Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-213/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, onun nümayəndəsi Nümayəndə, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(105)-568/2025 nömrəli qərarından məhkum Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən), Fəhmin Hümbətov və Aynur Rzayeva) 17 iyun 2025-ci il tarixli, 1(124)-87/2025 nömrəli hökmü ilə 11 fevral 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, ev 9, mənzil 43 ünvanında daimi qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4, 120.2.6, 120.2.9, 120.2.11, 29,149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120.2.11ci maddələri ilə 18 (on səkkiz) il müddətinə, CM-in 29,149.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə, CM-in 181.3.3-cü maddəsi ilə 11 (on bir) 6 (altı) ay müddətinə, CM-in 326.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə və CM-in 326.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, xüsusi amansızlıqla, zorlama və quldurluq ilə əlaqədar, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla, zorlama və quldurluq ilə əlaqədar, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə xüsusi amansızlıqla zorlamaya cəhd etmiş, yəni xüsusi amansızlıqla zərərçəkmiş şəxsə zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmiş, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, rəsmi sənədi digər şəxsi niyyətlə gizlətmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, Məhkum “şizofreniya paranoid forma” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkən Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib sonuncunu quldurluqla əlaqədar öldürmək və zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə 23 oktyabr 2023-cü il tarixdə saat 11:24-dən saat 12:36-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, Asif Cəbrayılov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq girərək hadisə yerində olan dəmir predmeti götürüb silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vurub yerə yıxaraq zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə cibində gəzdirdiyi, növü istintaqa məlum olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs boğaz nahiyəsini qəsdən kəsib sonuncuya “boyunun sağ ön tərəfində yumşaq toxumaların, sağ ümumi yuxu arteriyasının və venanın 03 ədəd kəsilmiş yarası” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs əynində olan kolqotka və alt tumanı çıxarıb soyunduraraq cinsiyyət orqanı sərtləşmədiyi üçün özündən asılı olmayan səbəblərdən zərərçəkmiş şəxslə zor tətbiq etməklə cinsi əlaqədə ola bilməyib Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ilə əlaqədar baş vermiş kəskin qanitirmə nəticəsində zərərçəkmiş şəxsi qəsdən öldürmüş, daha sonra planlaşdırdığı cinayət əməllərini davam etdirib sonuncuya məxsus içərisində 100 manat məbləğində pul vəsaiti, şəxsiyyət vəsiqəsi, 0,40 manat dəyərində bonus kartı, 5 manat dəyərində “Kapital Bank” plastik bank kartı olan 1 manat dəyərində pul kisəsini, hər birinin dəyəri 3 manat olan 9 manat dəyərində 3 ədəd açarı, hər birinin dəyəri 4 manat olan 12 manat dəyərində 3 ədəd “Modi” markalı, “15-20W(MD-PLQ31 ...A) PF>0.5” modelli led işığı qanunsuz götürüb talayaraq fərdi yaşayış evinin giriş qapısının üzərində olan açarla qapının qıfılını bağlayıb hadisə yerini tərk etdikdən sonra törətdiyi cinayət əməllərini örtbasdır etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini Xaçmaz şəhəri, S.Ələskərov küçəsi ev 40 ünvanında yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısına yığılmış qumda basdıraraq gizlətmiş, bununla da o, xüsusi amansızlıqla, zorlama və quldurluq ilə əlaqədar, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla, zorlama və quldurluq ilə əlaqədar, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə xüsusi amansızlıqla zorlamaya cəhd etmiş, yəni xüsusi amansızlıqla zərərçəkmiş şəxsə zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmiş, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, rəsmi sənədi digər şəxsi niyyətlə gizlətmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Rəşadət Ağayev) 07 oktyabr 2025-ci il tarixli 1(105)-568/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 1(124)-87/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 1(105)-568/2025 nömrəli qərarını ləğv edərək onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham yalnız onun işgəncə nəticəsində verdiyi ifadələrə əsaslanmışdır. Həmin ifadənin işgəncə altında verildiyi məhkum tərəfindən məhkəməyə bildirilsə də, bu dəlilə heç bir qiymət verilməmişdir. Cinayətin onun tərəfindən törədilməməsi çoxsaylı sübutlarla təsdiq olunur. Meyitin aşkar olunduğu ilk günlərdə Şahin Əhmədov adlı şəxs də cinayəti boynuna almışdı və onun etirafedici ifadəsi videogörüntü ilə də isbat olunur. Lakin 4 aya yaxın müddətdən sonra, 15 fevral 2024-cü il tarixdə onu tutmuşlar. 3 gün onu qanunsuz saxlamaqla işgəncələr verib cinayəti boynuna qoymuşlar. Onun tutulması rəsmiləşdirildikdən sonra, 19 fevral 2024-cü il tarixdə Şahin Əhmədovu buraxmışlar. Birinci instansiya məhkəməsi ilk gündən ona qarşı qərəzli mövqe tutaraq, onun təqsirli olması mövqeyində olmuş, həqiqətin müəyyən olunmasında maraqlı olmadığını göstərmişdir. Apellyasiya instansiya məhkəməsi də həqiqəti ortaya çıxarmaq üçün heç bir səy göstərməmişdir. Müdafiəçi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəlinmiş nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllə 399-403-cü maddələrində nəzərdə tutulmuş tələblərin pozulması səbəbindən məhkəmənin həmin hökmü apellyasiya qaydasında ləğv edilməlidir. Müstəntiqin qeyri-peşəkarcasına apardığı ibtidai istintaqın məhsulu olan ittiham aktında yazılanlar tam hökmə köçürülmüş, hətta ittiham aktında sübutlara olan primitiv qiymətləndirmə hökmə köçürülmüşdür. Bu hal 11 aylıq məhkəmə baxışını tam mənasız edir. CM-in 8 maddəsi ilə elan edilmiş ittihamların heç biri qanunun tələblərinə cavab verən sübutların məcmusu ilə təsdiq edilmir, bir çox vacib məqamlar məhkəmə baxışı zamanı araşdırılmayıb, ibtidai və məhkəmə istintaqları zamanı müəyyən edilmiş bir sıra əhəmiyyətli hallar hökmdə əksini tapmayıb, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər yoxlanılmayıb, vəkilin müdafiə nitqində səsləndirdiyi dəlillərə və təqdim olunmuş sübutlara heç bir münasibət bildirilməmiş və ümumiyyətlə müdafiə nitqinə toxunulmamışdır. Məhkum müdafiə hüququnun pozulması ilə (həm tutulması rəsmiləşdirilənədək, həm də sonra), insan ləyaqətini alçaldan, hədə-qorxu və işgəncə hərəkərlərinin tətbiq edilməsi ilə alınmış ifadələri, cinayət təqibi üzrə istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs (əməliyyat müvəkkili) tərəfindən əldə edilmiş sübutlar, istintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularda aparılmaqla tərtib edilmiş prosessual sənədlər, yəni həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olan məlumatlar və sənədlərin CPM-in 125.2.1- 125.2.5-ci maddələrinə görə cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmədiyi halda, birinci instansiya məhkəməsi həmin sənədləri və məlumatları ittihamın həlli üçün istifadə etmişdir. Məhkum CM-in 8 maddəsi ilə, əsasən xüsusilə ağır cinayətlərə görə ittiham verilmişdir. Bu ittihamların heç biri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyibdir. Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə nə işin hallarına uyğundur, nə də digər sübutlarla təsdiq edilir. Birinci instansiya məhkəməsi özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən halları nəzərə almamış, ittiham hökmündə mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlarlardan istifadə etmiş, birinci instansiya məhkəməsi özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən halları (rəyləri) nəzərə almamış, bu sübutların qəbul edilməməsinin səbəblərini göstərməmiş, birinci instansiya məhkəməsi işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxsləri dindirməmiş və maddi sübutları tələb etməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə bəraət verməli olduğu halda onu CM-in 120.2.4-cü və sairə maddələri ilə təqsirli bilməklə tətbiq edilməli olmayan cinayət qanunu normalarını tətbiq etmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş halların sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qanun pozuntularının üstündən sükutla keçmiş, hər hansı bir əsaslandırma gətirmədən birinci instansiya məhkəməsi tərəfindən sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və onların kifayət etməsi ilə əlaqədar CPM-in 143- 146 maddələrinə uyğun olaraq hökmün çıxarıldığı qənaətinə gəlmişdir (qərar, s.9, abzas 7). Məhkəmənin CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi həmin Məcəllənin 416.12-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi yalnız işgəncə təsiri altında "etirafedici" ifadənin verilməsi ilə əlaqədar müdafiə tərəfinin dəlillərinə münasibət olaraq bildirir ki, bu hal üzrə prokurorluq orqanı araşdırma aparıb, işgəncə halının təsdiq olunmaması barədə qərar çıxarıbdır (qərar, s.8, abzas 5). Qeyd olunmalıdır ki, prokurorluğun qərarının məhkəmə nəzarəti prosedurunun predmeti olub-olmamasından asılı olmayaraq CPM-in 28.4.4-cü və 323.5-ci maddələrinin tələblərinə uyğun olaraq, ifadələrin və digər sübutların əldə olunmasının qanuniliyinin yoxlanılmasına dair müdafiə tərəfinin vəsatətləri təmin edilməli idi. Qanun pozuntuları ilə bağlı müdafiə tərəfinin digər dəlillərinə apellyasiya məhkəməsi toxunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilməsinə, CPM-in 143-146 maddələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq edilmədiyinə, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyinə, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarıldığına, etirazlar və məhkəmə tərkibi barəsində CPM-in 107-109, 112-118, 308 və 309-cu maddələrinin tələbləri kobud surətdə pozulduğuna və təqsirləndirilən şəxsi məhkəmə iclasında iştirakının təmin edilməməsinə görə, yeni CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6, 416.1.17 və 416.1.18-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması səbəbindən apellyasiya məhkəməsinin qərarı kassasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən işin halları tam, obyektiv və hərtərəfli araşdırmamış, heç bir mötəbər sübut olmadan məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinmiş və barəsində əsassız ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, şahidlər şahid9, şahid8, şahid4, şahid5, şahid10, şahid11 Seyfətdin oğlunun, şahid7, şahid3, şahid6, şahid2, şahid1 ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumun və müdafiəçinin apellyasiya şikayətlərinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120.2.11, 29,149.2.4, 181.3.3, 326.1 və 326.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Məhkəmələr məhkum Məhkum özünü Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Belə ki, kassasiya şikayətlərinin əsasını məhkəmələr tərəfindən məhkumun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrin düzgün qiymətləndirilməməsi ilə bağlı irəli sürülmüş dəlillər təşkil edir. Müdafiə tərəfi iddia edir ki, məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr qanunun tələbləri pozulmaqla, yəni ona fiziki və ya psixoloji təzyiq göstərilməsi nəticəsində alınmış, buna görə də həqiqətə uyğun olmamışdır. Buna baxmayaraq, məhkəmələr həmin ifadələri digər sübutlarla birlikdə qiymətləndirərək Məhkum qarşı irəli sürülmüş ittihamı sübuta yetirilmiş hesab etmiş və barəsində ittiham hökmü çıxarmışlar. Birinci instansiya məhkəməsi Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri cinayət işi üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə araşdıraraq belə nəticəyə gəlmişdir ki, həmin ifadələrdə göstərilən hallar digər sübutlarla təsdiq olunur və iş üzrə sübutların məcmusu ilə uzlaşır. Bu səbəbdən məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkumun ifadələrini Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etmiş, yoxlamış və qiymətləndirmişdir. Yuxarıda qeyd edildiyi kimi, kassasiya şikayətlərində məhkumun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum cinayət əməli müvafiq prosessual qaydada aparılmış istintaq hərəkətləri, sübutlar və onların məhkəmədə qiymətləndirilməsi əsasında müəyyən edilmişdir. İş üzrə polis əməkdaşlarının qanunsuz hərəkətlərinə və ya sübutların saxtalaşdırılmasına dəlalət edən hər hansı hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətlərinin qeyd olunan dəlilini əsassız hesab edir və onu qəbul etmir. Eyni zamanda, iş materialları ilə məhkum Məhkum əməllərinin cinayət olmasını istisna edən və ya onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların olmadığı qənaətinə gəlir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkuma təqsirli bilindiyi hər bir maddə üzrə təyin edilmiş cəzalar, eləcə də cinayətlərin məcmusu üzrə müəyyən edilmiş qəti cəza onun törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin konkret hallarına, məhkumun şəxsiyyətinə, habelə cinayət qanununun yuxarıda göstərilən normalarının tələblərinə uyğun olmaqla qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(105)-568/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(105)- 568/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-213/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-213/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver