Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-216/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum təqsirləndirilən şəxs5 və məhkumların müdafiəçisi müdafiəçi29 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli 1(103)- 241/2025 nömrəli qərarından məhkum təqsirləndirilən şəxs5 tərəfindən və məhkumlar Məmmədov İldırım Çingiz oğlunun və təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi29 və birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Şəlalə Həsənova (sədrlik edən), Vüqar Quliyev və Siyavuş Hacıyev) 15 oktyabr 2024-cü il tarixli 1(101)-298/2024 nömrəli hökmü ilə 11 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Karqanov küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 1054, mənzil 30 ünvanında faktiki yaşamış Məmmədov İldırım Çingiz oğlu Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 312-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 312-1.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmış, 10 mart 1989-cu il tarixdə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin müdiri vəzifəsində işləmiş, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs19, təqsirləndirilən şəxs13 İnşallah oğlu, təqsirləndirilən şəxs18, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs12, təqsirləndirilən şəxs7, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs17, təqsirləndirilən şəxs8, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs15, təqsirləndirilən şəxs11, təqsirləndirilən şəxs14, təqsirləndirilən şəxs9, təqsirləndirilən şəxs16 və təqsirləndirilən şəxs6 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Məmmədov İldırım Çingiz oğlu vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və qeyriləri üçün şəxsən və vasitəçidən istifadə etməklə birbaşa yolla külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəyərək külli miqdarda vahid niyyətlə təkrarən almış, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), vəzifəli şəxs qismində qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. təqsirləndirilən şəxs5 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə təkrarən rüşvət qismində istəyərək təkrarən almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məmmədov İldırım Çingiz oğlu və təqsirləndirilən şəxs5 tərəfindən törədilmiş cinayət əməllərinin faktiki halları birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə təsvir edilmişdir. Məhkəmə kollegiyası həmin halların hazırkı qərarda təkrar şərh edilməsini zəruri hesab etmir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən), Mehriban Qarayeva və Emin Mehdiyev) 9 aprel 2025-ci il tarixli 1(103)-241/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 1(101)-298/2024 nömrəli hökmü məhkum İ.Ç.Məmmədova aid hissədə dəyişdirilmiş, məhkum İ.Ç.Məmmədovun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 3 (üç) aya endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzalar qismən toplamaqla, əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm təqsirləndirilən şəxs5 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkumun Məmmədov İldırım Çingiz oğlunun müdafiəçisi müdafiəçi29 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli 1(103)-241/2025 nömrəli qərarının ləğv edilməsi və məhkum İ.Ç.Məmmədovun barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum təqsirləndirilən şəxs5 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli 1(103)-241/2025 nömrəli qərarının ləğv edilməsi və onun barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Məmmədov İldırım Çingiz oğlunun müdafiəçisi müdafiəçi29 onunla əsaslandırır ki, məhkuma verilən ittiham tam əsassız və qanunsuzdur. Kassator ilk öncə qeyd edir ki, məhkum İldırım Məmmədovun rəy vermək səlahiyyəti olmamışdır, məqsədəuyğunluq məktubuna viza qoyaraq şöbə rəisi olan şahid185 elektron qaydada sənədi göndərirmiş. Sonuncunun elektron imzası əsasında Ərazi şöbələrinə məktub göndərilirmiş. İş üzrə digər təqsirləndirilənlər, həmçinin məhkəməyə şahid qismində dindirilmiş şahid185 bunu təsdiqləmişdir. Bu isə o deməkdir ki, sənədi hüquqi baxımdan qüvvəyə mindirən şəxs şahid185 olmuş, hüquqi nəticələr doğuran imza ona məxsus olmuşdur. Bu hallar bir daha sübut edir ki, İldırım Məmmədovun konkret cinayət əməlinin subyekti olması üçün zəruri olan subyektiv və obyektiv əlamətlər mövcud deyil. Həmçinin maddi sübut qismində təqdim olunan 2 dəftər kitabça maddi sübut kimi mötəbərliyi şübhə altındadır. Qələm diyircəklə yazılmış qeydlərin üst hissələrində tarixlər İldırım Məmmədovun vəzifəyə təyin olunan tarixlərə təsadüf etmir. Həmin tarixlər 2019-cu ildən başlayaraq 2021-ci ilin ortalarını əhatə edir. İldırım Məmmədov 2021-ci 10 noyabr tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin K-189 əmrinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri vəzifəsinə təyin edilmişdir. İş üzrə maddi sübut qismində təqdim olunmuş video çəkilişlər təqsirləndirilən şəxsə CMin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin aid edilməsi üçün hüquqi baxımdan yetərli və aydın sübut xarakteri daşımır. Belə ki, həmin video materiallarda təqsirləndirilən şəxsin konkret hansı məbləğdə pul vəsaitini qəbul etməsi, həmin vəsaitin hansı məqsədlə təqdim olunması, eləcə də vəsaitin alınması zamanı İldırım Məmmədovun qulluq mövqeyindən istifadə etməklə hansı qanunsuz və ya xidməti xarakterli hərəkətləri etməyə və ya etməməyə razılaşdığı aydın şəkildə əks olunmamışdır. Həmçinin video çəkilişlərdə hadisənin predmetini təşkil edən hüquqi əhəmiyyət kəsb edən detallara, yəni təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərini aşaraq maddi vəsaiti hansı niyyətlə aldığına, konkret hansı şəxs və ya şəxslərə qarşı hansı hüquqi və ya faktiki hərəkətləri yerinə yetirməyi öhdəsinə götürdüyünə və ya həmin hərəkətlərin qarşılığında hansı vədləri verdiyinə dair açıq və şübhəli məlumatlar mövcud deyil. Cinayət-prosessual qanunvericiliyə rüşvət alma cinayətinin sübuta yetirilməsi üçün mütləq şəkildə subyektin qulluq mövqeyindən istifadə etməklə öz xidməti vəzifələrinə aid olan konkret hərəkətləri həyata keçirmək və ya həyata keçirməmək barədə razılığa gəlməsi və bunun müqabilində maddi nemət əldə etməsi tələb olunur. Hazırkı hallarda isə bu zəruri elementlərin heç biri video materiallarla sübuta yetirilmir və təqdim olunan sübutlar yalnız ümumi, hüquqi nəticə doğurmaq gücünə malik olmayan vizual xarakterli görüntülərlə məhdudlaşır. Göründüyü kimi İldırım Məmmədov həmin dövrdə təşkilati-sərəncamverici vəzifə daşımamışdır. Göründüyü kimi İldırım Məmmədov Çingiz oğlu müəyyən hallarda öz qulluq mövqeyindən istifadə etmişdirsə də, bu istifadə onun barəsində Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxs kimi rüşvət alma cinayətinin tərkib əlaməti kimi qiymətləndirilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin qulluq mövqeyindən istifadə etməsi yalnız texniki vəzifə funksiyalarının icrası çərçivəsində olmuş, onun fəaliyyətində hüquqi baxımdan müstəqil qərarvermə, xidməti və ya inzibati təsir göstərmə imkanları müşahidə olunmamışdır. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanının qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs kimi rüşvət alma cinayətini İldırım Məmmədova şamil etməsi faktiki vəziyyətə və hüquqi qiymətləndirmə standartlarına uyğun deyil. Məhkum təqsirləndirilən şəxs5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittiham tam əsassız və qanunsuzdur. Belə ki, ona qarsı birinci instansiya məhkəməsində heç kim ifadə verməmiş və onun təqsirli olmağına dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin təqdim etdikləri vəsatətlərə heç bir əsas gətirmədən təmin etməmiş, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, həmçinin obyektiv və ədalətli məhkəmə araşdırması aparmadan qərar qəbul etmişdir. Məhkəmə istintaqının məhkum təqsirləndirilən şəxs5 münasibətdə aparılmasının zəruriliyi üçün kifayət qədər əsasların olmasına və bu barədə dəfələrlə vəsatətlər verilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsində əsassız olaraq araşdırma istintaqla aparılmamışdır. Belə vəziyyətdə, apellyasiya instansiyası məhkəməsində icraat zaman məhkəməyə təqdim etdiyi yeni sübutlar tədqiq edilməmişdir. Bu səbəbdən, sübutların şübhə altına alınması üçün əsasların apellyasiya icraatında müəyyən edilmədiyi barədə apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymaq mümkün deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs5 özünü təqsirli bilməməyinə və apellyasiya şikayətinə tənqidi yanaşaraq, sözügedən xüsusatların işin faktiki halları ilə təkzib edildiyini qeyd etsə də, istintaq aparmayan və sübutları tədqiq etməyən apellyasiya məhkəməsi bu faktiki halların nədən ibarət olduğunu da qərarında göstərməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi müstəntiq tərəfindən tərtib edilmiş şahid ifadələrində olan kəskin ziddiyyətlərə və həqiqətə uyğun olmayan məlumatlara heç bir münasibət bildirməmiş, bununla əlaqədar dəfələrlə müdafiə tərəfindən verilmiş vəsatətləri əsassız olaraq təmin etməmişdir. Bundan başqa, şahidlər şahid24 və şahid36 odlu məhkəmə istintaqında ifadə verməmişdən əvvəl ibtidai istintaqdakı ifadələrini təkzib etdiklərini, şahid İbadov Anar Akif oğlu isə tam ziddiyyətli ifadə vermişdir. Həmçinin məhkum təqsirləndirilən şəxs5 qarşı irəli sürülmüş ittiham üzrə dindirilmiş 5 nəfər şahidin hər biri ibtidai istintaq orqanı tərəfindən onlara güclü təzyiq olunduğu, dindirmə protokolları öz sözləri ilə yazılmadığı və yazılmış dindirmə protokolları oxumadan təzyiq altında onlara imzalatdırıldığı barədə məhkəməyə fikir bildirmişlər. Buna baxmayaraq birinci instansiya məhkəməsi bütün qeyd olunan əhəmiyyətli ziddiyyətlərə hüquqi qiymət vermədən onların ifadələrinin digər sübutlar ilə təkzib olunduğunu yazmışdır. İttihamın əsas mahiyyəti bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı olsa da və həmin sənədləşmənin aparılması üçün əsas Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş "Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında" Təlimatın tələbləri olsa da ibtidai istintaq orqanı ümumiyyətlə cinayət isinin materiallarına həmin təlimatı əlavə etməmiş və həmin təlimat tədqiq edilməmişdir. Məhkəmə istintaqında da o və müdafiəçiləri tərəfimdən sözügedən təlimatın cinayət isinin materiallarında olmadığı və ibtidai istintaqın bu barədə ümumiyyətlə araşdırma aparmadığı məhkəmənin diqqətinə çatdırılmış, həmçinin həmin təlimatın məhkəməyə təqdim olunması barədə şifahi və yazılı vəsatətlə məhkəməyə müraciət olunsa da məhkəmə həmin təlimatı ümumiyyətlə tədqiq etməmiş və onun barəsində hökm verərkən qeyd olunan məsələyə heç bir hüquqi qiymət verməmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri onun barəsində qərar verərkən vahid məhkəmə təcrübəsinə məhəl qoymamış, hüquqi məsələlərin həllində və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarını eyni cür tətbiq edilməsini təmin etməyərək "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 79- 1-ci maddənin tələbini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi və birinci instansiya məhkəməsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham hökmü verilməsinə dair cinayət işi üzrə CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmayaraq əsassız və qanunsuz yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi və birinci instansiya məhkəməsi şahidlərin məhkəmə istintaqında verdiyi ifadələrinə hüquqi qiymət vermədən, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə almadan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham hökm çıxarmışdır. Müstəntiq Lənkəran Rayon Prokurorluğunun inzibati binasına şahid qismində ifadə vermələri üçün dəvət etdiyi şəxsləri heç bir yerdə qeydiyyata salmadan ona qarşı ifadə verməyə təzyiq göstərərək məcbur etmiş, özünün sənədləşmə ardıcıllığı əsasında yazdığı saxta dindirmə protokolunu təzyiq altında onlara imzalatdırmış və sonra da həmin protokolda ifadənin alınma tarixi, saatı və protokol nömrəsini öz bildiyi kimi ardıcıllıqla qələmlə yazaraq cinayət işinin materiallarını saxtalaşdırmışdır. Qeyd olunan ziddiyyətlər və saxtakarlıqlar barədə dəfələrlə birinci və apellyasiya instansiyası məhkəməsinə onun tərəfindən vəsatətlər ilə müraciət olunsa da məhkəmə heç bir əsas gətirmədən vəsatətləri təmin etməmiş, onun barəsində ittiham hökmü ibtidai istintaq orqanının həmin saxta və ziddiyyətli istintaq hərəkəti protokolları ilə əsaslandırmışdır. Kassator hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən, onun təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədən onun barəsində ittiham hökmü çıxarılmasına dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi müdafiəçi29 və məhkum təqsirləndirilən şəxs5 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, hazırkı cinayət işi üzrə məhkumlar İ.Ç.Məmmədovun və təqsirləndirilən şəxs5 təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, buna baxmayaraq, məhkəmələr əsassız olaraq onların barəsində ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, analoji məzmunlu dəlillər məhkumların və onların müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri hərtərəfli araşdırmış, onların hər birinə ayrıca hüquqi qiymət vermiş və əsassız olmaları barədə kifayət qədər əsaslandırılmış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı əlaqədə araşdıraraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kassasiya şikayətlərində həmin nəticələri təkzib edən və ya onların düzgünlüyünü şübhə altına alan hər hansı yeni hal və ya sübut göstərilmədiyindən, məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət işinin materiallarından görünür ki, məhkum Məmmədov İldırım Çingiz oğlunun Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 312-1.1-ci maddələrində, məhkum təqsirləndirilən şəxs5 isə CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri cinayət işi üzrə toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun qiymətləndirilmiş sübutların məcmusu, o cümlədən şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi hökmündə məhkumlar Məmmədov İldırım Çingiz oğlunun və təqsirləndirilən şəxs5 məhkəmə iclasında verdikləri ifadələri işin faktiki halları və digər sübutlarla müqayisəli şəkildə təhlil edərək həmin ifadələrin işin hallarına uyğun gəlmədiyi və iş üzrə digər mötəbər sübutlarla təkzib olunduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxarkən həmin nəticə ilə razılaşmışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı sübutların əldə edilməsi, həmçinin onların birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq və qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunun tələbləri pozulmamışdır. Məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə edilməmiş, proses iştirakçıları tərəfindən təqdim olunmuş sübutların araşdırılmasından əsassız olaraq imtina edilməmiş, habelə onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarını tam həcmdə həyata keçirmək üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Məhkəmə kollegiyası məhkəmələrin sübutların qiymətləndirilməsinə dair fəaliyyətini yoxlayaraq müəyyən edir ki, onlar iş üzrə gəldikləri nəticələri hansı sübutlara əsaslandırdıqlarını, həmin sübutları hansı səbəblərə görə mötəbər və üstün hesab etdiklərini hökm və qərarda kifayət qədər əsaslandırmışlar. İş materialları təsdiq edir ki, məhkəmələrin gəldikləri nəticələr məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutlara əsaslanmış, həmin sübutlar ittihamın sübuta yetirilməsi üçün kifayət etmiş, müəyyən edilmiş faktiki hallar isə sübutların məcmusu ilə tam uzlaşmışdır. Bu səbəbdən məhkəmə kollegiyası məhkumlar Məmmədov İldırım Çingiz oğlunun və təqsirləndirilən şəxs5 təqsirliliyi, eləcə də onların əməllərinin hüquqi tövsifi barədə aşağı instansiya məhkəmələrinin gəldikləri nəticələri işin faktiki halları və sübutların məcmusu ilə uzlaşan, sübutların isə Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirilməsinə əsaslanan qanuni və əsaslı nəticə hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məmmədov İldırım Çingiz oğlunun əməli Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 312-1.1-ci maddələri ilə, məhkum təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CMin 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticələr qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələri üzrə təqsirləndirilən şəxs barəsində yalnız aşağıdakı hallarda bəraət hökmü çıxarıla bilər: cinayət hadisəsi olmadıqda (42.1.1), əməldə cinayət tərkibi olmadıqda (42.1.2), şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda (42.1.3) və ya onun təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Hazırkı iş üzrə isə məhkum Məmmədov İldırım Çingiz oğlunun Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 312-1.1-ci maddələri, məhkum təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Buna görə də onların barəsində bəraət hökmünün çıxarılması və ya cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Kassasiya şikayətlərinin dəlillərindən biri müdafiə tərəfinin vəsatətlərinin məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclası protokollarından görünür ki, müdafiə tərəfinin təqdim etdiyi bütün vəsatətlər qanunun tələblərinə uyğun qaydada müzakirə edilmiş, proses iştirakçılarının rəyi dinlənildikdən sonra onlar barədə əsaslandırılmış prosessual qərarlar qəbul olunmuşdur. İş materiallarından müəyyən edilir ki, vəsatətlərə baxılması zamanı hər hansı prosessual pozuntuya yol verilməmiş, proses iştirakçılarının hüquqları təmin edilmiş və qəbul edilmiş qərarların qanunsuz və ya əsassız olmasını göstərən hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərini əsassız hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq zamanı sübutların toplanması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən isə onların tədqiqi və qiymətləndirilməsi prosesində cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmiş, habelə iş üzrə əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina edilməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış bütün sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1ci maddəsinin tələblərinə uyğun olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından hüquqi qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumlar Məmmədov İldırım Çingiz oğluna və təqsirləndirilən şəxs5 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 62 və 70-ci maddələrinin tələblərini düzgün tətbiq etmiş, təyin olunmuş cəzalar törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə, habelə cəzanın məqsədlərinə uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi həmin maddədə nəzərdə tutulmuş əsaslar mövcud olduqda apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məmmədov İldırım Çingiz oğlu və təqsirləndirilən şəxs5 barəsində qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin şikayətlər təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli 1(103)-241/2025 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli 1(103)- 241/2025 nömrəli qərarı Məmmədov İldırım Çingiz oğluna və təqsirləndirilən şəxs5 aid hissədə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-216/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-216/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver