərməsini hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işində onun əməli düzgün tövsif olunmamış, sözü gedən cinayət əməlinin tövsifi zamanı həm ibtidai istintaq həm birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən səhvə yol verilmişdir. Belə ki, iş materiallarında zərərçəkmiş barəsində yaradılmış saxta profil üzrə sosial şəbəkə “TIk- Tok” üzərindən rüsvayedici məlumatların yayılması qarşılığında ondan “5 k jeton” hədiyyə tələb etməsi ilə bağlı qeyd edilənlər həqiqətə uyğun deyil, o, “Tik-tok” sosial şəbəkəsində tanınmaqdan dolayı reklam məqsədi ilə əsassız olaraq yalan danışıb özünü həmin sahədə potensialı olan şəxs kimi qələmə vermişdir. Bundan başqa, iş materiallarında qeyd edilən “5k” jetonunun heç bir maddi tələbatı qarşılamadığı halda, ona dəyəri olan əmlak kimi qiymət verilmişdir. Halbuki, CM-in 182.1-ci maddəsinə əsasən qəsd özgənin əmlakına yönəlməlidir. Ona qarşı irəli sürülmüş ittihamı tamamilə rədd edir. Ittihamı qəbul etmiş olsa belə, onun əməli düzgün tövsif edilməmişdir. Odur ki, məhkum kassasiya şikayətində göstərilənlərə əsaslanaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarının ləğv edilməsini və onun əməlinin tövsif məsələsinə yenidən baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun hədə-qorxu ilə tələb etmə cinayətində təqsirli olması, əməlinin CM-in 182.1-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı CM-in 182.1-ci maddəsi ilə ittiham irəli sürmüş və onun elan edilmiş ittiham üzrə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə özünün əlyazma yazdığı etirafedici ilkin izahat və ifadələrini, zərərçəkmiş şəxsin ifadələrini, baxış keçirilməsi haqqında istintaq hərəkətlərinin protokolları və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsi və zərər çəkmiş şəxsi dindirib, təqdim edilmiş sübutları tədqiq edib, onlara qiymət verərək nəticəyə gəlmişdir ki, Məhkum hökmün təsviri hissəsində göstərilən şəraitdə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə ondan ittihamda göstərilən “5 k” mükafat jetonunu tələb etməsi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və onunla uzlaşan birinci instansiya məhkəməsində verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib həmin ifadələrin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə təqsirləndirilən şəxsin törətdiyi əməlin iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini cinayət işi üzrə digər sübutların məcmusu ilə təkzib olunduğundan həqiqətə uyğun olmayan, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirmiş, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələri və zərərçəkmiş şəxsin verdiyi ifadələri isə digər sübutlarla uyğunluq təşkil etdiyi üçün düzgün və həqiqətə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Iş materiallarından görünür ki, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPMin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusu – Məhkum ibtidai araşdırma zamanı hər hansı təzyiqə məruz qalmadan şəxsən yazdığı tam etirafedici izahatı və verdiyi etirafedici ifadələri (həmin izahat və ifadələrdə “Tik-tok” sosial şəbəkəsində “Zloy Qaqasel” adlı hesabın ona məxsus olduğunu, ## ###### 2024-cü il tarixdə “qehbe lemann” adlı hesabı yaratdıqdan sonra həmin hesaba zərərçəkmiş şəxsə aid olan fotoşəkillər və videogörüntüləri yüklədiyini, “görüşürəm hərtərəfli 1 saatı 100 AZN” məzmununda rüsvayedici məlumatı əlavə etdiyini və “Zloy Qaqasel” adlı hesabdakı dialoqun onunla zərərçəkmiş şəxs arasında baş verdiyini bildirmişdir), barəsində həbs qətimkan tədbirinin seçildiyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarında göstərildiyi kimi, həmin məhkəmə iclasında verilmiş müvafiq suala cavab olaraq hər hansı formada təzyiqə və ya zorakılığa məruz qalmamasını bildirməsi, diskə baxış keçirilməsi haqqında ##.##.2024-cü il tarixli protokol (diskin yaddaşına yazılmış skrinşot fayllara və “Tik-tok” sosial şəbəkəsində canlı yayımda aparılmış danışıqlara dair fayllara əsasən “Tik-tok” sosial şəbəkəsində yaradılmış “qehbe lemann” adlı hesaba zərərçəkmiş şəxsə aid olan fotoşəkillər və videogörüntülər, “görüşürəm hərtərəfli 1 saatı 100 AZN” məzmununda rüsvayedici məlumat yerləşdirilmiş, “Zloy Qaqasel” adlı hesabda isə “qehbe lemann” adlı hesabın və orada göstərilmiş rüsvayedici məlumatın silinməsi üçün 5K jetonunun tələb edilməsi ilə bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında dialoq müəyyən edilmişdir), “Baxış keçirmə haqqında” ##.##.2024-cü il tarixli protokol (“Tiktok” sosial şəbəkəsindən əldə edilmiş elektron məlumat əsasında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən tələb etdiyi 5K (5.000) mükafat jetonunun ##.##.2024-cü il tarixə olan dəyərinin 54 ABŞ dolları və ya 91,80 manat olması (həmin tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi elektron məlumata əsasən) müəyyən edilmişdir) və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Göründüyü kimi, Məhkum CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkum Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, CM-in 182.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində CM-in ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi haqqında nəticəyə gəlmişdir. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin CM-in 182.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası, ittihamda göstərilən “5k” jetonunun heç bir maddi tələbatı qarşılamaması və dəyəri olan əmlak kimi qiymətləndirilməməsi, bununla da CM-in 182-ci maddəsində nəzərdə tutulan cinayətin predmetini təşkil etməməsi ilə bağlı məhkumun kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1998-ci il ## ###### tarixli, * nömrəli qərarının 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədlərlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. Göründüyü kimi, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti geniş şəkildə müəyyən edilmişdir. Istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar bu cinayətin predmeti ola bilər. “Nağdsız pul vəsaitləri” anlayışı nağd olmayan, lakin iqtisadi dəyəri olan istənilən aktivləri əhatə edə bilər. Bu baxımdan qeyd edilməlidir ki, “Tiktok” sosial şəbəkəsində istifadə edilən “coin” (jeton) da virtual aktiv kimi bu cinayətin predmeti hesab edilə bilər. Belə ki, bu cür jetonları istifadəçilər real pul vəsaiti ilə alırlar (iqtisadi dəyərə malikdirlər), jetonlar platforma daxilində səhifə yaradıcılarına hədiyyə göndərmək üçün istifadə edilir, yaradıcılar isə aldıqları hədiyyələri real pul vəsaitinə çevirə bilirlər. Jetonların satın alınması real pul tələb etdiyindən, onlar əmlakın (pulun) virtual ekvivalenti statusunu daşıyırlar. Bütün bu xüsusiyyətlər isə jetonların “əmlak xarakterli aktiv” kimi qiymətləndirilməsinə əsas verir. Jetonların tələb edilməsi isə əmlak xarakterli faydanın əldə edilməsini ifadə edir. Hazırki işin hallarından isə görünür ki, Məhkum “TikTok” sosial şəbəkəsində zərərçəkmiş şəxsin adı ilə yaratdığı saxta hesaba sonuncunun fotoşəkillərini və videogörüntülərini köçürərək, rüsvayedici ifadələr əlavə etmiş, həmin rüsvayedici məlumatları yayma hədəsi ilə qeyd edilən məlumatları zərərçəkmiş şəxsə göndərib, saxta hesabın silinməsi müqabilində ondan iqtisadi dəyəri olan “Tiktok” sosial şəbəkəsində istifadə olunan 5K mükafat jetonunun öz adına olan hesaba göndərilməsini hədə-qorxu ilə tələb etmişdir. Zərərçəkmiş şəxs isə sosial şəbəkə vasitəsi ilə insanların bu uydurma məlumatı bilmələri müqabilində rüsvay olacağını, həmin insanların qarşısında hörmətdən düşəcəyini yəqin etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum zərərçəkmiş şəxsdən tələb etdiyi “5K mükafat jetonu”nu CM-in 182.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti kimi qiymətləndirməkdə haqlı olmuşlar. Bundan başqa qeyd edilməlidir ki, Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və hökm çıxarılarkən həmin məsələ üzrə də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, cəzanı ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olmasını, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi CM-in 182.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 41.2, 58, 59, 60, 61, 65.2-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.6, 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)- ****/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-202/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-202/2026
01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver