Məhkəmə qərarları › İş №1(1-8)-211/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-211/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-211/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, 15.02.1978-ci il tarixdə x4 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, II qrup əlil, x4ı Amburdərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 288.2 və 315-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli 27 avqust 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Ramin Almazov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lerik Rayon Məhkəməsinin (hakim R.E.Xəlilov) *(***)-**/**** nömrəli 4 iyun 2025-ci il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, onun Cinayət Məcəlləsinin 288.2-ci maddəsi ilə 2.500 (iki min beş yüz) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının hər birinin müstəqil icra olunması, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ***/**** nömrəli 27 avqust 2025-ci il tarixli qərarı ilə (hakimlər Y.X.Həşimov (sədrlik edən), Ə.zərərçəkmiş şəxs2 və H.X.Bəhmənov) apellyasiya protesti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 4 iyun 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum CM-in 288.2 və 315-ci maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Lerik Rayon Məhkəməsinin 23 iyul 2024-cti il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş icra sənədi üzrə Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən JN-** nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə şahid10 Mirislam oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, 0,87 ha torpaq sahəsinin sonuncunun mülkiyyətinə qaytarılması barədə 26.11.2024-cü il saat 13 radələrində Lerik rayonu, Aşağı Amburdərə kəndində məcburi icra prosesinə dəvət edilmiş hakimiyyət nümayəndəsi hesab edilən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi Idarəsində yer quruluşunun təşkili şöbəsində yer quruluşunun mühəndisi vəzifəsində işləyən zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası gedişində torpaq sahəsinin koordinatlarını dəqiqləşdirmək üçün nəzərdə tutulan “GPS” avadanlığından istifadə etməsinə mane olmaq məqsədi ilə sonuncuya hücum edib sifətinə bir dəfə yumruqla vurmaqla dodaq nahiyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirərək ona zor tətbiq etməklə müqavimət göstərmiş, habelə qanunsuz hərəkətlərini davam etdirib həmin vaxt məhkəmə qərarının icrasını təmin etmək üçün orada olan Lerik rayon icra və probasiya şöbəsinin rəisi zərərçəkmiş şəxs2 təhkim edilmiş "CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə yerdən götürdüyü istintaqa məlum olmayan daşlar atıb avtomobilin alın şüşəsi və arxa stopunu zədələyərək 495 manat maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edilməsinə qəsdən mane olmaqla ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı verdiyi kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya protestində göstərilmişdir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli * nömrəli qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Işin hallarından görünür ki, Məhkum törətdiyi CM-nin 288.2-ci maddəsinin obyekti cinayət və mülki işlər üzrə ədalət mühakiməsinin, ibtidai istintaqın normal fəaliyyəti, məhkəmə qərarlarının normal icrasını təmin edən münasibətlər, habelə maddənin dispoziyasında sadalanan şəxslərin həyatı, sağlamlığı və əmlak mənafeləri, 315-ci maddəsinin obyekti isə dövlət hakmiyyətinin normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlər olmaqla həmin cinayətlər az ağır cinayətlər kateqoriyasına aidddir. Hökmdən də göründüyü kimi, Məhkum törətdiyi cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxs Lerik rayon icra və probasiya şöbəsinin rəisi zərərçəkmiş şəxs2 təhkim edilmiş "CHEVROLET" markalı, **-AO- *** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə 495 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını və ikinci qrup əlil (epilepsiya xəstəliyi) olmasını əsas götürərək ona yüngül cəza təyin etmişdir. Halbuki qeyd edilən yüngülləşdirən hallar işin hallarına görə təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu əməllər üzrə ona yüngül cəza təyin edilməsi üçün əsas deyildir. Belə ki, təqsirləndirilən şəxs Məhkum iş üzrə zərər çəkmiş şəxslərlə barışmamış, barışmağa cəhd belə etməmiş, dəymiş ziyanı ödəməmiş, hətta ifadəsində törətdiyi əməllərdən peşman olmadığını bildirdiyi halda məhkəmə bütün bu qeyd edilənlərə əhəmiyyət verməyərək ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməli olduğu halda, ona yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi müdafiəçi1 və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2025-ci il qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 288.1-ci maddəsinə əsasən “işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə” əməlinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 288.2-ci maddəsinə əsasən “eyni əməllər işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması, hökmün, yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə onların yaxın qohumları barəsində törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 315-ci maddəsinə əsasən “hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X1rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır və bununla bağlı aşağıdakı xüsusatları qeyd edir. Iş materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 4 iyun 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 288.2-ci maddəsi ilə 2.500 (iki min beş yüz) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Iş üzrə məhkuma cəza təyin edilərkən Məhkum himayəsində azyaşlı uşağın olması və ikinci qrup əlil (epilepsiya xəstəliyi) olması cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların müəyyən olunmaması nəzərə alaraq bu cəza təyin edilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi əməllər az ağır cinayətlər kateqoriyasına daxildir. Iş materillarından görünür ki, məhkum Məhkum iş üzrə zərər çəkmiş şəxslərlə barışmamış, barışmağa cəhd belə etməmiş, dəymiş ziyanı ödəməmiş, hətta ifadəsində törətdiyi əməllərdən peşman olmadığını bildirmişdir. Kassasiya instansiya məhkəməsində dövlət ittihamçısı məhkumun hazırda da cinayətin baş verməsinə səbəb olmuş məhkəmə qətnaməsini icra etmədiyini və icraya fəal maneçilik törətdiyini bildirmişdir. Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Iş materiallarından görünür ki, məhkum edilmiş şəxs Məhkum törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirmir, davranışına görə özünü qınamır və əməlini açıq şəkildə məzəmmət etmir. O, hərəkətinin hüquqi və mənəvi nəticələrini qəbul etmir və mənfi nəticələrinə laqeyd yanaşır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Göründüyü kimi həm beynəlxalq aktlar və milli qanunvericilik, həm də mövcud məhkəmə təcrübəsi məhkəmə qərarlarının vaxtında və lazımı icrasına böyük önəm verir. Məhkum Məhkum məhkəmə qətnaməsini hal-hazıradək icra etməməsi isə onun əməlindən peşman olmadığına və ictimai təhlükəliliyinə dəlalət edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli ** nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırılma tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz, əksinə göstərilən xüsusatlar məhkəmə tərəfindən natamam və səthi araşdırmanın aparılmasının göstəricisi kimi çıxış edir. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya protestinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda - ətraflı məhkəmə araşdırması həyata keçirilməklə təkrarən baxılmalıdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2025-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar