Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-234/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1 iştirakı ilə, ##.##.1976-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakim C.Səfiyeva) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 2 il 8 ay 22 gün hissəsinin CM-in 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 1 il 4 ay 11 gün müddətin CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi, qəti olaraq 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından tutulduğu 3 (üç) gün müddətin çıxılması, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.Əhmədov (sədrlik edən və məruzəçi), K.Muxtarov və R.Əsgərova) apellyasiya protesti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 2 il 8 ay 22 gün hissəsi CM-in 68.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 1 il 4 ay 11 gün müddət CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmış, ona qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından tutulduğu 3 (üç) gün müddət çıxılmış və üzərində 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ki, o, ##.##.2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində məlum olmayan mənbədən 10 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə dövriyyəsi qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə siyahılar”na (İ Siyahı) daxil olan bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,628 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və saxlamış, ##.##.2025-ci il tarixdə saat 21:50 radələrində Abşeron rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ərazidə videoçəkilişlə üzərinə saat 21:53-dən 21:58-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,628 qram olan qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə işin müəyyən edilmiş faktiki halları mübahisə doğurmasa da, cəza təyininə dair hissədə məhkəmənin qərarı əsassızdır. Belə ki, məhkəmə apellyasiya protestini təmin edərək, birinci instansiya məhkəməsinin hökmünü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirsə də, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun deyil, CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun təyin etmişdir. Yəni, təqsirləndirilən şəxsə birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamışdır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən ilk olaraq birinci hökm üzrə təyin edilmiş cəzanı CM-in 68.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablayıb hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamalı və vahid cəza təyin etməli, bundan sonra CM-in 69.3-cü maddəsinə əsasən birinci hökmə əsasən çəkilən cəzanı və tutulduğu müddətləri vahid cəzadan çıxaraq qəti cəza müddətinə hesablamalı idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.22-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən cinayət qanunvericiliyinin tələblərinin pozulduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.22-ci maddəsində (məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, protestdə yalnız bir dəlil – apellyasiya məhkəməsi tərəfindən CM-in 66.5-ci maddəsinin tələbinin pozularaq Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi toplanılmaqla cinayət qanunu normasının düzgün tətbiq edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası protest müəllifi ilə razılaşır. Belə ki, cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət nəzərə alınmaqla, onun üzərində 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il # #### tarixli *(***)- ***/**** nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarında olan Sumqayıt Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, Məhkum Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından ##.##.2025-ci il tarixdə qeydiyyata alınıb, 3 ay 4 gün cəzasından çəkmiş, çəkilməmiş qalan 2 il 8 ay 22 gün təşkil edir. Göründüyü kimi, Məhkum Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ***/**** nömrəli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi cinayət işi üzrə 2 gün şübhəli şəxs qismində tutulmuş, həmin hökmlə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının isə 3 ay 4 gün hissəsini çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il ## ###### tarixli Qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl və ya hökm qanuni qüvvəyə minənədək törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli hökmü ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş, Məhkum isə hazırki iş üzrə cinayət əməlini həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni ##.##.2025-ci il tarixdə törətmişdir. Məhkum hər iki hökm üzrə təqsirli bilindiyi cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan bu hallar ona CM-in 66.2 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplamaq yolu qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə saxlanılması müddəalar nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cəzanı tam və ya qismən toplayır və yalnız bundan sonra qəti cəzaya çəkilmiş (tutulmuş, həbsdə və ya ev dustaqlığında saxlanılmış) müddətləri qəti cəzaya hesablayır. Belə hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il ## #### tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişərək, Məhkum CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli olmasını qeyd etsə də, cəza təyini zamanı faktiki olaraq həmin maddənin tələbinə əməl etməmişdir. Belə ki, məhkəmə CM-in 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəza ilə əvvəlki hökm ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edib, bundan sonra CM-in 69.3-cü maddəsinə əsasən birinci hökmə əsasən həbsdə saxlama müddətini və çəkilən cəzanı, eləcə də hazırki iş üzrə həbsdə saxlama müddətini çıxaraq qəti cəza müddətinə hesablamalı olduğu halda, hazırki iş üzrə təyin edilmiş cəza ilə əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamış, bununla da CM-in 66.5-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.22-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir. Işi birinci instansiya məhkəməsinə göndərmədən məhkumun vəziyyətinin ağırlaşdırılmasının mümkünlüyünü nəzərdə tutan apellyasiya icraatından fərqli olaraq, cinayətprosessual qanunvericiliyinin müddəalarına əsasən kassasiya instansiyası məhkumun vəziyyətini ağırlaşdıra bilməz. Bu icraatda prokurorun protesti və yaxud zərər çəkmiş şəxsin şikayəti əsasında məhkumun vəziyyətini ağırlaşdıran motivlərlə məhkəmə qərarı ləğv oluna, iş isə yeni məhkəmə araşdırılmasına göndərilə bilər (“Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il ## ######## tarixli qərarı). Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək, kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, hazırki qərarda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il ## ###### tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-234/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-234/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver