Məhkəmə qərarları › İş №1(1-8)-222/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-222/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-222/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2025-ci il tarixli 1(103)- 460/2025 nömrəli hökmündən məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən), Npvruz Kərimov və Leyla Əsgərova-Məmmədova) 03 dekabr 2024-cü il tarixli 1(101)-1291/2024 nömrəli hökmü ilə 07 may 2003-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Vurğun küçəsi ev 10 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 7 A-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ümumilikdə həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 25 (iyirmi beş) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 5 (beş) il 9 (doqquz) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsində yetkinlik yaşına çatmayan 27 fevral 2010-cu il təvəllüdlü zərərçəkmiş şəxs1 onu sevdiyini deyərək atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib etibarından suiistifadə edərək tezliklə qaytaracağına dair yalan vədlər verib aldadaraq 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri. Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında 1000 manat pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə ümumilikdə 1000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum ltəkrarən "İnstaqram” sosial şəbəkəsində yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra aralarında olan sevgi mesajları, danışıqları və əlindən tutub öpən zaman olan fotoşəkillərini anasına göstərməklə “İnstaqram” sosial şəbəkəsinə yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı, o cümlədən ona 1000 manat verməsini anasına deyəcəyi hədəsi ilə pul və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb edib yaşadığı evdə olan pulları və qızıl-zinət əşyalarını gətirməsini deyərək sonuncunun 23 aprel 2023-cü il tarixdə gizlin şəkildə evlərindən götürdüyü anası zərərçəkmiş şəxs2 məxsus 3000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat, 1.500 manat pul vəsaitini, 1260 manat dəyərində 583,585 əyarlı, 14,82 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “ITALY 585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 652 manat dəyərində, 583, 585 əyarlı, 7,68 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 1275 manat dəyərində, 750 əyarlı, 11,59 qram, qırmızımtıl rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb- bağlanan, üzərində “750” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 380 manat dəyərində 583,585 əyarlı, 4,46 qram üzərində bir ədəd qiymətsiz yaşıl rəngli qaşı olan, sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl kulon, 1428 manat dəyərində 583,585 əyarlı, 16,80 qram qırmızımtıl rəngli, üzərində “Anama hədiyyə” və “50” yazıları və “585” damğası olan 1 ədəd qızıl sikkə, 632 manat dəyərində 583,585 əyarlı 7,44 qram sarı rəngli, 1 tərəfində qız şəkli, digər tərəfində balıq şəkli təsvir edilmiş bir ədəd qızıl sikkə, 573 manat dəyərində 583,585 əyarlı, 6,74 qram üzərində 1 ədəd qiymətsiz korund qrup qaşlara aid rəngsiz şəffaf qaş olan, qırmızımtıl rəngli, üzərində “583” damğası olan bir ədəd qızıl kulon, 145 manat dəyərində 583,585 əyarlı, 1,70 qram qırmızımtıl rəngli, üzərində “583” damğası olan, at nalı formalı bir ədəd qızıl kulon, 662 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli, həmçinin “750” damğası olan bir ədəd kulon, 1255 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində 17 ədəd (brilyant, 7əd.təx. 0,055 ct. 10 əd. hər biri təxminən 0,004ct. Ümumi 4/4 rəngsiz şəffaf qaşlar olan, halqasının üst hissəsində “750” damğası olan, sarı rəngli bir ədəd qızıl üzük, 74 manat dəyərində 583,585 əyarlı, 0,87 qram üzərində 2 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sari rəngli bir cüt (sırğa cütünün 1 tayının kilidi yoxdur) qızıl sırğa, 30 manat dəyərində 5,45 qram qiymətsiz metal ərintisi, üzərində qızıl təbəqə olan sarı rəngli, üzərində 2 ədəd göy və çəhrayı rəngli paltarlı uşaq bəzəyi olan, halqasının iç tərəfində “585” damğası olan 1 ədəd qolbaq, 1827 manat dəyərində 750 əyarlı, 15,34 qram üzərində 36 ədəd (brilyant,2əd.təx.0,050 ct.14 əd. hər biri təx.0,020ct, 20 əd. hər biri.təx.0,004 ct. ümumi 4/4) rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, “750” damğası olan bir cüt qızıl sırğa, 372 manat dəyərində 750 əyarlı, 3,38 qram sarı rəngli, iç tərəfində “750” damğası olan bir cüt qızıl sırğa, 403 manat dəyərində 583,585 əyarlı, 4,74 qram sarı rəngli, üzərində balıq, balina və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 218 manat dəyərində 583,585 əyarlı, 2,56 qram sarı rəngli, üzərində yarpaq, ulduza və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 6650 manat dəyərində 583,585 əyarlı, 78,24 qram qırmızımtıl rəngli, üzərində “585” damğası olan bir dəst qızıl boyunbağı-qolbaq, 1562 manat dəyərində 583,585 əyarlı, 18,38 qram, sarı rəngli, sünbül formalı bir ədəd qızıl boyunbağı, 1894 manat dəyərində 750 əyarlı, 17,22 qram sarı rəngli, üzərində “ITALY 750” damğası olan bir ədəd qızıl boyunbağı, 1030 manat dəyərində 750 əyarlı, 9,36 qram sarı rəngli, üzərində “750” damğası olan bir ədəd qızıl boyunbağı, 754 manat dəyərində 583,585 əyarlı, 8,87 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd boyunbağı, 150 manat dəyərində 583,585 əyarlı, 1,76 qram sarı rəngli, qulaqcığı üzərində “14K” damğası və “MİDAS” yazısı olan bir ədəd qızıl boyunbağı, 175 manat dəyərində 583,585 əyarlı, 2,06 qram sarı rəngli, üzərində “MİDAS” yazısı və “14K” yazısı olan bir ədəd qızıl boyunbağı, 382 manat dəyərində 583,585 əyarlı 4,50 qram sarı rəngli, üç hissədən ibarət bir ədəd qızıl boyunbağı, 121 manat dəyərində 583,585 əyarlı, 1,43 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 2142 manat dəyərində 750 əyarlı 19,47 qram sarı rəngli, üzərilərində “750” damğası olan bir dəst qızıl sırğa cütü üzük, 1000 manat dəyərində 8,59 qram (qızıl təx.900) sarı rəngli, üzərində “10 pyöbnü 1898 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 1000 manat dəyərində 8,59 qram (qızıl, təx.900) sarı rəngli, üzərində “10 pyöbnM 1899 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 15288 manat dəyərində 750 əyarlı, 25,96 qram üzərində 32 ədəd (brilyant, 6 əd.təx.0,350 ct,12 əd.təx.0,310 ct.14 əd.təx.0,015 ct.ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, həmçinin “750” damğası olan, sarı rəngli bir dəst qızıl sırğa cütüüzük, 154 manat dəyərində 583,585 əyarlı, 1,82 qram ipin üzərində olan, kürə formalı sarı rəngli metallardan ibarət bir ədəd qızıl qolbaq, 1743 manat dəyərində 750 əyarlı, 15,85 qram üzərində bir ədəd bənövşəyi və rəngsiz şəffaf qiymətsiz qaşları, sarı rəngli, həmçinin üzərində “GRAZIELLA ITALY” yazısı və “750” damğası olan bir ədəd qızıl kulon, 1958 manat dəyərində 583,585 əyarlı, 23.04 qram sarı rəngli, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl boyunbağı, 1744 manat dəyərində 583,585 əyarlı, 20,52 qram sarı rəngli, üzərində “ITALY 585” damğası olan bir ədəd qızıl boyunbağı, 195 manat dəyərində 583,585 əyarlı, 2,29 qram sarı rəngli bir ədəd qızıl üzük, 720 manat dəyərində 583,585 əyarlı, 8,37 qram, üzərində 2 ədəd yaşıl və 4 ədəd rəngsiz şəffaf (4 ədəd rəngsiz şəffaf qaş qiymətsizdir, brilyantdır, hər biri təxminən 0,020 ct. ümumi 3/3) qaşlar olan bir ədəd qızıl üzük, 625 manat dəyərində 583,585 əyarlı, 5,94 qram üzərində 27 ədəd rəngsiz şəffaf (brilyant, 6 əd.təx.0,040 ct, 20 ədəd, təxminən hər biri 0,004 ct. qaşlardan 1 ədədi brilyant deyildir, ümumi 3/3) qaşları, həmçinin “22” yazısı olan sarı rəngli bir ədəd qızıl üzük, 5 manat dəyərində 32,52 qram tünd göy rəngli (metal hissələri qiymətsiz metal ərintisi) bir ədəd qol saatı, ümumilikdə dəyəri 30.000 manat olan bir ədəd açılıb qatlanan, dörd künc formalı qara rəngli qızıl quran klon, bir ədəd dairəvi formalı ağ qaşlı qızıl klon, bir ədəd qara qaşlı qızıl üzük, üç ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir ədəd üzərində “Göz muncuğu” olan uşaq üçün qızıl klon, bir cüt dairəvi formalı qızıl sırğa, üç cüt brilyant qaşlı qızıl uşaq sırğası, bir cüt brilyant qaşlı qızıl sırğa, iki ədəd brilyant qaşlı “göz muncuqlu” qızıl üzük, bir ədəd qırmızı kəmərli üzərində bəzəklər olan qızıl uşaq qolbağı, iki ədəd qızıl uşaq qolbağı və bir ədəd 600 manat dəyərində qızıl beşliyi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanda yerləşən binanın içərisində alaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 81523 (səksən bir min beş yüz iyirmi üç) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir Birinci instansiya məhkəməsi istintaq orqanının və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, məhkumun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 sonuncunun anasına məxsus pul vəsaitlərini və 81.523 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu tətbiq etməklə alması öz təsdiqini tapmamışdır. Məhkəmə müəyyən etmişdir ki, məhkum zərərçəkmiş şəxsi aldadaraq və onun ona göstərdiyi etibardan sui-istifadə edərək həmin qızıl-zinət əşyalarını ələ keçirmişdir. Buna görə də birinci instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif etmiş və həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Murad Məmmədov və Zamin İbrahimov) 31 yanvar 2025-ci il tarixli 1(103)- 460/2025 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 1(101)-1291/2024 nömrəli hökmü apellyasiya protestinə və zərərçəkmiş tərəfin apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, məhkum Məhkum CM-in 178.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ümumilikdə həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 25 (iyirmi beş) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 10 (on) il 3 (üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkumun müdafiəçisi Əlili İsrafil Muğan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 Nizami oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2025-ci il tarixli 1(103)-460/2025 nömrəli hökmünün ləğv edilməsini və məhkum Məhkum barəsində təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31yanvar 2025-ci il tarixli 1(103)-460/2025 nömrəli hökmü əsassız, qanunsuz və ədalətsiz olduğundan məhkum Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, istintaq orqanı qərəzli mövqeyi tutaraq məhkuma qarşı CM-in 182.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Həmin qərəzli münasibət istintaq orqanı tərəfindən Məhkum məhz daha ağır – CM-in 182-ci maddəsi ilə ittiham irəli sürülməsi və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə nail olmaq üçün bu barədə təqdimata baxmış məhkəməyə saxta "İnstagram" yazışmaların təqdim edilməsi ilə təsdiq olunur. Müdafiə tərəfinin "İnstagram" yazışmaların saxta olması təsdiq edən məlumatlar məhkəməyə təqdim etdikdən sonra məhkəmə Məhkum barəsində həbs qətimkan tədbirini seçilməsindən imtina etmiş, istintaq orqanı isə həmin saxta "İnstagram" yazışmalarını cinayət işindən çıxarılmışdır. Məhkum qarşı irəli sürülmüş CM-in 182.3.2-ci maddəsi ilə ittiham zərərçəkmiş şəxs N.zərərçəkmiş şəxs2 ifadələrinə əsaslanır. Müdafiə tərəfi həmin ifadələri təkzib edən sübutlar – zərərçəkmiş şəxsin öz xətti ilə icra edən yazıları məhkəməyə təqdim edilmiş, lakin apellyasiya instansiya məhkəməsi həmin sübutları lazımi qaydada tədqiq etmədən və qiymətləndirmədən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2025-ci il tarixli 1(103)-460/2025 nömrəli hökmü ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum E.Qanuni nümayəndə müdafiəçisi müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun əməlində CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud deyil, lakin məhkəmə əsassız və qanunsuz olaraq onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 182-ci maddəsi ilə hədə-qorxu ilə tələb etməyə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti müəyyən olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Müdafiəçi kassasiya şikayətində məhkum tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ittiham aktında göstərilən pul vəsaitlərinin və qızıl-zinət əşyalarının alınması faktını mübahisələndirmir. Kassasiya şikayətində həmin əmlakın zərərçəkmiş şəxsdən aldatma və ya hədə-qorxu yolu ilə əldə edilməsini və bu əsaslarla məhkumun əməllərinin Azərbaycan Respublikası CM-in 178 və 182-ci maddələri ilə tövsif olunmasını mübahisələndirir. Müdafiəçi iddia edir ki, zərərçəkmiş şəxs anasına məxsus pul vəsaitini və qızıl-zinət əşyalarını məhkuma borc və saxlamaq məqsədilə könüllü şəkildə təqdim etmişdir. İbtidai istintaq orqanı məhkumun 20 aprel 2023-cü il tarixli epizod üzrə hərəkətlərini Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə tövsif etmişdir. İttiham tərəfi bu mövqeyini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkuma inanaraq anasına məxsus 1000 manat pulu ona borc versə də, məhkum həmin pulu aldığı zaman onu qaytarmaq niyyətində olmamış, borc almaq bəhanəsi ilə zərərçəkmiş şəxsi aldadaraq 1000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. 23 aprel 2023-cü il tarixli epizod üzrə isə ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 1500 manat pul vəsaitini, 3000 ABŞ dollarını və 81.523 manat dəyərində qızıl-zinət əşyalarını məhkum Məhkum sonuncunun zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə əlaqədar vermiş, yəni məhkum həmin əmlakı hədə-qorxu tələb etməklə əldə etmişdir. İbtidai istintaq orqanı bu nəticəyə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadələri əsasında gəlmişdir. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında göstərmişdir ki, məhkuma 1000 manat borc verdikdən sonra Məhkum 24 aprel 2023-cü il tarixdə ondan yenidən 1000 manat pul tələb etmişdir. O, həmin pulu vermək imkanının olmadığını bildirdikdə, Məhkum anasının xəbəri və razılığı olmadan ona pul verməsi, aralarında olan münasibətlər, eləcə də həmin münasibətləri əks etdirən fotoşəkillər barədə məlumatları anasına açıqlayacağını və sosial şəbəkələrdə yayacağını bildirərək onu hədələmişdir. Zərərçəkmiş şəxs bu hədələrdən qorxaraq anasının seyfindən 1500 manat pul vəsaitini, 3000 ABŞ dollarını və qızıl-zinət əşyalarını götürərək məhkuma vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun 20 aprel 2023-cü il tarixli epizod üzrə əməlini Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə tövsif edərkən işin faktiki hallarını düzgün qiymətləndirmiş və cinayət qanununu düzgün tətbiq etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Məhkum 20 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxsdən 1000 manat pulu almaq üçün buna ehtiyacının olmasına dair həqiqətə uyğun olmayan məlumatlar vermiş, həmin pulu əldə etdikdən sonra özünə telefon almış və öz şəxsi ehtiyaclarına sərf etmiş və onu qaytarmaq üçün real imkana malik olmamışdır. Buna baxmayaraq, cəmi üç gün sonra zərərçəkmiş şəxsdən yenidən pul tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin bu halları məhkumun pulu borc, yəni sonradan qaytarmaq şərti ilə almasına dair müdafiə mövqeyini təkzib edir və onun hələ pulu aldığı anda zərərçəkmiş şəxsi aldatmaq yolu ilə həmin pul vəsaitini ələ keçirmək niyyətində olduğunu təsdiq edir. 23 aprel 2023-cü il tarixli epizoda gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının müəyyən edilməsi üçün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmadığından, həm apellyasiya instansiyası məhkəməsinin hökmünün, həm də kassasiya şikayətinin dəlillərinin əsaslılığı barədə yekun hüquqi nəticəyə gəlmək mümkün olmur. Belə ki, məhkum Məhkum ifadəsində zərərçəkmiş şəxsə hədə-qorxu gəldiyini inkar edərək, zərərçəkmiş şəxs1 ilə aralarında sevgi münasibətlərinin yarandığını, sonuncunun gələcəkdə onunla ailə qurmaq niyyətində olduğunu və bu səbəbdən pul və qızıl-zinət əşyalarını könüllü şəkildə ona saxlamaq üçün verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, müdafiəçi məhkumun bu ifadələrini təsdiq etmək məqsədilə məhkəməyə iki əlyazısı təqdim etmişdir. Birinci əlyazıda belə qeyd olunmuşdur: "Səni sevirəm, sevgilim... Sənin hər zərrəni sevirəm. Heç vaxt yadımdan çıxmayacaqsan. Hər səhvində, düzündə yanında olacağam, olmağa da davam edəcəyəm. Sən mənim hər şeyimsən, səni hər zaman sevəcəyəm. Hər dəqiqə yaddaşımda, qəlbimdə olacaqsan. Ad günün mübarək." İkinci əlyazıda isə aşağıdakı məzmun əks olunmuşdur: "Ay Elgiz, bəsdir də. Nə qədər dedim, qızıllar nənəmin mənə vəsiyyətidir. Hələ gördün, sənə pul verəndə anamın da səsini göstərdim, xəbəri var. Bəsdir də, inan mənə. 19 yaşım olduğuna da inanmadın, məni blokladın. Amma gördün ki, kurs yoldaşım sənə yaşımı sübut etdi. Uşaq deyiləm ki. Deyirəm, hamısı mənimdir, götür qızılları saxla, lazım olanda səndən alacağam. Heç bir problem yoxdur. Anam da səs yazısında dedi. Bəsdir, nə vaxta qədər mənə inanmayacaqsan?" Müdafiəçi bildirmişdir ki, hər iki əlyazısı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən məhkuma yazılmış məktublardır. Məktubların məzmunundan görünür ki, onlar hadisələrdən sonra yazılmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, məhkumun ad günü may ayının 7-nə təsadüf edir. Məhkəmə iclas protokolundan görünür ki, hər iki əlyazısı cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 iştirakı olmadan tədqiq olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, müdafiəçi tərəfindən təqdim edilmiş həmin əlyazılar hazırkı cinayət işi üzrə mühüm sübut əhəmiyyətinə malikdir. Belə ki, onların məzmunu məhkumun və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadələrinin düzgün qiymətləndirilməsi, eləcə də tərəflər arasında münasibətlərin xarakterinin və qızıl-zinət əşyaları ilə pul vəsaitinin verilməsinin həqiqi səbəblərinin müəyyən edilməsi baxımından əhəmiyyət daşıyır. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi həmin əlyazıların mənşəyi ilə bağlı hər hansı araşdırma aparmamış, onların həqiqətən zərərçəkmiş şəxs tərəfindən yazılıb-yazılmadığını müəyyən etmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmiş, həmçinin bu sənədlərlə bağlı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 dindirməmişdir. Bu səbəbdən, məhkəmələr tərəfindən iş üzrə əhəmiyyətli sübutların tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, 23 aprel 2023-cü il tarixli epizod üzrə işin faktiki hallarının düzgün müəyyən edildiyini və məhkumun əməlinin hüquqi tövsifinin qanuni və əsaslı olduğunu qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilərkən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi ittihamın sübuta yetirilməsi zamanı yaranmış şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadıqda onların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edir. Lakin bu prinsip yalnız məhkəmə tərəfindən iş üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan, onların qarşılıqlı əlaqəsi yoxlanıldıqdan və mövcud ziddiyyətlərin aradan qaldırılması üçün zəruri prosessual tədbirlər görüldükdən sonra tətbiq oluna bilər. Əks halda, sübutların və işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması barədə qanunun tələbləri yerinə yetirilmiş hesab edilə bilməz. Belə pozuntu şəraitində qəbul edilmiş məhkəmə qərarı da qanuni və kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 8, 144-145-ci maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün əsassız olmasına dair hissədə müdafiəçisinin kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi müdafiəçi2 kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2025-ci il tarixli 1(103)-460/2025 nömrəli hökmü prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.1 və 182.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2025-ci il tarixli 1(103)-460/2025 nömrəli hökmü ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar