Məhkəmə qərarları › İş №1(1-8)-232/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-232/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-232/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2 və məhkum Məhkum iştirakları ilə, ## ##### 1999-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, x3 qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-140/2025 nömrəli ## #### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) 1(124)-570/2024 nömrəli ## ####### 2024-cü il tarixli hökmü ilə Məhkum - CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2023-cü il tarixindən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-140/2025 nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.R.Məhəmmədəli (sədrlik edən), Ə.R.Ağayev və E.M.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü dəyişdirilmiş, onun ittihamından və hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilmiş, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum "WhatsApp” mobil tətbiqi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan "Siyam” adlı Iran Islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun göndərdiyi və bu yolla qanunsuz olaraq əldə etdiyi küllli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirdikdən sonra əldə ediləcək 125 manat pulu həmin şəxsin bildirəcəyi kart hesabına köçürəcəyi barədə ümumi razılığa gəlmiş, ##.##.2023-cü il tarixdə saat 23 radələrində bir qrup şəxs halında şəxsiyyəti istintaqa bəlli olmayan “Siyam” adlı Iran Islam Respublikası vətəndaşının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ceyranbatan- Sumqayıt yolunun kənarında yerləşən “Araz market” ticarət obyektinin yaxınlığında hasarın işıq dirəyinin dibinə bir ədəd qara rəngli selofanın içərisində qoyduğu, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxil edilmiş on bir ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,203 qram, 1,464 qram, 0,292 qram, 0,197 qram, 0,240 qram, 0,205 qram, 0,246 qram, 0,246 qram, 0,194 qram, 0,217 qram, 0,276 qram, ümumilikdə 3,780 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək Abşeron rayonu, Gənclər şəhərciyinə daşımış və saxlamış, ##.##.2023-cü il tarixdə saat 17:40 radələrində Abşeron rayonu, Gənclər şəhərciyi, 10 nömrəli məktəbin yaxınlığında Abşeron Rayon Polis Idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis Idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd “Rothmans” siqaret qutusunun içərisindən, bir ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,203 qram, 1,464 qram, 0,292 qram, 0,197 qram, 0,240 qram, 0,205 qram, 0,246 qram, 0,246 qram, 0,194 qram, 0,217 qram, 0,276 qram, ümumilikdə 3,780 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ittiham aktından və hökmdən xaric edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışın təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, o, narkotik vasitə istifadəçisidir və o, narkotik vasitələrin satışı ilə məşğul deyildir. Iş üzrə onun narkotik vasitələrin satışı ilə məşğul olması işin halları ilə sübut edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X1rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materillarında olan "şəxsi axtarış və götürmə aparılması haqqında” ## ###### 2023cü il tarixli protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində olan Rothmans” siqaret qutusunun içərisində olan bir ədəd qara rəngli selofan bükümün arasında olan 11 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə qərarlarında olan "şəxsi axtarış və götürmə aparılması haqqında” ## ###### 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 1 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Məhkəmə qərarlarında istinad edilmiş məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2023-cü il tarixli 3-16-16/2-6/4556 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Zərflər üçün N°56" dairəvi möhür əksi olan üzərində "Məhkum" sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd siqaret qutusunda 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,203 qram, 1,464 qram, 0,292 qram, 0,197 qram, 0,240 qram, 0,205 qram, 0,246 qram, 0,246 qram, 0,194 qram, 0,217 qram, 0,276 qram, ümumi təmiz çəkisi 3,780 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmçinin məhkəmə qərarlarında olan məhkəmə-narkoloji ekspertizasının ## ###### 2023-cü il tarixli 1057 nömrəli rəyindən görünür ki, Məhkum psixostimulyatorların və kannabinoidlərin epizodik istifadə etmə halları olub. Hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini 234.4.3-cü maddəsi ilə tövsif edib onu həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 140/2025 nömrəli ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar