Məhkəmə qərarları › İş №1(1-8)-228/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-228/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-228/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, 29.03.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, x4də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-25/2026 nömrəli 26 yanvar 2026-cı il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-427/2025 nömrəli 4 dekabr 2025-ci il tarixli hökmü ilə (hakim T.M.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə 6.000 (altı min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə 5.000 (beş min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 10.000 (on min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Məhkum 22.04.2025-ci il tarixdən 24.04.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsi və üzərində qəti olaraq 9.800 (doqquz min səkkiz yüz) manat məbləğində cərimə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-25/2026 nömrəli 26 yanvar 2026-cı il tarixli qərarı ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən), F.Z.Hümbətov və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4 dekabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum tamah niyyətilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ələ keçirmək məqsədi ilə 2009-cu ilin yay aylarında atası X1 hələ sağ ikən yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanının arxasındakı onların adına qeydiyyatda olduğunu təsdiq edən heç bir rəsmi sənədi olmayan 0,03 hektara yaxın torpaq sahəsini içərisindəki qarajla birlikdə avtomobil yuma obyekti kimi düzəldib istifadə etməsi üçün tanışı Zərərçəkmiş şəxs pulu olduqda hissə-hissə ödəməsi şərtilə 12.000 manat məbləğində pul müqabilində satmağa razılaşaraq həmin torpaq sahəsini qarajla birlikdə Zərərçəkmiş şəxs istifadəsinə verdiyini bilib, atası Yəhya Əliyev 01 avqust 2019-cu il tarixdə vəfat etdikdən sonra Məhkum həmin torpaq sahəsinin və üzərində tikilmiş qarajın rəsmi hüquq verən sənədinin olmadığını öyrənib bilən Zərərçəkmiş şəxs mərhum atası ilə razılaşdıqları 12.000 manat məbləğində pulu ona hissə-hissə olmaqla verdiyi halda qeyd olunan torpaq sahəsinin mənsubiyyəti ilə bağlı qonşusu şahid2 ilə aralarındakı mülki mübahisəni məhkəmə orqanlarında öz xeyrinə həll etdirəcəyinə və həmin torpaq sahəsini içərisindəki qarajla birlikdə onun adına rəsmiləşdirtdirib Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən onun adına Qeydiyyat Şəhadətnaməsi alıb verəcəyinə dair yalan vədlər verib inandıraraq aldatmaqla razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla, dəqiq tarixlərini və verildiyi ünvanı dəqiqləşdirmək mümkün olmayan vaxtlarda 1 avqust 2019-cu il tarixdən 10.08.2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 11.000 manat məbləğində pul almış, sənədləşmənin aparılmasının bir neçə il sürdüyünü görən Zərərçəkmiş şəxs pulunu geri qaytarmağı tələb etdikdə Məhkum onu bir daha inandırmaq məqsədi ilə dəqiq tarixini müəyyən etmək mümkün olmadığı vaxtda və şəxsiyyətini müəyyən etmək mümkün olmayan mənbədən əldə etdiyi Abşeron rayon Türkan üzümçülük sovxozunun həmkarlar təşkilatının 14.04.1991-ci il tarixli iclas protokolundan çıxarış və direktorun imzası əsasında hazırlandığı göstərilən 15 aprel 1991-ci il tarixli 21 a nömrəli rəsmi hüquq verən sənəd olan əmrinin üzərində düzəliş və əlavələr olunaraq məzmununu saxtalaşdırmaqla Azərbaycan Respublikası Abşeron rayon XDS Icraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 63 nömrəli qərarına əsasən Türkan üzümçülük sovxozunda işləyən şəxslərin siyahısı yazılan hissədə 10cu sırada öz adını, yəni “Məhkum Yəhya oğlu” yazdırmaqla öz adına Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan özlərinə məxsus fərdi evi və həyətyanı torpaq sahəsi olmayan, Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə Abşeron rayon Türkan üzümçülük sovxozunun ərazisindən fərdi ev tikmək üçün 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmasına dair ünvan 1 ünvanına Məhkum Yəhya oğlunun adına göndərildiyi qeyd olunan Abşeron rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli F-986 nömrəli arxiv sənədinin istifadə etmək məqsədi ilə saxta kserosurətini hazırlatdırmış, həmin başqasına məxsus torpaq sahəsinin ona ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırdığı kserosurət arxiv sənədini 10.08.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs təqdim etməklə bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, eyni zamanda Türkan üzümçülük sovxozu ərazisində yerləşən həmin 0,10 ha torpaq sahəsinin 281 kv.metr hissəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnun 99 il müdlətinə ona verdiyini deyib aldatmaqla və rəsmi hüquq verdiyini göstərməklə qanunsuz hazırlatdırıb məzmununu saxtalaşdırdığı kserosurət 05.05.2021-ci il tarixli F-986 nömrəli arxiv sənədini 10.08.2024-cü il tarixdə 25 saylı Notariat Ofisinə təqdim edib həmin tarixdə öz adından Zərərçəkmiş şəxs 10.08.2024-cü il tarixli AR-III 439190 nömrəli mülki etibarnamə verərək biləbilə saxta sənəddən istifadə edib, yenidən torpaq sahəsini ona satdığına inandırıb təkrar yalan vəd verərək aldadıb bir daha etibarını qazanmaqla Zərərçəkmiş şəxs Xəzər rayonu Türkan qəsəbəsində eyni niyyətlə əlavə 800 manat məbləğində pul alıb özünün şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlatdırıb bilə-bilə saxta sənədlərdən istifadə etməklə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 11.800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-25/2026 nömrəli 26 yanvar 2026-cı il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim edilmiş arxiv məlumatları yalnız sənədin rəsmi arxiv uçotu ilə uyğunluq təşkil etmədiyini göstərir. Bu isə sənədin saxta olması barədə qəti və birmənalı nəticəyə gəlmək üçün kifayət etmir. Çünki rəsmi arxivdə sənədin və ya ona istinad edilən qərar və əmrin aşkar edilməməsi, sənədin mütləq şəkildə saxta hazırlanması anlamına gəlmir. Sənədin saxtalığı yalnız hüquqi qiymətləndirmə ilə deyil, xüsusi elmi bilik tələb edən faktların müəyyən edilməsi ilə sübuta yetirilir. Bu isə CPM-nin tələbinə görə yalnız ekspertiza yolu ilə mümkündür. Məhkəmə öz bilikləri ilə texniki məsələləri qiymətləndirə bilməz. Beləliklə, arxiv məlumatları sənədin saxta olması üçün qənaət gətirməyə yetərli deyil. Çünki, arxiv sənədləri sübut edir ki, təqdim edilən sənəd rəsmi arxiv qeydləri ilə üst-üstə düşmür, sənədin istinad etdiyi hüquqi əsas təsdiqlənmir. Lakin arxiv məlumatları sənədin texniki cəhətdən necə hazırlandığını, nə vaxt, kim tərəfindən, hansı üsulla tərtib edildiyini müəyyən etmir. Dələduzluq epizodu üzrə müəyyən edilmiş məbləğlə bağlıdır. Iş materiallarından, eləcə də zərər çəkmiş şəxsin ifadəsindən aydın şəkildə görünür ki, 11.800 (on bir min səkkiz yüz) manat məbləğində vəsaitin 6.000 (altı min) manatı birbaşa Məhkum deyil, onun atasına verilmişdir. Bu fakt həm ifadələrlə, həm də iş materialları ilə təsdiqlənir və mübahisə doğurmur. Bu halda, 11.800 manat məbləğin tam şəkildə Məhkum aid edilməsi, onun üzərinə həmin məbləğ üzrə cinayət məsuliyyətinin qoyulması fərdi cinayət məsuliyyəti prinsipinə ziddir. Cinayət hüququnda şəxs yalnız bilavasitə özü tərəfindən əldə etdiyi və ya sərəncam verdiyi vəsaitə görə məsuliyyət daşıya bilər. Üçüncü şəxsə (atasına) verilmiş məbləğin təqsirləndirilən şəxsə aid edilməsi qanuna uyğun deyil və sübuta əsaslanmır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməli məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində bu əməlin “xeyli miqdarda ziyan vurmaqla” törədilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində “hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma”ya görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində “bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə”yə görə məsuliyyət nəzərdə tutulur və bu əməl min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkumun tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarında olan Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək bildirmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 32-də ailəsi ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, hazırda yaşadığı evin arxasında təxminən 0,03 ha-a yaxın torpaq sahəsində 20 il bundan əvvəl özü üçün qaraj tikmiş, orada yük avtomobillərinin təmiri ilə məşğul olmuşdur. Sonradan işi zəif olduğundan orada işləməyi dayandırmış və ev təmiri ilə məşğul olmağa başlamışdır. Atası o vaxtlar sağ olmuşdur. 2009-cu ildə yay aylarında atası Əliyev Yahya Nuru oğlu yaşadıqları evin arxasındakı həmin torpaq sahəsini Zərərçəkmiş şəxs 12.000 manata satmış, lakin hələlik sonuncudan pul almamış, çünki Ruslanın o vaxt pulu olmamışdır. Buna baxmayaraq, aralarında sözlə razılaşma əsasında Ruslana həmin torpaq sahəsini və qarajı istifadə etməyə icazə vermişdir. Atası ona demişdir ki, qarajı avtoyuma kimi özü üçün düzəltsin və avtoyuma kimi istifadə etsin, sonra hissə-hissə pulunu verəcək. 2019-cu ildə atası vəfat etmiş, bundan sonra Ruslan Rasimə hissə-hissə pul ödəməyə başlamışdır. Ruslan 2024-cü ilin yay aylarına kimi ona 11.000 manat pul vermiş, sonuncu dəfə 10.08.2024-cü il tarixdə 800 manat pul vermiş və borcu aralarındakı razılaşmaya əsasən bağlamışlar, 200 manatı isə Rasim ona bağışlamışdır. Ümumilikdə Ruslan ona 11.800 manat pul vermişdir. Qeyd etmişdir ki, qonşuluqda torpaq sahəsi olan həm də qohumu olan Azər və oğlu Emil onun barəsində həmin torpaq sahəsini qanunsuz zəbt etməyi barədə məhkəmə orqanlarına müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs torpaq sahəsini hansı sənədlər əsasında satması barədə verilən suala cavab olaraq bildirmişdir ki, qeyd etdiyi kimi torpaq sahəsini Ruslana atası satmış, lakin onun vəfatından sonra pulu Rasim özü Ruslandan almış, torpaq sahəsinin sənədi isə Abşeron rayon Türkan üzümçülük sovxozunun 15.04.1991ci il tarixli 21A nömrəli əmri olmuşdur. 2021-ci ildə müraciət edərək həmin sənədin Abşeron rayon Dövlət Arxivindən çıxarışını almış və onun əsasında Ruslana etibarnamə vermişdir. 2009-cu ildən 2024-cü ilə kimi həmin sənəd əsasında Zərərçəkmiş şəxs etibarnamə verməməsinin səbəbi bu olmuşdur ki, sənəd onda olmamışdır, həm də fikirləşirmişdir ki, çıxarış aldıqdan sonra Ruslanla alğı-satqı müqaviləsi imzalayar. Zərərçəkmiş şəxs ifadəsində sözügedən torpaq sahəsini Rasimin atası deyil, Rasimin özünün ona satmasını, pulu Rasimə verməsini, etibarnamənin də Rasimin Ruslana verməsini bildirməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, ola bilsin səhv xatırlayır, yadına düşür ki, o vaxt sövdələşmə atası ilə Ruslan arasında olmuşdur, sonradan isə atası vəfat etmiş və torpaq sahəsini özü Ruslana satmışdır, pulu da hissə-hissə özü almışdır. Istintaqa təqdim etdiyi Abşeron rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli F-986 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Abşeron rayon XDS Icraiyyə Komitəsinin 11.04.1991-ci il tarixli 63 nömrəli qərarına əsasən Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan özlərinə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi olmayan, Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə Məhkum hər hansı bir sovxozda işləyib-işləməməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, heç bir sovxozda işləməmişdir, ifadəsinin əvvəlində qeyd etdiyi kimi sözügedən torpaq sahəsi atasının olmuşdur, atasından ona vəfatından sonra miras qalmışdır və özü faktiki olaraq atasının notarial qaydada təsdiq olunmuş vərəsəsidir. Türkan üzümçülük sovxozunda işləmədiyi halda Abşeron rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli F-986 nömrəli arxiv arayışını necə əldə etməsi barədə verilən suala cavab verərək qeyd etmişdir ki, atasının vəfatından sonra Abşeron rayon Dövlət Arxivinə ərizə ilə müraciət etmişdir ki, atasının adına olan torpaq sahəsinə dair sənədlərin arxiv arayışını versinlər, müraciətə cavab olaraq həmin 05.05.2021-ci il tarixli F-986 nömrəli arxiv arayışı ünvanına göndərilmişdir. Iş üzrə şahid2 istintaqa təqdim etdiyi 31.05.2012ci ildə onun tərəfindən yazılaraq şahid2 tərəfindən tikilmiş qarajı kommunal ödənişləri ödəmək şərti ilə müvəqqəti olaraq avtoyuyucu kimi istifadə etməyini öhdəliyinə götürməsinin qeyd olunması barədə verilən suallara qısa olaraq cavab vermişdir ki, Azərin təqdim etdiyi sənəddəki yazıları özü yazmışdır. Aşağı instansiya məhkəmələrində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, H.Hacıyev küçəsi, ev 1-də ailəsi ilə birlikdə yaşayır. 2009-cu ilin yay aylarında Türkan qəsəbəsində qardaşı Tərlanla birlikdə obyekt almaq istəmişdir. Həmin ərəfələrdə yaxınlıqda yaşayan Rasim adlı şəxsin həyətində özünə məxsus “Kamaz” markalı yük avtomobilini təmir etdirmişdir. Orada olan zaman obyekt axtarmağı barədə söhbət düşmüş, söhbət əsnasında Rasim ona bildirmişdir ki, həyətindəki ümumilikdə 281 kv.m torpaq sahəsində avtoyuma kimi işlədə biləcəyi obyekti satır, istəsə ona sata bilər. Bunu da bildirmişdir ki, əvvəllər özü də oranı avtoyuma kimi işlətmişdir. Ruslan həmin yerə baxmış və yeri bəyənmişdir. Qiymətini 12.000 manata razılaşmışlar, sənədini soruşduqda Rasim ona demişdir ki, Abşeron rayon Icra Hakimiyyətindən sənədi var. O da Rasimə bildirmişdir ki, əgər buranı alsa hissə-hissə pulunu verər, Rasim də onunla razılaşmışdır. Beləliklə o, həmin vaxtdan Rasimə hissə-hissə pul verməyə, eyni zamanda avtoyumanı da işlətməyə başlamışdır, lakin Rasim ona sənədi verməmiş, ona demişdir ki, guya ona birdəfəlik çıxarış verəcək. Bir müddətdən sonra iş zəif olduğundan işi dayandırmış, lakin Rasimə pulu verməkdə davam etmişdir. Bir müddət Rasim onun icazəsi ilə həmin avtoyumanı işlətməyə başlamışdır. Sonra Rasimin də işi zəif olduğundan işini dayandırmışdır. Bundan sonra avtoyuma bağlanmış və heç kim işlətməmişdir. Bu müddətlərdə Rasimin qonşuluqda torpaq sahəsi olan adını bilmədiyi qonşu ilə aralarında həmin torpaq sahəsi ilə bağlı mübahisələri yaranmışdır. Buna baxmayaraq, Rasim hər dəfə ona demişdir ki, “iş məhkəmədə araşdırılır, narahat olma, hər şey onun xeyrinə olacaqdır”. 2024-cü ilin avqust ayına kimi Rasimə 11.800 manat pul vermiş və Rasimə demişdir ki, ona rəsmi sənəd versin. 2024-cü ilin avqust ayında Rasimə sonuncu dəfə 800 manat da vermişdir. Rasim hər dəfə ona narahat olmamasını, ona çıxarış verəcəyini bildirmişdir. Buna baxmayaraq, sənəd məsələsi gecikdiyinə görə o, Rasimi məcbur etmişdir ki, sənədini versin, Rasim isə ona demişdir ki, “sənədlə bağlı işim məhkəmədə baxılır, gəl hələlik sənə etibarnamə verim, sonra çıxarışı həll edərik”. Beləliklə, Rasim ona 10.08.2024-cü il tarixdə 25 saylı Notariat Ofisində etibarnamə vermiş və bundan əlavə Abşeron rayon Dövlət Arxivinin F-986 nömrəli 05.05.2021-ci il tarixli arxiv çıxarışını təqdim etmişdir. Həmin çıxarışda Məhkum Yəhya oğluna Türkan qəsəbəsi üzümçülük sovxozu ərazisində fərdi ev tikdirmək üçün 0,10 ha torpaq sahəsi ayrılması göstərilmişdir. Hazırda Rasimlə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Abşeron rayon Icra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən daxil olmuş 13.03.2025-ci il tarixli 3-48-1RA/2-283/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Türkan üzümçülük sovxozunda həyətyanı torpaq fondu ayrılması haqqında Abşeron rayon XDS IK-nin 11.04.1991-ci il tarixli 63 nömrəli qərarına əsasən torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısına əlavə edilməmişdir. Abşeron rayon Türkan üzümçülük sovxozunun 15.04.1991-ci il tarixli 21 A nömrəli əmrində isə vətəndaş Məhkum Yəhya (Yahya) oğlunun adı aşkar edilməmişdir. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Milli Arxiv idarəsi Abşeron rayon Icra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən daxil olmuş 10.06.2025-ci il tarixli 3-48-1RA/2-628/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivindən verilən sorğunun cavabında bildirilmişdir ki, 2021-ci ildə vətəndaşların qeydiyyatı kitabında müraciət edən şəxslər arasında Məhkum Yəhya (Yahya) oğlunun adı aşkar olmamış, eyni zamanda 05.05.2021-ci il tarixli F-986 nömrəli arxiv arayışı Abşeron rayon Dövlət Arxivi tərəfindən verilməmişdir. Məhkəmə qərarlarında istinad edilmiş Türkan Bələdiyyəsindən daxil olmuş 13.05.2025-ci il tarixli 32 nömrəli məktubundan görünür ki, Məhkum ünvan 2 ünvanı üçün Türkan Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsinin kimə məxsus olması barədə Türkan Bələdiyyəsində heç məlumat yoxdur. Məhkumun törətdiyi əməl şahidlər şahid2 və şahid4 ifadələri ilə də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldəetmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-25/2026 nömrəli 26 yanvar 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-25/2026 nömrəli 26 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar