Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-224/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Abdıyev Rəşad Ilqar oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı ilə ona qarşı irəli sürülmüş ittihamdan CM-in 234.4.1-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi R.İ.Abdıyev tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə edilmiş əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakimlər Namazov Fərid Arif oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, ## ###### 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla həmin müddət məhkum olunmuş şəxsə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 93.1.2-ci maddəsinə əsasən isə Məhkum barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Məhkum satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədilə şəxsiyyəti istintaqa “X” adı ilə məlum olan Iran Islam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “X” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, ## ###### 2023-cü il tarixdə sonuncunun tapşırığı ilə “Nəsimi” metrostansiyasının yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, təmiz çəkisi 1214,027 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,906 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələri digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədi ilə bükümlərə ayıraraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ## ###### 2023-cü il tarixdə saat 14:00 radələrində Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinə gətirilib bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən 1 bükümdə və həmin gödəkçənin sağ yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən 2 bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 12,512 qram, 0,505 qram və 1,010 qram olmaqla, ümumi təmiz çəkisi 14,027 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gödəkçənin sağ yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən 1 bükümdə təmiz çəkisi 0,906 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gödəkçənin sol yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən üzərində heroin izləri olan bir manatlıq pul əskinasından hazırlanmış 1 ədəd borucuq, həmin gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 17 radələrində Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 1 ədəd bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, təmiz çəkisi 1200 qram olan külli miqdarda, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi R.İ.Abdıyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlun (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilərək Məhkum qarşı irəli sürülmüş ittihamdan CM-in 234.4.1-ci maddəsi xaric edilmiş, ona CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi R.İ.Abdıyev kassasiya şikayəti və bu şikayətə əlavə verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini, bu mümkün olmadıqda isə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, qüvvədən düşmüş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2011-ci il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrə və onun barəsindəki yekun məhkəmə aktlarına istinad edən müdafiəçi R.İ.Abdıyev həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qəbul edilmiş yekun məhkəmə aktları həm Azərbaycan Respublikasında formalaşmış məhkəmə təcrübəsinə, həm də Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarında əksini tapmış presedent hüququna uyğun olmamaqla sadəcə ona qarşı irəli sürülmüş ittihamın arxasında duran, lakin qanun pozuntuları ilə əldə edilmiş sübutlara əsaslanmışdır. Halbuki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum hər hansı cinayət əməlini törətməkdə təqsirli olmasına dəlalət edən mötəbər sübutlar əldə olunmamış və araşdırılmamış, sonuncu isə məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən heç nə aşkarlanmamış, daha sonra polis əməkdaşları ona qarşı təzyiq göstərmiş, hədə-qorxu gəlmiş, axtarış zamanı müdafiəçisi iştirak etməmiş, yaşadığı evə baxışın videoçəkiliş olmadan aparılmasına dair ərizə təqdim etməmiş, bu baxış zamanı da o, könüllü şəkildə heç nəyi təqdim etməmiş, evindən götürülmüş bağlama isə ona məxsus olmamışdır. Məhkəmələrin araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, yekun məhkəmə aktlarının isə əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia edən şikayət müəllifi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını nəzərə almamış və ona həddən artıq ağır cəza təyin etmişdir. Belə ki, Məhkum hər hansı bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi halı ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında ümumiyyətlə təsdiq edilməmiş, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamış, bu səbəbdən ona cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə ittihamın elan edilməsi əsassız olmuş, bu tövsifedici əlamətə dair CM-in 234.4.1-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin qərarı ilə xaric edilsə də, son nəticədə həmin məhkəmə Məhkum barəsində cəzanın həddini müəyyən edərkən ədalətsizliyə yol vermişdir. Odur ki, müdafiəçi R.İ.Abdıyev kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarının ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini, bu mümkün olmazsa – ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Müdafiəçi R.İ.Abdıyev kassasiya şikayətinə verdiyi əlavədə də icraatında olmuş digər cinayət işləri üzrə qəbul edilmiş bir sıra yekun məhkəmə aktlarına istinad edərək, lakin əlavə heç bir tutarlı dəlil irəli sürməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdiyi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilərkən sosial ədalət prinsipinin pozulduğunu və ona həddən artıq ağır cəzanın təyin edildiyini vurğulamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi R.İ.Abdıyev onun kassasiya şikayətinə əlavəsinin də təmin edilməsini xahiş etmişdir. Kassasiya müraciətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və ona edilmiş əlavəyə məhkum Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi R.İ.Abdıyevin kassasiya müraciətlərinin məzmunlarından göründüyü kimi, o, həmin müraciətlərində işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən iş üzrə toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada tədqiq edilməməsini və onlara düzgün qiymət verilməməsini, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsinə baxmayaraq onun qanunsuz və əsassız olaraq məhkum edilməsini, eləcə də barəsindəki yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini və sonuncunun həddindən artıq ağır cəzaya məruz qalmasını iddia edir və öz kassasiya tələblərini CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi R.İ.Abdıyevin kassasiya şikayətini və həmin şikayətə edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını iş materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və müdafiəçi R.İ.Abdıyevin kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilməli olması barədə Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, ümumilikdə isə - cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi və onların vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnun təmin olunması üçün cinayət təqibi aparan orqanlar və məhkəmələr tərəfindən lazımi tədbirlərin görülməsini, digər tərəfdən - hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün qanuna müvafiq səylərin göstərilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əmələ maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməlidir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təsvir edilən prosessual hüquq normalarının tələblərindən və iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların məcmusundan çıxış edərək Məhkum ona qarşı irəli sürülmüş ittihamda əksini tapmış cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsini müəyyən etməyərək tamamilə qanuni və əsaslı olaraq həmin ittihamdan CM-in 234.4.1-ci maddəsini xaric etmiş və həmin məhkəmənin gəldiyi bu nəticə ilə həm ittiham, həm də müdafiə tərəfi razılaşmışlar. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 124.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxaraq və araşdırılmış sübutların Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətməkdə təqsirli olmasına dair nəticəyə gəlmiş, lakin eyni zamanda onun bu əməlləri qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək törətməsini müəyyən etməyərək ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamdan bu tövsifedici əlamətə dair CM-in 234.4.1-ci maddəsinin xaric edilməsinə dair qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, o cümlədən Məhkum ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, hazırkı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, telefon yazışmalarının aparılması haqqında məlumatlarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Iş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, ## ###### 2023-cü il tarixdə saat 09:30 radələrində yaşadığı evdən çıxıb narkotik vasitə almağa gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinə aparılmışdır. Həmin polis bölməsində baxış keçirilən zaman üzərindən heç nə aşkarlanmamış, daha sonra polis əməkdaşları ona qarşı təzyiq göstərmiş, hədə-qorxu gəlmişlər. Polis bölməsində onun üzərinə baxış müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Bundan sonra o, polis bölməsinin müvəqqəti saxlama yerinə aparılıb yenidən həmin polis bölməsinə gətirilmiş, barəsində tərtib olunmuş ittiham aktında saxlanıldıqdan sonra buraxılması yazılsa da, o, tutulduqdan sonra heç vaxt polis əməkdaşları tərəfindən azadlığa buraxılmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrdən istifadə etdiyini, həmin vasitələri Keşlə qəsəbəsində yaşayan tanımadığı şəxslərdən aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, narkotik vasitə istifadəçisi olduğuna görə polis əməkdaşları tərəfindən saxlanıldığını düşündüyünü, sonuncuların Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində saxlanılan zaman üzərinə baxış keçirmədiklərini, bu istintaq hərəkətinin Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsində aparıldığını, baxış keçirilməzdən əvvəl, habelə həmin istintaq hərəkətinin aparılması zamanı müdafiəçinin dəvət edilmədiyini, evinə baxışın videoçəkilişdən istifadə edilməməklə aparılmasına dair ərizə təqdim etmədiyini, həmin gün anası cərrahi əməliyyat olduğuna görə onun 1 saat müddətində rayondan gələcəyini bildiyindən həmin müddət ərzində narkotik vasitəni alıb geri qayıdacağını düşündüyünü, onunla birgə evində baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının 10 dəqiqə müddətində evinə daxil olduğunu, sonra isə onunla birgə evinə gəlib baxış istintaq hərəkətinin aparıldığını və ilk olaraq onun otağının yoxlanıldığını, lakin otağında narkotik vasitə olan heroini qoyduğu yerə baxmadıqlarını, anasının otağındakı döşəyin altından narkotik vasitə çıxarılanda etiraz etdiyini, çünki narkotik vasitəni öz otağında və ya digər yerlərdə gizlədə biləcəyini, yaşadığı evə baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının onu polis avtomobilində saxlayıb evinə daxil olduqlarını, bu vaxt özünün könüllü şəkildə heç nəyi təqdim etmədiyini, evindən çıxarılan bağlamanın ona məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum bu ifadələri onun məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil etdiyindən birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmə tərəfindən onun ilkin ifadələri də tədqiq edilmiş, sonuncunun barəsində çıxarılmış hökmdə isə məhkumun bütün ifadələrinə digər sübutlarla birgə müqayisəli şəkildə qiymət verilmiş, onun ibtidai araşdırma zamanı verdiyi ifadələrinin qanuni yolla toplanmış və araşdırılmış digər sübutlarla üst-üstə düşməsi müəyyən edilmiş və buna görə məhkəmələr haqlı olaraq Məhkum əvvəlki ifadələrinə üstünlük verərək onun məhkəmə iclasında verdiyi ifadələri özünü müdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. Ibtidai araşdırma mərhələsində isə Məhkum verdiyi ifadəsində göstərmişdir ki, iki ilə yaxın müddətdə müxtəlif növ narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitələri həmin dövr ərzində tanımadığı müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə isə “Instagram” sosial şəbəkəsində tanış olduğu, özünü Iran Islam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin Azərbaycan Respublikasının ərazisində yaşadığını bildirən "X” adlı şəxslə tanış olmuş, sonuncu ona mesaj yazaraq narkotik vasitələrin və psixotrop maddələrin satışında kömək etməyi, göndərəcəyi narkotik vasitələri və psixotrop maddələri deyəcəyi çəkidə hissələrə bölüb münasib yerlərə qoymağı və həmin yerlərin şəkillərini ona göndərərək bu yerlərin dəqiq ünvanlarını bildirməsini təklif edərək bunun müqabilində ona xeyli miqdarda pul verəcəyini vəd etmişdir. O, maddi imkanı yaxşı olmadığından bu təkliflə razılaşmış, ## ###### 2023-cü il tarixdə “X” adlı şəxs onunla “Instagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb Nəsimi rayonunda hazırda xatırlamadığı ünvanda külli miqdarda narkotik vasitələr və psixotrop maddələr qoyduğunu bildirib həmin yerin işarələnmiş şəklini qeyd etdiyi sosial şəbəkə vasitəsi ilə ona göndərmiş, o, da əldə edilmiş razılığa əsasən həmin gün saat 23 radələrində göstərilən ünvana gedib yerdə bir ədəd sellofan bağlama görüb onun içərisinə baxdıqda həmin bağlamada narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan müxtəlif həcmli bükümlərin olmasını görmüşdür. Həmin bükümləri o, yaşadığı ünvan 2 ünvanına gətirərək evin müxtəlif guşələrində gizlətmişdir. ## ###### 2023-cü tarixdə saat 4 radələrində həmin bükümlərdən birini açaraq Əlinin dediyi çəkilərdə xırda bükümlərə ayıraraq şəhərin müxtəlif yerlərinə qoymuş və fotolarını çəkərək “Instagram” vasitəsi ilə sonuncuya göndərmiş, 3 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamini isə əynində olan şalvarın cibində saxladığı siqaret qutularının içərisinə qoyaraq bunları da bölüb Əlinin dediyi yerlərdə qoymasını planlaşdırmışdır. Bu səbəbdən də, üzərində elektron tərəzi gəzdirmişdir. Həmin gün, yəni ## ###### 2023-cü il tarixdə, saat 14 radələrində o, ünvan 4 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, o cümlədən satışında şübhəli olduğunu bildirib həmin şəxslərlə birgə Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinə getməli olduğunu dedikdə, o, üzərində narkotik vasitə və psixotrop maddələr olduğundan ilk öncə getməyə tərəddüd etsə də, sonradan bunun mənasız olduğunu düşünüb həmin polis bölməsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edilmiş, xahişi əsasında o, dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bir qədər sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan və dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuş, o, da əynində olan şalvarın və gödəkçənin cibində saxladığı şəxsi əşyalarını, o cümlədən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 2 ədəd “Winston” markalı siqaret qutularını və elektron tərəzini təqdim etmişdir. Təhqiqatçı tərəfindən “Winston” markalı siqaret qutusuna baxış keçirilmiş, baxış zamanı həmin qutunun içərisindən siqaret dənələrindən başqa 1 ədəd narkotik vasitə istifadə etmək üçün borucuq formasında düzəltdiyi 1 manatlıq pul əskinazı, 1 ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülmüşdür. Digər siqaret qutusuna baxış keçirilən zaman isə içərisindən 2 ədəd bükümdə qablaşdırılmış heroin və 1 ədəd bükümdə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra, onun üzərindən götürülmüş əşyalar zərfdə qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, onun şəxsi əşyaları, yəni 1 ədəd qara rəngli pul qabı və cib dəsmalı ona qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol da ucadan oxunaraq onun doğruluğu iştirakçılar, o cümlədən özü tərəfindən imzamlanmaqla təsdiq edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona yaşadığı evə də baxış keçirilməsinin zəruriliyi bildirilmiş, o, da ərizə ilə təhqiqat orqanına müraciət edərək buna razılıq verməsini bildirmiş, buna görə də yaşadığı ünvan 2 ünvanına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman o, yataq otağında olan çarpayının üzərindəki döşəklərin altında gizlətdiyi 1 ədəd içərisində narkotik vasitə heroin olan iri həcmli bükülünü təhqiqatçıya təqdim etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və onun içərisində həqiqətən də narkotik vasitə heroin olduğu müəyyən edildikdən sonra bükülü də təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, bu barədə də müvafiq protokol tərtib edilmiş, həmin protokol isə ucadan oxunduqdan sonra iştirakçılar, o cümlədən özü onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkum üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi zamanı ondan təqsirli bilindiyi ittihamda göstərilən növdə və miqdarlarda psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin götürülməsini, bu əşyaları satış məqsədilə əldə edərək saxlamasını və daşımasını etiraf etməsi barədə ifadələrini həmçinin məhkum olunmuş şəxsin 18 fevral 2023-cü il tarixdə saxlanılmasında və Polis Bölməsinə gətirilməsində iştirak etmiş polis əməkdaşları şahid2, şahid3 və şahid1, həmçinin hal şahidləri şahid4 və şahid5 da, hər birisi ayrı-ayrılıqda ibtidai araşdırma zamanı və məhkəmə iclasında şahid qismində dindirilərkən təsdiq etmişlər. Eyni zamanda iş materiallarının təhlili göstərir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrində göstərdiyi hallar cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın və götürmənin aparılması haqqında ## ###### 2023-cü il tarixli protokolda, həmin istintaq hərəkətlərinin aparılması zamanı çəkilmiş videogrüntülərdə, “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2023-cü il tarixli protokolda, məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2023-cü il tarixli */**** saylı rəyində, # #### 2023-cü il tarixli “Azerfon MMC tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd diskə baxış keçirilməsi haqqında” protokolda əksini tapmış hallarla da tam üst-üstə düşür. Təsvir edilmiş sübutlardan çıxış edərək məhkəmə kollegiyası həmin sübutlarla bir daha təsdiq edilmiş Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmələrin əsas sübut növlərindən biri kimi qiymətləndirərək yekun məhkəmə aktlarının çıxarılması zamanı onlara əsaslanmalarında heç bir qanun pozuntusu görmür, çünki CPM-in 126.6cı maddəsinin tələblərinə və mənasına görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onun həmin etirafı sonuncuya qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda məhkəmə kollegiyası CPM-in yuxarıda istinad olunan 349.5-ci maddəsinin tələblərindən çıxış edərək qeyd etməyi zəruri bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərər çəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün araşdırılmış sübutlarla Məhkum narkotik vasitələrin və psixotrop maddələrin yayılması ilə məşğul olması, ## ###### 2023-cü il tarixdə onun üzərində şəxsi axtarışın aparılması zamanı onun üzərindən 3 ədəd ayrı-ayrı bükümlərdə qablaşdırılmış, ümumi çəkiləri külli miqdar təşkil edən narkotik vasitənin və 1 ədəd bükümdə psixotrop maddənin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzinin, eyni zamanda ## ###### 2023-cü il tarixdə yaşadığı mənzilə baxış keçirilərkən 1 ədəd bükümdə qablaşdırılmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən heroinin aşkar edilərək götürülməsi tam təsdiq edir ki, Məhkum ## ###### 2023-cü il tarixdə onun üzərindən götürülmüş külli miqdarlarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini də məhz satış məqsədilə əldə edərək daşımış və saxlamış, yəni CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş və onun əməllərində bu cinayətin bütün əlamətləri mövcuddur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, araşdırılmış sübutların fonunda Məhkum əməllərinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi qanunvericiliyin tələblərinə, cinayət qanunu normalarına aşağıdakı şəkildə verilmiş təfsirə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğundur. Belə ki, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçirilməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 8-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Plenum Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. . Digər tərəfdən məhkəmə kollegiyası bir daha vurğulayır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlləri CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə həm bəraətin əsasları (CPM-in 42-ci maddəsində təsbit edilmiş), həm də Məhkum əməllərinin başqa cür tövsif edilməsi üçün əsaslar, nəticə etibarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-in 416.1ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər halların uyğun olmaması barədə kassasiya müraciətlərinin dəlillərinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və həmin maddədə nəzərdə tutulmuş cinayət CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Bu isə o deməkdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə, hökmün əsaslılığına dair müddəalara (CPM-in 349.5-ci maddəsi) həmçinin təqsirkarın barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» * saylı Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələr tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkum haqqında olan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmə sonuncunun barəsində CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməsi məsələsini həll edərkən onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmalarını, CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq isə ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməklə həm bu halları, həm də iş üzrə CM-in 61.1-ci maddəsində sadalanmış cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Eyni zamanda, apellyasiya instansiyası Məhkum CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının həddində qanuni cəza təyin etmiş və bu zaman CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşaraq eyni zamanda qeyd edir ki, kassasiya müraciətlərinə baxılarkən həmin məhkəmənin cəza təyini zamanı nəzərə almadığı hər hansı yeni hal müəyyən edilməmiş və müdafiəçi R.İ.Abdıyev də öz müraciətində həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürməmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, ilk növbədə cəza təyin etmə məsələsini həll edən birinci və ya apellyasiya instansiyası məhkəmələri bu zaman CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almasınlar, yaxud da CPM-in 61.1-ci maddəsində göstərilməyən hansısa halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək belə halı nəzərə almış olsunlar. Cinayət işinin materiallarından, o cümlədən məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri belə nöqsanlara yol verməmişlər. Buna görə məhkəmə kollegiyası digər məsələlərlə yanaşı, məhkum Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə də müdafiəçi R.İ.Abdıyevin kassasiya müraciətlərinin dəlillərini və bu dəlillər üzərində qurulmuş kassasiya tələbini qəbul edilməz sayır və həmin müraciətlərin hər hansı hissədə təmin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi R.İ.Abdıyevin kassasiya şikayətinin və həmin şikayətə etdiyi əlavənin dəlillərini bir daha nəzərdən keçirərək və həmin müraciətlərin təmin edilməsi barədə sonuncunun, kassasiya müraciətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməməli, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi R.İ.Abdıyevin kassasiya şikayəti və ona etdiyi əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-224/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-224/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver