Məhkəmə qərarları › İş №1(1-8)-218/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-218/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-218/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3, məhkum Məhkum və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.2005-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Baş Güney kəndində qeydiyyatda olub, Ağdərə rayonu, Suqovuşan qəsəbəsi, bina 03, mənzil 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X2 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə) 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, ## ##### 2025 ci il tarixdə saat 14 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Ağdərə rayonu, Suqovuşan qəsəbəsində yerləşən * nömrəli binanın * nömrəli mənzilinin mətbəxində anası Zərərçəkmiş şəxs mobil telefonunun “WhatsApp” mobil tətbiqinə Bərdə rayonu, SUM-32 qəsəbəsində yaşayan, keçmiş qonşusu şahid5 istifadəsində olan mobil nömrənin “WhatsApp” mobil tətbiqindən mesaj gəlməsi səbəbindən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs mətbəxin dolabından götürdüyü məlum olmayan kəsici-deşici alətlə qəsdən vuraraq sonuncuya “sağ döş qəfəsinin sağ yan divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, hemotoraks” xəsarətləri ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun törətdiyi cinayət əməli yanlış tövsif edilmişdir. Zərərçəkmiş şəxs anası- Məhluqə Ələkbərova aldığı xəsarətlərdən cəmi 9 gün xəstəxanada müalicə olunmuş, ambulator müalicə təyin edilərək evə buraxılmışdır. Hadisədən sonra, anasının xəstəxanaya çatdırılmasına köməklik etdikdən sonra, polisə könüllü təslim olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilmişdir ki, - Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən əlamətlərin heç biri zərərçəkmiş şəxs anası Məhluqə Ələkbərovada olmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının dəyişdirilməsini və barəsində şərti cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək və barəsində CM-in 70-ci maddəsinin tətbiqini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirmiş və bununla bağlı bildirmişdir ki, anası xəstəxanada az müddət ərzində yatmış, tez sağalmış və bu səbəbdən onun əməlində CM-in 126.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Məhkəmə kollegiyası məhkumun bu dəlili ilə bağlı qeyd edir ki, məhkuma qarşı irəli sürülmüş ittihamdan görünür ki, məhkum kəsici-deşici alətlə anasının döş qəfəsinə daxilə keçən hemotoroks xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2014-cü il tarixli *** nömrəli qərarı ilə təqdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahı”sından görünür ki, həmin siyahının 1.2.13-cü bəndinə əsasən döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalılığına keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) hemotoraks (döş qəfəsində, plevra boşluğunda qanın toplanması) halında ağır xəsarət kimi qiymətləndirilir. Məhz bununla bağlı məhkəmə-tibb ekspertizasının rəyi ilə zərərçəkmişin bədən xəsarəti ağır kimi qiymətləndirilmişdir. CM-in 126.1-ci maddəsinin dispozisiyasına əsasən zərərçəkmiş şəxsin sağlamlığına ağır bədən xəsarətinin yetirilməsi, yəni ağır zərər vurma bu maddənin təsiri altına düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində, yəni maddənin sanksiyasının ən aşağı həddində, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar