Məhkəmə qərarları › İş №1(1-8)-208/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-208/2026

16.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-208/2026 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 15 may 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ####### 1993-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Göytəpə şəhəri, Pişəvəri küçəsi ev 24-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamışdır.

2. 10 iyun 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 24 iyun 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” otelinin yaxınlığında, həmin oteldən çıxan Zərərçəkmiş şəxs yaxınlaşıb, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı sonuncunun qarın nahiyəsinə dirəyib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq edəcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs şalvarının sağ yan cibindən daxilində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 550 manat dəyərində “Samsung Galaxy АЗ1” markalı mobil telefonunu və gödəkçəsinin yuxarı cibindən 20 manat pulunu çıxarıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 575 manat ziyan vurmaqla quldurluq etmişdir.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, 12 mart 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, şəhid ailəsi, vətən müharibəsi iştirakçısı, psixi pozuntusu olan şəxs kimi birinci instansiya məhkməsinin qərarından narazı olduğundan işinə yenidən baxılaraq düzgün qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 15 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, 12 mart 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından hazırda məhkum Məhkum kassasiya şikayəti vermişdir.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri qismində məhkum Məhkum hadisə zamanı heç kimə xəsarət yetirmədiyini, üzərində heç bir kəsici-deşici alətin olmadığını, məhkəmələrin onun və şahid qismində dindirilmiş şəxslərin ifadələrinə məhəl qoymadan müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktı əsasında ona ədalətsiz cəza təyin etdiyini göstərmişdir. Qeyd edilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ***/**** nömrəli, 15 may 2025-ci il tarixli qərarının ləğv edilməsini, əməlinə düzgün hüquqi qiymət verilməsini və barəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış sübutların düzgün tədqiq edilmədiyini, səthi araşdırma aparıldığını, nəticədə onun törətdiyi əməlin səhv tövsif edildiyini, habelə ona təyin edilmiş cəzanın həddindən artıq ağır olduğunu iddia etmiş, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 15 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,

20. cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il). 21.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

22. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət- 24. prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə həmin Məcəllənin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. 25.Belə ki, baxılan işin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum Məhkum, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokollarını, digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutları və onların məcmusunu tam, hərtərəfli və obyektiv araşdıraraq, cinayət işinin hallarını və onları təsdiqləyən sübutları tədqiq etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə nəticəyə gəlmişdir. 26.Məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CMnin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində aşkarlanan və biri digərini tamamlamaqla uzlaşan xüsusatlar, istintaq və məhkəmə hərəkəti protokolları, habelə cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. 27.Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Azərbaycan Respublikası CM-nin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 28.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

29. Məhkum Məhkum ona təyin edilmiş cəzanın həddindən artıq ağır olduğuna dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməlin sübuta yetirilməsi və hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkuma təyin edilmiş cəzaya münasibətdə də məhkəmələr əsaslı nəticəyə gəlmişlər. 30.Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. 31.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 32.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 15 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 15 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar