Məhkəmə qərarları › İş №1(1-8)-203/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-203/2026

01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-203/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – Məhkum, Müdafiəçi – “Pro Bono” Vəkil bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ##.##.1973-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər N.Imanova (sədrlik edən), K.Əliyev və V.Seyidov) Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 hüquqi varisi (mülki iddiaçı) hüquqi varis2 tərəfindən verilmiş mülki iddia üzrə icraata maddi zərərin ödənilməsinə dair hissədə xitam verilməsi, mülki iddianın mənəvi zərərin tutulması hissəsində təmin edilməsi, mülki cavabdeh Məhkum 10000 manat məbləğində pul məbləği və 57 manat dövlət rüsumu olmaqla, cəmi 10057 manat məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçı hüquqi varis2 ödənilməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 hüquqi varisi hüquqi varis1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsi hökm edilmişdir. Hökmklə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Ittiham tərəfi məhkəmənin hökmünü mübahisələndirməmişdir. Hökmdən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər R.Qaraqurbanlı (sədrlik edən), İ.Ibrahimli və A.Ibrahimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin olunmuş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, əsas cəzaya münasibətdə 6 ay azaldılmış və üzərində qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 Elman qızı tərəfindən kassasiya protesti verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 263-1.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda avtomobili idarə edərək iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsini törədən zaman sərxoş olması təsdiq olunmamış, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ##.##.2024-cü il tarixdə, saat 23:18-də "BI. B. Cl. C, DI, D" kateqoriyalı BB ****** nömrəli sürücülük vəsiqəsi əsasında *** nömrəli yol vərəqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “xxxx" MMC-yə məxsus "Karsan Atak" markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə üzü Binəqədi kəndi istiqamətində hərəkətdə olan zaman Binəqədi şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ei hissəsinin tələblərini pozaraq, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıcılarında isə svetofor qarşısında dayandırmalı olduğu halda həmin maddənin tələblərinə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq svetoforun qadağanedici qırmızı işığında öz hərəkətini davam etdirib həmin vaxt svetoforun yaşıl işığında yolayrıcına daxil olan "Opel-Corsa" markalı 77- BH-549 dövlət qeydiyyat nişanlı. "Changan" markalı **-YL- *** dövlət qeydiyyat nişanlı və “Hunday Santafe” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zəncirvari qəza törətməsi nəticəsində “OpelCorsa” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs1 təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınığı və baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunmuş təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol tərəli i hemopnevmatoraksla və sol ağciyərin cırılması ilə müşayiət olunmuş döş sümüyünün və sol tərəfli qabırğa sümüklərinin sınıqları, sol mil-bilək oynağı sümüklərinin sınıqları, boyunun və qarının qançırları, sol bud. hər iki baldır, sağ diz və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ölümünə və həmin avtomobildə sərnişin olan zərərçəkmiş şəxs2 başbeyinin yumşaq qişasına, toxumasına və mədəciklərinə qansızmalar, qarın boşluğuna qanaxma ilə müşayiət olunan dalağın zədələnməsi. plevra boşluğuna qanaxma ilə müşayiət olunan sol ağciyərin zədələnməsi, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağdan İ-III qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan soldan İ-V qabırğaların sınıqları, sol gözün ağlı qişasına qansızma. sağ və sol baldır nahiyələrinin, sol diz oynağı nahiyəsinin əzilmişcırılmış yaraları, alın nahiyəsinin, sağ və sol əllərin səthi kəsilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ölümünə, eləcə də "Changan" markalı, 77- YL-261 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü şahid1 burun sümüyünün azyerdəyişən sınığı ilə müşayiət olunan burun belinin səthi əzilmiş yarası, sol gözətrafının dərialtı hematoması ilə müşayiət olunan sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol said nahiyələrinin, sol baldır nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və "Hunday Santafe" markalı. **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü şahid2 baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin qançır şişkinliyi və sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilmə şəraiti və nəticəsinə (2 nəfər şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi), onun şəxsiyyətinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı yüngülləşdirərkən yeni hallar müəyyən etməmiş, Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməsini, avtobus sürücüsü olaraq digər sürücülərə nisbətən daha ehtiyatlı və məsuliyyətli davranmalı olduğu halda, yol-hərəkəti qaydalarını kobud surətdə pozub yol nəqliyyat hadisəsi törətməsini nəzərə almamış, bununla da məhkəmə tərəfindən cəzanın təyin edilməsi məsələlərini tənzimləyən CM-in 8, 41, 58-ci maddələrinin tələbləri pozulmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum münasibətdə məsuliyyəti yüngülləşdirən yeni hallar müəyyən edilmədən, onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CMin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). CM-in 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair hallarda kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * nömrəli qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli qərarı). Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, iştirakçılıqla törədilən cinayətlərdə isə həm də hər bir iştirakçının rolunun, ictimai-təhlükəli nəticələrə təsirinin düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Kollegiya onu da, vurğulayır ki, hər hansı məsələ, o cümlədən cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsində cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, həmçinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi ilə bağlı təməl prinsiplər məhkəmələr tərəfindən gözlənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunanların fonunda kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, protestin əsaslı olduğu müəyyən olunur. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar kimi əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi, cinayət nəticəsində vurulmuş maddi ziyanı ödəməsi, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb, ona 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya instansiya məhkəməsi isə məhkum tərəfindən mübahisələndirilən hökmlə ona təyin edilmiş əsas cəzanın müddətini 5 ilə endirmişdir. CM-in 263.3-cü maddəsində göstərilən cinayətə görə əsas cəza qismində 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəzanın məqsədini təmin etməyən aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşaq hesab edir ki, məhkəmə CM-in 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, cəza tədbirinin həddinin müəyyən edilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmə mübahisələndirilən hökmlə təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə uyğun olmadığını əsas gətirərək, ona təqsirli bilindiyi normanın sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin etsə də, məhkumun şəxsiyyətini müsbət səciyyələndirən hansı halı nəzərə alaraq ona təyin edilmiş cəzanı yüngülləşdirməsini qərarında göstərməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, Məhkum yol-nəqliyyat hadisəsini törədən zaman narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olması öz təsdiqini tapmasa da, onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) olması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Müayinə olunan zaman Məhkum 25 yaşından narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini, 3 ildir ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum avtobus sürücü olmuşdur və hadisə vaxtı o, “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yol ayrıclarında isə svetoforun qarşısında dayanmalı olduğu halda, həmin maddənin tələblərinə riayət etməməklə heç bir tədbir görməyib idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq işıqforun qadağanedici qırmızı işığında öz hərəkətini davam etdirib həmin vaxt işıqforun yaşıl işığında yolayrıcına daxil olan digər avtomobillə toqquşaraq zəncirvari qəza törətmiş, nəticədə iki nəfər şəxsin ölümünə səbəb olmuşdur. Göründüyü kimi, narkotik vasitə istifadəçisi olan bir şəxsin çoxsaylı sərnişin daşıyan avtobusu idarə etməsi özlüyündə təhlükəli bir hal olmaqla yanaşı, Məhkum yol hərəkəti qaydalarını kobud surətdə pozub nizamlayıcı işıqforun qadağanedici qırmızı işığında yolayrıcını keçərək həm yol hərəkəti qaydalarına, həm də yol hərəkətinin digər iştirakçılarının həyat və sağlamlıqlarına laqeyd münasibət bəsləmişdir. Belə ki, sürücünün işıqforun qadağanedici qırmızı işığında yol hərəkəti qaydalarını pozaraq hərəkətinə davam etməsi zəmnində qəzanın baş verəcəyi gözlənilən bir haldır. Hazırkı işdə Məhkum də avtobus sürücüsü olaraq işıqforun qırmızı işığında keçməklə qəzanın baş verə biləcəyi imkanını qabaqcadan görsə də, kifayət qədər əsas olmadan həmin hadisənin qarşısını alacağını güman etmişdir. Halbuki, cinayətkarcasına özünəgüvənmə cinayətkarcasına etinasızlıqla müqayisədə ehtiyatsızlığın daha ictimai-təhlükəli forması kimi çıxış etməklə özünəgüvənmə formasında ehtiyatsızlıqdan cinayət törətmiş şəxsin özünün də ictimai təhlükəliliyinin daha yüksək olmasını göstərir və müvafiq olaraq cəza təyini məsələsində bu faktorun da nəzərə alınmasını bir zərurət kimi meydana gətirir. Lakin, apellyasiya məhkəməsi Məhkum təyin edilmiş cəzanı yüngülləşdirərkən həm məhkumun şəxsiyyəti, həm də cinayətin ictimai-təhlükəliyini xarakterizə edən yuxarıda qeyd edilən halları nəzərdən keçirməmiş, bu qaydada, yəni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə halına, təqsirkarın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə təyin edilmiş cəza isə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərini təmin edə bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək, kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi haqqında məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hazırki qərarda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli, Məhkum CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ###### tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar