Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-237/2026 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, bəraət almış şəxs Bəraət almış şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Bəraət almış şəxs Bəraət almış şəxs ## ###### 2000-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. 29 may 2024-cü il tarixli ittiham aktına görə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 11 iyun 2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Bəraət almış şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Ittiham aktına əsasən Bəraət almış şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda 0,355 qram narkotik vasitə heroini, 0,055 qr psixotrop maddə metamfetamini və 0,12 qr narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşımaqla saxlamış, 12 yanvar 2024-cü il tarixdə, saat 04:39-da Şirvan şəhər polis şöbəsinin Post partul xidmətinin əməkdaşları tərəfindən Şirvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Oba” marketdə saxlanaraq polis şöbəsinə gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,355 qr qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,055 qr ağımtıl rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,12 qr bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
5. Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, 19 noyabr 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini, təqsirliliyi sübuta yetirilmədiyindən Bəraət almış şəxs bəraət verilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, 19 noyabr 2024-cü il tarixli hökmü ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən Əsmanov Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir.
II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestində cinayət işi üzrə toplanmış sübutlara, bəraət almış şəxs Bəraət almış şəxs və şahidlərin ifadələrinə istinad edilməklə Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirildiyi iddia olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CM-nin CPM-nin 143–146-cı maddələrinin tələblərinə uyğun tədqiq və qiymətləndirilmədiyi, müəyyən edilmiş halların sübutlara uyğun olmadığı göstərilmişdir. Qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxsin ibtidai istintaqda dövründə verdiyi qismən etirafedici ifadələrini, üzərindən aşkar edilmiş müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin mövcudluğunu, ekspertiza rəylərini, o cümlədən narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi barədə rəyini, şahid ifadələrini, üzləşdirmə nəticələrini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” * nömrəli, 14 iyun 2024-cü il tarixli qərarını nəzərə almamış, özünümüdafiə xarakterli ifadələrə üstünlük verərək əsassız bəraət hökmü çıxarmışdır. Bu əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (***)-***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir.
10. Kassasiya protestinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 15.Kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi, nəticədə Bəraət almış şəxs əsassız bəraət verildiyi iddia edilib, kassasiya xahişi Azərbaycan Respublikası CPMnin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciət olaraq görür və onun dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,
20. cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
21. Istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi üzrə apellyasiya instansiyası məhkəməsinin qənaətini düzgün, dövlət ittihamçısının dəlillərini isə aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. 22.Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. 26.Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 27.Tamamilə eyni mövqe Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, Ilqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (Ilqar Məmmədov Azərbaycana qarşı, № ***/**, § 92, 16 noyabr 2017-ci il). 28.Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, protestdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
29. Belə ki, birinci instansiya məhkəməsi Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış sübutları yenidən qiymətləndirərək Bəraət almış şəxs və şahidlərin ifadələrinin, şəxsi axtarış və götürmə istintaq hərəkətləri nəticəsində əldə edilmiş materialların, habelə digər sübutların Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinin tələbləri pozulmaqla əldə edildiyi qənaətinə gəlmiş, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamı yolverilməz sübutlara əsaslandıraraq əsassız ittiham hökmü çıxardığını göstərmişdir. 30.Belə ki, qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, bəraət almış şəxs Bəraət almış şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittiham yolverilməz sübutlara əsaslanır, onun sübut olunmasında əsaslı şübhələr mövcuddur və həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittihamı təsdiq edən hər hansı mötəbər sübuta istinad edilməmiş, ittiham ehtimallara əsaslandırılmışdır. 31.Apellyasiya baxışı zamanı aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən müəyyən edilmişdir ki, Bəraət almış şəxs 4 saatdan artıq müddətdə müdafiəçi ilə təmin olunmaq hüququndan, o cümlədən özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, habelə zəruri hallarda pulsuz hüquqi yardım almaq imkanından, eləcə də ona qarşı istifadə olunan sübutların həqiqiliyinə və istifadəsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Həmin müddət ərzində o, hədə-qorxu və təzyiqə məruz qalmışdır. Eləcə də ittihamda göstərilən tarixdə, vaxtda, yerdə və şəraitdə cinayət əməlinin törədilməsinin aşkar olunması sübuta yetirilməmiş, ittihamın əsasını təşkil edən sübutların qeyri-qanuni yolla əldə edildiyi müəyyən edilmişdir. Bu əsaslarla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Bəraət almış şəxs bəraət verilməsi qənaətinə gəlmişdir. 32.Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, baxılan kassasiya protestində qaldırılan bütün məsələlər üzrə mübahisələndirilən hallar araşdırılmış, işdə mövcud olan sübutlar müqayisəli şəkildə təhlil edilərək onların məcmusuna qiymət verilmişdir. Nəticə etibarilə məhkəmə belə qənaətə gəlmişdir ki, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittihamda əsaslı şübhələr mövcuddur. Bu vəziyyətdə sübutetməyə dair cinayət-prosessual normaların tələbləri, o cümlədən Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi prinsipinə əsasən apellyasiya instansiyası məhkəməsi Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə uyğun olaraq bəraət hökmünün çıxarılması barədə qərara gəlmişdir. 33.Kassasiya protestində göstərilənlər qeyd edilən nəticə ilə razılaşmamaq üçün hər hansı bir əsas vermədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, həmin nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, mübahisəsi edilən hökm əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
34. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir. 35.Nəticə olaraq məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.