Məhkəmə qərarları › İş №1(1-8)-225/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-225/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-225/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə) ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## #### 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 33 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) ay 21 (iyirmi bir) gün həbsdə saxlama müddəti 09 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Məhkum üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşayış yeri üzrə inzibati ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi vəzifələrinin qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından dövlət ittihamçısı X5 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Işin halları: Hökmə, əsasən, Məhkum istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,418 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və ## ###### 2025-ci il tarixdə saat 23:59-da Xətai RPInin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,418 qram olan açıq qəhvəyi rəngli eyni əlamətli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı cəza təyini ilə bağlı hissədə yüngüllüyünə görə ədalətsiz və əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, kassasiya protestində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi hüquqi əsaslardan məhrum olmaqla yanaşı, işin faktiki halları ilə də uzlaşmır. Birinci instansiya məhkəməsi cəza təyini zamanı yalnız formal mülahizələrə istinad etmiş, digər əhəmiyyətli halları nəzərə almamış, yüngül cəza təyin edən zaman həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni oxşar cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Protestdə xüsusi olaraq vurğulanır ki, birinci instansiya məhkəməsi hökm çıxararkən prosessual qanunvericiliyin tələblərini pozmuş, təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarına, əsasən, hökmün müvafiq hissələrində ##.##.2008-ci il, ##.##.2018-ci il və ##.##.2022-ci il tarixli hökmlərə uyğun olaraq cəza təyin edilmiş, halbuki iş materialları ilə müəyyən olunur ki, həmin hallarda Məhkum müxtəlif az ağır və ağır cinayətlərə görə müvafiq cəzalara məhkum olunmuşdur. Sonuncu məhkumluğu isə ## ###### 2024-cü il tarixdə ödənilsə də, 3 ay sonra yenidən qəsdən cinayət törətmişdir. Müvafiq ekspert rəyi ilə onda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması ona dəlalət edir ki, Məhkum əvvəllər dəfələrlə narkotik vasitələri qanunsuz əldə edərək qəbul etmişdir. Bu hallar Məhkum şəxsiyyətinin yüksək ictimai-təhlükəli olmasına, onun kriminal meyllərin təsirindən çəkinməməsinə, ictimai-təhlükəli vərdişlərinin davamlı olmasına, azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsirinin yetərli olmamasına dəlalət edən hallardır və bu da onun barəsində daha sərt cinayət-hüquqi tədbirlərin tətbiqini zəruri edir. Yuxarıda sadalananlar - şəxsin əvvəllər qəsdən ağır və az ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, məhkumluğu ödənildikdən qısa müddət sonra yenidən qəsdən cinayət törətməsi təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar olsa da, məhkəmə buna əhəmiyyət verməmiş, hansı əsaslara görə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməsini əsaslandırmamış, bununla da cinayət qanunvericiliyinin əsas prinsipi olan ədalət prinsipinin tələblərini pozmuşdur. Nəticə olaraq, apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün mühüm halları tam, hərtərəfli və obyektiv araşdırmamış, birinci instansiya məhkəməsinin səhvlərini aradan qaldırmamış və nəticədə təqsirləndirilən şəxsə törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmayan həddən artıq yüngül cəza təyin olunmasına əsas yaratmışdır. Buna görə də, kassasiya protestində protestin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum oğluna Cinayət Məcəlləsinin təqsirli bilindiyi 234.1-ci maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 234.1-ci maddəsində müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Məhkum oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını ən yuxarı həddə təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşmışdır. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Qeyd edilənlərə əsasən, Məhkum təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısının kassasiya protestinin bu dəlilləri ilə məhkəmə kollegiyası razılaşmayaraq o qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən və apelyasiya instansiya məhkəməsi həmin hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi haqlı olaraq məhkum Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəzanın təyin edilməsi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar