Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-231/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2025-ci il 1(106)- 862/2025 nömrəli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Səfərli (sədrlik edən və məruzəçi), Ayşən Vəliyeva və Aqil Nuriyev) 16 oktyabr 2025-ci il tarixli 1(099)-430/2025 nömrəli hökmü ilə 16 iyul 1990-cı ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonunda doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonu, İ.Əliyev küçəsi, ev 20də qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 3 ünvanında yaşayan İkhlazov Nabi Zuqumoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: İttihama əsasən İkhlazov Nabi Zuqumoviç təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 2 noyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 10360 qram qurudulmuş marixuana narkotik vasitəsini ayrı-ayrılıqda təmiz çəkiləri 1115 qram, 995 qram, 1090 qram, 1000 qram, 1080 qram, 960 qram, 995 qram, 1020 qram, 1090 qram və 1015 qram olmaqla aliminium falqalara bükülmüş ümumilikdə 10 ədəd bağlamada qablaşdırıb örtücü mal qismində istifadə olunmuş “Kahı” yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklətmişdir. O, isə qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində “Kahı” yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 02 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin narkotik vasitə 02 noyabr 2024-cü il tarixdə gömrük baxışı zamanı aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Əliyev (sədrlik edən), Habil Bəhmənov və Yaşar Həşimov) 18 dekabr 2025-ci il tarixli 1(106)-862/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli 1(099)-430/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı İ.H.Əsədov kasasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2025-ci il tarixli 1(106)-862/2025 nömrəli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Belə ki, “Altrans” MMC-də “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü işləmiş Nabi İkhlazovun cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq qeyd edilən cinayət əməllərinin onun tərəfindən törədilməsi iş materialları tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli, 812-IQ nömrəli Qanun ilə ratifikasiya etdiyi “Beynəlxalq Yükdaşımaları Müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 3-cü bəndində göstərilmişdir ki, daşıyıcı həm öz şəxsi fəaliyyəti və diqqətsizliyinə görə, həmçinin yük daşınması zamanı xidmətindən istifadə etdiyi öz agentlərinin və digər başqa şəxslərin fəaliyyəti və diqqətsizliyinə görə məsuliyyət daşıyır. Həmin konvensiyanın 4-cü maddəsinə əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Yəni ki, mal müşayiət sənədlərinə daxil olan qaimə (CMR) həm də müqaviləni əvəz edir. Konvensiyanın 8-ci maddəsinə əsasən sürücü yükü qəbul edən zaman yük yerlərinin sayının, əlamətlərinin, nömrəsinin qaimədə düzgün göstərilməsini və yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamalıdır. Sürücünün göstərilənlərin düzgünlüyünü yoxlamağa imkanı olmadıqda qaimədə əsaslandırılmış qeyd-şərtini göstərməlidir. Yükgöndərən daşıyıcıdan yükün qeyri-xalis çəkisinin, digər ölçü vahidlərində ifadə olunmuş miqdarının yoxlanılmasını tələb edə bilər. Daşıyıcı yoxlama ilə əlaqədar çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Bu yoxlamaların nəticələri qaimədə qeyd olunur. Konvensiyanın müddəalarından da görünür ki, sürücünün yükü yoxlamaq hüququ vardır, hətta sürücünün yükü yoxlamaq imkanı olmadıqda qaimədə (CMR-də) bu barədə öz qeyd-şərtini yazmalıdır. Həmçinin, Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli, 555-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”nın “Xüsusi əlavələr” bölməsinin E.2/F.3 bəndinə əsasən «daşıyıcı» — malların faktiki daşınmasını həyata keçirən və ya nəqliyyat vasitəsindən istifadəyə görə cavabdeh olan şəxs başa düşülür. 4-cü standarta əsasən isə daşıyıcı bütün malların yük bəyannaməsində göstərilməsinə görə və ya onlar barədə informasiyanın gömrük xidmətinin nəzərinə istənilən digər icazə verilmiş üsulla çatdırılmasına görə gömrük xidməti qarşısında məsuliyyət daşıyır. Lakin, iş materiallarından göründüyü kimi, Nabi İkhlazov tərəfindən qaimələrdə heç bir qeyd aparılmamışdır. Bəraət almış şəxs öz cinayətkar niyyətini pərdələmək, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə guya ki, “yükü yoxlamaq səlahiyyətinin olmaması”, “sadəcə sürücü olması” kimi xüsusatları göstərsə də, belə halların məhz beynəlxalq qanunvericilik səviyyəsində məsuliyyət müəyyən edən hallar olması öz təsdiqini tapır. O, peşəkar sürücü kimi zəruri sayıqlığı göstərmiş olsaydı və ehtiyat tədbirlərinə riayət etsəydi, törədilmiş cinayət əməli barədə əvvəlcədən məlumat sahibi olardı. Lakin o, cinayətkar dəstənin üzvü olduğundan, satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək digər dövlətlərə daşınması cinayətlərinin törədilməsində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə qabaqcadan əlbir olduğu səbəbindən guya ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün içərisində külli miqdarda narkotik vasitəsinin olmasından məlumatı olmadığını bildirib işin faktiki hallarına və obyektiv reallığa uyğun gəlməyən ifadələr vermişdir. Bundan əlavə, hər iki instansiya məhkəmələri nəzərə almamışlar ki, Nabi ikhlazov beynəlxalq yük daşımaları həyata keçirən sürücü kimi beynəlxalq yük daşınmaları qaydaları ilə yanaşı bu münasibətlər çərçivəsində yaranan qanunvericiliklə tənzimlənən və tənzimlənməyən xüsusatları yaxşı bilmiş, İİR-dən yük qəbul etməsi, orada müxtəlif şəxslərlə əlaqələrinin olması da onu söyləməyə əsas verir ki, o, bu qədər ziddiyyətli məqamları görmüşdür və görməli idi. Lakin o, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsi barədə cinayət əlaqəsinə girdiyi səbəbindən bu qədər aşkar ziddiyyətləri, beynəlxalq təcrübə və işgüzar münasibətlər zəminində formalaşmış normaların uyğunsuzluğunu bilərəkdən görməmiş və cinayət əməllərinin törədilməsində birbaşa qəsdlə iştirak etmişdir. Bundan başqa, hər iki instansiya məhkəmələri Nabi İkhlazovun özünümüdafiə xarakteri daşıyan, ziddiyyətli, işin faktiki hallarına uyğun gəlməyən ifadələrinə tənqidi yanaşmaq əvəzinə, həmin ifadələrini mötəbər sübut kimi qəbul edib, əsassız olaraq ona bəraət vermişlər. Belə ki, Nabi İkhlazov ifadələrində göstərmişdir ki, idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsinin sahibi qonşusu Ziyavuddin adlı şəxs olmuş, məhz Ziyavuddin adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq “Nima" adlı şəxsin yük göndərəcəyini bildirərək, sonuncunun telefon nömrəsini göndərib onunla əlaqə saxlamasını tapşırmışdır. O da Nima adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamış, 30 oktyabr 2024-cü ildə İranın Biləsuvar gömrük postunda gözlədiyi vaxt “Nima” onunla əlaqə saxlayaraq “kahı” yükü daşımalı olacağını, bundan sonra həmin “kahı” yükü paletlərdə digər nəqliyyat vasitəsindən onun idarə etdiyi “Volvo” yük nəqliyyat vasitəsinə yüklənmişdir. Lakin, iş materiallarından görünür ki, Nabi İkhlazovun idarə etdiyi “Volvo” markalı Y817HY05/AE265605 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi sonuncunun qonşusu olan şahid2 deyil, rəsmi olaraq “Altrans” MMC beynəlxalq yükdaşıma şirkətinə məxsus olmuş, nəqliyyat vasitəsi qeyd olunan şirkətə məxsus olsa da, həmin yük avtomobili ilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmiş, 30 oktyabr 2024-cü ildə yük onun avtomobilinə yüklənilmiş, yük 02 noyabr 2024-cü ilədək, yəni 3 gün müddətində Nabi İkhlazovun tam nəzarətində olmuşdur. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, şahid2 +79034247009 saylı mobil telefon nömrəsindən istifadə etmiş, İİR vətəndaşı, +989115622199 saylı mobil telefon nömrəsindən istifadə edən “Nima” adlı şəxsi tanımamış, həmin şəxs haqqında əvvəllər eşitməmiş, Nabi İkhlazovun idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yükün nə zaman, harada və hansı şəraitdə yüklənməsi barədə hər hansı məlumatı olmamış, Bəraət almış şəxs “Nima” adlı şəxsin qeyd olunan mobil telefon nömrəsinin şahid2 tərəfindən göndərilməsi müəyyən edilməmişdir. Lakin məhkəmə qeyd olunan halları da diqqətə almamış və həmin halları digər sübutlarla yanaşı qiymətləndirib Nabi İkhlazovun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası Nabi İkhlazovun CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddələrlə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları-şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Göründüyü kimi, hər iki instansiya məhkəmələrinin gəldiyi yanlış nəticədən fərqli olaraq işin faktiki hallarından görünür ki, Nabi İkhlazovun İİR-idə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edilməsi, saxlanılması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə RF-ə daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, İkhlazov Nabi Zuqumoviçin Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Kassasiya protestində irəli sürülmüş dəlillərin əsaslığını müzakirə edərək məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşdən görünür ki, ibtidai araşdırma orqanı İkhlazov Nabi Zuqumoviçə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun tərəfindən qeyd edilmiş maddələrin dispozisiyasında nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi qənaətinə gəlmiş və işi aidiyyəti üzrə məhkəmə baxışına göndərmişdir. İttiham tərəfi Nabi İkhlazova qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın sübut edilməsi üçün məhkəməyə təqsirləndirilən şəxsin ifadəsi, şahidlər şahid5, şahid6, İsayev Əli Hüseynağa oğlunun, şahid4, şahid3 və şahid2 ifadələri, “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 02 noyabr 2024-cü il tarixli protokolu, məhkəmə-bioloji ekspertizası ekspertizanın rəyi, digər sənədləri və maddi sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan sübutları tədqiq edib ittihamın gəldiyi nəticə ilə razılaşmayaraq belə nəticəyə gəlmişdir ki, İkhlazov Nabi Zuqumoviçin Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi isə təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi İkhlazov Nabi Zuqumoviçin Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Nabi İkhlazovun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsiz olması barədə qərar qəbul edərkən ittiham tərəfinin təqdim etdiyi sübutları Azərbaycan Respublikası CPM-in 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv tədqiq edib qiymətləndirməmişlər. Belə ki, iş materiallarından görünür ki, Rusiya Federasiyasının vətəndaşı N.Z.İkhlazovun idarə etdiyi yük avtomobili ilə İran İslam Respublikasından Rusiya Federasiyasına Azərbaycan Respublikası ərazisindən tranzit qaydasında daşınan kahı yüklərinin arasında gizlədilmiş 10 kiloqram 360 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə avtomobil Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən gömrük nəzarəti zamanı müəyyən olunmuşdur. Beynəlxalq yükdaşımalarını tənzimləyən 19 may 1956-cı il tarixli "Beynəlxalq Yük Daşımaları Müqaviləsi haqqında" Cenevrə Konvensiyasının 8-ci maddəsinə əsasən, daşıyıcı yükü qəbul edərkən yük yerlərinin sayını, nişanlarını və nömrələrini qaimədə göstərilən məlumatlarla tutuşdurmalı, habelə yükün xarici görünüşünü və qablaşdırılmasının vəziyyətini yoxlamalıdır. Daşıyıcının həmin məlumatların düzgünlüyünü yoxlamaq imkanı olmadıqda, bu barədə əsaslandırılmış qeyd-şərtini qaimədə göstərməlidir. Yoxlamanın nəticələri də qaimədə əks etdirilməlidir. N.Z.İkhlazov isə Konvensiya ilə üzərinə qoyulmuş bu vəzifələri yerinə yetirmədən yükü qəbul etmiş və həmin yüklə Azərbaycan Respublikasının gömrük sərhədini keçmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri N.Z.İkhlazovun idarə etdiyi nəqliyyat vasitəsində daşınan kahı yüklərinin arasında narkotik vasitənin olmasından xəbərsiz olması barədə ifadələrinə əsaslanaraq onun təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlmişlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Azərbaycan Respublikası CPMin 144–145-ci maddələrinin tələblərinə riayət etmələrini yoxlayarkən aşağıdakı halları müəyyən etmişdir. Cinayət işinin materiallarından görünür ki, N.Z.İkhlazova bəraət verilməsi barədə hökmün əsasını təşkil edən onun ifadələri iş üzrə toplanmış digər sübutlarla ziddiyyət təşkil edir. Lakin məhkəmələr həmin ziddiyyətlərin aradan qaldırılması, onların səbəblərinin araşdırılması və sübutların qarşılıqlı müqayisə edilməklə qiymətləndirilməsi istiqamətində zəruri prosessual tədbirlər görmədən yaranmış şübhələri təqsirləndirilən şəxsin xeyrinə şərh etmişlər. Belə ki, məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsi N.Z.İkhlazovu dindirərkən onun 19 may 1956-cı il tarixli "Beynəlxalq Yük Daşımaları Müqaviləsi haqqında" Cenevrə Konvensiyasının 8-ci maddəsinə əsasən yükü qəbul edərkən yük yerlərinin sayını, nişanlarını, nömrələrini, yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamaq, habelə belə yoxlamanın nəticələrini yük qaiməsində əks etdirmək vəzifələrini nə üçün yerinə yetirməməsinin səbəblərini aydınlaşdırmamışdır. Bundan başqa, N.Z.İkhlazov məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasına yük götürmək üçün tanışı və avtomobilin sahibi Ziyavuddin adlı şəxsin göstərişi ilə getmişdir. Onun sözlərinə görə, İrana çatdıqdan sonra Ziyavuddin ona zəng edərək Nima adlı şəxsin telefon nömrəsini vermiş, yükün həmin şəxsdən qəbul edilməsini tapşırmışdır. Bundan sonra o, Nima adlı şəxslə telefon əlaqəsi saxlamış və həmin şəxs kahı yükünün onun idarə etdiyi "Volvo" markalı avtomobilə yüklənməsini təşkil etmişdir. Lakin şahid X7 cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, N.Z.İkhlazov onunla Dağıstanda qonşuluqda yaşayır, hər ikisi "Altrans" MMC-də sürücü işləyirlər. O, İran İslam Respublikasında yaşayan Nima adlı şəxsi tanımadığını, həmin şəxsin istifadə etdiyi telefon nömrəsindən xəbərsiz olduğunu və N.Z.İkhlazova İrandan yük götürməsi barədə heç bir göstəriş vermədiyini bildirmişdir. Bundan əlavə, N.Z.İkhlazovun istifadəsində olmuş mobil telefona baxış protokolundan görünür ki, həmin telefonda X7 tərəfindən Nima adlı şəxsin telefon nömrəsinin göndərilməsinə dair hər hansı məlumat, eləcə də N.Z.İkhlazovun İran İslam Respublikasında olduğu müddətdə X7 və ya Nima adlı şəxslə telefon əlaqəsi saxlamasını təsdiq edən zəng və ya digər rabitə qeydləri müəyyən edilməmişdir. Bununla belə, məhkəmə iclas protokolundan görünür ki, N.Z.İkhlazov məhz onun ifadələrinin mötəbərliyini şübhə altına alan göstərilən ziddiyyətlər üzrə dindirilməmiş, həmin ziddiyyətlərin səbəbləri aydınlaşdırılmamış və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməmişdir. Halbuki, CPM-in 144 və 145-ci maddələrinin tələblərinə əsasən məhkəmə hər bir sübutu digər sübutlarla əlaqədə yoxlamalı, ziddiyyətlərin səbəblərini araşdırmalı və yalnız bundan sonra onların mötəbərliyi barədə nəticəyə gəlməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CM-in 349.5-ci maddəsində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət-prosessual qanunvericiliyi ittihamın sübuta yetirilməsi zamanı yaranmış şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadıqda onların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edir (Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsi). Lakin bu prinsip yalnız məhkəmə tərəfindən iş üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan, onların qarşılıqlı əlaqəsi yoxlanıldıqdan və mövcud ziddiyyətlərin aradan qaldırılması üçün zəruri prosessual tədbirlər görüldükdən sonra tətbiq oluna bilər. Əks halda, sübutların və işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması barədə qanunun tələbləri yerinə yetirilmiş hesab edilə bilməz. Belə pozuntu şəraitində qəbul edilmiş məhkəmə qərarı da qanuni və kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 8, 144-145-ci maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri ittiham tərəfinin sübutları və işin halları tədqiq etməməklə, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamaqla Azərbaycan Respublikası CPM-in 8, 144-145 və 349-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin sübutların Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv tədqiq edilməməsi, habelə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün zəruri olan sübutların araşdırılmasından əsassız imtina edilməsi ilə bağlı dəlilləri əsaslıdır. Odur ki, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2025-ci il tarixli 1(106)-862/2025 nömrəli qərarı cinayət-prosessual qanunun tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, cinayət işi isə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirilməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya protesti təmin edilsin. İkhlazov Nabi Zuqumoviçin barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2025-ci il 1(106)-862/2025 nömrəli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-231/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-231/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver